Təhsildə dəyərləndirmə: mahiyyəti, zəruriliyi və hazırkı vəziyyəti

 

Qiymətləndirmə təhsildə proqnozlaşdırmanın mühüm tərkib hissəsi olub, sistemli məlumat toplama və məlumatların təhlili vasitəsi ilə təlimin dəyərləndirilməsinə və bu sahədə perspektivlərin müəyyənləşdirilməsinə imkan verən, təhsilin keyfiyyətini idarə edən sistemli prosesdir. Digər mühüm təhsil prosesi olan dəyərləndirmə qiymətləndirmənin tərkib hissəsini təşkil edir. Bu səbəbdən dəyərləndirmənin nəticələri qiymətləndirmə üçün əlverişli xammal hesab edilir.

Dəyərləndirmə fəaliyyətin keyfiyyət göstəricilərinin dəyəri haqqında fikir yürütməyə imkan verir. Belə ki, dəyərləndirmə fəaliyyətdə olan və ya başa çatmış hər hansı bir proqramın mümkün qədər sistemli və obyektiv təhlilini və ekspertizasını keçirmək, onun effektivliyini, məqsədəuyğunluğunu, həyatiliyini və qarşıya qoyulmuş məqsədlərin düzgünlüyünü müəyyən etmək üçün konsepsiyasını, icrasını və nəticələrini öyrənmək məqsədi daşıyan bir prosesdir.

Təhsil naziri Misir Mərdanov deyir ki, dəyərləndirmə məktəbin bütün aspektlərini və bu aspektlərin şagird nailiyyətlərinə təsirini əhatə edir və şagird, müəllim, məktəb və ya bütünlükdə təhsil sistemi səviyyəsində aparıla bilər. Təcrübə göstərir ki, dəyərləndirmənin təhsil sistemi səviyyəsində aparılması gözlənilən nəticələri verməyib. Təhsil üzrə beynəlxalq ekspertlərin fikrinə görə, məktəb rəhbərliyinin, şagirdlərin, müəllimlərin fəaliyyətinin və ümumilikdə təhsil sisteminin keyfiyyətinin müəyyənləşdirilməsinə məhz məktəbdən başlamaq arzulanan səmərəni verə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, sistem səviyyəsində hansı işlərin görülməsindən asılı olmayaraq, əsl keyfiyyət səviyyəsi sinifdaxili prosesdən asılıdır. Məktəblər sistem komponentlərinin birləşdiyi, qarşılıqlı əlaqədə olduğu və öyrədən-öyrənən prosesinin keyfiyyətinin müəyyənləşdirildiyi məkandır. Yalnız məktəbdə keyfiyyətlə bağlı problemlərin əksəriyyətinə nəzarət etmək mümkündür. Odur ki, müasir dövrdə məktəblər təhsil keyfiyyətinin müəyyənləşdirilməsində əsas komponent rolunu oynayırlar: “Məktəb fəaliyyətinin dəyərləndirilməsi prosesi üç məqsədə xidmət edir: məlumatların toplanması və təhlil edilməsi vasitəsi ilə problemlərin müəyyənləşdirilməsi, məktəb fəaliyyətinin qiymətləndirilməsi, yeniliklər və dəyişikliklər üçün müvafiq təkliflərin verilməsi. Dəyərləndirmə özündə üç mexanizmi ehtiva edir: xarici nəzarət, daxili nəzarət və ya özünüdəyərləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi – imtahanlar. Xarici nəzarət dünya ölkələrində müxtəlif şəkildə icra edilir və adətən ənənəvi nəzarət qurumları və ya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir”. Nazirin sözlərinə görə, dəyərləndirmənin ikinci vasitəsi məktəb fəaliyyətinin keyfiyyətinə daxili nəzarət – daxili dəyərləndirmədir. Daxili dəyərləndirmənin geniş yayılmış formalarından biri məktəblərin özünüdəyərləndirməsidir. Özünüdəyərləndirmə məktəb direktoru, direktor müavini və bir neçə müəllimin cəlb edilməsi ilə aparılır. Dəyərləndirmənin bu forması xarici nəzarətdən fərqli olaraq məktəb rəhbərliyinə və müəllimlərə məktəb fəaliyyəti keyfiyyətinin inkişafında daha real, aktiv və müstəqil rol oynamaq imkanı verir. Çünki bu zaman dəyərləndirmə məktəb fəaliyyətinin iştirakçıları-məktəb rəhbərliyi, müəllimlər, valideynlər üçün güzgü rolunu oynayır. Daxili dəyərləndirmə şagird, müəllim və məktəb rəhbərliyinin fəaliyyəti, məktəbdə kurikulumun tətbiqi, təlim-tərbiyə, şagird nailiyyətləri, aidiyyəti qurumlar və ya şəxslər tərəfindən şagirdlərə göstərilən dəstək kimi sahələri əhatə edir.

Daxili dəyərləndirmə bir neçə formada, məktəb rəhbərliyinin öz təklifi və ya nazirliyin tələbi əsasında məktəb heyətinin hər bir üzvünün öz fəaliyyətini müşahidə etməsi və ya məktəb rəhbərliyi tərəfindən bir layihə kimi həyata keçirilə bilər. Təcrübə göstərir ki, məktəblərin fəaliyyət istiqamətinin və xarakterinin kökündən dəyişilməsi üçün vacib məsələlərdən biri icbari xarici nəzarətin məktəb rəhbərliyinin fəaliyyəti dəyişmək niyyəti ilə üst-üstə düşməsidir. Bir çox ölkələrdə məktəblərdən fəaliyyət planlarını hazırlamaları da tələb olunur: “Şagird nailiyyətlərinin qiymətləndirilməsi dəyərləndirmənin üçüncü mexanizmi hesab olunur. Məlumdur ki, təhsildə qiymətləndirmənin başlıca məqsədlərindən biri şagird nailiyyətləri haqqında məlumatların toplanmasıdır. Bu məlumatlar təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi ilə, maddi resursların düzgün bölüşdürülməsi ilə bağlı müvafiq qərarların qəbul edilməsində böyük rol oynayır”.M.Mərdanov bildirib ki, dəyərləndirmə məktəb rəhbərliyinin dövlət qarşısında daşıdığı maddi məsuliyyətə və məktəb fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına əsaslana bilər. Maddi məsuliyyət dedikdə, məktəb üçün ayrılmış vəsaitin məktəb rəhbərliyi tərəfindən səmərəli istifadə edilməsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Lakin tənqidçilər dəyərləndirmənin yalnız imtahanlara və ya vəsaitin istifadəsinə əsaslanmasının əleyhinə çıxış edirlər. Çünki bu cür dəyərləndirmənin məktəb rəhbərliyi və müəllim fəaliyyətinin daralmasına, həmçinin kurikulumun tətbiqinə mənfi təsir göstərdiyi hesab edilir. Bundan əlavə, belə dəyərləndirmə kifayət qədər maddi vəsaitə malik olmayan məktəblərin, kənd məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına az təsir edir və ya heç təsir etmir. Ona görə də dəyərləndirmənin məktəb fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməsi məqsədəuyğundur: “Dövrümüzdə təhsil idarəçilərini maraqlandıran əsas məsələlərdən biri budur: Şagirdlərin icbari təhsilə cəlb edilməsi onların müvafiq bilik, bacarıq, vərdiş və maraqları lazımi səviyyədə əldə etmələrinə imkan verirmi? Məktəb fəaliyyətinin keyfiyyəti bunu təmin edirmi? Məktəb fəaliyyətinin keyfiyyəti dedikdə, nə nəzərdə tutulur? Ədəbiyyatda bu anlayışın müxtəlif təriflərinə rast gəlmək mümkündür. Yaxşı məktəb – savadlı müəllimlərin cəlb olunduğu və maddi-texniki baza ilə yaxşı təchiz olunmuş məktəbdir, nizam-intizamın yüksək səviyyədə olduğu və yaxşı müəllim-şagird münasibətlərinin mövcud olduğu məktəbdir, imtahan nəticələrinə görə ilkin sıraları tutan məktəblərdir. Hətta valideynlər də çox zaman “yaxşı məktəb” anlayışını məhz ən yaxşı imtahan nəticələrinə görə fərqlənən məktəblərə aid edirlər. Əlbəttə, qiymətləndirmə nəticələri məktəb fəaliyyətinin səmərəliliyini göstərən vasitələrdən biridir. Lakin gəlin görək, öz fəaliyyətini sırf qiymətləndirmə nəticələrinə yönəldən məktəb həqiqətən yaxşı keyfiyyət göstəricilərinə malikdirmi? Artıq qeyd etdiyimiz kimi, məktəb fəaliyyətinin keyfiyyətini dəyərləndirərkən yalnız imtahan nəticələrinə güvənmək düzgün deyil. Təlim prosesi müstəqil proses olmayıb, bir çox amillərin təsirinə məruz qalır. Bu amillər şagird nailiyyətlərinə təsir edir və məhz həmin amillərin də nəzərə alınması dəyərləndirmənin səmərəli olmasına şərait yaradır. Məktəb fəaliyyətinin keyfiyyətinin dəyərləndirilməsində məktəbin insan və material resurslarını nəzərə almaq mütləqdir. Belə qənaətə gəlmək olar ki, keyfiyyətli məktəb o məktəbdir ki, orada şagirdlərin nəticələri, onların yaşayış şəraiti və sosial vəziyyətləri nəzərə alınmaqla, proqnozlaşdırıldığından yüksək olsun.

Beləliklə, məktəb fəaliyyətinin keyfiyyəti özündə üç bir-biri ilə əlaqəli səviyyəni ehtiva edir: maddi və insan resurslarının keyfiyyəti; idarəçilik və öyrədən-öyrənən münasibətinin keyfiyyəti; nəticələrin keyfiyyəti. Məsələ bundadır ki, biz heç də həmişə bu üç səviyyənin reallıqda bir-biri ilə necə əlaqədə olduğunu bilə bilmərik. Ancaq biz bilirik ki, bu faktorlardan birinin nəticələrə bilavasitə təsiri mövcuddur. Məsələn, şagirdin dərs vəsaitlərinin kəmiyyətcə çoxaldılması heç də onun imtahan nəticələrinin də yüksəlməsinə dəlalət etmir. Ona görə də təhsil keyfiyyətinin yüksəldilməsi üçün biz məhz hansı keyfiyyət faktorundan necə istifadə etməli olduğumuzu bilməliyik. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, əsasən infrastruktura, texniki təchizata, müəllim hazırlığına vəsait qoyulmasına yönələn islahatlar təhsil keyfiyyətinə məhdud təsir göstərirlər. Əlbəttə, texniki təchizatın zəif olduğu məktəbdə yaxşı nəticələrdən danışmaq real görünmür. Lakin bəzən iki eyni texniki bazaya malik məktəbin göstəricilərinin müxtəlif olduğunun şahidi oluruq. Hətta bəzən acınacaqlı şəraitə malik məktəbin şagirdləri daha yaxşı şəraitə malik məktəbin şagirdlərindən daha yüksək nəticələr göstərirlər. Odur ki, maddi vəsait göstəricilərə təsir göstərsə də, bu təsir digər amillərin, məsələn, insan amillərinin təsirlərinə nisbətən zəif hesab olunur. Təhsilin keyfiyyətinə təsir edən ən vacib amil məktəbdə müəllim-şagird, müəllim-müəllim, müəllim-valideyn münasibətlərinin səviyyəsidir. Təhsil keyfiyyəti üzrə islahatlarda əsas diqqəti insan faktoruna yönəltsələr daha real nəticələrə nail olmaq mümkündür”.

Nazirin dediyinə görə, müəllimlər yalnız təhsil vəsaitləri ilə təhsil istifadəçiləri arasında deyil, həmçinin sinif daxilində öyrədən-öyrənən fəaliyyətini həyata keçirən vasitəçilərdir. Müəllim fəaliyyətinin keyfiyyətini təhlil edərkən diqqət yetirməli olduğumuz ən mühüm məsələ müəllimlərin malik olduğu pedaqoji kompetensiyalardır. Bəzən müəllimlər ixtisas fənlərini yaxşı mənimsəmirlər. Bu onların fəaliyyətinə iki cür təsir göstərir: onlar öz ixtisas fənlərini lazımi səviyyədə keçə bilmir və ya həmin fənnin tədris metodologiyasının mənimsənilməsinə yetərincə vaxt sərf etmirlər. Buradan belə məlum olur ki, müəllim fəaliyyətinin keyfiyyəti müəllimin kompetensiyalarından daha çox motivasiyadan asılıdır. Çünki motivasiya kompetensiyaların nə dərəcədə istifadə olunduğunu müəyyənləşdirir. Sinifdə aparılan müşahidələr daha effektiv pedaqoji prosesin xarakterik cəhətlərini müəyyənləşdirməyə imkan verir. Ən yaxşı pedaqoji proses struktur baxımından yaxşı təşkil olunmuş və aydın müəyyən edilmiş məqsədlərə malik olan tədris prosesidir. Bu proses zamanı müəllim: yaxşı davamiyyətə malik olmalı; iş planına malik olmalı və hər dərsə xüsusi hazırlaşmalı, aktiv öyrətmə stilinə malik olmalı, müntəzəm olaraq ev tapşırığı verməli və ən vacibi dərs zamanı şagirdlərlə fərdi surətdə qarşılıqlı əlaqə yaratmalı, müntəzəm olaraq şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməli və həmin qiymətləndirmə əsasında onlarla fərdi şəkildə əks-əlaqə yaratmalıdır: “Hər hansı bir məktəbin keyfiyyət dəyişikliklərini izləyərkən məktəb rəhbərliyinin fəaliyyətini də diqqətdən kənarda saxlamaq olmaz. Çünki təhsil müəssisəsinin səviyyəsi onun necə idarə olunması ilə sıx bağlıdır. Daha effektiv təlim prosesinə yiyələnmək üçün məktəb səviyyəsində uyğun idarəçilik və dəstək strukturlarının fəaliyyətinə nail olmaq lazımdır. İdarəçilik və dəstək strukturlarının köməyinə olan ehtiyac məktəb rəhbərliyinin, xüsusən də təlim-tərbiyə işləri üzrə direktor müavininin məktəbdə fəaliyyəti ilə bağlıdır. Məsələn, Hindistanın dəyərləndirmə aparılmış vilayətlərində məktəb rəhbərliyinin məktəb həyatında oynadığı rolun fərqi özünü dövlət və özəl məktəblər arasındakı nailiyyət fərqində göstərib. Məlum olmuşdur ki, özəl məktəblərdə direktor müavinlərinin müəllimlərin fəaliyyətinə, yəni nizam-intizam qaydalarına əməl etmələrinə, iş planlarının olmasına və s. nəzarəti daha güclüdür. Dövlət məktəblərində vəziyyət eyni deyil. Onların əksəriyyətində direktor müavinlərinin öz funksiyalarını həyata keçirmək üçün yetərincə səlahiyyəti, həmçinin bacarığı yoxdur. Hindistanın əksər özəl məktəblərində direktor müavinlərinin özləri də Məktəb İdarəetmə Komitəsi tərəfindən həm dəstəkləndiyi, həm də idarə olunduğu halda, dövlət məktəblərində bu mexanizm yoxdur. Digər tərəfdən, klassik nəzarət strukturları o qədər köhnəlib ki, onlar müavinlərə məktəb idarəçiliyində yetərincə dəstək göstərə bilmirlər. Ona görə də təhsilin keyfiyyətində nəzərəçarpan irəliləyişlərə nail olmaq üçün nəzarət strukturlarının işləmə mexanizmlərini işləyib hazırlamaq, inspektorların, məktəb direktorlarının və direktor müavinlərinin yeni fəaliyyət funksiyalarını müəyyənləşdirmək məqsədəuyğun hesab edilir.Təhsilin keyfiyyətinə bilavasitə təsiri olan digər bir amilə – müəllim-valideyn münasibətlərinə gəlincə, təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdə, xüsusən də əyalətlərdə bu münasibətlər lazımi səviyyədə qurulmayıb. Çox vaxt valideynlər müəllimlər tərəfindən təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlı fəaliyyətlərində əməkdaş kimi deyil, maneə kimi dəyərləndirilirlər. Halbuki müəllimlərin ailələrlə mütəmadi əlaqəsinin məktəb fəaliyyətinin standart xüsusiyyətinə çevrilməsi, ev tapşırıqları və imtahan nəticələrinin valideynlərə çatdırılmasının sistemli şəkildə həyata keçirilməsi, məktəb rəhbərliyinin valideynlərin öz övladlarının təhsilinin pedaqoji aspektlərində iştirak etməsi və ya ən azından buna maraq göstərməsinə nail olması müasir təhsil sisteminin tələblərindəndir”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 14.