Kamal Təbrizinin
etiqadı
İslam
dinin özəlliklərinin, əzəmətini, mənəvi
dəyərlərə söykənməsini, insanları haqq-ədalətə,
humanizmə səsləməsini əks etdirən İran filmləri
nəinki daxili, hətta xarici kino bazarlarında da öz
tamaşaçılarını tapa bilir. Bu filmlərin ən
yaxşı nümunələrində etiqadlı müəlliflər
tamaşaçını, müsəlmanların səfərə
çıxarkən altından keçdikləri müqəddəs kitabın içərisindən
keçirə bilməklə insanların qəlbinə
müdrik ayələrin işığını gətirməklə,
hər kəsi paklığa, dünyanın dərkinə
çağırırlar.
Folkloru, sufi ədəbiyyatını dərindən bilən, universitetdə təhsil alarkən çəkdiyi kurs işində Mövlanənin “Məsnəvi”sindəki “Şanapipiklə Tacirin hekayəsi”ni lentə alan, otuz altı seriyalı “Şəhriyar” filmində şairin yaradıcılığını yaşadığı mühitin xronoloji kontekstində verə bilən rejissor Kamal Təbrizinin təsvir rəngarəngliyi önə çəkən neoprimitivizm cərəyanında çəkdiyi, sevindirici haldır ki, dilimizdə səsləndirdiyi “Saray” filmi “Apardı sellər Saranı” xalq mahnısının mətninin genişləndirilməsi üzərində qurulur. Folklor, nağıl elementlərindən, dini inanclardan yerli- yerində istifadə olunan bu film Sarayın dünyaya gəlməsi ilə atası Sultan bəyin onun beşiyi başında saz çalması ilə başlayır. Gülnar adlı cavan gözəl ananın dünyasını dəyişməsinin səbəbi müəmmalı qalsa da, dindar atasının təkbaşına böyütdüyü Sarayın uşaq ikən bulaq başında gördüyü, böyüyüb Muğan elini qorumaqla Xançoban adına layiq görülən Aydınla sevgisi, ova çıxan ordubadlı Aslan xanın bu gözələ vurulması mahnının məğzindəki melodram janrını nizamlayır. Qızlarla at çapmaq yarışında Sarayın buzov qazanması, Aydının xəstə anası Səba xanımın əlində tutduğu “Qurani Kərimi” öpməklə at belinə qalxması, aşığın “İncəgülü” havasını Məmməd Arazın “Duman salamat qal, dağ salamat qal” şeiri üstündə oxuması (mətn yaylaqla görüşə deyil, xudahafizləşməyə uyğun gəlsə də), elatın sürülərlə, atlı cahıllarla, kəcavələr yüklənmiş dəvələrlə yaylağa çıxması, alaçıqların qurulması, ocaq yerlərinin sahmanlanması tərəkəmə həyatının poetikasını ekranda canlandırır. Gecə çobanların ətrafına yığışdığı tonqalın başında Aydının “qurdun sağlığına” deməklə totemə rəğbətini bildirərək sayıqlığa çağıran canavarın şərəfinə ney çalması tərəkəmə həyatının mahiyyətini göstərir.
At belində Andrey Babayevin İslam Səfərlinin sözlərinə yazdığı “Nazəndə sevgilim yadıma düşdü” mahnısını oxuyan Aydının qoyun oğrularına oxşadılaraq, Aslan xanın adamları tərəfindən atəşə tutulması, Sarayın onu alaçığa gətirməsi, güllə yaralarının dağlanması, qızın xeyirə yozduğu, sevgilisinin yuxusunda selin elatı yuyub aparması, gözlənilən təhlükəni öncədən xəbər verməklə hadisəliliyi artırır. Qaval vurmaqla oxuyub müştəri çağıran çərçinin gəlişi, bəyi tərif edən aşıq Məhbubun iştirakı ilə Aydınla Sarayın nişanlanması, qızların alaçığı pusmaları, xınayaxdı mərasimi təsviri folklor hesabına zənginləşdirir. Anasının vəziyyətinin ağırlığını bilən Aydının arana qayıtması ilə, min tümən qızıl pul, dəvə qatarı başlığı ilə elçiliyə gələn Aslan xanın adamlarına rədd cavabı verilməsi hadisələri qarşılaşdırır.
Atasını ölümdən
qurtarmaq naminə xanla getməyə razılaşsa da daim
xilaskarını gözləyən Sarayın özünü
çaya atması ilə xanəndə Əlirza Amanbəylinin
ifasında səslənən “Apardı sellər Saranı”
xalq mahnısının filmdə gördüyümüz
kadrlarla müşayiəti klip yaratmaqla, at belində sevgilisini
xilas etməyə tələsən Xançobanın
körpünün üstündə məzlum-məzlum
dayanması filmi zülmün təzahürünə
çevrilən sosial-siyasi ziddiyyətdə
tamamlayır.
lll
Kamal Təbrizinin “Şeyda” filmində (ssenari müəllifi Rza Maqsudi.) İran-İraq müharibəsində sinəsindən ağır yaralanaraq görmə qabiliyyətini də itirən Fərhadın (Parsa Pürüstn) daim qayğısını çəkərək onu sakitləşdirmək üçün başı üzərində avazla “Qurani-Kərim”dən ayələr oxuyan gənc qız Fatimənin (Leyla Hatəmi) üzünü görməyib, səsinə vurulmasından bəhs olunur. Fərhadla bir palatada yatan, sarğısından yaralanmış Amaninin zarafatları, atmacaları bu personaja komik ruhda təqdim edir. Ailənin bir oğlu olub atasının sayəsində cəbhə xəttindən uzaqda qalmağa imkanı olsa da, könüllü surətdə motosikllə döyüş bölgəsini informasiya ilə təmin edən Fərhadın hərbi fəaliyyətinin, yaralanmasının mozaik canlanması dramaturji modeli pozsa da, hansı səbəbdənsə xəstəxanadan işdən çıxan Fatimə ilə bağlı fabula mexanizmi daim diqqət mərkəzində saxlanılır.
Fərhadın iqtisadi böhranda çabalayan
atasının təhriki ilə evlərində
görüşdüyü Səma adlı qıza “Qurani-Kərim”dən ayələr
oxutdurması üzünü görmədiyi Fatimənin onun qəlbində
dərin iz buraxdığını təsdiqləyir. Fatimənin
dərzi anasına paltar tikdirən Fərhadın
anasının onları oğlunun toyuna dəvət etməsi
münasibətləri kəsişdirir. Səma
ilə evlənsə də, qayınatasının Kanadada
yaşamaq təklifini rədd edən Fərhadın qəbul
imtahanındakı rəsmi sənədlərdə belə
müharibədə iştirakını gizlədərək
imtiyazdan qaçması onun mənəviyyatının təsdiqinə
çevrilir. Soyuqqanlı Səmanın
vaxtilə aldığı zəhərli güllə
yarasından xəstəliyinin şiddətlənərək
görmə qabiliyyətini yenidən itirən Fərhadın
yanına bir neçə gündən sonra gəlməsi əslində
ailənin qurulmadan dağıldığına işarə
vurur. Artıq sağalan Amaninin xahişi ilə
Fatimənin başı üzərində avazla “Qurani-Kərim”dən
ayələr oxumasından sonra xəfif əl hərəkəti
ilə məmnunluğunu bildirən Fərhadın bu
dünyadan xoşbəxt köçməsi dini motivin qələbəsini
təmin etməklə müəllifin dini
etiqadını da üzə
çıxarır.
lll
Kamal Təbrizinin öz ssenarisi ilə çəkdiyi “Xalçanın toxunması” filmi Yapon- İran mədəni əlaqələrinin tarixinin qədimliyini əks etdirən xalça eskizinin arxivdən taparaq İsfahandakı Muradxan adlı bir tacirə sifariş verən, qızı Sakuraya rənglərin adını farsca öyrədən sənətşünas Kinunenin avtomobil qəzasında həlak olması ilə başlanır. Bu hadisədən sonra Kinunenin istəyini gerçəkləşdirmək üçün Sakura adlı yeddi-səkkiz yaşlı qızını da götürüb İsfahana gələn Makuvunun hansısa karete yarışlarından tanıdığı, dazlığının müalicəsi üçün dərman axtaran tacir Muradxan tərəfindən qarşılanması ekspozisiyanı nizamlayır. Müxtəlif yollarla təzə xalçaları köhnəltməklə xaricilərə baha satan Muradxanın aldatmaq istədiyi Makuvunu əri Əkbərə qərib İmam Hüseynə and içdirməklə dini motivi struktura qoşan xanımının təkidi ilə xalça toxuyanların yığışaraq az müddətə qonağın istəyini yerinə yetirmələri mövzunu fabula deyil, səbəblə nəticəni əlaqələndirən süjet istiqamətində nizamlayır.
Sakuraya
vurulması yetərincə əsaslandırılmayan,
Muradxanı yola gətirməyi sadəlövhcəsinə
boynuna götürən, müəmmalı Ruzvelt adlı
balaca faytonçunun südəmər körpəsi də olan
anasının xalçanı toxumağı boynuna
götürməsi ilə üzərlik yandırılıb
duaların oxunması, mollanın xeyir-duası,
Makuvunun məsciddə namaz qılanların hərəkətlərini
təkrarlaması dini motivi nizamlayır. İri mis qazanlarda
ipliklərin müxtəlif rənglərə boyanması, əyri-üyrü
qədim küçələrdə qaçan uşaqların
əllərindəki kələfləri qurutmaları təsviri
zənginləşdirir. Ruzveltin itən
Sakuranı tapıb evə gətirməsi, Əkbərin bilmədən
qazanlardan birini tədricən qızdıran qazı
alovlandırmaqla iplikləri yandırması dramaturji maneəyə
yetərincə çevrilməsə də, xalçanı
bitirmək naminə toxucu qadınlardan birinin ərinin yun
köynəyini sökməsi hazır xalçanın kəsilməsi
münasibəti ilə şadyanalıq yerinə
düşür. Əkbərlə Makuvunun rəqsi, Ruzveltlə
Sakuranın iri planlarının növbələşməsi,
finalda xalçanın Yaponiyadakı muzeydə asılması
ilə iki mədəniyyətin qovuşmasına cəhd
edilir.
lll
Kamal Təbrizinin “Kərtənkələ” (ssenari müəllifi Peyman Qasımxani. 2004) komediyasında silahlı basqında günahlandırılan cinayətkar dəstənin üzvü kimi həbsxanaya düşən oğru Rzanın (Pərviz Pənuctuni) məharətlə dırmaşdığı hündür hasarın üstündəki tikanlı məftillərə ilişən göyərçini azad etməsi filmin rüşeymini göstərə bilir. Özünə xətər yetirərək düşdüyü mülki xəstəxanada bir palatada yatdığı ata-baba sənətinin suvaqçılıq olduğunu bildirməklə “Allaha doğru gedən yol dünyadakı insanların sayı qədərdir” kimi sufi fəlsəfəsini dilə gətirən savadlı, əməlisaleh axundun libasını, əmmaməsini geyinərək mühafizəçisinin yanından ötüb aradan çıxmağa müyəssər olub, onu avtomaşınına götürən dələduz sürücünü soyan Rza özünün peşəkar məharətini də göstərir. Cekson adlı qaçaqmalçı dostunun yanına gələrək xaricə qaçmaq üçün özünə saxta pasport sifariş verən Kərtənkələ ləqəbli oğru Rzanın adaşı axundun cibindən tapdığı göndəriş sənədinə əsasən Türkiyə sərhədindəki kəndə gələrək buradakı azsaylı dindarların üz tutduğu məsciddə fəaliyyətə başlaması komediya janrının tələbinə uyğun həyata keçirilir.
Dini ayinlərdən, qaydalardan, mərasimlərdən başı çıxmayan, namazı belə qıla bilməyən yalançı axundun hər an vəziyyətdən çıxmaq bacarığı sağlam gülüş yaradır. Gecələr təğyiri libas olub getdiyi evdə ona pasport düzəldən kəsin tutulduğunu öyrənərək ağlayan anasına pul verməsini izləyən gənclərin təzə axundun kasıblara əl tutan mömin olmasını kəndə yaymaları yeni təklif olunan vəziyyət yaradır. Bu vaxta qədər axundları olmadığından kasıblara xüms, zəkat paylaya bilməyənlərin Rzanın ətrafına yığılması yalanı gerçəyə çevirir. Beləliklə içəridən qapını bağlayıb günahsız arvadını döyən heyvərənin hündür divardan aşıb gələn Rza tərəfindən döyülərək dinə qayıtması, pasport düzəldən Şapur soyadlı qadının tövbə etməklə saxta sənədləri alova atması və s. satirik komediya elementlərinin sayını artırır. Paralel olaraq Rzanın izinə düşülməsi, əsl axundun xəstəxanada dünyasını dəyişdiyinin üzə çıxması nəhayət ki, saxta pasport əldə olunsa da, artıq insanların etibarını qazanan yeni “axundun”, yoxa çıxsa da, zühur edəcək sonuncu imam Mehdi əz Zamanın 15 iyul tarixindəki ad günündə keçirilən bayram mərasimini tərk edə bilməməsi mənəviyyatın qələbəsinə çevrilməklə islam dininin ən son məqamda belə tövbə qapısına üz tutanı bağışlamaq məziyyətini üzə çıxarır.
Vaxtilə Rzanın icazəsi ilə məscidə gələnlərdən birinin şövqlə oxuduğu “Küçələrə su səpmişəm” dindarlarda təəccüb doğursa da finalda bu xalq mahnısının bayram mərasimində, insanların xəbəri olmadan yenidən həbs olunan Rzanın aparıldığı məqamda yeni kontekstdə səslənməsi ilahi sevgi missiyasını yerinə yetirir.
Jurnalist Tofiq Abdinə “Kərtənkələ” filmində biz dinə tam ayrı bir bucaqdan baxmışıq. Onun üçün İranda çox rəğbət oldu filmə. Bunu qəbul etməyənlərin din haqqında düşüncələri təbii ki, üst-üstə olmadı” deyən Kamal Təbrizinin demokratizmin göstəricisi sayılan bu satirik komediya janrındakı filminə İranda qadağa qoyulmaması dövlətçilik ənənələri güclü olan ölkədə sağlam siyasi mühitin varlığını təsdiqləyir.
Aydın DADAŞOV
525-ci qəzet.-
2011.- 13 avqust.- S. 16.