“Sarı qayanın kədəri”
Rəssam Səyyar Əliyevin
emalatxanasındayam. Sözün həqiqi mənasında,
gördüyüm hər bir tablo – hər bir sənət əsəri
məni heyrətləndirir. Bir anlıq mənə elə gəlir
ki, Şuşadayam. Tablolar o qədər canlı, ürəkdən,
sevgi ilə işlənib ki, tamamlanmış və
tamamlanmamış təbiət mənzərələri, fəlsəfi
kompozisiyalar adamı özünə çəkir. Səni məcbur
edir ki, saatlarla bu kətan üzərinə çəkilmiş
hər bir sənət əsərinə baxıb
düşünəsən, keçmişdə gördüklərini,
eşitdiklərini xatırlayasan. Sanki Şuşanın
bütün təbiəti, gözəlliyi,
füsunkarlığı, Qarabağın hər daşı,
otu, çiçəyi, bulağı, sərt qayaları, axan
çayları, cəh-cəh vuran quşları
köçüb Səyyar müəllimin Bakı şəhərinin
gur, səsli-küylü yerində yerləşən bu
emalatxanasına.
TANITMA: Səyyar Vəli oğlu Əliyev
1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində
anadan olub. Orta məktəbin bir neçə ilini Şuşa
şəhərində oxuyub. 1973-cü ildə isə Azərbaycan
Politexnik İnstitutun texnologiya fakültəsin bitirib, 2009-cu
ildə etnoqrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
alıb.
RƏSSAM SƏYYAR ƏLİYEVİN
DEDİKLƏRİNDƏN: “Hələ uşaqlıqdan rəssamlıq
sənətinin vurğunu idim. Saatlarla güllərə,
çiçəklərə baxır, onların rənglərinə
tamaşa edirdim. Fikirləşmişəm ki, kimsə öz rəngli
karandaşları ilə gecələr gəlib bunları rəngləyir.
Göy qurşağı görəndə “göydə nənəm
həna toxuyub” deyərdik. Şuşada 3-4-cü sinifdə
oxuyanda hər gün “Bazarbaşı meydan” yolunu dəfələrlə
gedib-gəlir, rəssam Cahangirin çəkdiyi şəkillərə
baxaraq xəyala dalardım. Evə gəlib rəngli
karandaşlarla kağız üzərinə müxtəlif
şəkillər çəkərdim. Öz uşaq
fantaziyamla bir quşu, yarpağı müxtəlif formalarda təsvir
edərdim”.
İnsan əllərinin qüdrəti və
təfəkkürün yaratdığı sənət əsərlərinə
heyranlıqla baxıram. Bu tablo “Sarı qayanın kədəri”
adlanır. Qayada balasından zorla ayrılmış bir ata həsrəti,
kədəri var. Sanki qaya bizləri məzəmmət edir ki,
niyə onu düşmən əlində tək-tənha,
köməksiz qoymuşuq.
Tabloya heyranlıqla
baxdığımı görüb Səyyar müəllim
deyir: “Bu gördüyün əsər “Sarı qayanın kədəri”
adlanır. Bu əsər mənim iyirmi ildir içimdə
qaynayan, həmişə məni düşündürən
bir kədərimin təcəssümüdür. Çox
fikirləşdim ki, Qarabağ üçün elə bir sənət
əsəri yaradım həyatda əbədi qalsın. Mən
Şuşada boya-başa çatmışam. Havasın
udmuşam, suyun içmişəm, çörəyin
yemişəm. Öz oğulluq borcumu yerinə yetirməliydim.
Sarı Qaya Qarabağın hər yerində var. Şuşada
Daşaltında, Ağdamda Qarqar çayının sahilində,
Kəlbəcərdə, bütün işğal olunmuş
torpaqlarımızda Sarı qayanın simvolu var. Bu
gördüyün tabloda Sarı qaya kədərlidir.
İnşallah, torpaqlarımız işğaldan azad olunandan
sonra Sarı qaya məğrurlaşacaq. Onda “Sarı qayanın kədəri” yox, qələbəsi
olacaq”.
Başqa bir
tablonun çox qəribə, nisgilli bir adı var:
“Cıdır düzünün həsrəti”. Tabloda
Cıdır düzü bomboşdur, arxadan yamyaşıl
Topxana meşəsi görünür. O Topxana meşəsi ki,
orada ermənilər alüminium zavodu tikmək
üçün ağac kəsmək istəyəndə
Bakı şəhərində bir milyon insan uzunmüddətli
etiraz mitinq keçirdi. “Cıdır düzü” həsrətdən
sapsarı saralıb. O, sənin, mənim – hamımızın
həsrətini çəkir, biz necə, onun həsrətini
çəkirikmi? Bu seyrəngahda kimlərin ayaq izləri
yoxdur? Qarabağ elinin bütün igidləri burda at
oynatmış, qurşaq tutub qılınc
döyüşdürmüşlər. Bu yerdə dəfələrlə
maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət
Simfonik orkestri dahi Üzeyir bəyin “Koroğlu” operasının
uverturasını əzəmətlə ifa edib,
dağları, daşları lərzəyə gətirib.
Tabloya baxdıqca şən, qayğısız
uşaqların sevinc səsləri gəlir qulaqlarıma.
Gözəllər şən-şən,
zarafatlaşa-zarafatlaşa kəklikotu yığırlar.
Daşaltı çayının min-bir mahnıya bənzəyən
qıjıltısını eşidirəm. İlahi, bu, nə
möcüzədir? “Cıdır düzü” insan kimi həsrət
çəkir, dil açır, bizi öz qoynuna səsləyir.
Bax, sənət əsərinin böyüklüyü də
ondadır ki, tamaşaçı ilə danışa bilsin.
“Nigaran ruhlar” tablosuna baxıram. Burda kimlər, nələr
yoxdur? Qarabağın bütün dahilərinin, sənət
adamlarının, qəhrəmanlarının, iyirmi ildir həsrətində
olduğumuz İsa bulağı, Mamayı bulağı,
Gövhər ağa məscidi, “Bazarbaşı meydan”, Bazar
qabağı... Hamısı nigaran-nigaran yollara boylanıb,
bizi çağırır. O ruhlar bizdən nigarandır, biz
necə, onlardan nigaranıqmı, onlar üçün
darıxarıqmı?
Heyrətlə
baxdığım tablolardan biri də “Cənnət meyvəsi”
adlanır. Elə bil tabloya baxmırsan, yetişib, budaqları
yerə dəyən nar bağındasan. Xəyalıma
Şellinin nar bağları düşdü. Dənəsinin hər
biri üzüm giləsi boyda Şelli narı. İlahinin
yaratdığı möcüzə! Pərdələr
arasına dənələr bir-bir düzülüb. Tablo o qədər
canlı işlənib ki, istəyirsən əl uzadıb,
onlardan birini dərəsən.
“Xocalı faciəsi”
tablosuna baxanda göz yaşlarını saxlamaq mümkün
deyil. Uzaqdan
yandırılıb-xarabazarlığa çevrilmiş
Xocalı görünür, qar üzərinə döşənmiş
insan cəsədləri, sonsuz kədər və məyusluqla
bir tənha, köməksiz, ümidini Tanrıya
bağlamış bir ana soyuqdan donmasın deyə, körpəsini
şalına bükərək sinəsinə sıxıb.
Əsər tamaşaçıda bir nigarançılıq
yaradır: ana öz namusunu və körpəsini erməni
quldurlarından xilas edə biləcəkmi? Bax, elə bu
nigarançılıqdadır bu əsərin dəyəri.
Emalatxanada Səyyar
müəllimin təxəyyülünün, ürəyinin və
fırçasının məhsulu olan sənət əsərləri
çoxdur. “Günəbaxanlar”, “Şuşanın
dağları”, “Dəniz”, “Nur dəryası”, “Qaraçı
gözəli”, “Qarqar çayının sahilində”,
“Müdriklər”, “Məhəbbət”, “Kainatın
yaranması”, lap bu yaxınlarda işlədiyi, hələ də
tamamlamadığı “Nigaran torpaq” və sair.
Tamamlanmış və tamamlanmamış sənət əsərləri.
SƏYYAR ƏLİYEVİN
DEDİKLƏRİNDƏN: “Nəyi necə çəkəcəyimi,
nədən başlayıb nədə qurtaracağımı,
hansı rənglərdən istifadə edəcəyimi əvvəlcədən
planlaşdırmıram. Heç əvvəl çəkəcəyim
tablonun eskizin də etmirəm. Qəflətən
gecənin bir aləmi yuxudan ayılaraq əlimə
fırça alıb, rəngləri qatıram bir-birinə.
Bax, bu gördüyün obrazı çəkmək
üçün fırçanı bir dəfə çəkmişəm,
belə gözəl qız alınıb. Heç fikirləşməmişəm
ki, gözəlmi, yaraşıqlımı bir qadın
obrazı yaradım. Ümumiyyətlə, fırçanı
bir dəfə çəkirəm, dəvə alınır, quş
alınır, ot, çiçək, yarpaq alınır. Mən
çəkirəm, tamaşaçı baxıb, öz yozumu
ilə tabloda demək, yaratmaq istədiyim fikirləri
qavrayır. Heç tabloya ad da qoymuram. Adı da
tamaşaçı seçir. Qoy tamaşaçı
özü müəyyənləşdirsin – hansı Mələkdir,
hansı İblis.
Kimin gözünə,
qəlbinə, şüuruna necə görünürsə,
elə də qəbul edir. Bir portretdə qızla canavar
göz-gözə baxırlar. İlk baxışda
tamaşaçıya elə gəlir ki, canavar qızı
parçalamaq istəyir. Diqqətlə baxandan sonra hər
ikisinin gözlərində məhəbbət, ünsiyyət,
səmimiyyət hiss olunur”.
Səyyar müəllim
deyir ki, bir sərgidə ona “Sarı qayanın kədəri” əsərinə
qiymət qoymağı təklif ediblər. Cavab verib ki, hələlik
Qarabağa həsr etdiyim tabloları satmaq fikrim yoxdur. Vaxt gələr
özümüzünkülərə əsərlərimi
sata da, bağışlaya da bilərəm. Lakin yad ölkələrə
Qarabağa həsr etdiyim əsərlərimi satmaram.
Səyyar Əliyev
fantaziyalı, istedadlı rəssam olmaqla yanaşı, həm
də xeyriyyə işləri ilə də məşğul
olur və bu işi imkanı olanda davam etdirir. Bütün
sənədləri də yığıb saxlayır. 1992-ci
ildən, yəni, Şuşa şəhəri ermənilər
tərəfindən işğal olunandan bəri xeyriyyəçilik
edir. Şəhid ailələrinə, dəfələrlə
mili orduya, ayrı-ayrı Qarabağ müharibəsi əlillərinə,
imkansız ailələrə, təhsil haqqını
ödəyə bilməyən tələbələrə
köməklik edib, mənəvi dayaq olub. O çox təvazökardır.
Deyir ki, sağ əlin verdiyini sol əl bilməlidir. Bir də
deyirlər ki, balığı at dəryaya, balıq bilməsə
də, xaliq biləcək. Heç xaliq də bilməsin,
özün ki, bilirsən...
Səyyar müəllim
Tanrıdan Şuşanı görmək, Cıdır
düzündən durub Topxana meşəsinə baxmaq, İsa
bulağının, Turşsunun, Səkili, Mamayı
bulaqlarının bir parç suyunu içmək
üçün möhlət istəyir. Və bir də
böyük Yaradandan bütün didərginlərin həsrətində
olduqdarı doğma yurd-yuvalarına qayıtmasını diləyir.
Bədii
emalatxananın nəzdində 2008-ci ildən təhsil
kursları fəaliyyət göstərir. Burada
yaşından asılı olmayaraq, uşaqlar, yeniyetmələr
kompüterlə işləməyi, ingilis dilini, rəssamlıq,
milli rəqslər, xalçaçılıq, qrafika sənətlərini
öyrənirlər.İnanırıq ki, burada yaxın gələcəkdə
yeni-yeni istedadlar yetişəcək. Emalatxananın bir
otağında Səyyar müəllimin uzun illər boyu
topladığı çox zəngin və qiymətli
kitablardan ibarət kitabxana fəaliyyət göstərir.
Burada sənətkarlıqlara aid, fəlsəfi-siyasi, elmi, bədii
kitablar çoxluq təşkil edir. Müxtəlif kurslara gələn
uşaqlar və həmsöhbəti olan başqa adamlar bu
kitablardan bəhrələnirlər. Emalatxanada qədimi əşyalardan,
qablardan, müxtəlif fiqurlardan ibarət əyani vəsaitlər
də var. Kursa gələn uşaqlar onlardan əyani vəsait
kimi istifadə edirlər.
ONU NECƏ TANIYIRLAR?
Arif Hüseynov,
respublikanın xalq rəssamı:
–
Səyyar Əliyevin əsərlərinin sərgisinin ilk
tamaşaçılarından biri mənəm. Əsərləri
biz o qədər feyzyab etdi ki, Rəssamlar
İttifaqının üzvü olmasa da, onun sərgisi təşkil
olundu, yaxın günlərdə Şuşa haqqında
geniş sərgi təşkil etməyi planlaşdırmışıq. Bu əsərlərin
hamısı sərgidə nümayiş etdiriləcək. Səyyarın
əsərləri metaforik əsərlərdir. Burda hissiyyat və
fəlsəfə üstünlük təşkil edir.
İlhami Fətəliyev,
Şuşa şəhər sakini:
– Mən Səyyar
müəllimin əsərlərinə baxanda elə bilirəm
ki, Şuşadayam. Gözlərinin qarşısında əzəmətli
Şuşa canlanır. Mənə belə gəlir ki,
Mamayı bulağından su içirəm, Cıdır
düzünün əfsanəvi havasını uduram. Rəhmətlik
Lətif Kərimov deyirdi ki, “udun bu havanı, bu hava can dərmanıdır.
Emin Kərimov,
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə
müdiri:
– Səyyarın
çəkdiyi tablolar çox ifadəlidir. Abstrakt təfəkkürün
məhsuludur. Onun əsərlərində Qarabağın
bütün gözəlliyi öz əksini tapıb.
VƏ SONDA
Səyyar müəllim
deyir ki, ata yurdum Ağcabədi rayonunun Xocavənd kəndi olsa
da, Şuşa onu daha çox özünə çəkir.
Bilmirəm uşaqlığımın orda keçdiyindəndirmi,
ya Şuşanın təbiətin ən mükəmməl, ən
bənzərsiz əsəri olmasındandırmı, yoxsa mənim
bir rəssam kimi yetişib formalaşmağımda əvəzsiz
rolundadırmı? Bir onu bilirəm
ki, Şuşa mənim ürəyimin bir parçası,
gözlərimin didəsidir.
Surxay ƏLİBƏYLİ
525-ci qəzet.-
2011.- 13 avqust.- S. 29.