“Deyək, yoxdur bu şəhərdə...”

 

...Bircə dəfə onun adının qarşısına “tanınmış telejurnalist” ifadəsi yazdım, düz üç gün “Zeytun” kafesində içdiyimiz pürrəngi çayı burnumdan gətirdi... Az qalmışdı, məni məhkəməyə versin; bu ifadəni hansı əsasla onun imzasına “yapışdırdığımı” sübut etməli idim. Çox çətinliklə məsələni yoluna qoymaq mümkün oldu... Əslində, məni haqq-ədalət divanından çağdaş cəmiyyətimizin biganəliyi xilas elədi. Onun “tanınmış telejurnalist” adlandırıldığı qısa xəbər, deyəsən, heç kimin diqqətini çəkməmişdi. Yoxsa kimsə onun özünə və ya xəbəri yayanlara zəng edib, bu “tanınmışlığın” hesabını sora bilərdi. Hər halda o özü belə fikirləşirdi...

 

Yaxşı qurtardıq...

 

Əslində, bu tanınmışlığı qəbul edən təkcə mən deyiləm. Hətta çox nüfuzlu qələm sahiblərindən birinin onun adını sovet dövrünün ən populyar qəzetlərindən olan “Azərbaycan gəncləri”nin sonuncu mogikanları sırasında çəkdiyini öz gözümlə oxumuşam. Amma həmin o nüfuzlu qələm sahibi də unudubmuş ki, peşəkarlığına yüksək qiymət verdiyi bu jurnalist heç vədə “Gənclər”in ştatlı əməkdaşı olmayıb. Sadəcə, özünün çox maraqlı, oxunaqlı yazıları ilə qəzetin səhifələrində və oxucuların qəlbində özünə elə möhkəm yer eləyib ki, belə şərəfli yeri ştatlı əməkdaşların əksəriyyəti yatıb yuxuda da görə bilməyib.

Deyəsən, yenə yuxarıdan getdim... Birdən yenə inciyər ki, məni çox tərifləyibsən. Amma yox... Doğrudan da, belə olub! Ötən əsrin 80-ci illərinin itiyaddaşlı jurnalistlərindən və qeyri-jurnalistlərindən soruşun, təsdiq edərlər.

Mən onun tələbə vaxtını xatırlayıram... Yaşca çox gənc olan qiyabiçi tələbələrin əksəriyyəti kimi mən də “jurnalistika”da (o vaxtkı ADU, indiki BDU) əyani oxuyanlara həsəd aparırdım. Hər dəfə sessiyaya gələndə auditoriyalarda və dəhlizlərdə “əyanilər”in bizə bir qədər yuxarıdan baxdığını hiss etməyə bilmirdim. Düşünürdüm ki, bəxtəvərlər, ilboyu müəllimlərlə ünsiyyətdə olur, hər gün kitabxanalara gedib saatlarla oxuyub-öyrənir, paytaxtdakı nüfuzlu qəzet-jurnal redaksiyaları ilə müntəzəm əlaqə saxlayır, adlı-sanlı jurnalistlərlə görüşür, üstəlik, fakültənin divar qəzetlərini buraxmağa da vaxt tapırlar. “Ax, nə bunların yerinə olaydım”, – deyirdim ürəyimdə. Əyanidən qiyabiyə keçmək o qədər çətin olmasa da, qiyabidən əyaniyə adlamaq müşkül işi idi və bu müşkülü asan eləməyə mənim imkanım çatmazdı...

Bəxtəvər sandığım həmin tələbələrdən biri də o idi... Çiynindən uzun qayışlı meşin çanta asması, indiki Əlyazmalar İnstitutunun binasının arxasında yerləşən fakültənin darısqal həyətindən aram-ahəstə addımlarla, ətrafına məhəl qoymadan bəzən tək, bəzən də ən yaxın dostları ilə keçib getməsi yadımda qalıb... Bu sarışın, amma qaraqabaq gənclə şəxsi tanışlığım olmasa da, kimliyindən xəbərim var idi...

Sonralar biləcəkdim ki, o, hələ əsgərlik çəkərkən “samosval” maşının sükanı arxasındaca o qədər də yaxşı bilmədiyi rus dilində məqalələr yazaraq, ordu qəzeti ilə sıx əməkdaşlıq etmiş və buna görə də hərbi hissədə xüsusi hörmət və “toxunulmazlıq” haqqı qazanıbmış... Özü etiraf etməsə də, mən Sovet Ordusundakı xidmət təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yazmaq-pozmağı bacaran, “demaqoq”luğu olan əsgərdən komandirlər bərk çəkinirdi. Amma özünün etiraf elədiyi bir fakt var: nümunəvi xidmət göstərib, çoxmilyonluq ölkənin yeganə yiyəsi olan Kommunist Partiyası sıralarına keçməyi arzulayıb ki, o da ikiillik xidmət müddətində alınmayıb. Həmin dövrdə gələcək karyera üçün böyük əhəmiyyət daşıyan bu amildən – partiya üzvlüyündən hansı qazancı güdürmüş, deyə bilmərəm. Hər halda o, sovet hakimiyyətinin süqutunu sıravi jurnalist kimi qarşılayıb və parlament müxbiri kimi içərisində olduğu siyasi burulğandan da müstəqil dövlətin bitərəf vətəndaşı kimi çıxıb. Günü bu gün də bitərəfdi, siyasətdən – bu sözün bütün mənalarında – uzaq, adi bir ziyalı, jurnalist ömrü yaşayır...

Mən yazının bura qədərki hissəsini yazıb kompüterin yaddaşına həkk etdiyim ötən ilin sazaqlı noyabr günlərində o, Vətəndə deyildi, Amerika Birləşmiş Ştatlarında idi. Buna görə də yazdıqlarımı e-maillə özünə göndərib, reaksiyasını öyrənmək istədim... Düşündüm ki, o, doğma el-obadan uzaqda, qərib yerdədir, mənsə burda – Vətəndə oturub bekarçılıqdan dəm vermişəm klaviaturaya, onun haqqında ağlıma gələnləri döşüyürəm, özü də açıq-aşkar çap etdirib, ictimaiyyətə çatdırmaq niyyətindəyəm. Birdən elə fakt açıqlayaram ki, geri dönməsinə əngəl olar...

Göndərdim... Cavabında nə yazsa yaxşıdır? “Başım çox qarışıq olduğundan yazını kompüterin “my document” səhifəsinə atdım, sonra oxuyaram, incimə”.

Qətiyyən incimədim. Onun qərib ölkədə daha məsul və maraqlı, milli və ictimai baxımdan gərəkli işlərlə məşğul olduğunu, həmin vaxtlar “lent.az” və “vesti.az” xəbər portallarında dərc etdirdiyi yazılardan, İctimai Televiziyanın xəbərlər proqramına hərdən telefonla verdiyi xəbərlərdən duyurdum... Mənim kimi ayda-ildə güclə bir yazı qaralayan adama vaxt sərf edə bilməməsi də bu səbəbdəndir, düşündüm...

“Hər halda, günah məndən keçdi” – deyib, yazını davam etdirdim ki, o qürbətdən qayıdanadək çapa getsin... Gəlişinə sürpriz olsun... Alınmadı... Gəldi və mən bu “məşğuliyyət”dən əl çəkidim, özünə dedim ki, o yazını bir də sən növbəti dəfə bu ölkədən çıxanda davam etdirəcəyəm... O da eləmədi tənbəllik, yayın bu cırhacırında yenə qürbətə üz tutdu...

Yəqin ki, artıq qəhrəmanımın adını çəkməliyəm. Qısaca yazıram: Müsəllim Həsənov. Jurnalist, publisist, ssenarist. Onsuz da hamısı bir anlama gəlir... Bircə nə çatışmır? Onun peşəkarlıq səviyyəsini özündə ehtiva edəcək “tanınmış”, “məşhur”, ən azı, son vaxtlar gen-bol yayılmış “əməkdar” sözü ki, bunlardan ikisini yazmağa özü razı olmaz, üçüncüsünə isə rəsmiyyət icazə vermir.

Bəlkə elə bu məqamdan başlayım? Hazırda fəaliyyətdə olan “əməkdar”lardan elələri var ki, onları yaş, yaradıcılıq və peşə stajına görə, uzağı, “gənc və perspektivli” adlandırmaq olar. Amma peşəsinə, millətinə və dövlətinə sədaqətli, fədakar xidməti ilə daim fərqlənən, həmkarları arasında yetərincə nüfuzu olan elə jurnalistlər də var ki, dövlət təltiflərinə təqdim ediləcəyinə heç güman da yoxdur... Çünki onlar kiməsə ağız açmaz, necə deyərlər, özlərini yada salmazlar. Müsəllim də onlardan biridir...

Onun əlli yaşını necə səssiz-küysüz yola saldığını xatırlayıram. Müntəzəm görüşdüyü, ünsiyyətdə olduğu ən yaxın həmkarları, dostları belə bu hadisənin nə vaxt baş verdiyini bilməyiblər. Üstündən daha bir neçə il keçib... Bir sətir də yazılmadı heç yerdə... Daha doğrusu, yazdırmadı! Ən azı, bir müddət fəal jurnalistikadan uzaqlaşaraq şou-biznesin tamadalar zümrəsində özünü tapan və çayxana görüşlərində hər dəfə armudu stəkanı mikrofonsayağı sinəsinin təninə qaldırıb onun şəninə təriflər qoşan dostuna desəydi, yetərdi... O adam bütün istedadını sərf edib 3-5 vərəqlik bir yazı qaralayar, 5-6 redaksiyanın qapısını döyərdi və o redaksiyalarda işləyən bəzi nüfuzlu jurnalistlər də bilərdilər ki, Müsəllim Həsənov əlli yaşını yola salır.

Mən də yubileyin tarixini çox gec bildim. Onda da yenə özü Bakıda deyildi. Hansısa xarici ölkəyə uzunmüddətli səfərə getmişdi. Həmin tamada dostu da burda onu xəbər alanlara elə ölkəni nişan verirdi ki, eşidənin dərhal dodaqları qaçırdı. Sözün düzü, mən bunu biləndə çox əsəbiləşdim və o şəxsə ismarıc göndərdim ki, dilini dinc qoysun, adam yad yerdədirsə, o ölkənin uzaqlığını, ordakı qeyri-adi heyvanların (kenquru olsa belə!) qəribəliyini xüsusi vurğulamaqla şayiə yaymazlar (hətta zarafatla da!), təki gedən adamın qəlbində vətən sevgisi olsun...

Özü geri dönəndə isə, o adamı yox, məni məzəmmət elədi, həmin ismarıca görə... Heç demə, həmin şəxs onun qürbətdəki fəaliyyətinin konfidensiallığını təmin etmək üçün bu şayiəni yayırmış. Əlli yaşının tamamı da, ehtimal ki, məhz elə həmin dövrə düşmüşdü...

Nə isə... Hələ o vaxt onun haqqında nəsə yazmaq istəyirdim. Sərlövhəsini də düşünmüşdüm. Çox istedadlı müğənnimiz Tünzalənin həzin bir nəğməsindəndir bu misra: “Deyək, yoxdur bu şəhərdə...” O vaxt çox dəbdə olan mahnı idi... Mahnının motivi ilə mənim qəhrəmanımın həyatı, ictimai durumu və yaradıcılığı arasında heç bir oxşarlıq olmasa da, hər onu eşidəndə mən özüm vaxtilə keçirdiyim qəriblik hissini təzədən yaşayırdım.

...O mahnının təsiri altında fürsəti fövtə verdim. Müsəllim qayıdıb gəldi, öz işinə-gücünə davam elədi, yenə bir neçə maraqlı televiziya filmi çəkdi, ara-sıra fövqəladə maraqlı yazılar çap etdirdi – məsələn, rəhmətlik xalq şairimiz Bəxtiyar Vahabzadə ilə bağlı xatirələri kimi...

Axırı mən əlli yaşının tamam olması faktını açıb-ağartmamasının mənasızlığını bir gün onun üzünə vurub, haqqında yazı yazmaq niyyətinə düşdüyümü, amma mahnıya uyub vaxtı ötürdüyümü dedim. Dedim ki, heç olmasa, mahnıya qulaq as, gör, necə kövrək melodiyası və ürək titrədən sözləri var, adamın qəriblikdəki halı ilə nə qədər həmahəng səslənir?! Daş qəlbli adam nə mahnıya qulaq asdı, nə də əlli yaşını qeyd eləməmiş uzaq, qərib ölkəyə getməsinin səbəbini açıqladı...

Mən özümü musiqi bilicisi kimi qələmə verib, hətta vaxtilə məşhur “Qarabağ bülbülləri” ansamblında tar çaldığımı xatırlatdım və onu musiqi duyumu olmamaqda ittiham elədim. O da həmyerlisi rəhmətlik Mais Salmanovun vaxtilə Ağdamda musiqi texnikumunun direktoru kimi qarabağlılara dərs keçdiyini vurğuladı və bir müddət sonra da eşitdim ki, gedib arxivlərdən Qarabağ xanlığının tarixi ilə bağlı materiallar toplayır.

Birinci arqumenti, əslində, o öz musiqi duyumunun zəifliyini ört-basdır etmək üçün gətirirdi. Və mənim buna, sadəcə, gülməyim tutdu...

Amma ikinci məsələ – yəni Qarabağın tarixini dərindən öyrənməyə çalışması məni onun qarşısında aciz duruma sala bilərdi. Saldı da... Sonralar hər görüşəndə Qarabağ tarixinə dair elə yeni, maraqlı faktlardan danışır ki, dinməzcə qulaq asmaqdan başqa çarəm qalmır... Topladığı materiallardan bir və ya bir neçə sənədli filmə ssenari çıxara biləcəyinə şübhəm yoxdur.

Elə buradaca Müsəllim Həsənovun telessenarilərinin ekran həyatının uğurlu olduğunu qeyd etməliyəm. “Lider”də, indi də İctimai TV-də onun ssenarisi əsasında çəkilmiş çoxsaylı sənədli filmlər bunu təsdiqləyir. İctimai Televiziyanın Milli Qəhrəman Mübariz İbrahimov haqqında geniş əks-səda doğurmuş filmini xatırlayıram.

İctimai TV-nin daha bir layihəsinin – “Bakı vaxtı” silsiləsindən olan verilişlərin ssenari müəllifi kimi Müsəllim Həsənov paytaxtımızın tarixinə də çox maraqlı prizmadan baxmağı bacarır. İndiyədək tamaşaçılar bu silsilədən “İsmailiyyə” binasının, indiki İstiqlaliyyət küçəsinin, Filarmoniya binasının tarixi haqqında arxiv sənədləri əsasında hazırladığı teleoçerklərə baxıblar... Özündən eşitdiyimə görə, bu silsilədən daha maraqlı verilişlər hələ qabaqdadır.

Müsəllim Həsənovun yazdığı ssenarilərin mükəmməlliyi, mətnin dolğunluğu, səlisliyi və təsirliliyi diqqəti cəlb edir. Birgə işlədiyi rejissorlar – canlı korifey Eldar Quliyev də, gənc və istedadlı Orman Çingizoğlu da bu fikrə şərik çıxarlar, məncə...

Müsəllim telejurnalistikaya bir az gec gəlib – bunu da deməliyəm. Amma güclü və iddialı gəlib: nəşriyyat işində və qəzetçilikdə qazandığı zəngin təcrübə, qanunçuluğun dayağı olan mühüm bir dövlət qurumunda görüb-götürdükləri, üstəgəl, Tanrının yalnız seçkin bəndələrinə bəxş etdiyi yaradıcılıq istedadı ona çağdaş efir məkanında önə çıxmaq üçün imkanlar açır.

Yenə “amma” yazmalıyam... Yazmıram... Televiziya mühitindən xəbərsiz olanlara isə xalq yazıçısı Çingiz Abdullayevin “Vampirlər güzgüsü” detektiv romanını oxumağı məsləhət görürəm...

Yeri deyilsə də, deyim: teleefirdən fərqli olaraq, nəşriyyat və qəzet redaksiyalarında istedadlı adamın təvazökarlığı onun yaraşığıdır. Yazır və ya redaktə edir – qabiliyyətini və başqalarından üstünlüyünü asanca göstərə bilir. Efir materiallarının hazırlanması isə çoxheyətli bir işdir və burda əvvəlcə gərək döşünə döyməyi bacarasan... Bu qabiliyyətinlə heyətdəki ən istedadlı adamı da əzib, irəli çıxa bilərsən. Məni telemətbəxdən xəbərsizlikdə günahlandırmağa tələsməyin... Gördüyümü görmüşəm, eşitdiyimi eşitmişəm, bildiyimi də bilirəm... İndinin özündə də teleaparıcılar arasında bərkgedənlərdən sayılan birisinin “əlinin altında” saxladığı istedadlı, amma təvazökar jurnalistə, hətta, Türkiyədən zəng vurub, bir neçə dəqiqə sonra başlayacaq mətbuat konfransı üçün suallar hazırlayıb telefonla təcili surətdə ona diktə etməsi barədə tapşırıq verdiyinin şahidi olmuşam. O təvazökar həmkarıma “qardaş, quyuya su tökməklə quyu sulu olmaz” dediyimi də yaxşı xatırlayıram. Amma həmin quyu hələ də “fontan” vurur...

Çox uzağa getdim yenə. Uzağa getmişkən, ötən əsrin səksəninci illərinin düz ortasında Müsəllimin jurnalistika fakültəsindən təyinatla birbaşa “Azərnəşr”ə işə getməsini, rəhmətlik Əjdər Xanbabayev kimi nüfuzlu bir naşirlə, Cəmil Əlibəyov kimi sanballı yazıçı-publisistlə tanış olmasını, öz redaktorluq istedadı ilə qısa müddət nəinki onların, həm də xalq şairi Bəxtiyar Vahabzadənin diqqətini cəlb etməsini tarixi fakt kimi nəzərə çatdırmalıyam. Bu fakta – iş təcrübəsi az olan gənc jurnalistin çox böyük söz adamının kitabına redaktorluğun öhdəsindən bacarıqla gəlməsinə, indi hər yazısı redaktəsiz-filansız çapa və ya efirə gedən bəzi iddialı cavanlar rişxənd etməsinlər. Redaktəsiz yazı – duzsuz şorbadır. Təəssüf ki, indi əksər nəşrlərin menyüsünu məhz bu “xörək” bəzəyir... Özü də qıpqırmızıca deyirlər: yesən də budur, yeməsən də!..

Mənim fikrimcə, tale Müsəllimə yuxarıda adlarını sadaladığım çox nüfuzlu və böyük ziyalılarla, bu gün də mətbuatda söz sahibliyi tam qəbul edilən Şakir Yaqubov, Taleh Həmid (yeri gəlmişkən, Müsəllimin o vatkı “Yeni Fikir” qəzetindəki fəaliyyəti və maraqlı yazıları barədə ayrıca danışmaq olardı!) kimi ustad publisist və redaktorlarla işləmək xoşbəxtliyi nəsib edib. Jurnalistikaya gəldiyi ilk gündən o özü üçün müəyyənləşdirdiyi yaradıcılıq və peşə əxlaqı prinsiplərindən heç vaxt uzaqlaşmayıb. Bunlar dürüstlük, dəqiqlik, işgüzarlıq, səmimiyyət, ədalətlilik, özünə və başqalarına hörmət, haqqa, həqiqətə xidmət və digər müsbət keyfiyyətlərdir... Bir məqamı mütləq qeyd etməliyəm: Müsəllimin mənsub olduğu və mənim indi adını qoymağa çətinlik çəkdiyim jurnalistika cərəyanının nümayəndələri öz istedadlarını heç vaxt paparatsiciliyə və sensassiyaçılığa sərf etməyiblər, onlar cəmiyyətə yalnız özünü tanımaq, keçmişini bilmək, gələcəyini müəyyənləşdirmək imkanı verən informasiyanı çatdırıblar və indi də bu işi fədakarlıqla yerinə yetirməkdədirlər.

Mən onun haqqında gecikmiş bir yubiley yazısı hazırlamaq istəyirdim... Belə yazılara xas olan gen-bol bioqrafik məlumatlar vermək, yaradıcılıq yolu barədə ətraflı söz açmaq, gözəl bir ailə başçısı kimi səciyyəvi xüsusiyyətlərindən danışmaq niyyətim vardı...

Amma, nə edim, bu cür alındı...

Yaxşı ki, böyük rəğbət bəslədiyim şair-publisist Tofiq Abdinin “525-ci qəzet”də apardığı həftəlik “Yazar ailələr” rubrikasının avqust ayının əvvəlindəki buraxılışının qonaqları Müsəllim və onun həyat yoldaşı, pedaqoq-tərcüməçi Şəhla xanım oldular. Mən bu pərakəndə sicilləməmin o maraqlı müsahibəyə əlavə hesab edilməsi təmənnasındayam.

Və sonda... Müsəllim Həsənovun təvazökar, özünü gözə soxmağı sevməyən (hətta bunu bacarmayan!!!) adam olduğunu deyib, bəlkə də özünün indi unutduğu bir əhvalat danışacağam. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işlədiyi vaxtlarda bu xasiyyətinə bələd olan tələbəlik dostlarından biri ona “məsləhət” verib: hansı prokuroru işdən çıxarsalar, eləcə bir-iki nəfərin qulağına pıçılda ki, bunu mən eləmişəm. Qoy başqaları da eşidib səndən çəkinsinlər. Bilmirəm, xarakterinin ziddinə gedib, belə “məsləhət”ə əməl etsəydi, nəyə nail ola bilərdi?.. Amma bilirəm ki, hazırda prokurorluq orqanlarında xidməti fəaliyyətini davam etdirən və etdirməyən keçmiş iş yoldaşları indi də onunla rastlaşanda səmimiyyətlə, xətir-hörmətlə görüşürlər. Amma bir fakt da var: Müsəllim Həsənov prokurorluqdakı iş prosesində “əxz etdiyi” sirr saxlamaq, konfidensiallığa riayət etmək xüsusiyyətini tərgitmək barədə heç düşünmür.

Və qəfildən görürsən ki, yenə yoxdu bu şəhərdə...

 

Elşən ƏLİYEV

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 15; 20.