Bəxtiyar Sadıqov: “Son 20 ildə mətbuatımız böyük inkişaf yolu keçib”

 

“DÖVLƏT BU SAHƏDƏ TƏKCƏ MÜVAFİQ QANUNVERİCİLİK BAZASI YARATMAQLA KİFAYƏTLƏNMƏYİB, EYNİ ZAMANDA, REAL OLARAQ MƏTBUATI DƏSTƏKLƏYİR”

 

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov düz 42 ildir ki, mətbuat sahəsində çalışır. “Abşeron” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlayan Bəxtiyar müəllim burada müxbir, şöbə müdiri, redaktor müavini olub. 1986-cı ildə “Kommunist” qəzetinə işə dəvət olunub və bu qəzetdə baş müxbir, şöbə müdiri işləyib. 1991-ci ildən isə parlamentin orqanı kimi açılan “Həyat” qəzetində Qarabağ bölgəsi üzrə xüsusi müxbir təyin edilib. O zaman bu qəzet “Azərbaycan”la birləşdirilir və “Azərbaycan” adı ilə çıxmağa başlayır. 2000-ci ildən “Azərbaycan” qəzetinin baş redaktorudur.

 

– Bəxtiyar müəllim, Azərbaycan mətbuatının hazırkı durumunu necə dəyərləndirirsiniz?

– Əgər Azərbaycan mətbuatının müstəqilliyimiz dövründə, yəni son iyirmi il ərzində keçdiyi yola nəzər salsaq, görərik ki, mətbuatımız sürətlə inkişaf edib. Bu nə ilə xarakterizə olunur? Əvvəla, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 123 ildən sonra Azərbaycan mətbuatı senzura adlı buxovdan azad oldu. Buna qədər mətbuatımız daim ikiqat senzurada olub. Bu senzura Həsən bəy Zərdabi dövründən başlayıb. “Əkinçi” qəzetinin senzurası ayrı idi, Zərdabinin isə özünü də güdürdülər. Sovet dövründə “qlavlit” idarəsi var idi, bir tərəfdən bu, senzura funksiyasını yerinə yetirirdi, digər tərəfdən rayon partiya təşkilatları da qəzet çıxandan sonra senzor rolunu oynayırdılar.

Həmişə partiya mətbuatında işləmişəm, ona görə bilirəm ki, çək-çevir oradan başlayırdı. Ulu öndər Heydər Əliyev bunların hər ikisini ləğv etdi, mətbuat tam azad oldu. Beynəlxalq standartlara uyğun möhkəm qanunçuluq bazası yaradıldı. KİV haqqında ən loyal qanun məhz Azərbaycandadır. Qəzet təsis etmək proseduru da son dərəcə sadələşdirildi. Bir ərizə verib, bir həftədən sonra cavabından asılı olmayaraq işə başlaya bilərsən. Bütün beynəlxalq konvensiyalara qoşulmuşuq. Azərbaycan iqtidarı özünə demokratik inkişaf yolunu seçib, mətbuat və söz azadlığının qarantı kimi çıxış edir. Bu, real şəkildə özünü göstərir. Mətbuat üçün qadağan olunmuş mövzu, obyekt yoxdur. Hətta bizdə o qədər sərbəstlik var ki, bəzən oxucu bundan əziyyət də çəkir! Mən “reket” jurnalistika və qəzetləri nəzərdə tuturam. Bir qrup insan mətbuat və söz azadlığından sui-istifadə edərək şəxsi maraqlarını, öz təmənnalarını təmin etməyə girişib. Bu yolda insanlara şər, böhtan atırlar, onların şərəf, ləyaqətlərini təhqir etməkdən çəkinmirlər! Yəni bu, mətbuat və söz azadlığının hüdudsuzluğu deməkdir. Heç kimə də cəza verilmir. Son 5-6 il ərzində bir jurnalist belə fəaliyyətinə görə həbs olunmayıb. Cənab Prezident bununla bağlı bütün məsələlərə moratorium qoyub.

Bilirsiniz ki, müstəqilliyimizin ötən 20 ilinin bir hissəsi ölkədə anarxiya, böhran illəri kimi xarakterizə olunur. Ona görə də bu müddətə bu qədər yolu qət etməyimiz böyük inkişaf deməkdir. Bu gün Azərbaycan mətbuatı, sözün həqiqi mənasında, azaddır, müstəqildir, demokratiyanın bütün imkanlarından kifayət qədər bəhrələnir. İkinci məqam budur ki, dövlət təkcə müvafiq qanunvericilik bazası yaratmaqla kifayətlənməyib, eyni zamanda real olaraq mətbuat və söz azadlığını dəstəkləyir, inkişafa kömək edir. KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası deyilənlərə sübutdur. Konsepsiyanın əsas fəlsəfəsi bundan ibarətdir ki, dövlət müstəqil mətbuatın işinə qarışmadan, ona öz iradəsini heç bir formada diktə etmədən müstəqil mətbuatın inkişafına maddi dəstək verir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və həmin fond vasitəsilə müəyyən olunmuş istiqamətlər üzrə mövzular, müsabiqələr elan olunur, hərə özünə uyğun olanını seçir, layihə hazırlanır, qrant ayrılır. Bu yolla redaksiyaların ildə iki dəfə aldığı 70-80 min manat, məncə, az məbləğ deyil. Jurnalistlər isə fərdi qaydada mükafatlandırılır. “Əməkdar jurnalist” adı, digər təltiflər yenidən bərpa olunub. Bütün bunların hamısı onu sübut edir ki, biz əmin şəkildə deyək ki, Azərbaycanda mətbuat və söz azadlığı tam bərqərar olunub, dövlətin mətbuat və söz azadlığına daim himayəsi, konkret maddi köməyi var. Bu sahədə hər hansı münaqişə, mübahisə, problem də meydana çıxanda dərhal dövlət başçısı bu işə müdaxilə edir, birmənalı şəkildə jurnalistlərin mövqeyini müdafiə edir. Bu gün Azərbaycan Prezidenti jurnalistlərin dostu adını daşıyır. Bu özü jurnalistlərin dövlət başçısının fəaliyyətinə verdiyi qiymətdir.

– Sizcə, müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafını hansı mərhələlərə ayırmaq olar?

– Mən bu mərhələləri araşdırmışam və 4 inkişaf mərhələsi müəyyən etmişəm. Bunun birincisi 1988-98-ci illəri əhatə edir. Yəni müstəqil mətbuatın meydana gəlməsi mərhələsi. Niyə meydana gəlməsi? O vaxtlar müstəqil mətbuat artıq yaranmışdı. Amma onlar müstəqil fəaliyyət göstərsələr də, bunun hüquqi əsasını təmin edən qanunlar yox idi, sovet qanunları ilə işləyirdi. Həmçinin senzura nəzarəti mövcud idi. Ona görə bu dövr müstəqil mətbuatın meydana gəlmə mərhələsidir.

İkinci mərhələ müstəqil mətbuatın formalaşmasıdır ki, bu da 1998-2003-cü illəri əhatə edir. Bilirsiniz ki, 6 avqust 1998-ci ildə ulu öndər Heydər Əliyev senzuranı ləğv etdi. Yalnız senzura ləğv olunandan sonra müstəqil mətbuat formalaşa bilərdi. Nə qədər senzura var, biz heç zaman mətbuata müstəqil deyə bilmərik.

Bu dövrdə Mətbuat və İnformasiya Nazirliyi də ləğv edilərək mətbuat dövlət nəzarətindən tam çıxarıldı. Mətbuatın problemləri, qayğıları ilə məşğul olan bir qurum – 2003-cü ildə Mətbuat Şurası yaradıldı. Bu isə artıq üçüncü dövrdür. 2008-ci ildə KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi, bir il sonra isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu da mətbuatın inkişafında dördüncü dövr, həm də onun maddi intibah dövrünün başlanğıcı kimi dəyərləndirilə bilər. Jurnalistlərə evlər tikilir, qəzetlərə yardım göstərilir, reklam bazarı formalaşdırılır və s.

– Amma bütün bunlarla bərabər mətbuatın bir sıra problemləri də var. Siz, əsasən, hansı problemləri qeyd edərdiniz?

– Birincisi, ən böyük problemimiz mətbuatın siyasiləşməsidir. Ümumiyyətlə, dünyanın heç yerində sözün tam mənasında mətbuat tendensiyasız deyil. Əslində, mətbuatın əsas vəzifəsi operativ, obyektiv, tərəfsiz və qərəzsiz informasiya yaymaqdır. Amma diqqət yetirəndə görürsən ki, bütün ölkələrdəki KİV-lər həmin dövlətin maraqlarına bu və ya digər şəkildə xidmət edirlər. ABŞ-da, Fransada, İngiltərədə, hər yerdə belədir. Amma informasiyanı obyektiv şəkildə oxucuya təqdim etmək müstəqil mətbuatın bir nömrəli vəzifəsidir. Bizdə isə çoxsaylı partiya qəzetləri var. Onların bir neçəsi, guya, partiyalılıqdan imtina edib, müstəqildir, amma biz qəzet mütəxəssisləriyik və baxan kimi bilirik ki, hər nömrəsində kimin və hansı partiyanın marağını müdafiə edirlər. Siyasiləşmə o deməkdir ki, sənin həm informasiyan, həm də bütün yazıların mənsub olduğun qurumun mövqeyindən qiymətləndirilir. Bundan başqa, adətən müstəqil qəzetin sponsoru olur və onun barəsində məsələ olanda hökmən qəzet obyektivliyini itirib sponsoru müdafiə edəcək. Biz inanırıq ki, mətbuatın maddi-texniki bazası güclənəndən sonra sponsora, partiyaya ehtiyac qalmayacaq, bu problem ortadan qalxacaq. İkinci böyük problem reklam bazarıdır. Az qala bu bazar yox dərəcəsindədir. Müxalifət mətbuatı belə rəy formalaşdırıb ki, guya, ancaq dövlət mətbuatı reklam alır. Birmənalı deyirəm ki, bu, doğru deyil! Bizim əsas reklamımız bayram günləri təbriklər formasında verilən reklamlardır. Başsağlığı bazarı bizdədir. Bizim gəlirimiz bunlardandır. Təbii, reklam problemi bizdə də var. Hesab edirik ki, ümumi büdcəsi 20 milyard dollar olan dövlətdə çap mediası üçün ildə təxminən 2 milyon manatlıq reklam çox cüzidir. Bununla bağlı mətbutın 135 illik yubileyində cənab Prezidentlə görüşdə məsələ qaldırıldı. Təkliflər hazırlanıb, yəqin, bu problem də həllini tapacaq.

Jurnalistlərin sosial durumu ilə bağlı böyük problemlər var. Bu problemin böyüklüyü həm də ondadır ki, artıq jurnalistika sahəsinə ağıllı və istedadlı insanların gəlməsi dayanıb! Çünki o insanlar bu sahədə çalışmaqla özlərini və ailələrini normal dolandıra bilmirlər. Əməkhaqqı, qonorar aşağıdır, digər üstünlüklər də yoxdur. Jurnalist öz maaşı ilə bəzən güclə dolanır. Pul yığıb özünə mənzil almaq, şərait yaratmaq imkanları yoxdur! Belə vəziyyət çox təhlükəlidir. Çünki jurnalistika elə bir fəaliyyət sahəsidir ki, burada hökmən ağıllı, istedadlı insanlar olmalıdır ki, onlar nə yazdıqlarını bilsinlər. Sosial duruma görə bu sahəyə ağıllı və istedadlı insanlar gəlməyəndə jurnalistikanın səviyyəsi enir. Bu proses, təəssüf ki, indi gedir və mən bunu ən böyük problemlərdən biri sayıram.

Ən böyük problemlərdən biri də peşəkarlığın aşağı düşməsi, jurnalistika üçün savadlı kadrların hazırlanmamasıdır. Biz redaktorlar ali məktəblərdən hazır jurnalist kadrlar götürə bilmirik. Bunun bir səbəbi budur ki, jurnalistika elm deyil, peşədir. Orada isə elm oxuyurlar. Tələbələrə praktiki vərdişlər aşılanmır. Jurnalistika ilə yaşayan adam olmasa, bu sahədə uğur qazana bilməz. Ali məktəblərə isə o cür insanların gəlişi, demək olar, çəpərlənib. Qabiliyyət imtahanının tətbiq olunması, yəqin, bunu həll edəcək.

Başqa bir problem “reket jurnalistikası”dır. Onlar qəzetlər açıblar, bir-birləri ilə əlaqə yaradıblar. Çoxu da “Azərbaycan” nəşriyyatında otaq tutub ki, əlaqə yaratmaları daha asan olsun. “Reket jurnalistika” Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarını şüurlu şəkildə pozan, qəzet və jurnalistikadan ancaq şəxsi maraqlarını təmin etməyə çalışan insanlar qrupudur. Qəzetləri isə şantaj rolunu oynayır, insanlara hədə-qorxu gəlirlər. “Reket jurnalistika” jurnalistin nüfuzunu kəskin şəkildə azaldıb. Jurnalist adı gələndə indi çoxları dodaqlarını büzürlər. Mətbuat Şurası bununla bağlı iş aparır, mütəmadi şəkildə belələrinin adları olan “qara siyahı” hazırlanaraq dərc olunur. İşin içində olan adam kimi deyim ki, “qara siyahı”nın yaxşı təsiri var.

Qeyri-peşəkarların bu sahəyə gəlişi də qəzetlərin səviyyəsinin aşağı düşməsinə səbəb olub. “Reketlər” tənqidi hörmətdən salırlar, tənqidlə təhqiri qəsdən qarışdırırlar, şüurlu şəkildə insanlara böhtan atırlar, yalan danışırlar, süni sensasiyalar yaradırlar. Bunlar isə ona gətirdi ki, artıq ictimai rəy işləmir. Ən ağrılı problemlərdən biri məhz budur. Artıq qəzetlərdə verilən tənqidi yazılara, qaldırılan problemlərə dövlət məmurları, ayrı-ayrı insanlar nəinki reaksiya verir, heç onları eşitmək belə istəmirlər! Son dövr araşdırmaları bir daha göstərir ki, televiziyanın auditoriyası mətbuatla müqayisə edilə bilməyəcək dərəcədə çox böyükdür. Amma maraqlıdır ki, ictimai rəyin formalaşmasına qəzetlər, çap mediası daha güclü təsir göstərir. Amma indi ictimai rəydə bir susqunluq yaşanır. Yəni mətbuatın yazdıqlarını hamı qulaqardına vurur! Jurnalist əmək sərf edir, araşdırma aparır, dövlətin milli maraqları, xalqın mənəvi dəyərləri ilə bağlı problem şəkilli məqalə ortaya qoyur, amma heç kim buna əhəmiyyət vermir! Sadaladığım altı problemi ciddi hesab edirəm. Bu problemlərin həlli ilə bağlı hazırda müəyyən işlər gedir. Amma düşünürəm ki, birinci jurnalist ictimaiyyəti özü, ikinci bütün ziyalılar əl-ələ verib çalışmalıdır ki, mətbuatımız təsadüfi ünsürlərdən, “reket” jurnalistlərdən təmizlənsin, mətbuatın obyektivliyi bərpa edilsin, peşəkarlıq yuxarı səviyyəyə qalxsın.

– Sizcə, internet medianın gündəmə gəlməsi çap mediasına necə təsir göstərib?

– Bu tendensiya bütün dünyada gedir, amma çox təəssüf ki, Azərbaycanda daha qabarıq müşahidə olunur. Hazırda insanların kitabdan və qəzetdən uzaqlaşma halları mövcuddur. Buna həm əlifbanın dəyişməsi, həm xaos və anarxiya dövrü səbəb oldu. Ali və orta məktəblərdə tədrisdə çox ciddi problemlər yarandı, islahatlar gecikdi. Nəticədə gənclərimiz kitabdan uzaqlaşdılar. Kitabdan uzaqlaşma isə qəzetdən uzaqlaşmaya gətirdi və bu gün 10 min tiraj böyük rəqəm sayılır. Bizim tirajımız 8 mindən bir qədər çoxdur, bu, indiki meyarla yaxşıdır. Amma 1990-cı ildə mənim işlədiyim “Kommunist” qəzetinin tirajı 620 min olub. “Həyat” qəzeti yarananda 150 min tiraj idi. İndi 8 minə şükür edirik ki, yüksəkdir. İnsanları kitab və qəzet oxumağa alışdırmaq, onları buna “xəstələndirmək” lazımdır. Çox təəssüf ki, cavanlarımız kompyuterlə xəstələniblər. Yəni sosial şəbəkələr, müxtəlif oyunlar yeniyetmələri, gəncləri elə aludə edib ki, artıq onların yenidən əvvəlki səviyyədə qəzetə və kitaba qayıdacaqlarını gözləmirəm. Çünki uşaqlıqdan, orta məktəbdən bu vərdiş aşılanmalıdır. Bunun mənfi cəhətləri çoxdur, heç mən ona toxunmuram. Amma bir vaxtlar dedilər ki, televiziya çıxdı, teatr öldü, amma teatr ölməyib, hər yerdə yaşayır. Teatrın öz yeri, televiziyanın öz yeri var. İndi kompyuter çıxıb, elektron qəzetlər, saytlar var, amma çap mediası heç vaxt sıradan çıxa bilməz! Əvvəla, hamının kompyuteri, internetə qoşulmaq imkanları yoxdur. İkincisi, bəzən redaksiyaya yaşlı insanlar, müharibə iştirakçıları, əmək veteranları gəlir, onlar özləri haqqında söhbət edəndə 30-40-50 il bundan əvvəl barələrində hansısa bir qəzetdə dərc olunmuş didilmiş kağızda yazını çıxarır ki, bax, məndən yazıblar. Yəni qəzetin bir üstünlüyü də ailə arxivi, ailə albomu olması, sənəd kimi daima yaşamasıdır. Hesab edirəm ki, həmişə də yaşayacaq. Söhbət, təbii ki, rəqabətdən gedir. Operativlik internet mediada yüksəkdir. Amma televiziya da ondan geri qalmır. Bizim kompyuterimiz olmalıdır və rahat oturub evdə xəbərləri izləməliyik, müəyyən saytlardan informasiyalar oxumalıyıq. Qəzeti isə alıb qoyursan cibinə, avtobusda, evdə, bir gün sonra vaxtın olanda oxuyursan. Qəzetin özünəməxsus üstünlükləri olduğuna görə bu, yaşayacaq, sıradan çıxmayacaq. Qəzetlərdəki araşdırma, təhlili yazılar oxucuya daha çox informasiya verə bilər. İnformatorlar buna meyl etmirlər. Oxucunun televiziya, çap, yaxud elektron medianı seçmək imkanları var. Bunlar paralel yaşayacaqlar və gələcək göstərəcək ki, hansı daha çox tiraj, oxucu toplayacaq.

– Siz həm də publisistika sahəsində tanınırsınız. Bu sahənin vəziyyətini necə dəyərləndirirsiniz?

– Publisistika jurnalistikanın daha yüksək səviyyəsidir. Yəni tarixi təcrübə və ortada olan faktlar göstərir ki, ən savadlı və istedadlı insanın peşəkar jurnalist səviyyəsinə çatması üçün azı 15 il vaxt lazımdır. Bu həm onun fakt toplamaq məharətinə yiyələnməsi, özünə informasiya mənbələri yaratması, müxtəlif mövzulu yazılarda qələmini sınaması, özünün də dünyagörüşünü artırması deməkdir. Jurnalistlərin heç də hamısı peşəkarlıq səviyyəsinə gəlib çata bilmir. Publisistika jurnalistin peşəkarlıq səviyyəsinə çatmasını əks etdirən məqamlardan biridir. Demirəm ki, ancaq peşəkarlar publisistik məqalələr yazırlar. Amma başlanğıcı odur. Publisistika odur ki, jurnalist artıq ətrafında, ayrı-ayrı sahələrdə baş verən hadisələri, faktları görür, toplayır, tutuşdurur, nəticə çıxarır və öz sözünü, mövqeyini deyir. Təbii ki, öz mövqeyi o demək deyil ki, bu, başqalarından, qəbul olunmuş mövqelərdən fərqlidir. Yox, yəni bunun özünün şəxsi qənaəti və ümumi mövcud qənaətlərlə səsləşən qənaəti gəlir və hadisə, əhvalat barədə publisistik düşüncələrini yazır. Bu səviyyəyə hər insan gəlib çata bilmir, xüsusən bayaq dediyim kimi, bu sahəyə yeni gələnlər, öz üzərlərində işləməyənlər var. Publisistikanın inkişafına mane olan cəhətlərdən biri də “Google” axtarış sistemidir. Bəziləri məqalə yazmaq istəyəndə bir axtarış verir, saysız-hesabsız material çıxır və abzas-abzas götürüb qoyur ard-arda, məqalə düzəldir. Bu, publisistika yox, plagiatlıqdır! İnternet jurnalisti maraqlı faktlarla təmin edə bilir. Amma bu köçürmə olmamalıdır. O insanlar ki əziyyətə qatlaşırlar, araşdırma aparır, fakt toplayır, yaxşı publisistik məqalələr yazırlar, inkişaf edirlər. Amma tənbəl jurnalistlər köçürmələrə üstünlük verirlər. Bu, həm də redaksiyalarda tələbkarlığın olmamasından irəli gəlir. Bütün bunlar publisistikanın inkişafına mane olan cəhətlərdəndir. Əlbəttə, publisistika inkişafdadır, ayrı-ayrı nümayəndələri var. Çox təəssüf ki, bunlar orta və yaşlı nəsildir. Hələ cavanlar arasında mən yetişmiş publisistlər görə bilmirəm. Çünki jurnalistlərdə belə bir ziyanlı meyl yaranıb, hesab edirlər ki, ancaq tənqid etməklə, sensasiya yaratmaqla özünü təsdiq edə bilər! O məqalə publisistik məqalə sayılır ki, ancaq tənqid olsun (?!) Bu, doğru yanaşma deyil. Vaxtı ilə elə gözəl yazıçılarımız publisistik məqalələr yazıblar ki... Hesab edirəm bu sahədə inkişaf gərəkli və vacibdir.

– Sovet dövrü ilə müasir mətbuatı müqayisə edən nə kimi fərqlər və üstünlükləri vurğulamaq olar?

– Mən bununla bağlı çox araşdırma aparmışam, insanlarla da söhbət etmişəm, belə qənaətə gəlmişəm ki, senzura dövründə insanlar sıxılanda daha yaxşı əsərlər yaranırdı. Məsələn, yaxşı şeirlərin böyük bir qismi sovet dövründə yazılıb. Son dövrlərdə mən yaxşı şeirə çox az rast gəlmişəm. Sanki şairi daha çox sıxanda o, daha çox arayıb-axtarıb ki, fikrini insanlara necə çatdırsın. Beləliklə də öz peşəkarlığını artırıb. Sözü demək cəsarətdirsə, sözü deyə bilmək məharətdir! Jurnalist o məharətə yiyələnməli, sözü, fikri elə deməlidir ki, sabah həmin söz xirtdəyindən yapışmasın, məhkəmədə qızarası olmasın! Buna peşəkarlıq deyirlər! Sovet dövründə hər redaksiyanın özü bir məktəb idi. Bu gün “Azərbaycan” qəzetində mən o məktəbi bərpa etmişəm. Müxbir yazır, şöbə müdiri oxuyub redaktə edir, səhvləri tutur, özünə göstərir, sonra redaktor müavini, məsul katib, sonra mən oxuyuram. Bir səhv fikir olanda dərhal deyirəm və səbəbini də izah edirəm ki, yadda qalsın! Jurnalistlik peşədir, qələmi işlətdikcə cilalanır. Ona görə çox yazmalıdır və yazıları redaktə olunmalıdır ki, çatışmazlıqlar deyilsin. Belə məktəb olmasa, hətta jurnalistika fakültəsini bitirib gələn də yetişməyəcək! Müstəqil qəzetlərdə jurnalist məktəbi yoxdur! Sovet dövründə bu məktəb var idi, bizi danlayırdılar, yazılarımızı qaralayırdılar. Bəzən inciyib küsürdük, indi isə o adamlara rəhmət oxuyuruq ki, danlayıblar, əvəzində isə öyrənmişik. Sovet dövründə sözün məsuliyyəti çox ciddi idi. Mətbuata sonsuz inam var idi, hətta dəfələrlə şahidi olmuşam ki, mətbuat-məmur münasibətlərində qəzet səhv edib, amma partiya həmişə qəzeti müdafiə edib. Mətbuatın məsuliyyət yükü daima olub!

Ulu öndər Heydər Əliyevə biz jurnalistlər bir də ona görə minnətdarıq ki, Azərbaycan Milli Mətbuatının 125 illik yubileyi haqqında imzaladığı fərmanda bu məsələyə toxundu, sovet dövrü mətbuatına müsbət qiymət verdi. Bəziləri deyirdilər ki, sovet dövründə Azərbaycan mətbuatı kommunist ideologiyasına xidmət edib, bunun üzərindən xətt çəkək və s. Elə söhbət yoxdur! O dövrdə Azərbaycan dili hədsiz inkişaf edib, milli-mənəvi dəyərlərimiz qorunub. İndi bizim milli-mənəvi dəyərlərimiz daha çox təcavüzə məruz qalır, nəinki o vaxtda! Mədəniyyətimiz, sənət inkişaf edib və bunun ruhlandırıcısı, eyni zamanda, mətbuat olub. Təbii ki, senzura o dövrdə çox güclü idi. İnsanlar bir cür düşünüb, öz aralarında bir cür danışırdılar, qəzetdə isə hamı bilirdi ki, necə yazmaq lazımdır. Yəni ikilik mövcud idi. Bu gün isə insan necə düşünürsə, o cür də yazır! Sovet jurnalistikasından öyrənilməsi, əxz olunası məqamlar çoxdur. Biz onun üzərindən xətt çəkə bilmərik! Sovet jurnalistikası boş yerdən yaranmamışdı. Zərdabi ənənələri, Molla Nəsrəddin, Üzeyir bəyin ənənələri var idi. Azərbaycan milli mətbuatının özünün ənənələri olub; xalqa, elmə xidmət, maarifləndirmə, milli maraqları qoruma və s. Bunlar sovet dövründə olub və keçib müstəqillik dövrünə. O şey ki məqbuldur, onu yaşatmaq lazımdır, nəsə kommunist ideologiyası ilə bağlıdırsa, onsuz da ondan hamı imtina edib. Mən o ideologiyanın bugünkü mətbuatda təsirini hiss etmirəm. Çox arzu edərdim ki, sovet dövrü jurnalist məsuliyyətinin, sözün məsuliyyətinin dərki bugünkü mətbuatımızda da olaydı!

– Bəxtiyar müəllim, çox vaxt rəsmi mətbuatın ləğv edilməsi fikirləri səsləndirilir. Hətta rəsmi mətbuatın müstəqil mətbuatın inkişafına mənfi təsir göstərdiyi deyilir. Sizcə, bu təsirlər varmı?

– Bütün dövlətlərdə rəsmi qəzet var. Onların bəzisi bülleten, bəzisi qəzet formasında çıxır. “Azərbaycan” rəsmi dövlət qəzetidir və bu, statusdur, nizamnaməmizdə əks olunub. Bu o deməkdir ki, qanunlar “Azərbaycan” qəzetində çıxdıqdan sonra hüquqi qüvvəyə minir. Prezidentin bütün sərəncamları, Milli Məclisin bütün qanunları burada çıxır. Bu, etibarlı mənbədir. Digərləri rəsmi qəzet yox, iqtidar qəzetləridir. Kiminsə “Azərbaycan” qəzetindən xoşu gəlmirsə və elə bilirsə ki, bu qəzet bağlanacaq, səhv edir. Nə qədər Azərbaycan var, “Azərbaycan” adlı qəzet yaşayacaq. Digər tərəfdən, hər bir partiyanın öz qəzeti var və onu eninə, uzununa tərifləyir, hər bir imkanlı adam qəzet yaradıb, ayrı-ayrı qruplar, “reketlər” yığışıb qəzet açıblar. Bəs dövlətin mənafeyini, marağını kim qorumalıdır?! Dövlət başçısı bu qədər iş görüb, prezidentliyi dövründə xalqa vədlər verib, onun icrasını xalqa kim çatdırmalıdır?! Buna görə rəsmi dövlət qəzeti, iqtidaryönümlü qəzetlər olmalıdır. Partiya qəzetləri ləğv olunandan sonra iqtidarın özünün də qəzetlərinin sayı azalar. Amma heç kim bu yolda tələsməsin, çünki bunlar hamısı zamana möhtac məsələlərdir, zaman hər şeyi nizama salacaq!

Hesab edirəm ki, son 20 ildə mətbuatımız böyük inkişaf yolu keçib, bu müddət biz jurnalistlər üçün də sınaq illəri oldu. Əlbəttə, sınaqdan uğurlu çıxanlar da, uğursuzlar da tapıldı. Amma bütövlükdə bu 20 il ərzində mətbuatımız 123 illik buxovdan qurtarıbsa, həqiqi söz və mətbuat azadlığı bərqərar olubsa, bu, çox böyük uğurdur və bununla qürur duymağa dəyər! Şübhə yoxdur ki, sadaladığım problemlər də Azərbaycan iqtidarının dəstəyi ilə qısa bir müddətə aradan qaldırılacaq.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 18-19.