“Vətənin pis günündə də, yaxşı günündə də mən azərbaycanlı olaraq qalıram...”

 

Pərvinin həmsöhbəti Şimali Kipr Türk Cümhuriyyəti Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədovdur.

 

Pərvin: Salam, Fəxrəddin müəllim!

Fəxrəddin Məmmədov: Salam, Pərvin xanım! Bizim universitetə xoş gəlmişsiniz.

Pərvin: Təşəkkür edirəm! Fəxrəddin müəllim, siz Kiprdən öncə Ərəb ölkələrində – Əlcəzairdə, Mərakeşdə çalışmışsınız. Düzünü deyim ki, haqqınızda bu məlumatı öyrənən kimi səhra barədə fikirləriniz maraqlı oldu mənə. Çünki, biz şərqli olsaq da, səhradan uzağıq. Bir şərq ziyalısı olaraq sizin üçün səhra nədir? Səhranı bəzən Şərq mədəniyyətinin kodu adlandırırlar. Buna münasibətiniz necədi?

Fəxrəddin Məmmədov: Ruhani-mənəvi baxımdan səhranın dənizdən də, meşədən də fərqləri çoxdu. Səhraya həmişə baxanda bir tərəfdən böyük istilik, digər tərəfdən isə böyük boşluq görürsən. Özünüz fikir verin, səhrada olan canlılar da meşədə, dənizdə olan canlılardan fərqlidi. Mən həmişə səhraya baxanda içimdə bir sonsuzluq, bir əbədiyyət duyğusu yaranır. Bu duyğu da öz növbəsində sonsuzluq, əbədiyyət barədə dərin düşüncələrə yol açır. Dediyiniz ölkələrdə çalışarkən səhralara ekskursiyalara çox getmişəm, müşahidə eləmişəm. Həmişə də səhra fəlsəfəsi mənim həyatımda yer alıb. Çətin həyat tərzi, amansız canlıları olan bir təbiət bucağı. Və bir dərinlik. Yəqin bu baxımdan səhranı Şərq mədəniyyətinin kodu, simvolu hesab edirlər.

Pərvin: Ümumiyyətlə işlədiyiniz Ərəb ölkələrində Azərbaycanı kifayət qədər tanıyırlarmı? Əgər tanıyırlarsa, necə tanıyırlar?

Fəxrəddin Məmmədov: Ərəb ölkələrinin hamısı barədə danışmağım düzgün olmaz, çünki çox fərqlidirlər. Amma işlədiyim ölkələrdə Azərbaycanı əsasən, bir müsəlman ölkəsi kimi tanıyırlar. Azərbaycanın İslam Ölkələri Konfransının üzvü olması da buna yardımçı olub. Amma desəm ki bizim ölkə, bizim mədəniyyət, ədəbiyyat ərəb ölkələrində kifayət qədər tanınır, yanlışlıq etmiş olaram. Baxmayaraq ki, ərəb ölkələrində Azərbaycanda təhsil almış, yaxud burada rus dilini öyrənib sonra SSRİ-nin başqa şəhərlərində ali məktəblərə qəbul olunmuş xeyli sayda mütəxəssis işləyir, bunlara rəğmən, mən hesab edirəm ki hələ ölkəmizi tanıtmaq istiqamətində çox işlər görmək lazımdır.

Pərvin: İşlədiyiniz ölkələrin hansında elmin, təhsilin ümumi inkişafı daha yüksək səviyyədədi? Sizin üçün hansında işləmək daha maraqlı idi və daha çox xatirələriniz hansı ölkə ilə bağlıdır?

Fəxrəddin Məmmədov: Ən əvvəl Azərbaycanda işləmişəm. İndiki Neft Akademiyasında (o vaxt Neft və Kimya institutu adlanırdı), çox yüksək səviyyəli professor-müəllim heyəti var idi. Əbəs deyil ki, orada həm SSRİ məkanından, həm də çoxsaylı xarici ölkələrdən gəlmiş tələbələr təhsil alırdılar. O ali məktəb indiyə qədər mənim nəzərimdə çox yüksək səviyyəli tədris bazası olan təhsil ocağı kimi qalıb. Düzünü desəm, xarici ölkələrdə məni bu cür qane edən kollektiv görmədim.

Pərvin: Amma bu da məlumdur ki, xarici ölkələrdə laborator işlərə çox diqqət ayrılır, bahalı cihazlar, qurğular, kompyuter avadanlıqları alınır...

Fəxrəddin Məmmədov: Doğrudur. Onlar nəzəri biliklərdən daha çox praktik məsələlərə əhəmiyyət verirlər. Ona görə də bu ali məktəblərdə məhz texniki baxımdan üstünlük görürəm. Lakin təkrar edirəm, kadr baxımından, məncə, bizim ali məktəblər daha yüksəkdə dayanır. Bizim dünya şöhrətli fiziklərimiz, riyaziyyatçılarımız, kimyaçılarımız və s. alimlərimiz çoxdu. Əgər bizim ali məktəblərdəki texnoloji laboratoriyalarımız yenilənsə, onlar da dünya səviyyəsinə qədər yüksələr, çünki fərdi kadr baxımından problemimiz yoxdur.

Pərvin: KKTC o qədər də böyük olmayan Kipr adasında yerləşən kiçik bir əraziyə malikdir. Coğrafi cəhətdən bu darısqallıq insanların təfəkkürünün genişliyinə, yaşam tərzinə mane olurmu?

Fəxrəddin Məmmədov: Maraqlı sualdır, Pərvin xanım. Bilirsiniz, burada insanların məhz dediyiniz kimi adada, ələlxüsus kiçik adadakı yaşam tərzindən qaynaqlan çox fərdi xüsusiyyətləri var. Adada bir sakitlik, asudəlik hökm sürür. Adanın coğrafi baxımından dənizlə əhatə olunması, insanların düşüncəsində də maraqlı məqamlar yaradır. Bir detal da əhalinin azlığıdır. Konkret desəm, Şimali Kiprdə 280 min əhali var. Belə demək olarsa, hamı bir-birini tanıyır. İkinci bir fərqli məqam Şimali Kiprin dünya ölkələri tərəfindən tanınmamasıdır. Bu fakt insanlarda müəyyən psixoloji gərginliklər yaradır. Misal üçün, buradan heç bir ölkəyə birbaşa aviareys yoxdu, mütləq Türkiyə vasitəsiylə uçmaq lazım gəlir.

Pərvin: Dediyiniz xarakter formalaşmalarına tarixi hadisələr də təsir edir, şübhəsiz. Şimali Kiprlilər də Azəri xalqı kimi son yüz ildə çox böyük siyasi hadisələrlə üzləşiblər. Ümumiyyətlə həmin milli münaqişələrə, siyasi gərginliklərə millətlərimizin baxışı, münasibəti üst-üstə düşürmü? Fərqlər çoxdurmu?

Fəxrəddin Məmmədov: Deyərdim ki, burdakı insanlara nisbətən bizim xalqın ictimai-siyasi hadisələrə daha emosional münasibəti var. Bu da, məncə, coğrafi mühitin yaratdığı xarakterdir. Qafqaz xalqları həmişə aktiv, emosional, Aralıq dənizi insanları isə daha sakit və yumşaq olublar. O ki qaldı problemlərimizə, Azərbaycanın və Şimali Kiprin problemləri oxşar olduqları qədər də, fərqlidir. Tarixən Kipr adası bir çox imperatorluqların tərkibində olub. Qədim yunanlardan tutmuş venesiyalılara, osmanlılara, ingilislərə qədər. Əlbəttə həmin imperiyaların bu adada izi qalmamış deyil. Qarabağ probleminin belə demək olarsa iyirmi yaşı var, amma Şimali Kiprlə Cənubi Kipr arasındakı gərginliyin yaranmasından artıq qırx ilə yaxın keçir. Problemlərin hansı dövrdə yaranmasının da özəllikləri çoxdu. Zaman öz sözünü deyir.

Pərvin: Azərbaycanlı tələbələrlə yəqin ki, ünsiyyətdə çox olursunuz. Burda özlərini qəriblikdə hiss edirlər? Yoxsa, türk torpaqlarında olmaqları qəriblik duyğusuna imkan vermir?

Fəxrəddin Məmmədov: Mən qırx ildən çoxdu təhsil sahəsindəyəm. Tələbə psixologiyasını kifayət qədər bilirəm. Və belə bir fikrə gəlmişəm ki, tələbə başqa ölkəyə təhsil almağa gedəndə öz məmləkətini az düşünür. Düzdü, buradakı gənclər daha millətçidirlər, aktivdirlər, tədbirlərimizə Azərbaycan bayraqlarıyla gəlirlər, dəstək verirlər. Vətəni çox sevirlər. Lakin hiss edirəm ki, çox az tələbələr ev üçün, qohumlar üçün darıxır. Bəlkə də dərsləri çox olur, beyinləri yüklənir. Bəlkə də siz demişkən, burda türk xalqı içində olmaqlarının da rolu var.

Pərvin: Siz həm də Şimali Kiprdə Azərbaycan diasporunun rəhbərisiz. Burada Azərbaycanı daha yaxşı tanıtmaq üçün hansı işlərin görülməsinə ehtiyac var?

Fəxrəddin Məmmədov: Bilirsiz burada vəziyyət başqa dünya ölkələrindən fərqlidir. Oradakı diasporlarımız, istər milli məsələdə, istər Qarabağ problemi ilə bağlı istənilən tədbirlərdə gərək nəzərdə tutsun ki, qarşı tərəf də, onların da diasporları var və çox aktiv fəaliyyət göstərirlər. Bu baxımdan etiraf edim ki, onların işi bizimkindən xeyli çətindir. Şimali Kiprdə isə qarşı tərəfin diasporu yoxdur, Azərbaycanı sevən bir dövlət, xalq, yaxın mədəniyyət var. Bizim əsas məqsədimiz Azərbaycanın elmini, mədəniyyətini, incəsənətini tanıtmaq, sevdirməkdir.

Pərvin: Bu istiqamətdə nə kimi tədbirlər keçirilir?

Fəxrəddin Məmmədov: Azərbaycanın bütün əsas bayramlarını   yüksək səviyyədə qeyd edirik, Bakıdan sənətkarları, alimləri, siyasətçiləri dəvət edirik, təbdirlər, görüşlər keçiririk. Dədə Qorqudla, Füzuli ilə və sair tarixi şəxsiyyətlərimizlə bağlı simpoziumlarımız, elmi konfranslarımız və bu cür başqa tədbirlərimiz çox olub. Mənə elə gəlir ki burada Azərbaycanı kifayət qədər yaxşı tanıyırlar. Bizim işimiz də əsas bu olmalıdır ki harada olsaq, öz peşəkarlığımızla, savadımızla ətrafımızdakı adamlarda millətimiz barədə yüksək fikirlər yaradaq. Gənclərimizə də həmişə bunları təbliğ edirəm.   

Pərvin: Fəxrəddin müəllim, bayaq ailənizdən, övladlarınızdan danışdıq. Dediniz ki, övladlarınız burada böyüyüblər. Maraqlıdı, xaricdə böyüyən azərbaycanlı ilə azərbaycan mühitində böyüyən azərbaycanlıların əsas düşüncə fərqi nədi?

Fəxrəddin Məmmədov: Etiraf edim ki, fərq vardır. Mən özüm bildiyiniz kimi Azərbaycanda doğulub böyümüşəm. Yalnız sonradan xaricə üz tutmuşam. Burada elmi fəaliyyətimi davam etdirirəm. Bu universitetdə dünyanın bütün ölkələrindən gələn alimlər var. Və məndə belə bir fikir yaranıb ki, insan öz vətənində böyüsə, uşaqlığı orda keçirsə, vətənini, yurdunu daha çox sevir, dəyərləndirir. Elə çıxmasın ki, mənim uşaqlarım Azərbaycanı az tanıyır. Əlbəttə belə bir fakt varsa, burada mənim günahım var. Lakin hər halda insanın öz məmləkətində böyüyüb, sonra başqa yerdə oxuyub, işləməsi daha məqsədəuyğundu. Onda daha çox vətəninə bağlı olur. Tutalım uşaqlar başqa ölkədə orta məktəbə gedir. Axı onda həmin uşaq Füzulini, Səməd Vurğunu oxumur, öz mədəniyyəti barədə məlumatı az olur.

Pərvin: İllər uzunu kənarda yaşan və vətəni içində gəzdirən adam üçün Azərbaycan nədir? Və o bu vətən üçün nələr eləməyə borcludur? Eyni zamanda vətən öz qərib övladları üçün nə isə etməlidirmi?

Fəxrəddin Məmmədov: Mən uzun illər xaricdə işləsəm də, hər yay Azərbaycana baş çəkirdim, bir neçə ay vətəndə keçirirdim. Kiprə gələndən sonra isə, yaxındır deyə daha tez-tez gedirəm.

Məncə, hər bir adam öz vətənini sevməyə borcludu, onun başını ucalara qaldırmalıdır. O ki qaldı vətənin mənimçün nəsə eləməyinə, bunu ana-övlad münasibətləriylə müqayisə edərdim. Axı biz düşünmürük anam mənimçün neyləyib? Məni dünyaya gətirib və onu olduğu kimi qəbul edirəm. Vətən də elədir. Vətənin yaxşı cəhətləri də, pis cəhətləri də mənimdir. Vətənin pis günündə də, yaxşı günündə də mən azərbaycanlı olaraq qalıram.

 

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 21.