Qərb Universiteti nəzdindəki tam orta məktəb – müasir səviyyəli təhsil ocağı

 

DİREKTOR MÜAVİNİ SƏİDƏ ZEYNALOVA: “BURADA PEŞƏKAR, TƏCRÜBƏLİ MÜƏLLİMLƏR ƏN YENİ TƏDRİS PROQRAMLARI, QABAQCIL METODLAR ƏSASINDA, AZƏRBAYCAN VƏ RUS BÖLMƏLƏRİ ÜZRƏ YÜKSƏK KEYFİYYƏTDƏ DƏRS KEÇİRLƏR”

 

Qərb Universitetinin nəzdindəki tam orta məktəbin əsas məqsədi zamanın tələblərinə cavab verən, istedadlı, hərtərəfli və bilikləri inkişaf üzərində formalaşan şagird-şəxsiyyət yetişdirmək, qlobal dəyərlərlə müşayiət olunan dünya elmi və təhsilinin inteqrasiya prosesində yaxından iştirak etməkdir. Təhsil müəssisəsində təlim-tərbiyə yeni, səmərəli təhsil yanaşmalarını və müasir tələblərini ödəyən metod, texnologiyalar üzərində qurulub. Məktəbin əsas vəzifəsi istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların şəxsiyyətinin və həyat boyu öyrənmək, cəmiyyət üçün məhsuldar üzv olması üçün vacib olan metakoqnitiv qabiliyyətlərinin inkişafına müvafiq şərait yaratmaqdır. Orta məktəbin təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir, dərsdən kənar təlim imkanlarını genişləndirir.

Məktəb Nazirlər Kabinetinin müvafiq qərarı ilə qəbul edilən Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – Milli Kurrikulum, “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”, “2008-2012-ci illər Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda təhsilin bütün pillələrində İKT-nin səmərəli tətbiqi və istifadəsi ilə bağlı vəzifələri layiqincə yerinə yetirir.

Məktəbin direktor müavini Səidə Zeynalova deyir ki, burada dərslər ən yeni tədris proqramları, metodları əsasında xüsusi hazırlanmış peşəkar, təcrübəli müəllimlər tərəfindən Azərbaycan və rus bölmələrində keçirilir. Tədris planı Təhsil Nazirliyinin müəyyən etdiyi standartlar əsasında hazırlanıb. Şagirdlər əsas fənlərdən başqa xarici dil, informatika, dizayn, xoreoqrafiya, xor kimi fakültativ məşğələlərdən hər hansı birini seçə bilərlər. Bundan başqa məktəbdə şagirdlərin müəllimlərin rəhbərliyi altında ev tapşırıqlarını yerinə yetirmələri, asudə vaxtlarının səmərəli keçirmələri, müxtəlif dərnəklərdə iştirak etmələri üçün bütün şərait yaradılır. Məktəbdə müasir tələblərə cavab verən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları var. Təhsil müəssisəsindəki müasir standartlara uyğun idman zalı uşaqların fiziki cəhətdən inkişafına da şərait yaradır.

Təhsil müəssisəsində həm elektron, həm də ənənəvi kitabxana fəaliyyət göstərir. Orta məktəbdə fəaliyyət göstərən yeməkxanada isə yeməklərin hazırlanmasında keyfiyyətli ərzaqlardan istifadə olunur. Bununla yanaşı yeməkxanada bütün sanitar-gigiyena qaydalarına riayət edilir. Məktəbdə 19 inzibati işçi və 67 müəllim işləyir, onlardan 7 nəfər elmlər namizədidir müəllimlərin seçimində onların pedaqoji stajı, uşaqlarla işləmək bacarığı nəzərə alınır. İşə götürülmə ərəfəsində və tədris ilinin sonunda müəllimlərin universitetinin müvafiq kafedralarında testlər vasitəsilə bilik səviyyələri yoxlanılır.

Məktəbin metod şurası müəllimləri fənlər üzrə 7 metod seksiyalarda birləşdirir. Burada onlar elmi məruzələrlə çıxış edir, təcrübələri ilə bölüşür, gənc müəllimlərə kömək edirlər.

S.Zeynalovanın sözlərinə görə, məktəbin nizamnaməsinə əsasən, istedadlı uşaqların aşkara çıxarılması üçün təhsil müəssisəsinə şagird qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Qəbul xüsusi psixoloji test və müsahibənin nəticəsinə əsaslanır. Qəbul psixoloji yoxlama yolu ilə uşağın təfəkkürünün və yaradıcılıq potensialının, ümumi dünyagörüşün müəyyən edilməsi əsasında aparılır. Məktəb yarandığı gündən bu günə qədər fəaliyyətində çoxlu sayda və genişmiqyaslı innovasiya yanaşmaları əks olunub. Davamlı uğurları təlim- tədris metodologiyasının, dəyərləndirmə, qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi, inkişafetdirici təlim mühitinin, məktəb icmalarının yaradılmasını, müəllimlərin mütəmadi olaraq peşəkarlıq səviyyəsinin artırılması sisteminin qurulmasını, bütün səviyyələrdə buna marağı olan şəxslərlə sıx əməkdaşlıq edən liderliyin inkişafını daxil edən orta məktəbin inkişaf strategiyasına əsaslanıb. Məktəb yüksək tədris standartları ilə innovativ, şagirdlərə yönələn və demokratiya əsaslı fəaliyyət göstərən məktəb kimi əla imicə malikdir: “Orta məktəbin məzunları hər il yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin ali məktəblərinə qəbul olunurlar. Hazırda məzunlardan bir çoxu dünyanın ən adlı-sanlı universitetlərində, Amerika, Avropa, Rusiya digər ölkələrdə təhsil alırlar. Hər il onların sayı artır. Prezident təqaüdünə layiq görülən məzunlarımız isə məktəbimizin fəxridir”. S.Zeynalova bildirib ki, məktəbdə tam orta təhsillə yanaşı xarici dillərin, iqtisadi və hüquq fənlərinin dərindən, müasir elmi-metodik tədris üsulları əsasında öyrədilir. Təlim prosesində əsas xarici dil kimi ingilis dili və ikinci xarici dillərdən –fransız, alman və ispan dillərinə xüsusi yer verilir. Məktəbdə kompüter və dizayn istiqamətli təlimin dərindən mənimsənilməsinə, texniki vərdişlərin əldə edilməsinə də diqqət yetirilir.

Təlim prosesində İNTERNET imkanlarından istifadə olunur. Elmi, bədii ədəbiyyatla dərsliklərlə təmin olunmuş elektron daşıyıcılı kitabxana şagirdlərin istifadəsinə verilir. Təlimin ardıcıllığı, fasiləsizliyi səmərəliliyinin təmin olunması üçün şagirdlərin sağlamlığına qida rejiminə daim nəzarət olunur.

Şagirdlərin elmi dərnəklərdə, fakültativ məşğələlərdə iştirakı həvəsləndirilir. Şagirdlərin məktəbə gediş gəlişi xüsusi olaraq ayrılmış nəqliyyat vasitələri ilə həyata keçirilir: “Məktəb məşğələləri bazar günündən başqa hər gün saat 9:00-da başlayır saat 16:00-dək davam edir. Şənbə günü 10:00-dan 14:00-dək əlavə dərslər keçirilir.

Şagirdlər bütün dərslərdə iştirak etməli sinfə vaxtında girməlidirlər. Bütün dərsburaxma dərsə gecikmə halları müəllimlər tərəfindən sinif jurnalında qeydə alınır.

Tədris ili 2 yarımildən ibarətdir. Hər yarımilin sonunda (dekabr may aylarında) yekun testlər, bütün fənlərdən cari testlər keçirilir. Şagird dərslərə hazırlıqlı gəlməli, biliyini daim artırmalı dərinləşdirməli, ümumi mədəni səviyyəsini, fıziki psixoloji keyfiyyətlərini yüksəltməli, təhsil qanunvericiliyinə, məktəbin nizamnaməsinə, əxlaq etika normalarına əməl etməlidir. Şagird məktəbin bütün inventarına, texniki-metodiki vəsaitinə başqa əşyalara qayğı ilə yanaşmalı, onlardan təyinatına uyğun istifadə etməlidir. Təlimin ardıcıllığı, fasiləsizliyi səmərəliliyinin təmin olunması üçün şagirdlərin sağlamlığına daim nəzarət olunur. Bu məqsədlə məktəbdə tibbi xidmət həyata keçirilir. Şagirdlərə dərsdə olarkən mobil telefondan, peycerdən digər kommunikasiya vasitələrindən istifadə qəti qadağandır. Dərs zamanı, yuxarıda göstərilən avadanlıqlar qapadılıb məktəb gözətçisinə verilməlidər”. S.Zeynalova qeyd edib ki, Qərb Universiteti nəzdindəki məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılır. Bölmənin seçimi məktəbdə təhsil alan şagirdin arzusundan asılıdır. Birinci (ibtidai) pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin olunur, təbiət, insan və onun əməyi haqqında ibtidai təsəvvürlərin təməli qoyulur, şagirdlər oxumağı, yazmağı, hesablamağı öyrənir, nəzəri təfəkkür, nitq mədəniyyəti, şəxsi gigiyena və sağlam həyat tərzi ünsürlərinə yiyələnirlər. İkinci (əsas) pillədə, şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşüncəsinin, milli-mənəvi keyfiyyətinin, maraq və meylinin, qabiliyyət və istedadının, özünün sosial müqəddəratını təyin etmək bacarığının, elmlərin əsaslarının öyrədilməsi və dünyagörüşünün formalaşdırılması təmin edilir, təhsili davam etdirmək və ictimai həyata fəal surətdə daxil olmaq üçün zəruri olan ümumtəhsil hazırlığının əsası qoyulur. Üçüncü (orta) pillədə təlimin diferensiasiyası əsasında şagirdlərin ümumtəhsil hazırlığının başa çatdırılması təmin edilir.

Tədris planında nəzərdə tutulmuş əsas fənlərdən əlavə “İngilis uşaq ədəbiyyatı”, “ABŞ tarixi”, “İngiltərə tarixi”, “İngilis ədəbiyyatı tarixi”, “İncəsənət tarixi”, “Etiket”, “Vergi siyasətinin əsasları”, “İqtisadiyyat”, “Azərbaycan Respublikasının Konstitusiyası” və sair xüsusi kurslar keçilir: “Məktəbin şagirdləri əsas məşğələlərini qurtardıqdan sonra, tərbiyə prosesinin mühüm hissəsi olan sinifdənkənar işlərlə məşğul olurlar. Bu proqrama muzeylər və sərgi salonlarına ekskursiyalar, şəhərin görməli yerləri və tarixi abidələrilə tanışlıq və təbiətin səfalı guşələrinə səyahət daxildir. Bundan başqa, bütün şagirdlər məktəbin müdiriyyəti tərəfindən vaxtaşırı keçirilən müxtəlif tamaşalarda, bayramlarda, ədəbi-bədii gecələrdə və universitetdə keçirilən “açıq qapı” günləri çərçivəsində təşkil olunmuş müsabiqələrdə də fəal iştirak edirlər. Şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkilini və onların hərtərəfli inkişafını təmin etmək məqsədi ilə studiyalar, dizayn studiyasında şagirdlər rəngkarlığın, rəngşünaslığın, kompozisiyanın, interyerin və sair əsaslarını öyrənirlər. Xoreoqrafiya ilə məşğul olan şagirdlər də keçirilən tədbirlərdə milli və dünya xalqlarının rəqsləri ilə çıxış edirlər dərnəklər fəaliyyət göstərir. Habelə müsabiqələr, baxışlar və universitetin görkəmli elm xadimləri ilə maraqlı görüşlər təşkil olunur. Məktəbdə fəaliyyət göstərən xor həm məktəbin, həm də universitetin tədbirlərində çıxış edir. Xor çox böyük həvəslə Azərbaycan, rus, ingilis, alman və ispan dillərində mahnılar ifa edir”.

Direktor müavini vurğulayıb ki, məktəbdə hər il aprel və may aylarında ingilis dili, informatika, azərbaycan və rus dilləri, cəbr, fizika, coğrafiya, tarix fənləri üzrə müsabiqələr keçirilir. Bu fənn müsabiqələrində təkcə Bakıdan deyil, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərinin müxtəlif məktəblərinin 8-11-ci sinif şagirdləri iştirak edirlər. Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılır, bütün iştirakçılara isə sertifikatlar verilir: “Hər dərs ilinin sonunda “Müəllim şagirdlərin gözü ilə” anket-sorğu aparılır. Həmin sorğuda şagirdlər anonim şəkildə hər bir müəllimə obyektiv qiymət verir və özlərinin təklif, iradlarını qeyd edirlər. Anket-sorğunun nəticələrinə görə ən yüksək bal toplayan müəllim məktəb üzrə “İlin ən yaxşı müəllimi” adına layiq görülür”.

S.Zeynalova əlavə edib ki, məktəb Zabratda yerləşən uşaq evini öz himayəsinə götürüb. Hər il Yeni il və Novruz bayramı ərəfəsində şagirdlərin əl işlərindən ibarət satış-yarmarka təşkil olunur və buradan əldə edilən vəsait hesabına şagird-müəllim kollektivi sözügedən uşaq evinə baş çəkir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 15.