Səlim BABULLAOĞLU

 

Qırx beşin iyirmisini

Bir yerdə xərcləmişik,

Yad şəhərlər olub ki,

Gecələr tək gəzmişik.

 

Olub ki, ovutmuşuq

Biz fanilik hissini –

Mən oxuyub Hamsunu,

Sən oxuyub Hesseni.

 

Saçımıza dən düşüb

Eyni gün eyni dərddən,

Çörəyi tən bölüşüb

Suyla yemişik hərdən.

 

İndi gözləmək qalır

Sirdisə də sonrası,

Ey Ruminin əmisi,

Ey Zəhranın atası.

 

Yol yarıdan keçilmiş,

Nə gün dönər, nə keçmiş,

Gözümüzdə kiçilmiş

İndi çox şey bəllidi.

 

Quş olmaqmı gözəldi,

Uşaq olmaqmı gözəl?

Daş atmaqmı gözəldi,

Daş atılmaqmı gözəl?

 

Bu sualların indi

Cavabını bilib də

Yaşamaq çox çətindi

Özündən siyrilib də.

 

Sən – qırx beş, mən – əskik qırx,

Hələ də fırlanır çarx,

Olanlarçün ağlayaq,

Gəl, dostum, asta-asta.

 

İstiqlaliyyət küçəsi ilə, gərək ki, İran səfirliyinin yerləşdiyi küçənin kəsişməsində (bir tin qarışdıra da bilərəm) market var, onun ağzında dayanmışıq. Nimdaş geyinmiş, qollarının dərisi salxmış, gözlərinin altı tuluqlanmış, seyrək çal saçları pırtlaşıq və əlində tutduğu şəffaf sintetik paketdə bir qutu filtrsiz siqaret, qara kərpic çörək və bir bükmə dietik kəsmik olan qoca bizi halsız addımlarla ötüb keçir. Dostum bir az fikirli-fikirli baxır və sonra deyir:

– Heç qocaya baxanda fikirləşə bilərsən ki, nə vaxtsa ağbəniz, totuq bir körpə olub?

Məni sanki elektrik cərəyanı vurur...Üstəgəl, o, “bu qocaya” demir, “qocaya” deyir, ciddi fərqdi, ”bu qocaya” desəydi, müşahidəsini kiçiltmiş olacaqdı, o, qocadan yox, qocalıqdan danışırdı, daha doğrusu dəqiq danışırdı, xüsusidə ümumini görürdü. Həmişə belədi, dəqiqliklə müşahidə edir, üstəgəl, sonra sualı elə verir ki, cavaba ehtiyac olmur.

Şəhidlər Xiyabanında naməlum şəhid qəbrinin üstü yazısız daşında hər kəsin özünü görə biləcəyi haqqında dediyi sözlər yadımdadır illər əvvəl, o, qısametrajlı bir filmin ideyası kimi danışmışdı bunu, üstündən xeyli keçəndən sonra çisəkli bir gün Şəhidlər Xiyabanında yaşlı və eynəkli bir adamın naməlum şəhid qəbri üstündə öz əksini görüb diksindiyini mən də müşahidə eləmişdim, onda dostumun sözlərini xatırlamışdım... Təsəvvür edin, bir naməlum məzar başında dayanmısız və özünüzə sual edirsiz: o kimin üçün ölüb? Cavab əvəzinə baş daşındakı şəklinizi görürsüz... Başqa tərəfi də var bu görümün: naməlum məzarlar qədər ölümün hamı üçün olacağını nə nişan verə bilər, yəni, naməlum məzarlar “elə hamımız ölmüşük” deməkdir... Onun növbəti dəqiq görümü də həmişəki kimi nə qədər düşüncəyə və yozuma yer qoyurdu.

Birinci və ikinci müşahidələri hal şahidi kimi – burda balaca təbəssüm də edə bilərsiz, haqqım çatdığını sayaraq şeirlədirmişdim...

12-13 yaşım olardı, bir kitab tövsiyə eləmişdi mənə çox sevdiyim riyaziyyat müəllimimiz, onda rusca müstəqil oxumağa təzə başlamışdım, kitabın adı beləydi: “Zri v korenğ” ( kökə bax, mənbəyə bax, diqqətlə bax!). Dostum canlı “ Zri v koren”di, bugünə qədər də bizim dostluq tarixçəmizdə bu belədi.

Bir dəfə bir yazıçıyla söhbətləşirdik. Əsərlərini yarıkönül oxumuşdum... Birdən dostum elə onun yanındaca kitabını ixtiyari bir yerdən açdı, gözəl, səlis nitqiylə oxumağa başladı. Mənə elə gəldi ki, kimsə Folknerin mətnlərini oxuyur və mən dinləyirəm. Sonra bu hadisə haqqında çox fikirləşdim... Yox, mən səsə aldanmamışdım, səslə işləyən adam kimi bu yanlışdan uzağam, amma mən heç kimdə nə o vaxta qədər, nə də sonra adi, gündəlik sözə bu qədər məsuliyyətlə, sevgi ilə yanaşan ikinci adam görməmişdim. Demək ki, mənim “ədəbiyyat məşqlərim” beynimi zibilləyib.

Onun nitqi lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir.

Ona qədər Azərbaycan televiziyaları tarixində gözəl diktorlar, teleaparıcılar olub. Onlardan biri – dərin hörmətlə yanaşdığım, böyük peşəkarlardan olan Rafiq Hüseynov haqqında kitabın tərtibçisi də olmuşam, “Klassik” adlı esseni də yazmışam ki, başlıq da, onun özündən əvvəlkilərə təmənnasız sevgi və hörmətinin nişanəsi olan “klassik” təyini də yenə dostuma məxsusdu. Amma dostumu həmin peşəkarlardan fərqləndirən bir çox ciddi fərq də olub, o yalnız özgə mətnlərini ifa edən diktor, teleaparıcı deyil, o sözün sirli dərinliyini anlayan, hiss edən, öz köynəyindən keçirən adamdır, asketik, sanki oruclu bir dillə yazan esse ustasıdır, nasirdir, tərcüməçidir. Çox az adam bilir, amma demək istəyirəm ki, dostumun “Söz”, “Kitab”, “Yalquzaq” və “Azadlıq” esseləri səviyyəsində bizim ədəbiyyat tariximiz esse tanımır. Sonralar həmin esselərin televersiyası dostum Rafiq Həşimovun “XX əsr” müəllif proqramında (bizim televiziya tarixində ilk bu sayaq müəllif proqramı idi “XX əsr”) , “Səyyahın gündəliyi”ndə işıq üzü gördü. Amma onlar mətn kimi yazılmışdı, mətn kimi də oxucusunu tapmalıydı. Kitablaşmalıydı. Olmayaydı da onun aldadıcı təşəxxüslü görkəmi altında gizlənən ifrat təvazökarlığı, uşaqca utancaqlığı, tərəddüdü.

Azərbaycan kinematoqrafında çoxlu yaxşı, yüksək peşəkarlıqla çəkilmiş bədii və sənədli filmlər var. Amma “Qum dənəsi” kimi şedevr bir dənədir. Rejissor Elçin Musaoğlu ilə çox uğurlu yaradıcı tandemin nəticəsində üzə çıxan həmin bədii (!) sənədli (!) film milli kinematoqrafın iztirabla, sevgiylə, böyük insani həmdərdliliklə çəkilən yeganə filmdir. Maraqlısı budur ki, o filmə – vizuallıq öz yerində, dediyim həmin məziyyətləri qazandıran əsas şey Rafiqin düşüncələri, gündəliklərindəki yazıları idi. Ya da “Günəş və bulud” filmi olsun.

Rafiq istedadlı aktyordur. Vəli Səyyadi və Elçin Musaoğlunun birgə çəkdikləri bir filmdə mən onun oyununu görmüşəm. Qəribədir, nədənsə yalnız böyük aktyorların – Mastroyaninin oyunu yadıma düşüb, bir az da gənc Delonun ədaları, jestləri.

Rafiq böyük dinləyicidir. Bu müsahibə janrında işin yarısı deməkdir. O həmsöhbətinə dərin hörmətlə yanaşır, qətiyyən nə ağlı, nə görkəmi ilə onu əzmək istəmir ki, bu isə janrın tələblərinin elə hamısı deməkdir. Böyük Azad Mirzəcanzadə ilə elədiyi unudulmaz söhbət , bəstəkar Fərəc Qarayev haqqında olan “Valın üçüncü üzü” filmi... saya biləcəyim onlarla söhbət, müsahibə, proqram və filmlər son iyirmi illik televiziya tarixində ən dəyərli işlərdir desəm, əlbəttə ki, digərlərinin fəaliyyətinə kölgə salmaq niyyətimə şübhə etməyin, lütfən.

Bir dəfə Rafiq mənə dedi ki, televiziyadakı iyirmi illik teleaparıcılıq müddətində efirdə olduğu vaxtlar heç beş il eləməz. Bu söhbət üç-dörd il əvvəl olub, yaxşı olsun altı-yeddi il. Amma mən onun efirdən könüllü kənarda qalmaq kimi şərəfli “işsizlik” illərində orta və yaşlı nəslə aid çoxlu “sıravi adamların”, teleseyrçilərin ona küçədə yaxınlaşıb – Ay oğul, sən niyə efirdə görünmürsən? Sən danışanda biz hamımız sənə inanırıq – demələrinin dəfələrlə şahidi olmuşam. Onu çox az vaxt şikayətlənən görmüşəm...

 Belə bir test edə bilərsiz: bir körpəni gətirin tanımadığı iki-üç adamın yanına, hətta, qoy uşağın valideynləri də yanında olsun, beş dəqiqə sonra həmin uşaq hamını unudub Rafiqlə oynayacaq və siz valideynlərin qısqanclığını belə sezəcəksiz.

Mən Rafiqdən uşaqları anlamağı, daha doğrusu uşaqlığı anlamağı, sevməyi öyrənmişəm, onda nə mənim, nə Rafiqin uşaqlarımız yoxdu.

Mən Rafiqin nitqlə bağlı dərslərinin xoş bir məcburiyyətlə dinləyicisi, daha doğrusu müşahidəcisi olmuşam, müəllim peşəkarlığı ilə yanaşı peşəkar insaniyyətin, əvəzolunmaz, xəfif sezilən ağıllı yumorun müəllifi və ifaçısı olan dostuma ürəyimdə “əhsən!” demişəm, tələbələrinin ona böyük hörmət və sevgisinin şahidi olmuşam. Özü də təkcə o dərslər zamanı yox, sonralar da.

Rafiq usta diplomat keyfiyyətlərinə malikdi...

Ona söz verilməyən vaxtlar olub. Susub və sarsılmayıb. Görünür, sözün sükutun anası olduğunu anlayaraq sükuta sarılıb. Və bu anlaşılmazlıqla qarşılanıb bəzən...

Rafiq üçün söz heç vaxt dar və əşyavi mahiyyət ifadə edən səs yığını olmayıb. O həqiqi sözü, mənanı niyyətdən əmələdək öz ruhu və qəlbi ilə bəsləyən, yaşadan adam olub. Onun üçün söz-həmişə əməl olub...

Mən onun ata-anasına, qardaşına, qardaşıoğlu Rumiyə, ailəsinə, balaca, gözəl qızı Zəhraya münasibətini, böyük, fədakar və əməli sevgisini görmüşəm, öyrənməli şeylər çoxdur...

Dostlara, qadınlara münasibəti hələ... akademik təhlilə gəlir...

Şeiri, bədii sözü duyma qabiliyyəti əvəzolunmazdır.

Düşünə bilərsiz ki, çox oldu. Azı-çoxu bilmirəm və təbrik janrının tələbləri arxasında da gizlənmək istəmirəm, bircə onu bilirəm ki, ilk dəfədi ömrümdə nəsə yazıram və üslub, dəsti-xətt, ibarə, kompozisiya haqqında düşünmürəm, düşünmək istəmirəm; hətta deyə bilərəm ki, az oldu. Bir də adam müəllimi haqqında necə danışmalıdı ki? Bu yazını oxuyan hər bir kəs kimi onun özü də mənə müəllimlik elədiyini bu yazıdan öyrənəcək ilk dəfə və elə indi.

Həyatımda ikinci bir adam olmayıb ki, Rafiq qədər mübahisə edim, hirslənim, mükalimə edim və sevgim zərrə qədər əskilməsin.

Rəhmətlik babamı, valideynlərimi, qardaşımı, kitabları, Borxesi, Brodskini saymasaq, iyirmi ildən sonra ilk dəfə hamının sezəcəyi şəkildə Müəllim adlandırdığım dostumu bağrıma basıram.

 

 

525-ci qəzet.- 2011.- 10 avqust.- S. 4.