“Erməni
diasporunu küncə sıxıb əzəcək qədər
gücümüz var”
AZƏRBAYCANIN BELARUS
RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ
SƏFİRİ İSFƏNDİYAR VAHABZADƏ: “TƏŞKİLATLANMAQ,
TƏŞKİLATLANMAQ, BİR DƏ TƏŞKİLATLANMAQ
LAZIMDIR”
Diplomat
var ki, suallara cavabı ondan kəlbətinlə qoparmaq
lazım gəlir. Diplomat var ki, o, öz cavabları ilə
sanki jurnalisti yönləndirir, ona imkan yaradır ki, istədiyi
sualları versin və hətta əvvəlcədən nəzərdə
tutmadığı sualları da versin. Azərbaycanın
Belarus respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri İsfəndiyar Vahabzadə ikincilərdəndir. O həm
də jurnalistlə jurnalistin “öz dilində”
danışmağı və hətta onu
dolaşdırmağı da bacarır. Geniş
dünyagörüş, yaxşı savad, Bəxtiyar Vahabzadənin
oğlu olmaq, təzadları görmək və incə məqamı
seçmək diplomatın şəxsi keyfiyyətləridir.
Bugünlərdə
jurnalist dostum Minskdən dönüb. Azərbaycan səfirliyinin
təşkil etdiyi tədbirlərdən ürəkdolusu
danışdı. Mən də “köhnə diplomatı” və
köhnə dostumu aradım. Sübh tezdən.
–
Sabahınız xeyir, cənab səfir. Yuxudan durmusunuz?
– Bu vaxta
qədər yatmaq olar, çoxdan durmuşam ki. Həm də
bu gün avqustun 16-sı atamın ad günüdür – Bəxtiyar
Vahabzadənin (Hər ikimiz sükut etdik. Mən hiss etdim ki, səfir
kövrəlir və hardasa Bəxtiyar müəllimli günlərini
xatırlayır).
– Sizi
anlayıram cənab səfir. Bəxtiyar Vahabzadə kimi bir
atanı itirmək asan məsələ deyil. O, böyük
şair bütün eldən, bütöv Azərbaycandan getdi.
O, cismən Haqqa qovuşdu. Milyonların qəlbində isə
əbədiyaşardır.
– Elədir.
O, bir Azərbaycan sevgisi ilə doğuldu. O, bir Azərbaycan
sevgisi ilə yaşadı, yaratdı. O, bir Azərbaycan sevgisi
ilə də gözlərini əbədi yumdu. Onun
övladları olmaq böyük şərəf, həm də
böyük məsuliyyətdir. Bilmirəm bu gün Bəxtiyar
Vahabzadə ilə bağlı hər hansı tədbir
keçiriləcəkmi? Ancaq əminəm ki, Azərbaycanı
sevənlər, Bəxtiyar şeirinin vurğunları onu
hökmən anacaqlar. İndi mən atamla sanki söhbət
edirəm. Onun tövsiyələrini xatırlamağa
çalışıram.
– İsfəndiyar
müəllim, yeni vəzifənizdə özünüzü
necə hiss edirsiniz?
– Bu il
aprel ayının 20-də Azərbaycan prezidenti cənab
İlham Əliyevin sərəncamına uyğun olaraq fövqəladə
və səlahiyyətli səfir kimi Minskə gəldim.
Protokol qaydalarına uyğun olaraq rəsmi dairələrdə
müvafiq görüşlər keçirdim, Belarusda akkreditə
olunmuş xarici ölkələrin səfirləri ilə nəzakət
görüşündə oldum. Ölkəmizin MDB-nin nizamnamə
və digər orqanları yanında daimi nümayəndəsi
təyin olunduğum üçün qeyd olunan qurumun icraiyyə
komitəsinin sədri Lebedevlə də görüşüm
oldu. Keçirilən bütün görüşlərdə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra keçilən yoldan,
qazanılan uğurlardan, eyni zamanda böyük öndərin
siyasətini uğurla davam etdirən möhtərəm
prezidentimiz cənab İlham Əliyevin,
yürütdüyü siyasət, Azərbaycanın bu
günü və gələcəyi, problemlər haqqında
da ətraflı diskussiyalar oldu. Bütün görüşlərdə
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dövlət başçımızın beynəlxalq
hüquq normalarına uyğun aydın və prinsipial
mövqeyi diqqətə çatdırıldı. İndiyə
qədər keçirdiyim bütün görüşlərdə
məndə belə bir qənaət yaranıb ki, artıq
dünya dövlətləri Azərbaycanın ədalətli
mövqeyini daha kəsərli formada dəyərləndirir və
qəbul edir. İlk növbədə bu prezident İlham Əliyevin
yürütdüyü müstəqil daxili və xarici siyasətlə,
həmçinin Azərbaycanın regionda lider dövlətə
çevrilməsilə, habelə beynəlxalq aləmdə
nüfuzunun daha da artması ilə bağlıdır. Əgər
Azərbaycanın xarici ölkələrdəki elçiləri
yaranmış şəraitdə dövlət
başçısının yürütdüyü siyasəti,
habelə qarşıya qoyduğu vəzifələri
qüsursuz yerinə yetirə bilsələr,
uğurlarımız daha çox olar və onun bəhrəsini
daha tez görərik.
– Cənab
səfir, söhbətinizlə diplomatik vəzifədə illər
əvvəl olduğundan daha rahat təsir
bağışlayırsınız. Deyəsən, “dəliqanlılığın”
daşını atmısınız.
– Siz
hansı “dəliqanlılıqdan” danışırsınız?
Diplomatiyada dəliqanlılıq olmur. Məsələlər
yüz ölçülüb bir biçilir. Və nəzərə
almaq lazımdır ki, hər bir səfir bir ölkəni təmsil
edir. həm də ki, artıq qocalmışam. Yaşım 57
oldu.
– “Sevən
doxsanında hələ cavandır”.
– Bunu Bəxtiyar
Vahabzadə deyir. Amma faktdır ki, xeyli yaşım var və
“dəliqanlılıq” dövrü çoxdan keçib. On
beş illik səfirlik stajım var. Bu illər ərzində
Şərqdə, Qərbdə, MDB məkanında səfir
kimi fəaliyyət göstərməklə çox şeylər
görmüş, çox şeylər eşitmişəm.
Çox səmimi olaraq qeyd edim ki, müstəqilliyimizin bərpasından
sonra Azərbaycan diplomatiyasının qazandığı
bütün uğurlar ümummilli liderin adı ilə
bağlıdır. O, siyasət şahmatının ustası
idi. Onun keçirdiyi görüşlərin bir neçəsində
iştirak etmişəm. Heyrətamiz yaddaş,
qarşısındakını fikrini oxumağı bacarmaq,
lazım gələn yerdə diplomatik təzyiqi üsulluca hədəfə
çatdırmaq, lazım gələndə də
yüngül bir gülüşlə müsahibinin dediklərinə
münasibət bildirmək. Gerçəkdən nadir şəxsiyyətə
xas xüsusiyyət idi. Prezident İlham Əliyevin aydın
mövqeyi, Azərbaycanın milli maraqlarına
qarşıduranlara açıq və qətiyyətli
cavabları, ən yüksək tribunalardan Azərbaycanın
haqq səsini ucaltması və müdafiə edə bilməsi
ölkəmizin xaricdəki böyük elçiləri
üçün geniş fəaliyyət meydanı
açır. Bu meydanda sadəcə usta oyunçu olmaq gərəkdir.
İndi biz Azərbaycan diplomatiyasının uğurlarından
danışa bilərik. Ümumiyyətlə isə, səfirin
fəaliyyəti məncə, iki məsələ ilə
bağlıdır: onun təmsil etdiyi dövlətin kimliyi və
səfirin öz kimliyi.
– İsfəndiyar
müəllim, harada olmusunuzsa ermənilərlə az qala “əlbəyaxa
döyüşdə” görünübsünüz. Belarusda vəziyyət
necə olacaq?
– Mən
dəfələrlə demişəm, yenə təkrar edirəm.
Erməni adlı millət yoxdur. Erməni adlı təşkilat
var. Və bu gün Ermənistan adlandırılan dövlət
erməni təşkilatının, erməni diasporunun fəaliyyətindən
asılıdır. Bu qondarma dövlətin nə müstəqil
siyasəti var, nə də müstəqil iqtisadiyyatı. Onun
kimlərdən və necə asılı olduğu hər kəsə
bəllidir. Erməni diasporunun əvvəllər
çıxardığı gur səs indi cılızla əvəzlənib.
Və çox güman ki,yaxın gələcəkdə
onların maskası tamamilə yırtılıb atılacaq.
Bu diasporun fəaliyyəti tamamilə yalan, şər, riya
üzərində qurulub və təcavüzkar məqsədə
haqq qazandırmağa yönəlib. Səfir kimi fəaliyyət
göstərdiyi bütün ölkələrdə onların
maskalarını yırtmaq mənim bir nömrəli vəzifəm
olub. Burada da elə olacaq. Geriyə yol yoxdur. “Abırlı həyasına
qısıldıqca, abırsız bir addım da irəli gələr”
deyirlər. Qeyri-rəsmi məlumatlara əsasən Belarusda on
iki mindən çox həmvətənimiz məskunlaşıb.
İdman sahəsində dəfələrlə beynəlxalq səviyyədə
uğurlara imza atmış, tanınmış idmançı
Natiq Bağırovun rəhbərlik etdiyi Azərbaycan
İcmaları Konqresi bu ölkədə məskunlaşmış
həmvətənlərimizin təşkilatlanmasında və
Azərbaycanın Belarusda tanıdılması istiqamətində
müəyyən işlər görüb. Belarusda yaşayan
Belarus dövlət mükafatı laureatı, radiotexnika və
riyaziyyat elmi sahəsində görkəmli alim Rauf Sadıqov,
tibb elmləri doktoru Reyman İsmayılzadə, habelə
Balarus Dövlət Pedaqoji Universitetində keçən ilin
dekabrında fəaliyyətə başlamış Azərbaycan
dili və mədəniyyəti Mərkəzinin rəhbəri,
filologiya elmləri doktoru professor Rafiq Novruzov və
başqaları Azərbaycan diasporunun təşkilatlanmasında
xeyli əmək qoyublar. Ancaq bu hələ yolun
başlanğıcıdır. Bizə təşkilatlanmaq, yenə
də təşkilatlanmaq və bir daha təşkilatlanmaq
lazımdır. Yalnız bu yolla erməni diasporunu küncə
qısnayıb, haqq-ədalət naminə əzişdirə
bilərik. Bir məsələni də qeyd edim. Ermənilərin
xarakteri elədir ki, onlar məskunlaşdığı ölkələrdə
dövlət orqanlarına təsir edə biləcək
yolları həmişə tapa bilirlər, ən alçaq
üsullara əl atmaq bahasına olsa belə. Bu gün Belarusun
bir çox dövlət orqanlarında çalışan ermənilərə
rast gəlmək olar. Təəssüf ki, azərbaycanlılar
dövlət orqanlarında demək olar ki, ya
çalışmır, yaxud da buna nail ola bilmirlər.
İndi bizim əsas vəzifələrimizdən biri
yavaş-yavaş bu məsələnin həllinə nail
olmaqdır. Seçkili orqanlarda təmsil olunmaq da əsas vəzifələrimizdəndir.
Qeyri-hökumət təşkilatları ilə səmərəli
işləmək isə xüsusi bir məsələdir.
– Cənab
səfir, düşmənin gücünü kifayət qədər
bilirsiniz. Sizcə, bu “əzişdirmə” hansı yollardan
keçəcək?
– Mən
bütün yolları mətbuat vasitəsilə
açıqlasaydım, diplomat olmazdım ki. Ancaq bir neçəsini
deyə bilərəm. Məsələn, KİV-lərlə,
TV-lərlə, ali təhsil müəssisələri ilə,
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
daha səmərəli yollarını tapmaq, Belarus gəncliyinə
və Belarus ziyalılarına Azərbaycan həqiqətlərini
olduğu kimi çatdırmaq.
Bu il Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20 ili
tamam olur. Bu münasibətlə dövlət
başçısı səviyyəsində Prezident
Aparatı, Xarici İşlər Nazirliyi xüsusi tədbirlər
planı işləyib hazırlayıb. Bu istiqamətdə
artıq bir sıra tədbirlər həyata
keçirilmişdir. Bu yöndə atılan addımlar
sırasında və ümumiyyətlə Azərbaycanın
dünyada tanıdılmasında Heydər Əliyev Fondunun və
şəxsən fondun prezidenti, ölkənin birinci
xanımı Mehriban Əliyevanın xüsusi rolunu qeyd etmək
lazımdır. Xoşməramlı səfirin rəhbərliyi
ilə Fransa və Rusiyada təşkil edilən möhtəşəm
tədbirlər buna əyani misaldır. Ümumiyyətlə,
qısa müddət ərzində səfirlik tərəfindən
ümummilli liderin doğum günü, 28 may Respublika
günü, 15 iyun Milli Qurtuluş günü münasibətilə
keçirilən tədbirlərin əks-sədası oldu.
Bizim keçirdiyimiz tədbirlərə Belarus ictimaiyyətinin
və ziyalılarının, habelə digər səfirliklərin
marağı kifayət qədər oldu. İrəlidə daha
böyük tədbirlər planlaşdırırıq.
– Cənab
səfir sizə köntöy bir sual verim. Avropa və Amerikada
Belarus rəhbərliyi haqqında tənqidi fikirlər səslənir.
– Bu
sualın cavabını onu səsləndirənlərdən
soruşsanız daha yaxşı olar. Azərbaycan hər bir
ölkə ilə münasibətini müstəqil olaraq qurur
və müstəqil siyasət yürüdür. Bu siyasət
kiminsə xoşuna gələ də bilər, gəlməyə
də bilər. Əsas odur ki, Azərbaycanın milli
maraqlarına xidmət etsin. Azərbaycanın isə Belarusla
qarşılıqlı əlaqələri yüksək səviyyədədir.
Belarusun baş naziri cənab Myasnikoviçin bu yaxınlarda Azərbaycana
səfəri də sübut etdi ki, əməkdaşlığı
genişləndirmək üçün hələ çox
imkanlar var. İndi bu imkanları reallaşdırma üzərində
iş gedir. Artıq Azərbaycan səfirliyinin yeni binasının
inşası üçün torpaq sahəsi də
ayrılıb. Digər başqa problemlər də öz həllini
tapır. Mənim Belarusun dövlət rəhbərləri və
rəsmi şəxsləri ilə görüşlərimdən
gəldiyim qənaət budur ki, Azərbaycan və Belarus hər
iki ölkənin milli maraqları naminə tərəfdaşlığı
daha da möhkəmləndirir.
– İsfəndiyar
müəllim, Azərbaycanın diplomatiya tarixi haqqında hələ
illər öncə bir kitab yazmağa
başlamışdınız.
–
Doğrudur, indi həmin kitabı tamamlamaq üzrəyəm. O
belə adlanacaq – “Altıncı mərtəbə”. Bu kitab
üzərində illərdir çalışıram. Bəlkə
hələ onu tamamlamaq da illərimi alacaq. Ancaq “Altıncı
mərtəbə” işıq üzü görəcək.
İstəyən kəs Azərbaycan diplomatiyasının
haradan başlayıb hara gəlib çatdığını
elmi dəlillər və tarixi faktlar əsasında öyrənə
biləcəkdir. Bilmirəm, “525-ci qəzet”də çap
olunan yazıları oxumusanmı? Belə adlanırdı:
“Diplomat şairlər, şair diplomatlar”. Mən hesab edirəm
ki, Azərbaycan diplomatiyasının tarixi Sara Xatunla
başlayır. Ermənilər olmayan yerdən özlərinə
tarix icad edirlər, biz olanı təqdim etmək
üçün bəzən illər sərf edirik. Azərbaycanın
öz dövlət müstəqilliyini bərpa etdiyi dövrdən
bu günə kimi isə diplomatiya tariximiz, onun inkişafı
və gələcək strateji xətti Heydər Əliyevin
adı və siyasəti ilə bağlıdır. Onun
diplomatiyası bu gün prezident İlham Əliyev tərəfindən
fəal surətdə və yaradıcılıqla zənginləşdirilir.
– Cənab
səfir, deyəsən mən istədiyim sualları vermədim.
Siz də istədiyiniz cavabları.
– Mən
istədiyim cavabları verdim. Sən istədiyin sualları
vermədinsə, bu sənin problemindir, Səyyad. Hələ
irəlidə zaman var. Bir dəfə də söhbətimizi
diplomatik suallar və cavablar üzərində yox,
köntöy suallar və köntöy suallara köntöy
cavablar üzərində qurarıq.
Səyyad
AĞBABALI
525- ci qəzet.- 2011.- 20 avqust.- S.
8.