Anların sehrli əbədiyyəti

 

FOTOQRAF RUSLAN AĞAZADƏ: “MƏNİM QƏHRƏMANLARIM ADİ HƏYATDA GÖRMƏYƏ ALIŞMADIĞIMIZ MƏQAMLAR VƏ İNSANLARDIR”

 

Bəzən çəkilən adi bir foto insanın həmin anda yaşadığı sevinci, kədəri, həyəcanı deyilə biləcək bir yığın sözdən daha təsirli anladır. İnsanın bütün yaşantılarını, hiss-həyəcanını, daxili aləmini ehtiva etdirən həmin fotodakı baxışı əldə etmək o qədər də asan deyil. Bu fotoqrafdan yüksək peşəkarlıq, işə yaradıcı yanaşma və səriştə tələb edir. İncə zövq və gözəllik duyğusu, forma və rəng duyumunu da sadaladıqlarımıza əlavə etmək olar. Gənc fotoqraf Ruslan Ağazadə bütün bu xüsusiyyətlərə sahib olmaqla yanaşı, həm də fotoqrafiya sənətini çox sevir. Bu isə sahib olduğun işdə uğur qazanmaq və daim inkişaf etmək üçün başlıca şərtdir.

Bugünlərdə redaksiyamızın qonağı olan Ruslan Ağazadə 1987-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinooperatorluq” fakültəsini bitirib. Bu sənətə marağından danışan gənc fotoqrafın sözlərinə görə, onu bu işə həvəsləndirən atasının rejissor olmasıdır: “Ailəmizdə bu sənətə böyük maraq var. Atam bu maraqlı sənətlə sıx bağlıdır, o rejissordur. Buna görə də hər zaman, biz lap uşaq olanda evimizdə kamera və zenit fotoaparatı olub. Bu da bizə hər hansı gülməli uşaqlıq kadrlarımızı lentə almaq imkanı yaradırdı. Müəyyən vaxt keçəndən sonra həmin kadrlara baxmaq bizə xüsusi maraq və zövq verirdi. O maraq getdikcə məndə əsl sənət sevgisinə çevrildi. Gördüyünüz kimi, bu sənətə vurğunluğum heç də təsadüfi deyil. Mən artıq öz ideyalarımı və bəlkə də bəzilərinə qeyri-adi təsir bağışlayan fikirlərimi öz fotolarımda reallaşdırıram. Azərbaycanda xüsusi foto məktəbi yoxdur, lakin bitirdiyim kinooperatorluq fakültəsi foto sənəti ilə sıx bağlı bir ixtisasdır. Aldığım təhsil və öz ideyalarım mənə işlərimi peşəkar təqdim etmək imkanı yaradır”.

 

Fotolarının qəhrəmanlarından danışan R.Ağazadə deyir ki, düşündürücü və ən azından özündə hər hansısa mənanı daşıyan fotolara üstünlük verir. Fotoqraflıq sənətinə hobbi kimi deyil, həyatının mühüm bir hissəsi kimi baxdığını söyləyən R. Ağazadə hər bir fotosunun mənası olduğunu deyir: “Təbii ki, fotoda gözəllik olmalıdır. Bundan başqa, peşəkar yanaşma, kompozisiya və işıq düzgün qurulmalıdır. Amma bunlardan daha öncə fotoda xüsusilə bəlli bir janr olmalıdır. Mənim qəhrəmanlarım adi həyatda görməyə alışmadığımız məqamlar və insanlardır. Amma reallıqda onları hər birimiz görmək istəyirik, mənim reallığım da elə budur – fotolarım!”.

Müasir fotoqraflardan fərqli olaraq o, işlərini fotolentə çəkir. Deyir ki, lentə çəkilmiş fotolar daha canlı olur. Fotoqrafın çəkdikləri həm də onun güzgüsüdür. Fotoqraf bu güzgüdə insanların onu görmədiklərini, lakin ona xas xüsusiyyətlərə şahid olduqlarını vurğulayır. Fotolara baxan tamaşaçı gözəllik, rənglərin ahəngi, bəzən hər hansısa doğma yerləri xatırladan məkanı və unutduğu insanları xatirələrində bir daha canlandıra bilir.

Uğurlu fotolarını müəyyənləşdirməyə tələsməyən fotoqraf deyir ki, bunun üçün yaşı o qədər də çox deyil: “Təbii ki, uğurlu fotolar çoxdur, amma ən yaxşısına qaldıqda mən onu müəyyənləşdirməyə tələsmirəm. Həm həyatda, həm də sənətdə yaşım o qədər də çox deyil ki, mən ancaq arxivimdən bəhrələnim. İnşallah qarşıda daha da gözəl və arzusunda olub hələ ki, reallaşdırmadığım ideyalarımı çəkib göstərmək niyyətindəyəm. Fotolarımın hər biri mənə doğmadır və bu fotolarda mənim öz iç dünyama aid məqamlar var”.

Azərbaycandakı, eləcə də xarici fotoqraflar və onların işləri ilə sərgilərdən, sosial şəbəkələrdən tanış olduğunu deyən R.Ağazadə bunun həm maraq, həm də bir-birini təkrarlamamaq və inkişaf məqsədi daşıdığını deyir: “Sənan Əlizadə, Fərid Xayrulin, Asiyyət Fətullayeva kimi bu sahədə öz sözünü demiş fotoqraflar, bugünkü gənclərə fotoqrafiya sahəsinin xırdalıqlarını öyrətməklə yanaşı, istiqamət verə bilərlər”.

R.Ağazadə gələcək planlarından danışdı: “Qarşıda yeni və maraqlı fotosessiyalar olacaq. İdeyalar çoxdur, təkliflər və hazırlıqlar gedir. Tezliklə insanlar yeni və maraqlı fotolarımı saytlarda, o cümlədən, Facebook sosial şəbəkəsindəki art səhifəmdə izləyə bilərlər”.

Bu illər ərzində qazandığı nailiyyətlərdən danışan fotoqrafın sözlərinə görə, o, “Ən yeni tarix”, “Rəqqas”, “Zaman və Biz”, “Sükut” qısametrajlı filmlərinin müəllifidir. Bir çox beynəlxalq layihədə uğurla iştirak edib. “İlahi Məxluq”, “Vəkil Hanı” bədii filmlərində operator assistenti və bir sıra sənədli filmlərdə operator kimi çalışıb: “Hal-hazırda foto sahəsində də çalışıram və bunun ətrafdakı insanlar tərəfindən müsbət qarşılandığının şahidi oluram. Bu da təbii ki, insana sevdiyi işində stimul verir, daha böyük uğurlar, nailiyyətlərə istiqamətləndirir. Foto sənətini çox sevirəm və bu sahədə bir çox yeniliklərə imza atmaq niyyətindəyəm”.

Həyatımız müəyyən anlardan ibarətdir. Bu anları isə yalnız həssas və diqqətli insan tuta bilər. R.Ağazadə bu sahədə yeni başlayanların hər birinə bol şans, komplekslərdən uzaq olmaq, fikirlərini sərbəst çəkinmədən deyə bilmək, ən əsası çəkilən fotoda özünəməxsusluğu ilə seçilmək və “anı tuta bilmək” bacarığı arzulayır.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 32.