Flora XƏLİLZADƏ

 

Hər dəfə Əbülfət Mədətoğlunun yeni kitabını əlimə alanda qəribə hisslər keçirirəm. Görəsən, şair qardaşım bu dəfə məni hansı misraları ilə heyrətə gətirəcək, ürəyimdə dərd bağlamış ana yurd adlı niskilimi həsəd ruhlu misralarla oxşayacaq. Bu şairi oxumaqdan da qorxuram, oxumamaqdan da... Qorxuram ona görə ki, məni məndən alaraq çox uzaqlara aparacaq. Qarabağdan keçirərək Zəngəzura qovuşduracaq. Sonra da geri çəkəcək. Hər şey yuxu kimi tərsinə yozulacaq. Qorxuram ona görə ki, oxumasam, ruhuma qida verən, dərdlərimə sığal çəkən, gileylərimi dilə gətirən, gözlərimi yollardan çəkən misralardan xəbərim olmasın...

Neçə il öncə oxuduğum bir şeiri məni necə haldan-hala salmışdı, bu gün də unuda bilmirəm. Dilimin əzbəri olan “Bəxtəvər ipəkqurdları ölür evinin içində” misraları cızdağımı çıxarmışdı. Doğma yurdun həsrətini bu qədər dəqiq və həssaslıqla, həm də həsədlə ifadəsi əslində poeziyada tapıntı idi. Elə Əbülfətin şair kimi də hansı bir duyğuya, düşüncəyə, ən başlıcası istedada malik olması barədə də ədəbi ictimaiyyətə, şeirsevərlərə çox uğurlu mesajı idi. Elə bu misralar da Əbülfət Mədətoğlunun şeir dünyasına bir açar oldu.

Mətbuatdakı çıxışlarını müntəzəm və ardıcıllıqla izləyirəm. Əslində hər gün oxuduğum müəllifdir. Publisistikası ilə şeirləri çox vaxt birgə yol gəlir. Bəzən də bir-birini tamamlamağa çalışır. Mənim düşüncəmə görə Əbülfət əslində çox istedadlı şairdir. Bir dəfə özünə dedim ki, bəlkə heç məqalə-filan yazmayasan? Onlara həsr edilən vaxt hansısa şeiri öldürür, yaxud da vaxtında doğulmasını ləngidir. Cavabı məni çox mütəəssir etdi: “Çörək pulu da qazanmalıyam, bacı...” Nə olaydı, şairlərin dolanışıq sarıdan problemi bu dərəcədə üzə durmayadı? Eh, hansımız bu lənətə gəlmiş töhməti boğazımıza keçirdərək sözü sağa-sola yürütmürük ki?!

Əgər bu gün “şairlər” bolluğu arasında iki-üç əsl şair varsa, onun biri də məhz Əbülfət Mədətoğludur. İstedadı olmayanın şairlik eşqinə düşməsi, vallah, zorən təbiblikdir. Savadsız həkim insanın fiziki sağlamlığına hansı zərəri vurarsa, belə “şairlərin” də yazdıqları mənəviyyata zərbədir. Oxucuya mənfi emossiyalar gətirməkdən, əsəbləşdirməkdən savayı kor qəpiyə də dəyməz. Təəssüf ki, yüz il öncə deyilmişlərin belələri tərəfindən solğun, savadsız, bəzən də şit, yersiz təkrarı sözü urvatdan salmaqdadır.

Əbülfət Mədətoğlunun şairliyi Tanrının ona bağışladığı vergidir, istedaddır. Bu səbəbdən də poetik çeşməsindən süzülüb gələn misraları da bal şirinliyi, qəlb hıçqırtısı, könül xoşluğu ilə elə həmahəngdir ki, oxuduqca doymursan, yorulmursan, ürəyinə qəribə bir istilik və sərinlik dolur:

 

Məni sevdin, cəzalandın –

üzünə baxan olmadı.

Namaz ötdü – qəzalandın –

kimsə səninçün qılmadı.

 

Bax, elə “Ədalət” qəzetində oxuduğum bu şeirin təsiri altında idim ki, özü gəldi. Stolumun üstünə nəsə qoyaraq getdi. Yeni kitabı idi: “Hər görüş bir ümiddi”. Ədəbiyyatşünas alim Nizami Cəfərovun ön sözü ilə işıq üzü görən bu şeirlər toplusu Əbülfət Mədətoğlunun şair dünyasından qopan poetik söz külçəsidir.

Sevinclə, həvəslə, böyük məhəbbətlə, nə gizlədim, bir az da qorxu hissi ilə kitabı vərəqlədim. Birbaşa oxumağa ehtiyatlandım. Unudulmaz Bəxtiyar Vahabzadə demişkən, görəsən, Əbülfət yenə hansı misrası ilə tüstümü təpəmdən çıxaracaq? Axtarış uzun çəkmədi:

 

Zaman məni duymalıydı

Pıçıltımı yaymalıydı.

Yüzə kimi saymalıydı –

İtirdi yüzündə məni...

 

Əbülfət Mədətoğlunun şeirlərində qəribə bir ovqat duyulur. Hər kəsə doğma, yaxın, əziz olan bu əhval-ruhiyyənin daxilində gizlənən dərdin böyüklüyü oxucunu düşündürür, heyrətləndirir:

 

Yorulmuş at kimiyəm,

Sınmış qanad kimiyəm,

O qədər yad kimiyəm –

Hamı ötür yanımdan...

 

Müəllifin şeirlərində nə qüdrət varsa, oxuyan anda qanına, ruhuna hopur. Özünü onun cazibəsindən xilas edə bilmirsən. Bütün işini, gücünü bir yanda qoyaraq Əbülfəti oxumaq istəyirsən. Hərdən də adama elə gəlir ki, Əbülfətin imzası ilə çap edilmiş bu şeirlər sənin özünə məxsusdu, dilinin ucundadı. Bu səbəbdən də onun şeirlərilə min ilin dostu kimi görüşürsən. Bu da bir ədəbi uğurdu. Şairi oxuculara sevdirən, yaxınlaşdıran da onun şeirlərindəki ruh yaxınlığıdı. “Bəxtim dərin quyudu, daş atıram səs gəlmir”. Çox gözəldi. Allah sənə insaf versin, qardaşım! Bizi niyə öldürürsən? Nə qədər çalışsaq da, şeirlərinin ruhuna qoşulub üzü küləyə sarı getsək də, nə qulaqlardakı pambığı çəkə bilərik, nə gözlərdəki qara eynəyi?

Düşüncələrini, ürəyinin odunu kağıza sıxmağı bacardığından şeirlərində Əbülfətin dünyasının şəkli görünür:

 

Mən tale yolçusu, söz axtaranam,

Kül eşib içindən köz axtaranam.

Özümə təsəllidöz axtaranam,

Özgə bir gəlmir, vallah əlimdən.

 

Hər kəsin Tanrıdan bir haqq umacağı var. Amma biz bu haqqı əslində konkret görə bilmirik. Nigarançılıq olmasın deyə açılan səhərlər, batan günəş, doğulan körpələr, qaralan ömürlər, bir sözlə, toylu-vaylı bu dünyanın özü Tanrının bəşər övladına bağışladığı haqdır. Bu haqdan kimə düşür, deyə bilmərəm. Vay o gündən ki, insan insanın əlindən o haqq qopara?! Necə deyərdi Məmməd Araz: “Qoruyun dünyanı ağıllılardan, ağıllı azdıqca ağılsız artır”. Ədalətsizliyə, haqsızlığa qəribə bir etirazı var Əbülfət Mədətoğlunun. Əslində onun şeirlərində şikayət yox, dərdin, qəmin, belə olmalıbmış kimi təsdiqi var. Şairlər Allahın söz elçiləridir. Əbülfət yaxşı bilir ki, bəndədən gizli qalan Allaha ki əyandır...

 

Həmişə əlim göydə,

Yəqin ki, görür göy !

Bu durumda, bu heydə,

Mən səndən incimirəm.

 

Dünəni bilmədən sabaha getmək olmaz, deyirlər. Bizlərsədoğulduğu yurdu itirənlərdünənə boylana bilmirik, axı?! Beşiyimiz yellənən yerlərin xəyalı bizi dirigözlü öldürür. Dünəndə vətən, bu gündə qürbət, sabahda... həsrət, yoxsa... Bilmirik, axı? Biz öz-özümüzlə hansı davaya qalxmağımızdan, çəkdiklərimizin ruhundan doğan suallara cavab axtarmağımızdan asılı olmayaraq Əbülfətin dedikləri bir ağrılı həqiqətdir.

 

Qəfil düşdüm qəribliyə, uzağa

Az qaldı ki, gözlərimdən buz axa...

İndən belə məni bükün, yüz ağa

Yenə həm qəm içimdə qalacaq.

 

Əbülfətin şeirləri tufan kimi, sel kimi bizi mürgülü günlərin əlindən alır, ürəyimizi tərpədir: “Yuyulub sərilmişəm, yay kimi gərilmişəm”. Elə ona görə şair öz ömrünün kodeksini bədiiləşdirərək bizə təskinlik üçün söyləyir:

 

Bilmədim heç hardan,

ya nədən keçdim,

Həmişə ağrını, çətini seçdim.

Mən odu qaldırıb su kimi içdim

Adam tək yıxılıbölmək haqqım yox!

 

Bu itən ömürlərin ağrı-acısında əriyən dünyanın sirləri çoxdur. Əbülfəti bir şair kimi oxuculara sevdirən onun orijinallığıdır. Min ilin köhnə sözünü təzə libasda söyləməyi bacarmasıdır: “Allah özü dərdlərimi taleyimin naxışı bilir”. xoş ki Əbülfət Mədətoğlu ağlı ilə ürəyinin dediklərini bir cığırdan keçirməyi bacaran söz ustadıdır:

 

Bu yuxudu, nağıl,

ki günah işidi.

Birləşib ürəklə ağıl

Bu, yalnız Allah işidi.

 

Əbülfət Mədətoğlunun şeirlərindəki bir məziyyəti qeyd etmək vacibdi. Bu da şairin səmimiliyidir. Xalislik üçün bu mənəvi keyfiyyət başlıca şərtdir. Adicə insani münasibətlərinin nüvəsində səmimiyyət olanda hər şey gözəl olur. Şeir səmimiyyətdən yoğrulanda, mayasında təbiilik olanda həm oxucuya xoş gəlir, həm poetik mündəricatı zənginləşir.

 

Adam dolu şəhərdə

Gəzirəm, görən olmur.

Bir şəhərlik adamdan

Bezirəm, görən olmur.

 

Əbülfətin şeirlərində xoş gələn bir cəhət müəllifin etiraf etməyi bacarmasıdır. Təzadlarla dolu dünyamızın bəxşişlərindən çox ağrılar yeyən lirikmən”in üzləşdiyi mənzərələr oxucuya da tanışdır:

 

Dərddən asılı qalmışam,

Ayağım torpağa çatmır.

Gözlərim sayır meyvəni

Əllərim yarpağa çatmır.

 

Bütün dərdlərin, qəmlərin əlində çırpındığı bir məqamda da ona zülm verəni bağışlamağı bacarmaq qəlbin böyüklüyüdür. Bu mənada yenə üzünü Yaradana tutub əzabları üçün şükür edən müəllifin nikbinliyi xoş təsir bağışlayır:

 

Hər şeyi bilən Tanrıdı,

Sadəcə, biz xətt çəkirik.

Qoyuruq daşı daş üstə

Guya ki sərhəd çəkirik.

 

Söz axtarışında əziyyət çəkməyən bir xiridardır mənim şair qardaşım. Sanki sözlər özü bir mələk kimi onun qələminin başına fırlanaraqməni , məni yazsöyləyir. Əbülfət bəlkə yeganə şairdir ki, onun şeirlərində dərd çox əziz, sevimli varlıq kimi vəsf olunur. Bəlkə mən ilk dəfədir ki, bu şairdən eşidirəm: “Hey gəzdim, canı fikirli, heç dərdi acı görmədim”. Haqqa sığınan, ona ibadət edən bir insan başqa cür düşünə bilməzdi. Nizami Cəfərov söyləyir: “Şair Əbülfət Mədətoğlu ictimai-siyasi prosesin yox, ədəbi-bədii prosesin övladı, varisi olduğu üçün istər-istəməz ədəbiyyatın məntiqini müdafiə edərək çox maraqlı bir qarşılaşdırma ortaya qoyub. Şəxsən mən onun şeirlərini poetik kəşf hesab edirəm”. Əlbəttə, Əbülfətin şeirlərinin xəritəsi mənəvi sərvətlərlə çox zəngindir. Onun bütün məqamları haqqında saatlarla danışmaq olar. Ən yaxşı halda bu şair haqqında geniş təsəvvürə malik olmaq üçün ilk növbədə onu oxumaq gərəkdir. Oxuyaq bilək ki, əsl söz necə deyilməlidir? Əsl şeir necədir əsl şair kimdir? Əbülfətin şeirləri müasir Azərbaycan poeziyasının yeni cizgiləridi. Bu şeirlərdə əks olunan o böyük kədərsə müəllifin öz taleyinin naxışıdır!..

 

 

Flora XƏLİLZADƏ,

yazıçı-publisist

 

525-ci qəzet.- 2011.- 27 avqust.- S. 24.