Keçmişimizə işıq
tutan roman
Xalqımız arasında zəngin həyat təcrübəsinə
malik müdrik insanların, ağsaqqal şəxsiyyətlərin
sözlərinə, fikirlərinə, öyüd-nəsihətlərinə
hər zaman xüsusi hörmət olub. Sənət əsərlərində
bədii dillə ifadə olunmuş dərin mənalı fikirlərin
tərbiyəvi gücü böyük əhəmiyyət kəsb
edir.
Tanınmış
yazıçı Əli İldırımoğlunun bu
yaxınlarda işıq üzü görmüş “Daş
yağan gün” romanını oxuduqca bir daha müəllifin zəngin
həyat təcrübəsi ilə həyat hadisələrinə
yüksək bədii-estetik mövqedən münasibətinin
dialektik əlaqəsini hiss etdik.
Əsər Vətən sevgisi, maddi-mənəvi dəyərlərimizə
sahib çıxmaq, keçmişdəki səhvlərimizdən
ibrət almaq, dostlarımızı-düşmənlərimizi
yaxından tanımaq, xalqımızın, xüsusilə gənclərimizin
mənəvi-əxlaqi tərəqqisi kimi əbədi-əxlaqi
problemlərin bədii həllinə yönəlib. Burada bir-birini
əvəz edən hadisələrin gedişində daima
müəllifin iştirakını, onun dərin hiss və həyəcanlarının,
psixoloji dünyasının xüsusiyyətlərini hiss
edirik.
Əsərin qəhrəmanı gənc çoban Nəcəf
erməni qəsbkarlarının, Andranik və onun kimi
qaçaq-quldur dəstələrinin Həsənli adlı kəndi
talayıb yerlə-yeksan etməsilə ata-anasını,
bacı-qardaşını, qohum-əqrəbalarını
itirir. Lakin bu gəncin uşaq çağlarından,
maariflənməyə, yüksək mənəviyyata olan
sonsuz həvəsi, dünyagörüşünün
formalaşması, tarixi keçmişimizə düzgün
münasibəti, həqiqi vətənpərvərlik ruhu, mənəvi
kamilliyi kimi sifətlərinin açıqlanmasında müəllifin
özünəməxsus təhkiyəsini görürük.
Əsərdən bəlli olur ki, bu məğrur
cocuq – öz halal zəhməti ilə yaşamaq istəyən
çoban əbədi olaraq müəllifin qəlbində dərin
izlər buraxıb. Əslində ən kiçik
yaşlarından kəndləri dağılmış Həsənli
kəndinin bu iki sakinini bir-birlərinə əbədi
bağlayan Vətən sevgisi, haqsızlıqlara, vəhşiliklərə
qarşı barışmaz münasibətləri, yetim qalmalarının
səbəbini aramaları, törədilən erməni
vandalizminin cavabsız qalmayacağına olan dərin
inamlarıdır.
Romanda
müəllif öz uşaqlığını da
xatırlatmağı önəmli sayır və hələ
uşaqkən Həsənli kəndinin palçıqdan
maketini düzəltməsini, onun düşmənlərdən
qoruna bilməsi üçün hasarlamasını, həmçinin
kəndin evlərinin, məscidinin, mədrəsəsinin və
s. unudulmamasını həyəcanlı bir dillə təsvir
edə bilir. Əslində belə bir simvolik
xarakter daşıyan səhnəcik məcburi olaraq ermənilərin
vəhşiliklərindən canlarını qurtarmış və
yaxın dağların döşünə
sığınmış köhnə Həsənli kəndinin
bu iki ailəsinin həsrətlərini, qan
yaddaşını, kin və küdurətini ifadə edir.
Bu ailələr
təsadüfi deyil ki, yeni yaşadıqları məskənin
adını da Təzə Həsənli qoyub və Köhnə
Həsənlini, onun doğma insanlarını unutmayıb, onun
həyat tərzini, adət-ənənələrini, təsərrüfat
mədəniyyətini davam etdirməyə
çalışıblar.
Heç
şübhəsiz, yaşlıların ehtiraslı,
kin-küdurət dolu söhbətlərinin təsiri
altında azyaşlı uşaqlarda belə Vətən
sevgisi, onu yadelli işğalçılardan qorumaq arzusu
formalaşmağa başlayır və belə bir arzunun ifadəsi
olaraq köhnə Həsənli kəndinin
unudulmamasını, əbədiliyini ifadə edən
palçıqdan inşa edilmiş uşaq maketi-simvolu meydana gəlmiş
olur.
Nəcəfin
həyat salnaməsi, əmisinin onu hələ bələkdə
ikən ermənilərin kənddə törətdikləri
yanğından qurtara bilməsi, onun əlifbanı öyrənməsi,
əsgərliyi, Finlandiya cəbhəsində sadəlövhlüklə
inandığı ermənilərlə düşmənçiliyin
sonunun gəlməsini düşündüyü bir məqamda
əslən Azərbaycandan olan Sovet erməni zabiti Arsen tərəfindən
xaincəsinə qətlə yetirilməsi və s. hadisələri
qələmə alan müəllif eyni zamanda qəhrəmanın
boya-başa çatdığı Həsənli kəndinin zəngin
təbiəti, çayları, bulaqları,
güllü-çiçəkli dağları, bitki
örtüyü və s. haqqında da zəngin təsəvvürlər
yaradır. Yazıçının Vətənə, Vətən
torpağına nə qədər dərindən bağlı
olduğu, onun taleyini öz taleyi kimi
yaşadığını hiss etməmək mümkün
deyil.
Müəllifin
əsər boyu öz isti nəfəsinin daima hiss olunması
belə bir qənaətə gəlməyə əsas verir ki,
əsərin Nəcəflə birlikdə olan digər qəhrəmanı
da elə müəllifin özüdür. Zənnimizcə
sırf bu baxımdan əsəri müəyyən mənada
avtobioqrafik roman kimi də qiymətləndirməyə əsas
verir.
Romanı
oxuduqca müəllifin qələmə aldığı tarixi
hadisələri, Həsənli kəndinin acı taleyini,
buradakı kənd sakinlərinin nə kimi vəhşiliklər
və haqsızlıqlarla rastlaşmaları və sonrakı mərhələlərdə
də yaşam fəaliyyətlərini, Həsənli kəndini
əhatəyə almış dağları, ormanları,
çay və bulaq adlarını, ümumiyyətlə
buraların etnoqrafik və coğrafi təsvirlərini nə qədər
dərindən bilməsini duymamaq mümkün deyil. Bu adların əsərdə yer alması tarixilik və
toponimika elmi baxımından xüsusi önəm
daşımaqdadır. Unutmaq olmaz ki, bədnam
qonşularımız mənəvi və maddi mədəniyyət
nümunələrimizə sahib olmaq meylləri ilə birlikdə
bizə aid ayrı-ayrı coğrafi ərazilərin,
dağların, çayların, kənd və qəsəbələrin
əsl tarixi adlarını tarixdən silib atmaq,
özününküləri ilə əvəz etmək
arzularından hələ də əl çəkmirlər.
Əsərin aktuallığı bir də ondadır ki,
iyirmi ildən artıq bir müddətdir Ermənistan Dağlıq
Qarabağı və ətraf 7 rayonumuzu işğal altında
saxlayır. Romanda bu problemin tarixilik baxımından həll edilməsi
xüsusi diqqət çəkir. Belə
ki, ən qədim zamanlardan torpaqlarımıza göz
dikmiş ermənilərin bu çirkin niyyətini müəllif
tarixi, etnoqrafik, elmi dəlillərlə heçə endirməyə
çalışır. Bu baxımdan
lazımi elmi-nəzəri tarixi bilgilərlə
silahlanmış müəllif Qafqaz Albaniyası dönəmindən
tutmuş günümüzə qədər gələn ermənilərin
hiylələrlə torpaq tutmaq siyasətini kökündən
yalanlar, tarixin saxtalaşdırılması meylinə təməlləndiyini
açıb göstərməyə çalışır.
Bu gerçəkləri oxucularına
çatdırmaqdan ötrü o, maraqlı bir üsula əl
atır.
Vaxtilə
erməni daşnakı qaniçən və minlərlə
türk və azərbaycanlının ölümünə
bais olan Andranikin dəstəsində vuruşub və tez-tez bu
vəhşiliklərin törədilməsində payı
olduğu üçün qürrələnən,
adının da qəhrəman saydığı bu qaniçənin
şərəfinə Andranik qoyulmuş birisinin Moskva
qatarında vaqonun kupesində bir gürcü tarixçisi,
arxiv məmuru Eduard Çiburdanidze ilə olan söhbətini,
mübahisəsini diqqət mərkəzinə gətirir. Belə bir söhbətdə gürcü alim ermənilərlə
din və ailəvi qohumluğun olmasına rəğmən
Andranikə tarixi gerçəkləri, ermənilərin tarixən
torpaq iddiasında olduqlarını və bu yolda dəfələrlə
qırğınlar, talanlar, vəhşiliklər törətdiklərin
xatırladır.
Təbii ki, bu həqiqətləri qəbul etməyən
qatı milliyyətçilik mövqeyindən törətdikləri
vəhşiliklərə haqq qazandırmağa
çalışan Andranikdən fərqli olaraq oxucu nəyin həqiqət,
nəyin yalan olmasını çox gözəl
anlamağı başlayır. Əsərdə müəllif
Andraniklərin, Hamazasların, Nijdehlərin, Drodların
törəmələrinin əxlaq pozğunluğu,
ikiüzlüyü, xainliyi, xəbisliyi, yaltaqlığı
türklərə və azərbaycanlılara qarşı
genetik düşmənçilik hissinin olmasını
maraqlı misallarla və bədii bir şəkildə
oxucularına çatdıra bilir. Əslində
bu cür insanların insanlıq deyilən anlamdan uzaq
olduqları, öz xalqına belə zərər və bəlalardan
başqa bir şey gətirdiklərini, özlərini milli qəhrəman
kimi göstərsələr də heç bir zaman xalqın zəhmətkeş
sosial zümrələrinin hüsn-rəğbətini qazana
bilməmələrini müəllif çox məharətlə
açıb göstərə bilir. Təsadüfi deyil
ki, əsərin qəhrəmanı Nəcəf gənc
olmasına baxmayaraq, ermənilərin zəhmət
adamlarının, xüsusilə də onun dostluq etdiyi,
duz-çörək kəsdiyi erməni
çobanlarının, ümumiyyətlə onlar kimi sadə
həyat yaşayanların Andranik, Hamazas, Dro kimiləri ilə
yollarının kəsişmədiyini hiss edə bilir və
bu insanların bizimkilərlə bir-birlərinə yardım əllərini
uzada bilməsini, bir-birlərinə həyan ola bilməklərini
tamamilə təbii hesab edir.
Romanın köç səhnəsi bölməsində
bu dostluğun səmimiliyi, etibarlılığı, dərin
tarixi köklərinin olması Nəcəfin iki erməni ferma
işçiləri Armenak və Akopla söhbətlərindən
bir daha aydın olur. Həmçinin aydın olur ki,onlar bir çoxları
kimi Andranik və onun keçmiş sələflərinə
sevgi yox, kin-küdurət bəsləyirlər, onun kimilərini
lənətləyir, fəqət hələ də bu qəbildən
olan canilərin, qaniçənlərin
özbaşınalıqlarına, hədə-qorxularına tab
gətirməli olurlar.
Müəllif
keçmişlərdə olduğu kimi bu gün də
türk və müsəlman düşmənçiliyi yayan
xarici və yerli qüvvələrin, keçmiş Andraniklərin
toxumunu daşıyanları dəstəkləmələrini,
onları yeni-yeni təxribatlara, vəhşiliklərə və
terrorizmə sövq etmələrini yada salır,
keçmiş səhvlərimizdən nəticə
çıxarmağa çağırır.
Müəllif
bu törəmələrin iç üzünü, daha
doğrusu onlara xas qəddarlığı,
ikiüzlüyü, xainliyi, ailə-məişət və əxlaq
pozğunluqlarını məharətlə açıb
göstərə bilir.
Əsərdə zəngin xalq dili xalq məsəlləri,
ilmələri, atalar sözləri geniş bir şəkildə
və yerli-yerində böyük məharətlə istifadə
olunur.
Onların müxtəlif qəhrəmanların, əsasən
də Təzə Həsənli kəndinin sakinlərinin
(Mikayıl, Gülgəz, Nəcəf, Cümşüd, və
b.) dilindən söyləndiyi zaman bir daha xalq dilimizin fonetik və
məna zənginliyinə heyran olursan. Kitabda yer almış
xalq ilmələri, ata sözləri müasir dilimizdə
çox az işlənən, bəlkə
də yox olmaq təhlükəsi yaşayan örnəklərdir.
Onların yerli-yerində istifadə olunması
bir daha əsəri oxunaqlı, canlı və cazibədar edə
bilir. Belə bir yaradıcılıq
üsulu bir tərəfdən oxucuda tarixilik, arxaiklik hisslərini
oyadır, hadisələrin real şəkildə təsvirinə
inandırır, digər tərəfdən kənd
camaatına xas zəngin dil potensialını üzə
çıxarır. Bu baxımdan bəlkə də
unudulmağa üz qoymuş, lakin əslində tarixən zəngin
dil və fəaliyyət mədəniyyətimizin olmasından
xəbər verən mərək, sac, örüş, əndişə,
harfa, gərmə, kəsif, nəhrə, tuluq, sərnic,
çarıq, şivən, cöngə, sapılca, həmçinin
mətbəx mədəniyyətimizdən xəbər verən
umac, əriştə, südlü şorba, dovğa, bulama, əyirdək,
yal, suluq, kətəməz, ayran, qatıq, pendir və s. kimi kəlmələrin
əsərdə bir-birlərini əvəz etmələrini
görürük. Eyni zamanda müəllif qələmə
aldığı yerin Tağyurd yaylağı, Qanlıca və
Üçtəpə dağları, Zabıx, Şurnuxu kəndi,
Köhnə və Təzə Həsənli kəndi kimi
coğrafi adlarına müraciət edərkən əslində
əhalinin dünyagörüşündə, Vətən sevgisində,
mənəvi-əxlaqi davranışlarında onların nə
qədər önəmli olduqlarını göz önünə
gətirmək ehtiyacı duyub.
Yuxarıda örnək verdiyimiz anlayışların əksəriyyəti
daha çox əsərdə xüsusi seçilən
köç səhnəsində yer alır. Zənnimizcə,
müəllif bəlkə də ədəbiyyat tariximizdə
ilk dəfə olaraq köç səhnəsini, onu doğuran
sosial-iqtisadi, mədəni səbəbləri bədii bir dillə
ifadə etməyə çalışıb.
Xatırlatmaq lazımdır ki, ümumiyyətlə
köç mədəniyyəti bütün türkdilli
xalqların məişət mədəniyyətinin
ayrılmaz bir parçası kimi ən qədim zamanlardan
mövcud olub və müəyyən mənada xalqın zəngin
adət-ənənələrini, mütəşəkkilliyini,
sənətkarlığını, bədii təfəkkürünün
zənginliklərini ifadə edib. Bir-iki ay bundan əvvəl Türkiyənin
Qaziantep şəhərində, Qaziantep Universiteti Sosial Bilimlər
fakültəsinin iclas salonunda Türkiyədə köç
və onun sosial-mədəni problemlərinə həsr
edilmiş konfransda bu problemin nə qədər önəmli
olmasını, bunun xalqın təsərrüfat həyatında,
məişətində, milli mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi və
inkişafında son dərəcə mühüm rol oynaya bilməsi
məsələləri xüsusi qeyd edildi.
Kitabda Həsənli kəndinin sakinlərinin əslində
dədə-baba yurdları olan Tağyurd yaylağına
köç etmələri hadisəsi, yurd yerində bu məğrur
insanların əmək fəaliyyətləri son dərəcə
yüksək bədii dillə ifadə olunub. Əslində,
o dönəmin insanlarının köç ilə əlaqədar
fəaliyyətlərinin romanda yer alması romanın tələbi
ilə meydana gəlmiş bu miqrasiya hadisəsinin xalqın təsərrüfat
həyatında önəmli yer tutmasını xatırlatmaq məqsədi
ilə edilib. Həqiqətən də biz əksər
hallarda keçmiş maddi-mədəni irsimizin öyrənilməsində
daha çox folklor yaradıcılığı nümunələrinin,
maddi- mədəniyyət abidələrimizin bərpası,
araşdırılması və təbliğinə haqlı
olaraq daha çox yer veririk. Bununla daima hərəkətdə
olan köç problemi, onun zəngin xalq təcrübəsinə,
bədii-estetik zövq və tələbatlarına təməllənən
universal yaradıcılıq istedadı istənilən qədər
diqqətə alınmır.
Düşünürük ki, “Daş yağan gün” romanının yazarı Əli İldırımoğlunun köç ilə əlaqədar bədii şəkildə ifadə olunmuş fikirləri bir daha folklorçu alimlərimizin, tarixçilərimizin, etnoqrafçılarımızın köç problemlərinə olan marağını artıracaq.
Həm də inanırıq ki, haqqında söz açdığımız əsər öz aktuallığına, həqiqi xalq dilinə söykəndiyinə həmçinin güclü realizminə görə tezliklə oxucularımızın, həmçinin folklorşünas alimlərimizin diqqətini çəkəcək, onların sevgisini qazanacaq, mənəvi sərvətinə çevriləcək.
Babək Qurbanov,
Fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2011.- 20 avqust.- S. 26.