Naxçıvan
mətbuatı 90 yaşında
“Cavanlar həyatı” ilə
başlayan böyük yol
Ulu öndər Heydər Əliyevin belə bir fikri var: “Milli özünüdərkin formalaşmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mətbuat mühüm rol oynayır”. Həqiqətən də mətbuat hər ölkənin tarixinin bir parçası, Həsən bəy Zərdabinin sözləri ilə ifadə etsək “hər vilayətin qəzeti, o yerin ayınasıdir” – desək, məncə yanılmarıq. Mətbuat bütün dövrlərin reallığını əks etdirməklə xalqların həyatında çox mühüm rol oynamışdır. 136 il bundan əvvəl 22 iyul 1875-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında böyük bir hadisə, necə deyərlər, milli-mədəni prosesdə inqilab baş verdi. “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsası qoyuldu. “Əkinçi” qəzeti ölkəmizdə maarifçi ideyaların həyata keçməsində mühüm rol oynadı. Qəzet mədəni gerilik və avamlığa, cəhalət və mövhumata qarşı çıxmaqla, yenilik və tərəqqini maarif və mədəniyyəti təbliğ edirdi. İki həftədən bir çap olunsa da xalqın bütün nümayəndələrini maarifləndirən “Əkinçi” Azərbaycan xalqına, onun oyanışına, milli-mənəvi dəyərlərinə xidmət etməklə mütərəqqi ideyalar ilə çıxış edirdi. Qəzetin “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Məktubat”, “Elm xəbərləri” və “Tazə xəbərlər”dən ibarət beş şöbəsi var idi. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi dövrün mütərəqqi ziyalıları “Əkinçi”nin əsas müəllifləri idilər. Onu da deyim ki, çar senzurasının xalqların başının üstündə qılınc kimi dayandığı dövrdə xalqın qəzeti olmaq asan məsələ deyildi.
Ancaq təəssüflə qeyd etməliyik ki, qəzetin 56 sayı çapdan çıxdıqdan sonra, 1877-ci il sentyabr ayının 29-da çar hökumətinin göstərişi ilə onun nəşri dayandırıldı. Azərbaycan mətbuatının qaranquşu hesab olunan “Əkinçi”nin fəaliyyətinə xitam verilsə də qəzetin ölməz ideyaları sonrakı mərhələlərdə Azərbaycanın vətənpərvər maarifçi ziyalıları və mətbuat orqanları tərəfindən davam etdirildi.
XIX əsrin sonları XX əsrin əvvəllərində çap olunan “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Füyuzat” və “Molla Nəsrəddin” kimi mətbuat orqanları “Əkinçi”nin bünövrəsi üzərində yüksəldilər.
Azərbaycanın görkəmli ədibləri Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Mirzə Əli Möcüz, Naxçıvandan çıxmış Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Hüseyn Cavid və Cəlil Məmmədquluzadə kimi mütərəqqi ideyalara malik vətənpərvər övladlar tərəfindən Azərbaycan mətbuatı inkişaf etdirildi, yaşadıldı.
“Molla Nəsrəddin” jurnalı “Əkinçi” qəzetinin ideyalarını özündə cəmləşdirməklə onun davamçısına çevrildi. Milli məfkurəyə, mədəni-maarifə söykənməklə real Azərbaycan gerçəkliyini ortalığa qoya bildi. 1906-cı ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının əsas məqsədi xalqı oyatmaq, ictimai-mədəni tərəqqiyə çağırış idi. Xalqın dərdlərinin, onun real həyatının qələmə alındığı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” kimi sadə müraciətlə nəşrə başlayan “Molla Nəsrəddin” xalqın jurnalı, xalqın mətbuat orqanı idi. Fasilələrlə fəaliyyətini davam etdirən jurnal 21 il xalqla görüşdü, onun dərdini bölüşdü, onunla həmsöhbət oldu. “Molla Nəsrəddin”in fasilələrlə yaşayan 21 illik ömür yolu, taleyi Azərbaycan jurnalistikasının keçəcəyi tarixi yolu müəyyənləşdirdi. Jurnal bu dövr ərzində nəinki Azərbaycanda, hətta Gürcüstanda, Orta Asiyada, İranda, Türkiyədə və Rusiyada maraqla izləndi.
XX əsrin 20-ci illərindən başlayaraq “Əkinçi” və “Molla Nəsrəddin”in ideyaları paytaxt çərçivəsindən çıxıb Azərbaycanın bütün bölgələrinə yayıldı. 1921-ci ilin noyabr ayında Naxçıvanın da ictimai siyasi həyatında yenilik baş verdi. Muxtar Respublikada “Cavanlar həyatı” adı ilə nəşr olunan qəzetlə Naxçıvan mətbuatının əsası qoyuldu. 1921-ci ilin dekabr ayında isə qəzetin adı dəyişdirilərək “Füqəranın səsi” adlandırılır. Ancaq çox keçmir ki, qəzetin adı yenə dəyişdirilir və 1922-ci ilin aprel ayından qəzet “Şərq qapısı” adı ilə nəşr olunur. O dövrdən qəzet böyük və şərəfli bir yol keçərək xeyli inkişaf edir, Naxçıvan gerçəkliklərini ortaya qoyur, xalqın sevimli qəzetinə çevrilməyi bacarır.
Bunun nəticəsi idi ki, ümummilli liderimiz Heydər Əliyev bu qəzetin Azərbaycanın tarixi arenasında, xalqımızın taleyində, onun dünyagörüşündə, ictimai-siyasi həyatında oynadığı rolu yüksək qiymətləndirərək ötən əsrin 90-cı illərinin ortalarında “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə deyirdi: “Mən “Şərq qapısı”qəzetinin təsiri altında tərbiyələnmişəm. Hətta gənc ikən burada, orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri araşdırmaq üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Sovet hakimiyyətinin sonlarına qədər muxtar respublikada mətbuat xeyli inkişaf etsə də, 1988-ci ildə bölgədə baş verən proseslər mətbuatdan da yan keçmədi. Bölgədəki qarışıqlıq mətbuata da öz təsirini göstərdi. Lakin bu hal çox davam etmədi çünki, qısa müddət keçdikdən sonra ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı və bölgədəki mətbuat da onun diqqət və qayğısı sayəsində gələcək inkişaf yollarına qədəm qoydu.
Ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra mətbuat sahəsində “yaşıl işıq” siyasətinin əsası qoyulur. Gənclər mətbuatda yeni fikirlərlə çıxışlar etməyə başlayırlar. Başqa sahələrdə olduğu kimi mətbuatda da düzgün kadr siyasətinə üstünlük verilir. Qısa müddət ərzində mətbuatın maddi-texniki bazası yaxşılaşdırılır. Ölkə əhalisi arasında və xüsusən də gənclərdə bu sahəyə maraq artır.
1996-cı ildən muxtar respublikada milli mətbuatın yeni mərhələsi başlayır. Bölgə mətbuatında ara-sıra gənc nümayəndələrin imzaları görünür. Az sonra mətbuatda gənc qələm sahibləri tez-tez çıxış etməyə başlayır. Gənclər siyasətinin nəticəsi muxtar respublika mətbuatında da özünü doğruldur.
Muxtar respublikamızda mətbuata göstərilən diqqət və qayğı öz bəhrəsini verir. 2000-ci ildə Azərbaycanda Milli Mətbuatın 125 illik yubileyi keçirilir. Elə həmin il muxtar respublika mətbuatında sanki bir dönüş, yeniləşmə baş verir. Bölgədə fəaliyyət göstərən bütün mətbuat orqanlarında canlanma, nəzərəçarpacaq irəliləyişlər hiss olunur. Həmin il bölgədə “Naxçıvan” adlı ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal işıq üzü görür.
2005-ci ildə Naxçıvan mətbuatında mühüm addım atılır. Həmin il oktyabr ayının 29-da Naxçıvanda Mətbuat Şurası yaradılır.
Bundan sonrakı illərdə Naxçıvan mətbuatı durmadan inkişaf edir, mütərəqqi ideyalar daşıyıcısına çevrilməyə çalışır. Xalqımızın qabaqcıl mədəniyyətini, ictimai fikrini və səadətini öz səhifələrində əks etdirir.
Hal-hazırda muxtar respublikada mətbuata göstərilən dövlət qayğısının nəticəsidir ki, bölgədə 10 qəzet, 7 jurnal çap olunur. Hər bir jurnalist azad, müstəqil fikirləri ilə muxtar respublikamızın istənilən mətbuat orqanında çıxış edə bilir. Bölgədə fəaliyyət göstərən jurnalistlər üçün muxtar respublika rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Ötən il mətbuat günündən bölgədəki bütün qəzetlər böyük formatda, rəngli şəkildə nəşr olunur. Deməli, Naxçıvan mətbuatı yüksələn xətlə irəliləyən inkişaf yolundadır və bu inkişaf yeni-yeni addımlarla ardıcıl olaraq hər gün durmadan davam etdirilir.
Bu gün Naxçıvan jurnalistikasına göstərilən dövlət qayğısına cavab olaraq hər bir jurnalist üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmalıdır.
Bütün bunların nəticəsi kimi demək olar ki, “Əkinçi”dən üzü bəri şərəfli yol gələn Azərbaycan mətbuatı öz məfkurəsinə həmişə sadiq qalaraq, bu gün də ictimai fikrimizin, maarif və mədəniyyətimizin inkişafında, tərəqqisində mühüm rol oynayır. Xalqı oyatmaq, onun gözünü açmaq, onu demokratik ideyalara qovuşdurmaq, mənəvi və əxlaqi dəyərlərimizi qoruyub saxlamaq, milli və tarixi həqiqətlərimizi dünyaya çatdırmaq bu gün də milli mətbuatımızın əsas məzmunudur.
Ulu öndər Heydər Əliyevin bir fikri ilə sözlərimi yekunlaşdırıram: “Biz irəliyə gedirik, demokratiya, plüralizm, mətbuat azadlığı yolu ilə gedirik və bu yolla da gedəcəyik”.
Elmar HÜSEYNOV
525-ci qəzet.- 2011.- 9 avqust.- S. 4.