Onu qəm əlindən şeir
qoparır...
Yessentukiyə gedib gələnlər
sözarası yayda Azərbaycanın yarısı orada olur,
Bakıda axtardığını orda taparsan deyəndə bir
az inanmamışdım.Amma bu yay gedib bunu öz gözlərimlə
gördüm.Bu kurort şəhərində küçələri,
yolları yazağzı quş civiltiləri kimi rus və Azərbaycan
danışıqları doldurur! Hətta bu balansın hardasa
yarı yarıya olduğunu da söyləyə bilərəm.Adamı
belə bir yerində sual da düşündürməmiş
deyil, sayımızın orada bir bu qədər çox
olmasının səbəbi nədir? Burada
üçüncü variant axtarmağın anlamı yoxdur.Ya
doğrudan da Azərbaycanda adamların imkanları nisbətən
yaxşıdır ki, kurortlara axın bir bu qədər
güclüdür, ya da ağır həyat şərtləri
adamların sağlığını sıradan
çıxartdığından nicat və
çıxış yolunu kurort müalicəsində
görürlər.Mən ikinci variantın daha doğru
olduğu qənaətindəyəm. Çünki bu kurort
şəhərinin küçələri kefindən daha
çox dərdinə əlac axtarmağa gələn həmvətənlərimizin
axını ilə yadda qalır.Kimi axtarsan orda taparsan
ehtimalı isə özünü yüzdə yüz
doğruldur.Yəni ikidə-bir ya su qaynaqlarına gedən
yolda, ya da elə su içilən yerlərdə bir çox
tanış-bilişə rastlaşmağım da bunun bir təsdiqi
idi. Onlardan biri də əlli ilə yaxın
tanıdığım şair-publisist Tofiq Hüseyn
olacaqdı.İlk tanışlığımızdan o mənim
yadımda içinin işığı üzünə
çilənən bir adam kimi qalmışdı.Aradan bir bu qədər
illər keçməsinə baxmayaraq bu adamın içindən
üzünə vuran nuru zərrə qədər də olsun
azalmayıb. Həyatımın müxtəlif mərhələlərində
onunla qarşılaşmışdım.İndi burada
Yessentukidə qarşılaşanda nədənsə yadıma
Bakıdakı, Əli Bayramlıdakı az saylı
görüşlərimizdən daha çox yetmişinci illərdə
Moskvada oxuyanda yanıma yataqxanaya gəldiyi, uzun qış gecələrində
az qala sabaha qədər bir birimizə şeir oxuduğumuzu,
dağı arana, aranı dağa
daşıdığımızı xatırladım. Ürəyində
infarktın açdığı şırımları
görməzlikdən gəlsək, belə baxanda üzdən
Tofiq o zamandan bu yana sanki bir o qədər də dəyişməyib.
Bəlkə saçları daha çox ağarıb,
vücudu ətə-qana gəlib.Amma içindəki şair
ilhamından xəbər verən, üzünə tər-təmiz
səhər şəfəqi kimi yayılan şıramlı
ürəyinin ən təmiz qatından fışqıran təbəssümü
zərrə qədər dəyişməyib.
Sözarasında Tofiq mənə biri
şerlərindən, o biri publisistik yazılarından
oluşan “Seçilmiş əsərləri”ni çap
etdirdiyinin müjdəsini verdi.Səhəri gün artıq
birinci cild masamın üstündə idi. Kitaba mənimçün
avtoqraf yazarkən umacaqlı olduğunu da hiss etdirmişdi:Bəlkə
bir-iki səhifəlik bir şey yazasan.
Hər
dəfə Bakıya gələndə bu umacaqla mənə
kitab bağışlayan çox adam olur.Amma kitabın ilk səhifəsindəki
avtoqraf sözləri nə qədər bəlağətli
olsa da mənimçün fərqi yoxdur, elə ilk sətir və
misralar mənə sahibinin bəlkə özünə də məlum olmayan zəif yerlərindən
anındaca xəbər verir. Və mənim də
çox pis bir xasiyyətim var, başımı kəssələr
də içimi isindirməyən bir əsər haqqında tək
cümlə belə yaza bilmərəm.Hərdən Azərbaycan
ədəbi tənqidinin tərif bolluğunda belə mənasız
etiraflara da rast gəlirəm-üz-üzdən
utanır, adam gəlib mənə kitabını
bağışlayıb haqqında yazmağımı istəyir,
necə etiraz edə bilərəm ki?! Belə olanda içindən
bir giley də keçir, adam gəlib sənə
özünü qayadan at desə, atarsanmı?
Tofiq az yazan,
yazdıqlarını da az üzə çıxardan
adamdır. Hardasa yetmiş, səksəninci illərdə
“Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat” qəzetində
şeir silsilələrini də oxumuşdum.Həm də təkəm-seyrək
görüşlərimizdə hərdən özünün
də mənə oxuduğu şerləri vardı.Öz səsindən
dinlədiyim şerləri daha güclü təsir
bağışlayardı. Əldə, ovucda qalacaq mətnə
qiymət verməyə əngəl olan bu təsirlənmələri
onun oxu qabiliyyətinə yozmuşdum...
Bir neçə
ay əvvəl “525-ci qəzet”də silsilə şerlərini
də oxumuşdum. Və bu silsilə də özəlliklə
iki şeri, könlümdən xəbər vermişdi.
Müalicələrdən macal tapıb Tofiqin
“Seçilmiş əsərləri”ni vərəqlədikdə
ilk əvvəl ürəyimə yatan o iki şerin bu kitabda
yer alıb almadığı ilə maraqlandım. Bəzən
bir kitabda bir gözəl şeir varsa, təkcə o gözəl
şerə görə o kitab haqqında yazacağın məqalə
ilə vicdanını yandırmamış olarsan.
Kitabı bu
ovqatla varaqlayacaqdım. Başım daha vacib
yazılara qarışdığından Yessentukidə Tofiqin
kitabından sadəcə onun haqqında müxtəlif illərdə
yazılmış olan X.Rzanın, İ.Tapdığın və
S.Rüstəmxanlının kiçik məqalələrini
oxuyacaqdım.Sözün açığı bu
yazılardakı tərəddüd, yarıinamsızlıq,
içindən keçəni içindən keçdiyi kimi
deməmək sancılarını görüb təəccüblənəcəkdim.
Bu yazılardakı xala xətrin qalmasın abı-havası
xoşuma gəlməyəcəkdi. Yuxarıda haqqında
söz açdığım iki şeir də yetərli idi
ki, bu əsərlərin sahibi haqqından çəkinmədən
söz açasan...
Bəlkə təvazökarlığı
ilə haqqında yazanlara “pası” elə Tofiqin özü
vermişdi. İçini açıb tökdüyü
”Kiçik kənd, balaca dayanacaq...və mən- adsız
şair” etiraf məqaləsində özü bu “pasın” səbəbini
hamıdan yaxşı açır: “Kiçik adamlar,
kiçik kəndlər, gözdən-könüldən uzaq
kiçik dayanacaqlar adamı kövrəldir, onun ürəyinə
qəriblik, həzinlik gətirir. Hətta
adamın içində hərdən dəli bir istək də
baş qaldırır; istəyirsən lap gecənin tən
yarısında bu tənha, kiçik dayanacaqda qatardan yerə
atılasan, qolunu bu dayanacağın boynuna dolayasan, onu ovundurub
könlünü alasan...
Nə
isə...bu kiçik kəndin, bu balaca dayanacağın
adsız-ünvansız, bütöv bir ömür boyu oxucu qəlbində
özünə yuva salmayan, tənqidçilərin nəzər-diqqətini,
mötəbər fikrini, sözünü qazana bilməyən
bir şair var, o mənəm-Tofiq Hüseyn!..”
Qəzetlərin
hansındasa gedən bir müsahibəsində isə başqa
bir etiraf diqqətimi çəkmişdi:..Bütün bunlara
baxmayaraq həyatımdan razı deyiləm.Mənə elə
gəlir ki, nəsə çatışmır. Bu “nəsə”nin
də nə olduğunu bilirəm. Yaxşı şair ola bilərdim,
ola bilmədim”...
Doğrudan da
iç burxuldan etiraflardır.Belə bir kəlam var, siz
özünüz haqqında nəyi
düşünürsünüzsə Allah da onu verir...Daha
Tofiq özü haqqında yuxarıdakı kimi
düşünürdüsə buna Allah neyləməli idi
ki?
Bəs əslində
vəziyyət necədir? Əlimdəki bu kitab
doğrudanmı yaxşı şair ola bilməyən bir
adamın kitabıdır, yoxsa? Bir az da bu suallara
cavab verməyə
çalışacağam.
...Ömrümün yelkəni sahilə çəkir,
Qazandığım
nədir, itirdiyim nə.
İlahi, bir kimsə
inanmadı ki,
Şair
doğulmuşdum doğulanda mən.
...Neçə
dəmir qapı açdım, heyiflər,
Səsi
açılmadı könül tarımın.
Bir çimdik
duz üçün qaçdım, heyiflər
Dadı-duzu
qaçdı misralarımın.
Bir şair taleyi
qoydum sapanda,
Qoydum ki
qayğılar gölünə atım.
İmkansız
dostlarım imkan tapanda
Dost itkisi oldu mənim
tapıntım.
“Bu
qayğılar”
Hələ bu harasıdır:
Mərkəzdə
yaşayıb gözə soxulma-
Keçə bilərsənmi
başa, çətindi.
Özün bir
vəzifə sahibi olma,
Həm də əyalətdə
yaşa, çətindi.
Titrəyir heybəmdən
yapışan əlim,
Bakıya gedirəm xoruz banında.
Heyif, qara
kürü tapa bilmədim
Üzüm ağ olardı şeirim yanında.
“Bakıya gedirəm”
Bu misralar zövq
və imkanların bərabər paylanmadığı məmləkətlərdə
əyalətdə yaşayanların bir də əyalətdən
mərkəzlərə ucalmaq eşqiylə gedənlərin mərkəzlərdə
üzlərinə çırpılan laqeydliyin faciəsinin
etiraf fəryadıdır.
Amma Allahdan ilham
payı olan əyalət şairinin yenə bir təsəlli
yeri də var.Bu təsəlli və ümid yeri olmasa da o, bunu
mütləq axtarıb tapmalıdır, yoxsa əyalətin
üzübozluğunda yaşamaz, yaşaya bilməz? Və bu
şair “kədərli olanda şeri yazır”:
...Məni qəm
əlindən şeir qoparır,
Hələ o
ocaqda gərək yanam mən.,
Müsəlman
imana pənah gətirir,
Şeiri iman
bilən müsəlmanam
mən.
Yaxud,
...İnsana ömürü kainat verir,
Sənə də qiyməti
bu həyat verir.
Gecələr gündüzü mükafat
verir
Gecəni gündüzə qatan
şairə.
Yaxud,
...Bəli yerli şair qalxıb kürsüyə
Oxuyur şeirini
günahkar kimi.
Qızıldan qiymətli bir söz də desə
Yenə qiymətsizdir...
Yerli fabrikin
Toxuyub tikdiyi bir patlar kimi.
“Yerli
şair”
Və o nəşriyyatdan bu nəşriyyata süründürülən
“yerli şairin” nəhayətində ilk kitabı
da işıq üzü görür.Bu elə sevindirici hadisədir ki, hətta şeir mövzusuna da çevrilir:
Sən könül
çırpıntım, sən
könül varım
Neylərdim dərdimə tən
olmasaydın.
Mənim şeirlərim-qız
balalarım
Qız qarıyardılar sən
olmasaydın.
Və...
O qədər kiçiksən cibə sığarsan
O da ki,
nə bilim, eh, hansı cibə...
Tofiq Hüseyn indi əyalətdə yaşayan
bir çox şairlərimizdən fərqli
olaraq sözün tam mənasında əyalət
mövzularını əyalət
şairinin gözüylə
görür və əyalət insanının
böyük şəhərlərin
qarqaşası önündəki
çıxılmaz vəziyyətini
və ruhi halını hamıdan fərqli bir şəkildə dilə gətirir. Bu
yönü ilə o heç kimə bənzəmir.
...Bakıda yaşayan qohumlarımız,
O balaca kənddə,
o qərib kənddə
Hündür binalardan
söhbət düşəndə,
Yaxşı kinolardan
söhbət düşəndə
Sizin adınızı
tez-tez anardıq,
Dalğalı dənizdə üzürsüz
deyə,
Bulvarda, küçədə
gəzirsiz deyə
Sizin adınıza qanadlanardıq.
Bizim fikrimizdə,
xəyalımızda
Ən zərif sözləri
siz deyərdiniz.
Bizim fikrimizdə,
xəyalımızda
Ən gözəl patları
siz geyərdiniz.
Bəs sonra?:
...Fikrimiz qatardan yeyindi yaman
O gecə vaqonda yatammadıq biz
Sabah boynumuzu qucaqlayacaq,
Sabah üzümüzdən
öpəcəkdiniz.
Bəs son nəticə?:
...Çamadan qapının ağzında
qaldı
Zənbilə mətbəxdə yer elədiniz...
Bir zamanların
əmək adamı Sərdar İmrəliyevə
həsr etdiyi “Bəlkə ilk dəfəydi
“ şerində təsvir etdiyi mənzərə qəhrəmanın
ovqatını açmaq
baxımından diqqəti
cəlb edir:
Tarla düşərgəsindən
bir az
aralı
Dayanmışdı Sərdar qanı
qaraydı.
Başının
üstündən
Sağsağanlar uçub gedirdi
hayla-harayla.
Göy üzünə
qara bulud sərilmişdi
Yer üzünə-məhsulu boşalmış tarla.
Göründüyü kimi bu şeirlərdən əyalət
ətri gəlir, əyalətçilik yox.
...Bir qız
mənə baxdı
Gülümsəyərək
Sandım talan etdi könül varımı.
O öz dodağını qızartdığı
tək
Qızartdı mənim də yanaqlarımı.
“Bakıya ilk dəfə gəlmişdim
o gün”
Əyalətdən Bakıya gələnlərin
hamısının qədərindən
bu üzü qızaran tale həzin bir xətt kimi
keçir.Amma Tofiq Hüseynin özündən
fərqli olaraq ona “əyalət şairi” demək insafsızlıqdan başqa
bir şey deyil.Bunu elə indi örnək verəcəyim misralar da hayqırmaqdadır:
...Bulud yorğan
kimi sərilib göyə
Qoynunda ulduzu, ayı yatırdı.
Çığıra-çığıra uçan ördəyə
Kimsə uzaqlardan güllə
atırdı.
“Qış axşamı”
...Gecə lampaları-işıq kədəri.
“Gecə
lampaları”
...“Vağzalı” xoşxəbər müjdəçilərtək
Kəndə haray salır,
hay salır bu gün.
Bulağın üstündən bir saxsı sənəg,
Tarladan bir mahnı azalır bu gün.
...Qızlar dövrələnib bir halay qurur
Yanaqlar qırmızı, gözlər
badamı.
Qızın qardaşları
tutulur, durur
Əl-ayaqda gəzir oğlan
adamı.
“Qız
gəlin köçür”
Yessentukidə məndən bir
iki səhifəlik yazı yazmağımı
uman Tofiq Hüseynə başımın
bu aralar daha vacib işlərə
qarışıq olduğunu
demişdim. Amma kitabını
oxuduqca içim rahat olmadı. Əyalət
ağrılarıyla dolu
olan bu kitabı
oxuduqca bir əyalət oğlu kimi mənim də içim sızladı. Və
ilk şerləri çox
gec gün işığı görən,
əl boyda ilk kitabı neçə illərdən sonra oxucusunu axtarmağa çıxan, ədəbi
tale baxımından hər
zaman harasa tələsən və tələsməsinə rəğmən
hər zaman da geriyə düşən və hələ də Yazıçılar və
Jurnalistlər ittifaqlarının
üzvü olmayan bu şair dostumuzun
heç olmasa mənim on-onbeş cümləlik yazımın
gecikməməsini düşünüb
Bakının 33 dərəcəlik
bir avqust gecəsinin boğanağında
bilgisayarı qarşıma
aldım.Qoy heç olmasa Şirvanın qovurucu yay istiliyini
qandırıb infarktlara
tuş olan ürəyini Yessentuki mülayimliyində ovudan dostumuza bu yazı
da kiçik bir sürpriz olsun.Əlimizdən az da olsa insanları
sevindirmək gəlirsə,
buna bir an öncə etməyimiz gərəkdiyini düşündüm.
Avqust, 2011.Bakı...
MƏMMƏD
İSMAYIL
525-ci qəzet.-
2011.- 20 avqust.- S. 27.