BU DÜNYANIN ŞƏKİLLƏRİ

 

Müəllimim Bəxtiyar Vahabzadənin doğum gününə

 

Əziz Bəxtiyar müəllim!

Bu doğum gününüzdə sizin cildlərinizin birində əvvəllər rastlaşmadığım bir şəklinizi gördüm. Şəkil məni çox duyğulandırdı və qərara gəldim ki, bu əziz gündə sizdən bu şəkillə bağlı danışmağı rica edim, ürək sözlərinizi dinləyim.

“...İnsan bu dünyanın yaddaşında qalan və ya qalmayan şəkildən başqa bir şey deyil. Şəkillər dondurulmuş ömürdür. Bəlkə də bir ömür beş-üş şəkildən başqa bir şey deyil. İnsan ancaq xoşbəxt anlarında – toyda-düyündə, doğum günündə, ailəylə, dostlarla, qohumlarla şəkil çəkdirir. Təsadüfi şəkillər də var. Bilmədiyin, düşünmədiyin, hətta arzulamadığın bir yerdə şəklini çəkirlər və o şəkil öz gözlənilməzliyilə bütün şəkillərdən qiymətli olur. Mənim də bu cür qəfil şəkillərim var. İnsan həyatında elə anlar var ki, foto obyektiv o anda əbədiyyəti yaxalaya bilir. Bu foto da mənim əbədiyyəti yaxalaya bilmiş şəkillərimdəndir. İnsanın özünü dışarıdan görməsi ayrı bir möcüzədir. Şəkillər o şəklin çəkildiyi yaşın, o illərin iztirabının, sevincinin, işinin, arzularının, ümidlərinin şahididir. Hardasa o illərə səyahətin bəhanəsi, səbəbkarıdır. Ruhumun əbədiyyət yuxusunda o şəklin çəkildiyi zamanı canlandırmağa çalışıram. O şəkli kimin çəkdiyini də xatırlamıram. Təsadüf əsəri olsun gərək. Ancaq bunun nə fərqi var ki... Bu haqq dünyasında ömrümün bütün anlarını güzgüdə gördüyüm kimi görürəm. O şəkildəki Bəxtiyar fikirlərin uçurumunun sahilində dayanıb-durmuş, müəyyənliklə qeyri-müəyyənlik, reallıqla qeyri-reallıq arasında azıb qalmış Bəxtiyardır. Yaxın tarixə bir az işıq düşmüş, o işığın altında buzların əriməyə başladığı o dövr çox şeylərin sonu, çox şeylərin də başlanğıcıdır. Bəlkə də dönüş zamanı olan o illərdən nələr doğacağını hələ kəsdirə bilmirəm. Ancaq qıpırdamaları damarımda, qanımda hiss edirəm. Bu qıpırdamaların gətirdiyi qorxunu, vahiməni, gözlənilməzliyi, risk öncəki təlatümləri də dana bilmərəm. Bu qorxu zülmət gecənin sabaha açılacağına inamımı doğrayıb qırmaq istəsə də, ümid adlı zərif, sıcaq bir duyğu boynubükük bənövşə kimi içimə rahatlıq, əminlik gətirir. Nələrinsə olacağı və ya olmayacağı əndişəsi içində qıvrılan o kişi mənəm. İnsan ən böyük həqiqətləri dərd-kədər içində olarkən tapır. Dərd içəridən insanı yeyib dağıtdıqca tədricən həqiqətin işığını görürsən. O işıq böyüdükcə, gücləndikcə heç kəsin görmədiyi, ağlına belə gətirmədiyi aləmin hüdudlarına girirsən. Sirlər bir-bir açıldıqca, pərdələr də bir-bir qalxmağa başlayır. Bu şəkildə mən hələ çox uzaqdan işığı görmüşəm. İşıq mənim içimə dolub. İşıq sərxoşuyam, ayaqlarımın yerdən üzüldüyünün fərqindəyəm. Naməlumluq, məchulluq içində həm dünyanın ən bədbəxtiyəm, həm də ən xoşbəxti. Niyəsini aça bilməyəcəyəm. Hər şeyin niyəsini söyləmək onun sirrini, mübhəmliyini öldürməkdir. Hər halda fərqli olduğumun fərqindəyəm. Bu işığın məni haralara aparacağını dəqiq bilməsəm də gedəcəyim yerlərin ətrini, musiqisini bütün varlığımla duyuram. Ayağım yerdə, başım fəzadadır. Yerin ağırlığını gözlərimə baxan hər kəs açıq-aydın şəkildə çəkdiklərimdən duyur. Yer əzabdır, zillətdir. Yerin məşəqqətlərini unutduran fəzadır. Gündüzlər günəşli, gecələr ulduzlu fəza ağrısızlığın, çəkisizliyin özüdür. Bu şəkildə də uzaqlara baxıram. O uzaqlar mənim göy üzümdür. Orda mən yer ağrılarımın çözümünü, millətimin, dilimin buxovlarının, zəncirlərinin necə parça-parça olduğunu, vətənimin haqq etdiyi bərəkətin geri döndüyünü, muğamımın, səs və söz sənətimin təkrarsızlığını açıq-aydın şəkildə hiss edirəm. Təzadlar dünyasını canımda, qanımda hiss edirəm. Yasaq dinimin qutsallığını, böyük məclislərdən qovulmuş dilimin sitəmini, layiqli haqqını ala bilməyən xalçamın təkrarsızlığını, Füzulimin, Aşıq Ələsgərimin, Sabirimin, Mirzə Cəlilimin, Üzeyir bəyimin, Əli bəy Hüseynzadəmin, Məhəmməd Hadimin, Səməd Mənsurumun səsini, hənirtisini eşidirəm. Başımın üstündə dumanlanan siqaret tüstüsü xəyallarımın həm uzaqlığının, həm də yaxınlığının, ümidin, həm də ümidsizliyin rəmzidir. Gözlər könlün aynasıdır. Gördüyünüz şəkildə ürəyimin dağları da, Tanrıdan, zamandan istədiklərim də üzümdə, gözümdə o qədər dəqiq ifadə olunub ki, o qarmaşıq-dolaşıq duyğuları, pərən-pərən düşmüş düşüncələri sözlə ifadə etmək çətindir. Dünyada ildırım kimi çaxıb gedən o qədər zərif, incə duyğular var ki, onlar sözə gəlmir. Söz onları ifadə etməkdə acizdir.

Həyatım boyu və indi ruh həyatım boyu Tanrının böyüklüyünə və sözün möcüzəsinə heyrətlənmişəm. Tanrıya da, sözə də təslim olmuşam. Bu şəkildə o təslimin inikası duyulursa, bu, mənim xoşbəxtliyimdir. O şəkildə tənha olsam da, ətrafımda, başımın üstündə onlarla insanın ruhu dolaşır (indi mən o sözləri deyəndə, o ruh halının, dilinin özünü yaşayıram və o ruhların da sizə salamlarını yetirməyi özümə borc bilirəm). Füzulinin, Mirzə Cəlilin, Sabirin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Üzeyir bəyin, Cavidin, Müşfiqin... ruhları. O ruhlar mənə bir şey anladırlar. Nəyinsə xəbərini vermək istəyirlər. Ruhların oyatdığı keçmiş məni sevindirdiyi qədər də qorxudur. Qorxutduğu qədər də həyəcanlandırır. Həyəcanlandırdığı qədər də düşüncələr aləminə atır.

Keçmiş insanı tərk etməz. Hətta üzünü görmədiyin, səsini eşitmədiyin insanlar da keçmişin içindən hər gün sənə boylanır. Yatağına uzananda, yataqdan qalxanda o uzaq-yaxın keçmişin nəfəsini duyursan. Keçmişin acısı boğazına dolar. Səni yanım-yanım yandırar.

“Şair, keçmişlə, keçmişi çiynində daşımış insanlarla görüşmürsə, şair hardan şair ola bilər ki?” “Şairlik yalnız sözü-sözə qoşmaq deyil. İnsanları əyləndirmək də deyil. Görünən, bilinən keçmişi, görünməyən, bilinməyən keçmişi aramaq, tapmaq, peyğəmbərlərdən sonra gələn şairin işidir.” Bu sözləri mən demirəm. Yanımdakı böyük kişilərdən biri deyir. Əgər mənim üz cizgilərimə diqqət etsəniz 40-45 yaşlarımda yaşadığım və yaşayacağım iztirabların izini görərsiniz. Üz, əl cizgiləriylə məşğul olan bir məslək də var. Ona elm deyənlər də var. Mən o fikirdə deyiləm. Ancaq ruh kimi üz cizgilərinin də sirri bilinməz. Onu bilən yalnız Allahdır. Qadir Allah göndərdiyi vəhylərlə sirrin ip uclarını ömrün ən böhranlı anlarında, yuxuların bəlirsizliyində sənə pıçıldayır, səni agah edir. Amma elə üz cizgiləri var ki, onun iztirab, dərd olduğunu uşaq da bilir. Mənim üzümdəki o cizgilər indi də bilmədiyim o sirrin izidir. O cizgiləri mən çəkməmişəm, çəkən çəkib.

İndi mən ruhlar dünyasında Cavidlə də, Müşfiqlə də, Səməd Vurğunla da, Rəsul Rzayla da, Əli Kərimlə də, Məmməd Arazla da hər an görüşürəm, hər an da birlikdəyəm. Artıq bizi ayıran heç nə yoxdur dünyamızda. Nifaqçılar bizdən əbədi olaraq ayrılıblar. Adının nə olduğunu bilmədiyim başqa dünyada yaşamağa məcbur ediblər.

40 yaşında qocalan, 50 yaşında dünyadan köçən Səməd Vurğun, canında insanın yaşaya biləcəyi ən ağır xəstəliklə işıqlı dünyadan ayrılan Rəsul Rza, Süleyman Rəhimov da, Mehdi Hüseyn də.. buradadır. O ruhlar bir-birini o qədər gözəl anlayır ki, adamın sizin dünyada yaşayanlara rəhmi gəlir. Səbəbləri bilinməyən olayları, sirləri bilinməyən insanları suçlamayın. Onları suçlaya-suçlaya özünüz də vətənimiz kimi bölünürsünüz, parça-parça olursunuz. Siz tarixin sətiraralarını da oxuyun, ömrə, həyata bir bütün kimi baxın, suçlayan deyil, əfv edən olun. Günahları dəyərləndirən Allahdır – bunu heç unutmayın. Zamanın faciəsini şairlərə yükləməyin. Zəmanənin ziddiyyətlərini rəhmətə gedənlərdə aramayın.

Kimin haqlı, kimin haqsız olduğunu söyləmək mənim missiyam deyil. Bu haqq Allahındır. Unutmayın ki, daş qayaya rast gələndə daş daşlığından, qaya qayalığından çıxır. Tarixin səhvini bu gündə deyil, tarixin özündə axtarın. Allahın təmiz yaratdığı, şeytanın kirlətdiyi insanı anlamağa çalışın. İnsanı zamandan, şərait və şərtlərdən kənarda aramayın. Bir də unutmayın ki, uca Allah bağışlayandır. Böyük Yaradanın əfvinə sığının.

Burada bizim heç bir dərdimiz-sərimiz yoxdur. Dərdimiz yaddaşımızın ağrısıdır. Sizin dərdinizi, bölünmüş vətənimizin dərdini çəkməkdən, dua etməkdən başqa əlacımız yoxdur. İçindən, çölündən təklənən millətimizin alın yazısını biz yazmırıq, başımıza gələnlər haqq etmədiklərimizdir, desəm inciməyin. Bizim taleyimiz millətimizin, ümmətimizin taleyinin bir parçasıdır. Bilin ki, bütün bunlar işıqdan öncə keçəcəyimiz qaranlıqdır. Son qaranlıqdır. Mənim gördüyünüz bu şəklimə baxsanız, bütün zamanların həm qaranlığını, həm də işığını görərsiniz. Böyük millətlərin, böyük dinin, tarixin zərrəsi olduğumuzu unutmayın. Sizi bölənlər sizdən olmayanlardır. Gücümüz birlikdədir, gücümüz – eşqimizdədir. Tanrı sizləri qorusun. Amin.

Bu şəkildə də mən sizlərin yaşadıqları ziddiyyətləri, baş vermişləri dərk etmək istəyirəm. İnsan mələk deyil, insanın bir adı da səhvedəndir. Rejim adlı şeytanın günahlarını, zamanın bəlalarını insanlarda aramayın. Öldürülən Cavidlə, Müşfiqlə, yaşaya-yaşaya ölümə məhkum edilən Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə Cəlilin, Sabirin, Əli bəy Hüseynzadənin ruhu naminə üz-üzə qoymayın. Günün dedirtdiklərini əbədiyyətə köçürməyin. Siz ruh dünyasına gələndə hər şeyi o qədər açıq-aydın görəcəksiniz ki, etdiklərinizə peşman olacaqsınız. Allah insana peşmanlıq verməsin. Həyatın dərsləri böyük dərslərdir, fəqət Allahın dərsi hər şeydən ucadır, müqəddəsdir. Allahın işinə qarışmayın.

Bizim yaşayıb keçdiyimiz və sizin yaşadığınız dünya bir sınaqdır, imtahandır. Siz nahaq dünyada yaşayıb haqq dünyaya gələcəksiniz. Və hər şey burda aydınlığa qovuşacaq. Bütün şəkillərinizi burada görəcəksiniz.

Allah gözəl şəkillərinizi qorusun. Amin. İnşallah.”

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 24.