“XX əsr polyak poeziyasının tarixi Polşa tarixi ilə paralel xətlər kimi inkişaf edib”

 

MARÇİN VYEÇOREKLƏ SÖHBƏT

 

Marçin Vyeçorek 1971-ci ildə Varşavada anadan olub. Şair və ədəbiyyatşünasdır, mədəniyyət sosiologiyası ilə məşğul olur. Filologiya doktorudur, müxtəlif ali təhsil müəssisələrində dərs deyir. Əsərləri əsasən “Sənət”, “Odra”, “Səhrədyanı” jurnallarında çap olunub. “Sonuncu dəfə” (1992), “Kəşf” (2002) şeir toplularının müəllifidir. Bizim görüşümüzə Samir adlı gənc rəssam səbəb oldu. İndi təfərrüatları unutmuşam. Səhv eləmirəmsə, Samir də Varşavadadı indi. Bir axşamüstü İran səfirliyi ilə üzbəüz olan “Rabitəçi” kafesində görüşdük. Xeyli şeylər danışdıq, amma hər şeyi qeydə almadım.

 

– Polşada vəziyyət necədir: şeir oxuyurlarmı, Marçin? Necə bilirsiz, demək olarmı ki, ümumiyyətlə şeirin oxucusu azalıb? Təkcə Polşanı nəzərdə tutmuram.

– Artıq çoxdandır Polşa şairlərin və şeirin ölkəsi sayılır. Sosializm dönəmində poeziya təkcə sənət məsələsi deyildi. Həm də siyasi məsələ, siyasi müqavimət məsələsi idi. Düşünürəm ki, indi belə deyil, belə olmamalıdır. Yox, bu qətiyyən o demək deyil ki, şeirdə siyasi motiv olmamalıdı, şairlər şeirdə siyasətdən danışa bilməzlər. Bəli, doğrudu ki, poeziyanın oxucusu azdı, proza qədər deyil, amma poeziyanın oxucuları daha sadiqdilər, ardıcıldılar. Hər zaman şeirin qiymətini bilir və onu dəyərləndirirlər. Polşada hər il orta hesabla kiçik həcmli 800 adda poetik toplu çap edirlər. Bu yəqin həm çox, həm də azdır.

– Şeirə müxtəlif cür təriflər verirlər. Hər cavab siz demişkən cavabdı, həm də deyil, çünki şairlər əslində öz münasibətlərinə tərif verirlər. Sizcə şeir nədir?

– Şeir insanın dünyadakı varlığının mahiyyəti haqqında elə bir söhbətdir ki, bu xalis mənada nə siyasətin, nə fəlsəfənin, nə sosiologiyanın mövzusu ola bilməz.

– Müasir polyak poeziyası, XX əsr, xüsusən əsrin ikinci yarısı və polyak poeziyasının bu günü haqqında nələri demək olar? Gəlin, bacardıqca qısa ekskursiya edək polyak poeziyasının 50,60 ilinə.

– Bu həm çətindi, həm asan. Asan olan odur ki, mən bura gələndə bu mövzuyla bağlı ümumiləşdirici bir mühazirə hazırlaşmışdım. Digər tərəfdən, fikirləşirəm ki, son 15-20 ili, xarakterini verməklə təsnif eləmək olmur, çünki bu dövr bir tərəfdən tarixilik nöqteyi-nəzərdən sakit, birxətli dövrdü, digər tərəfdən, olduqca çoxrənglidi. XX əsr polyak poeziyasının tarixi Polşa tarixi ilə paralel xətlər kimi inkişaf edib, əlbəttə bəzən poeziya tarixi hadisələri öncə görüb, bəzən tarix gələcək poetik vektoru müəyyənləşdirib. XX əsr Polşa tarixində 1918-ci il-Müstəqillik ili, II cahan müharibəsinə qədərki dövr, Müharibə dövrü, 1956-cı il hadisələri, 1968-ci il ümumqərb kontekstində dəyişikliklər dövrü, 1980-ci illər hadisəsi və sovetlərin dağılması vacib, təyinedici hadisələrdi. Müstəqillik dövründən II Cahan savaşına qədərki dövrdə polyak poeziyası əsasən iki axın üzrə inkişaf edirdi. BirinciSkamanderqrupunun estetikasıydı, ikinci avanqardçılar idi. “Skamanderdaha populyar idi. Avanqardçılar o qədər populyar deyildi, yalnız poeziya biliciləri arasında nüfuza malik idilər. “Skamander”çilər polyak poeziyasına intim ton, alicənab səs, rəngli gündəlik həyat gətirmişdilər. Onlar şairin, yəni ilhamlı adamın romantik ideyalarını saxlamışdılar. Amma böyük polyak romantiklərindən fərqli olaraq onlar patriotizmdən çox daha çox fərdi hisslərə yer verirdilər.

Yəqin ona görə ki, ölkə müstəqildi, vətən vətəndaşındı, patriotik ideyalar yersiz görünə bilərdi.

Tamamilə doğrudu, amma heç kim bunun qısa müddətlik olduğunu düşünə bilməzdi. Avanqardçılar isəSkamanderestetikasının tam əksi olan bir poeziya sərgiləyirdilər. Onlar üçün alicənab səs, şirinlik hissinin bu sayaq ifadəsi yoxdu, onlar üçün intellekt, konstruktivlik, poeziyada poeziyanın emalatxana kultu vacib idi.

– Marçin, yəqin ki, hər iki axının vacib nümayəndələri olub...

– “Skamander”dən çıxmış ən vacib polyak şairi Yaroslav İvaşkeviç idi. Avanqardçılardan isə Yulian Pşiboş. Xüsusən müharibə sonrası yaradıcılığıyla. Müharibə dövrünün iki vacib şairini ayrıca qeyd eləmək istəyirəm, onlar həm də müharibədə həlak olmuş qəhrəmanlar idilər: Kamil Baçinski və Tadeuş Qaysı.

Müharibə öncəsi və sonrası, ümumiyyətlə XX əsrdə Polşanın vacib şairləri arasında xüsusən iki şairi qeyd eləmək lazımdı. Bu Çeslav Miloş və Tadeuş Rujeviçdi. Mən bilirəm ki, siz onların yaradıcılığı ilə tanışsız.

– Hə, rus dili vasitəsiylə və nə qədər mümkündürsə. Xüsusən də Miloşla.

– Miloşdan tərcümələr edirsiz...

– Elədi, onun kitabını buraxmaq istəyirəm. Hətta dostlar Kşiştof Zanussinin vasitəsiylə Miloşla görüşün mümkünlüyünü də deyiblər. Onunla görüşü çox istəyirəm... Qayıdaq söhbətimizə (bu söhbətdən bir neçə ay sonra Çeslav Miloş dünyasını dəyişdi).

– Hə, amma Miloşu birmənalı olaraq heç bir estetikaya aid eləmək olmur. Onun II Cahan Savaşına qədərki yaradıcılığı daha çox katastrofik tonu ilə diqqət çəkir. O sanki uzaqda olmayan hərbi apokalipsisi öncədən xəbər verir, bu dövr şeirləri bu yöndə metaforalarla zəngindir. Müharibə dövründə Miloş şair kimi daha çox müşahidəçidir. O insanların yaşamaq uğrunda mübarizəsini və iradəsini göstərir, dili də sanki asketikdir, orucludur. Amma Miloşun bu dövr şeirlərində alt qatda acı, kədərli bir ironiya da var. Mühacirət dövrü yaradıcılığında Miloş bir tərəfdən rəsmi Polşada törədilən Stalin repressiyaları, qurbanlar haqqında danışır, ilk dəfə bunu dünyaya polyak kimi danışır, sənədləşdirir, o biri tərəfdən fəlsəfi, varlığın vacib suallarına cavab axtarır, xiffət hissi ilə uşaqlığını, xatirələr əsasında həm də Polşa tarixini şəxsi tarixi ilə paralel nəql edir. 1980-ci ilə qədər onun yaradıcılığı rəsmi qadağan altındaydı, yalnız Nobel mükafatı alandan sonra Miloşun üzərindən qadağa götürülür, o Polşaya gəlir.

1947-ci ildə debüt eləyən partizan dəstələrində insan və əsgər kimi təcrübə keçən Rujeviçin yaradıcılığında müharibənin yaraladığı insan psixikası, etikanın krizisi, metafizika və sənətin puçluğu dominant mövzulara çevrilir. Rujeviçə görə müharibə görmüş adamların “daş təxəyyülü” var. Bu bir tərəfdən laqeydliyə işarədirsə, o biri tərəfdən bu təxəyyülün xilaskar konkretliyini göstərir. Bu təxəyyülü adi ailə səhnələri və arzusu ilə diriltmək, canlandırmaq olar. Rujeviç asketik metod və dillə yazır, bu o vaxt polyak poeziyası üçün əsl inqilab idi. Üstəgəl, metaforalardan və digər poetik özəlliklərdən məhrum “ağ şeir”lə yazırdı Rujeviç.

1956-cı ildən sonra ironiya və skepsizm təzadları şairi olan Vislava Şimborskanın yaradıcılığı diqqət çəkməyə başlayır. Onun yaradıcılığının başlıca mövzusu maddi dünya və yoxluq okeanı ilə əhatə olunmuş insan mövcudluğunun kövrəkliyi, dayanıqsızlığı idi. Şimborskanın yaradıcılığının digər bir özəlliyi, özü də kimsəyə bənzəməyən tərəfi elmi nailiyyətlər haqqında poeziyanın dili haqqında danışmağıydı. Ona Nobel mükafatı verəndə də məhz bunu nəzərə almışdılar.

“56-cılar” adlanan nəslin daha bir vacib nümayəndəsi Zbiqnev Herbert idi. Herbert poeziyasının xarakterik cəhəti Avropa mədəni ənənələrindən bəhrələnməsindəydi, o, universal dəyərlərin mənbəyini məhz bunda görürdü, şeirlərində tez-tez tarixi personajların, rolun lirikası kimi üsullardan istifadə edir, əski qəhrəmanların dili ilə müasirlik haqqında fikirlərini deyirdi. Herbert bütün dünyada hökm sürən mənəvi böhranı dərk edirdi, böhrandan çıxış yolu kimi etik maksimalizmi təklif edirdi. Onun “Cənab Koqito”şeir kitabı Polşada böyük uğur qazandı. “Latın dilində “fikirləşmək” olan “kogito” insanlaşmışdı. Deməli, cənab Koqito da, Herbert də müşahidə edən, əsas da görməyi, göstərməyi bacaran şəxsdi.

– Marçin, mən Herbertlə, onun şeirləri ilə Miloşun və Brodskinin esselərində rastlayandan sonra tanış oldum. Sonra isə internetdən onun “Barbar bağda” kitabının fraqmentlərini oxudum, Avropa mədəni ənənələrinə nə qədər böyük həssaslıqla, hətta mən deyərdim acgözcəsinə yanaşması və tədqiq eləməsi məni heyrətə saldı.

– Əslində, acgözlük sözü bir qədər də yerinə düşür, çünki, ümumavropa ailəsində Polşa uzun müddət autsayder idi, istəmədən. Və əsərin adı da elə buna işarə edir. Yadıma saldın, Miloşun təkcə şair kimi deyil, ədəbiyyatçı kimi Polşa poeziyası qarşısında böyük bir xidməti də dünyada Polyak ədəbiyyatını tanıtması idi. Xüsusən ingilisdilli auditoriyaya.

– O gərək ABŞ-da və İngiltərədə polyak antologiyası da çap eləmişdi, öz tərcümələri əsasında.

– Hə, amma məncə təkcə öz tərcümələri deyildi... Qayıdaq söhbətimizə... Herbertlə yanaşı bu dövrdə Miron Byaloşevski, Stanislav Qroxovyak kimi şairlər vardı. Miron Byaloşevski, urbanizasiya mühitinin autsayderi olan bu şair şəhərə hakim linqivistik tendensiyaları qabardırdı. Onun poeziyasında XX əsrin başlanğıcındakı avanqardla, deyək ki, italyan və rus futuristləri ilə əlaqəni görmək olardı. Poeziyasının əsas xüsusiyyətləri dil oyunu və gündəlik, məişət üslubundan istifadə olan Byaloşevski adi qayğılardan, məişət məsələlərindən ibarət təkrarolunmaz kosmosu yaratmağa, daha doğrusu bərpa etməyə müvəffəq olmuşdu. Stanislav Qroxovyak poetik ifadə imkanlarının təzə formalarını axtaran və “gözəlliyin” ənənəvi interpretasiyasına qarşı çıxan turpistik cərəyanı təmsil edirdi. Bu adı onlara İvaşkeviç vermişdi. Polyak ədəbiyyatının növbəti inkişaf dövrü 60-70-ci illərə təsadüf edir, antisemit hərəkətləri, tələbə etirazları və sair. Bu dövrdə “Yeni dalğa”çılar nəsli peyda oldu. Stanislav Barançak, Adam Zaqayevski və başqaları.

Adam Zaqayevski “Yeni dalğa”nın iki əsas şüarının müəllifi kimi tanınır həm də: “doğrunu de” və “birbaşa danış”. Onlar 80-ci illərdə ədəbiyyat və siyasət arasındakı səddi pozaraq, eyni zamanda bu iki sahənin insan fəaliyyəti sahəsi kimi əlaqəli olduğunu anlayaraq universal ədəbiyyatı müdafiə edirdilər. Hadisələri daha dərin, ümumi perspektivdən təqib eləyərək cari hadisələri də gözdən itirməməyə çalışan Barançakda metafizik poeziyanın xüsusiyyətləri getdikcə daha çox qəbul olunurdu və o, daha çox bununla yadda qaldı.

80-ci illərin sonunda Polşa cəmiyyətindəki dəyişikliklər 60-cı illərdə doğulmuş şair nəslinin rəsmi və “bazar” debütünü asanlaşdırdı. Onlar haqqında “bruLion nəsli” kimi danışılır ki, bu proses də Krakovda, daha sonra isə Varşavada 1987-dən 1997-ə kimi çap olunmuş qəzetlər, ədəbiyyat salnaməsinə daxil olan özünəməxsus tribuna rolunu oynayırdı. Bu dövrdə Yevgeniuş Tkaçışın-Dıtskinin, Kşıştof Koxlerin, Marçin Şvetlitski, Yatsek Podsyadlo, Andjey Sosnovski, Marçin Sendeçski, Darius Suşka və Tadeuş Pyuronun yaradıcılığı diqqət çəkməyə başladı, bu şairlər haqqında mübahisələr, təyinedici fikrilər məncə sonadək formalaşmayıb.

– Marçin siz bu yeni poeziyadan kimləri Azərbaycan audiyoriyasına ilk növbədə təqdim eləmək istəyərdiz?

– Darius Suşka Marçin Sendeçskini...

Marçin, postmodernizm nədir? Polşada bu qədər aktualdır?

Bilirsiz, postmodernizmin ciddi bir qüsuru var. O başlıca olan bir şeyi, öz üslubunu yarada bilmədi, hətta özünü belə. Onun ayağına yazılan çoxlu şeyləri isə postmodernist olmayan şair yazıçıların yaradıcılığında tapmaq olar.

Bakıda, Azərbaycanda yadınızda qalan pozitivlər sizi razı salmayan şeylər oldu?

Məni heyrətə salan Qobustandakı petroqliflər muzeyi, bir insanların səmimiyyəti oldu. Xoşuma gəlməyən şey isə Bakı kimi böyük şəhərdə kitab dükanlarının azlığı idi.

 

Bakı, iyun 2004-cü il

 

 

Səlim BABULLAOĞLU 

 

525-ci qəzet.- 2011.- 6 avqust.- S. 25.