Azərbaycanda ordu quruculuğu müasir mərhələdə

 

VII YAZI

 

Peşəkar hərbçinin yetişdirilməsi strateji məsələ kimi

 

İlk baxışdan adi səslənən “əsgər”, yaxud “hərbçi” məfhumları əslində çox ağır strateji yük daşıyır. Yaxşı əsgər necə olmalıdır, hərbi hazırlıq necə təşkil olunmalıdır, peşəkar hərbçinin hazırlanmasında hansı prinsiplərdən və metodlardan istifadə olunmalıdır – bu kimi suallar istənilən cəmiyyətdə, istənilən tarixi dövrdə insanları düşündürmüşdür. Bu da təbiidir. Çünki ordu – cəmiyyətdəki bütün insanları bu və ya digər şəkildə əhatə edən, düşündürən problemlərdən biridir.

Hər bir insanın ordu, əsgər, hərbçi, hərbi quruculuq, hərbi xidmət və hərbi hazırlıq haqqında öz təsəvvürləri vardır. Bu məsələdə kifayət qədər fikir müxtəlifliyi mövcuddur. Misal üçün, bəzi insanlar ordunun sırf islami dəyərlər üzərində qurulması fikrini müdafiə edirlər, digər bir qrup, əsgərin fiziki hazırlığına üstünlük verir, başqa bir qrup insan müasir texnoloji yeniliklərin geniş tətbiq olunduğu kompüterləşdirilmiş, yaxud robotlaşdırılmış ordunun olmasını arzu edirlər. Lakin istənilən halda “ordu” anlayışının kökündə “insan” məfhumunun durduğunun unutmaq olmaz. Bəli, hərbçi, yaxud əsgər ilk növbədə insandır. Professional hərbçi hazırlığına da ilk növbədə məhz bu aspektdən yanaşmaq lazımdır.

Hərbçi ilk növbədə insan kimi özünü dərk etməli, üstün və zəif cəhətlərini, imkanlarını bilməlidir. Yüksək mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnən hərbçi, söz yox ki, hərbi işə də daha məsuliyyətlə yanaşar. İnsan təkcə maddi cəhətdən deyil, mənəvi cəhətdən də düzgün qidalanmalıdır. Mənəviyyatsız və əxlaqsız hərbçi Silahlı Qüvvələrə, söz yox ki, şərəf gətirməz.

Bəzən bu məsələyə o qədər də böyük əhəmiyyət vermirlər. Halbuki unutmaq olmaz ki, vətən və vətənpərvərlik anlayışları, əgər müəyyən mənəvi-əxlaqi baza olmasa, insan tərəfindən quru və əhəmiyyətsiz sözlər kimi qəbul edilər. Buna görə də, hərbi hazırlığa məhz insan hazırlığından, yaxud mənəvi-psixoloji hazırlıqdan başlamaq lazımdır.

Hərbçi ilk növbədə özünü təkrarolunmaz bir insan, şəxsiyyət olaraq dərk etməli, bu üstün mərifətindən hərbi işdə düzgün istifadə etməyi bacarmalıdır. Bu nə qədər eqoist səslənsə də, hər bir insanın təkrarolunmaz olduğunu inkar etmək olmaz. Yalnız bu xüsusiyyəti nəzərə alaraq, fərdi iş sayəsində əsgəri hərbi kollektivə uyğunlaşdırmaq hərbi praktikada daha yaxşı nəticələr verir. Özünü şəxsiyyət kimi dərk edən və müəyyən mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnən əsgər digər yoldaşlarına qarşı nümunəvi davranaraq hərbi kollektivə daha yaxşı uyğunlaşır, eləcə də ona tapşırılan işləri yüksək səviyyədə icra edərək öz şəxsiyyətini yüksək tutmağa, artıq söz götürmək və gözdən düşmək ehtimalından uzaq durmağa çalışır. Buna görə də, bir daha qeyd edirik ki, hərbi hazırlığa ilk növbədə şəxsiyyət hazırlığından, yaxud mənəvi hazırlıqdan başlamaq lazımdır. Məhz mənəvi hazırlıq əsgərin ümumi hərbi hazırlığına stimul verir, zəmin yaradır.

Hərbi hazırlığın mənəvi hazırlıqla sıx bağlı olan digər bir sahəsi psixoloji hazırlıqdır. Hərbi-psixoloji hazırlıq müasir döyüş şəraitinin istənilən anına hərbi qulluqçunun psixoloji baxımdan hazırlığını nəzərdə tutur ki, gərgin vəziyyət yarandıqda hərbçi öz psixi müvazinətini və təmkinini itirməsin, qəddar düşmənin amansızlıqlarını, vəhşiliklərini gördükdə təlaşa düşməsin.

Hərbi-psixoloji hazırlıq sırf peşəkar və elmi yanaşma tələb edir. Buna görə də, bu işi təkcə bölük və taqım komandirlərinin, tərbiyəvi işlər üzrə komandir müavinlərinin öhdəsinə buraxmaqla kifayətlənməyərək zabit və əsgərlərin hazırlığına peşəkar psixoloqları daha geniş cəlb etmək məqsədəuyğun olardı.

Hərbi-psixoloji hazırlıqda təlim zamanı döyüş şəraitinin imitasiyası və modelləşdirilməsi böyük effekt verir. Doğrudur, Azərbaycan Ordusunda hərbi təlimlər kifayət qədər yüksək səviyyədə keçirilir, lakin bu təlimlər zamanı hərbi kollektivin psixoloji hazırlığına da ən azı taktiki, texniki, atəş və fiziki hazırlıq qədər böyük əhəmiyyət verilməlidir.

Mənəvi-psixoloji hazırlığın daha üstün səviyyəsi – ideoloji-siyasi hazırlıqdır. İdeoloji-siyasi hazırlıq geniş sahəni əhatə edən bir prosesdir. O, hərbçidə müəyyən dünyagörüşün formalaşmasına və milli vətənpərvərlik hissinin inkişafına xidmət edir.

Göründüyü kimi, ideoloji-siyasi hazırlıq düşünülmüş informasiya üzərində qurulmuş ikitərəfli prosesdir. İdeoloji-siyasi hazırlıq ilk növbədə məlumatlandırma xarakteri daşıyır. Belə ki, ideoloji hazırlıq müəyyən bilik və dünyagörüş formalaşdırıldıqdan sonra mümkündür. Savadsız və kütbeyin, geridə qalmış gəncin birbaşa ideoloji hazırlığı praktiki olaraq qeyri-mümkündür. Bir məsələni də qeyd edək ki, ildən-ilə orduya gələn gənclərin arasında savadsızlığı müşahidə etmək mümkündür. Ölkə rəhbərliyi tərəfindən təhsil sistemində aparılan islahatlar çox qısa zaman ərzində öz təsirini göstərə bilməz. Bu təbiidir. Zatən təhsil və elm sahəsi ölkənin strateji inkişafı baxımından çox prinsipial əhəmiyyət kəsb edən sahələr olmaqla yanaşı, bu sahələrə qoyulan sərmayə, məlumdur ki, qısa zaman ərzində gəlir gətirmir. Digər inkişaf etmiş ölkələrin də təcrübəsindən məlumdur ki, təhsilə və elmə qoyulan sərmayə perspektivə hesablanır. Lakin ordu bunu gözləyə bilməz. Ordu quruculuğu peşəkar, dünyagörüşlü və savadlı kadrlar tələb edir. Əgər mülki təhsil sistemi ordunun bu ehtiyacını tam təmin edə bilmirsə zabit heyətinin üzərinə əlavə bir iş düşür: gənc əsgərlərin elementar biliklərə yiyələnməsi, ictimai-siyasi dünyagörüşünün inkişaf etdirilməsi, yalnız bundan sonra (paralel olaraq), onların ideoloji hazırlığı. Bunun üçün zabitlər özləri müəyyən tarixi, siyasi, ədəbi, fəlsəfi, iqtisadi, hüquqi, pedaqoji, dini və digər humanitar biliklərə malik olmalıdırlar. Bu biliklər zabitlərə imkan verməlidir ki, onlar ictimai-siyasi, hüquqi hazırlıq dərslərini, siyasi məlumatlandırmanı yüksək səviyyədə təşkil edə bilsinlər.

İdeoloji hazırlığa gəldikdə isə bu, ümumi hərbi hazırlığın spesifik bir sahəsidir. İdeoloji hazırlıq ictimai-siyasi hazırlıqdan fərqli olaraq sırf informasiya üzərində qurulmur. Lakin burada da, düşündürən informasiyadan istifadə olunur.

İdeoloji-siyasi hazırlığı yüksək səviyyədə təşkil edə bilmək üçün zabit, dövlətimizin ideoloji xəttini düzgün dərk etməli, siyasi prosesləri və ölkə rəhbərliyinin siyasi fəaliyyətini daima izləməli və əsgərlərə düzgün təqdim etməyi bacarmalıdır. Vətənə sevgi, düşmənə nifrət hissini formalaşdırmaq üçün vətənpərvərlik şüurunu oyatmaq tələb olunur. Bunun üçün isə, tarixi və siyasi mövzularda mütəmadi olaraq söhbətlər təşkil edilməli, bu tədbirlərə müxtəlif ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri də cəlb olunmalıdır.

Lakin ideoloji-siyasi hazırlıq bununla bitmir. Bəzən hərbi xidmət zamanı baş verən müəyyən problemlər insidentlər əsgərlərdə narazılıq digər xoşagəlməz hisslər yaradır. İnsan psixologiyası belədir ki, narazı küskün, qəribsəmiş gəncin beyni əlavə informasiya üçün bağlı olur vətənpərvərlik haqqında təbliğatın bu cür gənclərə heç bir təsiri olmur. Buna görə zabit, əsgərlərlə fərdi işi düzgün təşkil etməyi bacarmalı, bu cür halları vaxtında aşkar edib onların qarşısını almalı, aradan qaldırmalı, əsgəri ideoloji-siyasi hazırlığa tam hazır vəziyyətə gətirməlidir.

Göründüyü kimi, peşəkar hərbçinin hazırlığında mənəvi-psixoloji ideoloji-siyasi hazırlığa böyük əhəmiyyət verilməli, ümumi hərbi hazırlıq məhz buradan başlamalı, eləcə paralel aparılmalıdır.



Emin HƏSƏNLİ

 

525-ci qəzet.- 2011.- 9 avqust.- S. 3.