Fərhad Metesiz iki il
HİCRANA MƏKTUB
Səndən utanmasaydım, deyərdim
günlər çox tez keçir. Deyərdim, iki il necə keçdi heç bilmədim. Ancaq səndən utanıram. Çünki
bilirəm ki, bu iki ilin hər gün, hər saat, hər dəqiqəsini
əllərinlə öldürmüsən, gözlərinlə
ağlamısan, dilinlə söymüsən, lənətləmisən.
Yorulub əldən düşənədək.
Bu iki ildə gecələrin nə qədər əzazil,
rəhmsiz, qəddar olduğunu sən bilirsən, sən.
Balaların bilməsin, görməsin deyə,
gündüzləri gülmüsən, ağlamaq, ürəyini
boşaltmaq üçün zaman seçmisən gecələri.
Çiyninə götürdüyün yükün
ağırlığına heç Nizaminin Fərhadı tab
gətirməzdi, nəinki sənin Fərhadın.
Saçlarını hörə-hörə
ağlamısan qızının, üzü o yanadır,
görməz deyə. Lay-lay deyə-deyə
balaca Metenə, tökmüsən gözünün
yaşını şirini yuxularına. İki
ildir qaçmağa yer axtarırsan bu körpə, məsum,
sual dolu baxışlardan. Hara
qaçacaqsan, hara? Dörd göz səni
ayaqlarından zəncirləyib həyata, qaçmaq istəsən
geri dartar, dartınsan yıxar da səni. Nə
qala bilirsən, nə gedə...sənə getmək rahat gəlir,
geridə buraxdıqlarına qalmağın. Bilirəm, bacım, bilirəm. Bilirəm
ağlamaq, göz yaşı tökmək dərd deyil. Dərd göz yaşı tökməyə,
ağlamağa haqqının olmaması, yerinin
olmamasıdır. Fürsət
axtarışına, imkan axtarışına çıxarsan
ağlamaq üçün. Kimsə
görməsin, bilməsin, dərdin başqaları
üçün adiləşməsin deyə.
İki il öncə
hamı səninlə olduğunu dedi, içi mən
qarışıq. Hamımız səndən
üzüqarayıq, hamımız. Biz sənin dərdinə
dərman ola bilmədik, bilməzdik.
Heç kim onun yerini verə bilməzdi. Heç buna cəhd də etmədik. Sən də qınama bizləri, qurban olum. Həyatın, lənətə gəlmiş həyatın
qanunları var. Heç bir yerdə yazılmayan,
möhürsüz, imzasız qanunları. Torpağın
üzü soyuqdur deyirlər. Kimin
üçün soyuq olduğunu demirlər ancaq. Bir dəfə doğulur insan həyata. Nə yazıq...İstədiyin kimi yaşamaq
düşmür qismətinə. Ya sevgini
tapa bilmirsən, ya tapdığını itirəsi olursan.
Hər ikisi çəkilməzdir. Bilirəm,
sən indi geriyə baxa bilmirsən, kim
qaldı ki orda? Xatirələr, xatirələr...Xatırladıqca
yaran sızlayır, ürəyin göynəyir. Hayqırmaq, bağırmaq, çığırmaq,
“Niyə, niyə, niyə belə oldu!!!” – deyib
qıy vurmaq istəyirsən, deyilmi? İrəliyə
baxmaq? İrəlidə bir QADIN həyatı
yox artıq. Ana var, bir əzabkeş, təkbaşına
iki körpəylə qalmış ana. Unundub
sığallı tellərini, mənalı
baxışlarını, ləyaqətinə, namusuna,
arına bürünüb bir ömür yaşamaq var.
Baxşlardan qaça-qaça, söz-söhbətdən
yaşmana-yaşmana yaşamaq.
Sənə bir cüt əmanət
qalıb bu dünyada. Sevdiyin kişidən,
sevgindən əmanət. Baxışlarında
Fərhadı görəcəksən hər an, yerişlərini
onunkuna bənzədəcəksən. Güləndə
diksinəcəksən, “dodağın qaçanda atana
oxşadın,” – deyə. Qəhqəhə
çəkəcəklər, “atan da belə gülərdi,” –
deyəcəksən. Bilirsənmi həm də
niyə? Çünki Fərhad səni
özündən diksindirmədi, dalınca gözün
qaldı, bir cüt mənalı gözün.
Ayağını yerə möhkəm
bas. İçindəki ağırlığa tab gətirmək
nə qədər çətin olsa da, qamətini əyilməyə
qoyma. Sənə dikilən, səni həyata bağlayan o
gözləri unutma...
Sənin adın Hicrandır. Adının yükünü çəkmək
düşdü qismətinə. Çək
bir ömür bu hicranı, çək, bacım.
İki il də belə getdi. Fərhadsız iki il. Xatirələrlə,
sevgi ilə, göz yaşı və ağrı ilə dolu iki
il. Sənin uzalı
qalan əllərindən öpürəm...
Elnaz EYVAZLI
525-ci qəzet.-
2011.- 20 avqust.- S. 17.