“Axı, dünya
fırlanır...”
“ÖLÜM OLDUĞU HALDA QƏFLƏT
İÇİNDƏ YAŞAYANLARA HEYRƏT EDİRƏM.”
B.Vahabzadə
Yaradıcılığının
fəlsəfi ruhu və bədii cazibədarlığı
qoca zamanın fövqünə rəng qatdıqca, insan yer
üzünün xəlifəsi, canişini və əşrəfi
kimi sanki hər bir misrada nəqşlənmiş surətdə
ehtiva edilir.Tanrıya sığınan şair Allahın
yaratdığı bu canişinə bəzən sual edir, bəzən
tənbeh, bəzən də onun fəlsəfi
dünyasını poetik ovqatı ilə elə təsvir edir
ki, insan obrazının ağlını-əxlaqını, təkamül
və təxəyyülünü görməmək
mümkün olmur. Özünü bəzən
yaratdığı insanın yerinə qoyur və öz
könlünə baş vurmağa, orada donub daşlaşan
layları qaldırmağa çalışır.
Qaldırdıqca bir layı, üstündən bir layın gəldiyinə
şahid olur. Araya sükut çökür. Sonra isə haray
gəlir... poeziya harayı... “Sual varsa, cavab var” şeiri bir
növ bunlara aydınlıq gətirir. ”Dünyanın bir
sığalı, amma bol şilləsi, ömrün isə
üç pilləsi var: dünən işlətdiyin
günah, bu gün sənə dərd, sabah isə
ölümdür. Üçü (günah, dərd və
ölüm) bir yerdə insanın öz özünə verdiyi
iztirab və zülmdür” qənaətinə gəlir.
Mən
filoloq deyiləm. Sadəcə böyük Bəxtiyarın adi
oxucularından biri, bir az da yazıya və mütaliəyə
meyilliyəm. Ona görə də Hz Əli (ə.s) “Bildiklərinizi
yazın ki, qeyb olmasın” müqəddəs kəlamına rəğmən
düşüncəmdə yoğrulmuş bu yazı ərsəyə
gəldi. Mənim üçün Bəxtiyar Vahabzadə
poeziyanın “Apollon”udur.
16
avqust 1925-ci ildə Nuxa-indiki Şəki şəhərində
dünyaya göz açmışdı. Gəlişi
hamıdan xəbərsiz oldu. Heç kim anlamadı ki,bu gələcəyin
bəxti, yarı, Bəxtiyarı olacaq. Haqq dünyasına
qovuşan günü isə hamıya bəlli oldu.
Bütün Türk dünyası yas tutdu...
Bu əsnada
ölüm mələyi Əzrayıl (ə.s) Məhəmməd
Peyğəmbərə xitab etdiyi bir hədisi xatırlamaq
yerinə düşərdi:
“ Ey
Allahın Rəsulu! İnsanların dünyadan köçməsində
mənim axı nə suçum ola bilər? Vallahi Aləmlərin
Rəbbinin əmri olmadan bir yarpaq belə qopub yerə
düşməz. Qövminə de ki, çiyinlərdə gedən
tabutlardan ibrət götürsünlər. Mən isə
Allahın əmri ilə haraya üz tutsam insanın ruhu bir bəbək-körpə
kimi göyə açılmış əllərimə
qonur. Sonra Rəbbimizə xitab edirəm:
Ya Rəbbim!
Bunu cənnətəmi, yoxsa atəşə aparım? Fərman Onundur. Nə desə,
elə də edirəm...”
Ölümündən təxminən bir həftə
öncə mən də onunla Azər qardaşımın
evində görüşmüşdüm. Gözləri
yol çəkirdi. Kimisə
arayırdı, gözləyirdi. Bizə bəlli
olmasa da, ulu şairi sağında və solunda olan mələklərdən
başqa sən demə Əzrayıl (ə.s) ölüm təbəssümü
ilə müşayiət edirmiş.
Azər deyir ki, ölümündən əvvəl
şair oğluna bəzi vəsiyyətləri də
etmişdi. ”Məndən sonra nəslin öndə gedəni sən
olacaqsan. Özünü itirməyəsən, oğul!...” Əslində bu bir vida idi.
Peyğəmbər sayağı halallaşmaq və
vidalaşmaq...
Şübhəmiz yoxdur ki, qələmi ilə yalnız
həqiqəti yazan və o yazıların qiyamət
günündə şəhidlərin qanına bərabər
tutulduğu müəllifin Əzrayıl (ə.s) əllərində
köç edən ruhu cənnətə sakin olub. Allah o
dünyasını versin. Bir daha onu
ananlara, doğmalarına türk dünyasına səbir diləyirəm.
Amin!
Şair 84 yaşında bu dünyadan “vida xütbəsini
oxudu”. “Günlər qısaldı. Ömrünün
qürubu yaxınlaşdı... ”Şairin
ölümü ilə bağlı Türkiyənin “Saman yolu”
televiziyası “Türk dünyası yasda” mövzusu altında
bir təziyə yayımladı. İslam
dünyasının səf-səf düzülən
ilahiyyatçılarının önündə duran dahi Fətullah
Gülən də ürək ağrısı ilə
dünya azəri türklərinə, dahi şairin
doğmalarına, sayın İlham Əliyevə baş
sağlığı verirdi. Bu kiçik,
lakin çox mənalı təziyə artıq internet səhifələrində
oxunur, baxılır və köks ötürülür.
Diqqətimi çəkən ulu şairin “Bu necə
dünyadır, bu necə dünya. Ölümü
həqiqət, həyatı röya”poetik ifadələri yerində
səsləndirilirdi. Şair ölümü hardan
görmüşdü?..
Türkiyənin “Saman yolu”ndakı “Türk dünyası
yasda” təziyəsi xalqın hürriyyəti
üçün canı və qanı ilə mücadilə
aparan şairin, cəsarətli söz sahibinin hüznünə
böyük bir dövlətin baş sağlığı
idi.
Əslində F.Gülənin kiçik, lakin mənası
dərindən dərin təziyəsi Rəbb kəlamlarına
bələd olan şairə sonsuz hörmətin canlı təzahürü
idi. Şair bilirdi ki, Rəbbimiz də bu dünyanın
oyun-oyuncaqdan başqa bir şey olmadığını hər
bir iman sahibinin qəlbinə hakim edir. Rəbbimiz
var-dövləti ilə öyünənləri sərvəti
ilə, övladları və hətta dünyadan köç
edənlərin qəbirləri ilə öyünənlərin
də fərqindədir və onları sınağa çəkir.
Amma “Həzər o gündən ki, övlad valideynin, valideyn də
övladının karına bir işlə
gələ bilmir”- Rəbb kəlamının təkrar-təkrar
səsləndirilməsi yerinə düşür. Dünyadan köç edən və
şairin-atanın Əzrayılın (ə.s) əllərinə
qonan ruhunu oğul geri ala bilmədi. Axı,ölümü
həqiqət olan dünyanın nəyindən küsəsən?
Amma həzər, bir də həzər o gündən ki,
valideyn övlad itkisinə görə dünyanı
qınadıqca qınasın... Övlad ruhu Əzrayılın
(ə.s) əlində ikən ona gücü çatmayanda
röyalı, yalan və sərsəm dünyadan küsməmək,
onu qarğılamamaq olmur.
Bəxtiyar müəllim 2002-ci ilin 20 noyabrında (Ramazan
ayında) şəhid olmuş oğlumun hüznündə məni
bağrına basıb: “Şəmsəddin, vallahi söz
tapmıram deməyə. Şübhən olmasın ki, Allah
behişti ona nəsib edər...”Beləcə ayrıldıq.
Bu mənə bir təsəlli və Allaha
yaxın olan şairin dərdimizə şərik olması
idi.
Vicdanından
dönüb iblissayaq dolananlar, ləyaqəti tapdanıb
yuxarıya yarınanlar, dinini pula satıb özgə dininə
sığınanlar, doğma dilimizə dodaq büzüb, yad
dildə dil-dil ötüşənlər, ruhanimiz dəllal
kimi, tacir kimi ömür sürürsə, anasının əmcəyini
kəsənlərlə əlbir olanlar varsa, demək (əstəğfürullah)
yoxmuş Allahımız (?) Bunu da Bəxtiyar
müəllim poetik zərgərliyi ilə elə cilalayıb
ki, oxucuya yalnız heyrət etmək, düşünmək və
xəyala dalmaq qalır. Ümumiyyətlə
həmişəyaşar şairin poeziyasında Aləmlərin
Rəbbi ilə bağlı adamı məhvərindən
oynadan bədii ifadələr çoxdur.
Şair bəzən
üzünü nəfsinin girovuna çevrilənlərə
tutub deyir: Ey cibi dolu sərvət sahibləri! Ey var-dövlət
dəlisi olan naxoşlar! Görən doyan
gününüz olacaqmı?
Həyat bir röyadır. Həyatdan şirin
olan röya. İnsan ana bətnindən
doğulan andan yoxluğuna doğru səfərə
başlayır. Özünü dərk
etdikdən sonra o dünyanı da düşünür.
Bir az dərin düşündükcə
heyrətdən donub qalır və öz adacığına
daxil olub, qapını arxadan bağlayıb özü ilə
təkbətək qalır: “Bu oyun-oyuncaqlı, günü
qara qəpiyə dəyməyən dünyanı
gördüm və kaş görməyəydim. Görən ölümdən sonrakı dünya necə
olacaq?”- sualına son gününə
qədər cavab tapa bilmir.
Bu əməl
dəftərimizdən, bu dünyada yazılan və qeyd edilən
o dünyada isə peyğəmbərimizin də iştirak edəcəyi
hesabatdan – Allaha təqdim edilən dəftərdən
asılı olacaq ...
Doğuldun,
sanma ki,
açıldı baxdın,
Bir
yük çəkəcəksən
hər
qanadında...
–deyə
şair özünü söz alıb, söz satan
adi məxluqlardan sayır.
Şair 1996-cı ilin 10 fevralında yenə poetik dillə
Rəhman və Rəhim olan Allaha müraciət edir.
Yaradılışımızdan, dünyaya gəlişimizdən
xəbərimiz olmayıb. Özün yaratdın
və əmrinə də tabe olduq. Amma nə
olar ya Rəbbim, gedişimizi də bilməyək.
Şairin Allahdan ricası belədir:
Təkcə
bir ricam var
səndən ey Xuda,
Al mənim
canımı
nə
vaxt istəsən.
Yuxuda,
yuxuda,
ancaq
yuxuda!
Gözəl arzudur, eləmi? Xuda şairin
“arzusunu”elə şairin istəyinə bənzər qəbul
etdi. Kənar yardıma ehtiyac duymadan,
ağlı, huşu və hafizəsi yerindəcə gözlərini
yumub. (Son illərdə şairə məxsus
paltarlar təmiz və ütülü halda həmişə
yanında olarmış. Sual edəndə
ki, “Ata bunları neynirsən?” – cavabı
çox sadə,lakin
düşündürücü-“Ölüm haqdır. Qoy
paltarlarım səliqəli olsun,məni
qınamasınlar...”-deyərmiş) Şairin həyatdakı
fəaliyyəti zərgər incəliyi ilə
ölçülü biçimli olub.
Bəxtiyar
müəllim, hansı dövrdə yaşamasından
asılı olmayaraq hərəkətləri ilə, şeirlərindəki
acı və qıcıqlandırıcı həqiqətlə,cəsarət nümunəsi olub.
Müstəqilliyimizin ilk illərində milli məclisin
binasında mərhum Heydər Əliyevə edilən yersiz həqarətlərə
çəkinmədən, ağayana müqaviməti. Bu əsl
kişilik və Allah rizasına edilən bir hərəkət
idi. Bunu ancaq bəxti yar olan Bəxtiyar
Vahabzadə edə bilərdi. Başqa heç kim!Yox əgər mümkün idisə niyə
Milli Məclisin unudulmayan həmin
yığıncağında iştirak edən
seçilmiş və tanınmış insanların heç
biri müdafiəyə qalxmadı? Çünki cəsarətləri
çatmadı,cəsarətləri!!! Bəxtiyar
müəllimin kəsərli sözlərindən sonra zala
sükut çökdü.Sonra alqışlar...
Şair millətin dərdini çəkməklə,
özünü bəxtiyar, sevincə şadlığa isə
özünü naməhrəm sayır. “Dərdimlə
bütövəm, qardaş. Dərdsizəmsə
məni kəm bilin”-deyir. Ulu Bəxtiyar bu şeiri Ərdəbildən
olan oxucu Qulam Rzanın şairə ünvanladığı, ”Utanıram”şeiriniz bizi ağlatdı. Şeirləriniz ziyadə bədbindir. Biz sizi şad-xürrəm görmək istəyirik”məktubuna
cavab olaraq yazmışdı. “Aləm məni
qəmimlə tanıyır” - deməklə və sonsuz kədərilə
Bəxtiyarlığını dilə gətirir. “Utanıram” şeiri daha təsirlidir. Burada lirika vətəndaşlığa mənsub
olmaqla, ona bağlılığını, ondan ayrı dolana
bilmədiyini etiraf edir. Ürək
ağrısı ilə qələmə aldığı sətirlər
Bəxtiyarın poetik qüdrətinə dəyər verir.
“Şəhidlərin, qaçqınların ahu-naləsində
hamımızın günahı var. Gücümüz varsa
sözümüzü haqq olaraq deyə bilərik. Gücümüz
yoxsa əlacımız utanmaq və xəcalətdir.”-deyir
Vətən
getdi, şeir yazdıq:
“Sən mənimsən Ana Vətən.”
Vətən getdi, nitq dedik, uca-uca kürsülərdən,
utanıram.
Vətən
getdi, el talandı,didişirik biz hələ
də.
Bir iqtidar
uğrundakı döyüşlərdən, utanmadıq bir
gilə də,
Hacı Şəmsəddin Mənsuroğlu
525-ci qəzet.- 2011.- 20 avqust.- S.
25.