Aslan QƏHRƏMANLI
Hələlik
qocalma, Tofiq Abdin!
Tofiq
Abdinin 70 yaşı var.Bu çoxdurmu, azdırmı, heç
kəs bilmir, müəmmalı məsələdir, bircə
onu demək olar ki, bu yaşı ona sadəcə vermək
mümkün deyil. On il, iyirmi il, otuz il, qırx il əvvəl
necə idisə, indi də eləcədir. Maşallah, göz
dəyməsin! Mirzə Ələkbər Sabirin misraları
yada düşür:
Şəhri-məlumunuzun
vəzi-qərarı
necədir?
Həmdilullah,
necə görmüşdüsə Nuh,
öyləcədir.
Bu
beytdə “şəhri-məlum” əvəzinə “Tofiq Abdin”
yazmaq olardı. Sabirin ruhu şad olsun!
Çox
güman ki, burada elə bir sirr də yoxdur. Bəzən biz
tamamilə təbii, qanunauyğun hadisələri möcüzə
hesab etməkdən zövq alırıq.Onsuz da hər bir
şəxs altı yaşında artıq
formalaşmış olur və onun xüsusiyyətləri
sonradan çox az dəyişir.
Mənim bir dostum vardı. Güney Azərbaycandan lap uşaq vaxtı Bakıya gəlmişdi; orada ikinci sinfi bitirmişdi; İranda da ikinci sinfə “dəvvam” deyirlər. Həmin dostum burada orta məktəbi, texnikumu, institutu, aspiranturanı bitirmişdi, amma həmişə deyərdi ki, mən “dəvvam”ın üstündəyəm, yəni biliyim heç artmayıb. Əlbəttə, bu bir az mübaliğədir, amma həqiqət yükü də olmamış deyil.
Tofiq Abdin də az dəyişib. Bəlkə də bu gözümüz önündə baş verdiyindən bizə belə görünür. Amma orası mübahisəsizdir ki, o qırx il, əlli il əvvəl necə idisə, eləcə emosionaldır, narahatdır, hövsələsizdir, dəymə-düşərdir, tez inciyən, tez barışandır, yeniliyi başqalarına nisbətən daha asanlıqla qəbul edəndir, cavanlarla oturub durmağı və onlar kimi geyinməyi xoşlayandır, yumurtanı, kolbasa və sosiskanı digər yeməklərdən daha çox bəyənəndir...
Tofiqi mən keçən əsrin (vay, bu əsr necə tez keçdi!) altmışıncı illərindən tanıyıram. Ədəbiyyat dərnəklərinə gedərdik. Yazıçılar Birliyinin (o zaman İttifaq deyirdilər) Natəvan klubunda, Lenin adına və Sabir adına kitabxanalarda yığışıb şeir, hekayə oxuyardıq, bir-birimizi tərifləyər, yaxud tənqid edərdik. Bu cür dərnəklərin çox böyük əhəmiyyəti var idi. Həmin ədəbiyyat həvəskarları bir-bir ilə ünsiyyət qurur, həm də yazıları barədə fikirlərlə tanış olurdular. Bunlar onların birinci növbədə qabiliyyətinə kənardan baxanların münasibətini bilmək və yazılarına tənqidi yanaşmaq baxımından əhəmiyyətlidir. Mənim bir şair dostum var. Həmişə ona deyirəm ki, sənin əsas nöqsanın dərnək görməməyindir, dərnəklərdə şeir oxusaydın, məsələn, filan misranı, yaxud beyti bu cür yazmazdın.
Tofiq dərnəklərdə çox fəal idi, iddialı idi, inamlı idi, həm şeirlər oxuyurdu, həm də həmyaşıdlarının şeirlərini təhlil edirdi.
İndi o vaxtdan illər keçib.Tofiqin çoxlu kitabları çapdan çıxıb. Onların içərisində hekayələr də var, şeirlər də, publisistika da var, memuar da...
Bir zamanlar cavan vaxtlarımda gündəlik yazırdım. Hər gün baş verən hadisələri qısaca bir-iki cümlə ilə dəftərə qeyd edirdim. İndi o dəftərə baxıram və orada Tofiq Abdinlə bağlı yazılar da görürəm. Məsələn, aşağıdakılar 1970-ci ilə aiddir:
3 iyun. Tofiqin aldığı evə baxmağa getdim. Naxalstroyda çoxsaylı gecəqondulardan biridir. Çoxlu kəm-kəsiri olsa da yaşamaq olar. Elə orda futbola baxdıq. Rumınlar az qala ingilisləri udacaqdılar. Yaxşı oynayırdılar. Heyf ki, uduzdular.
7 iyun. Bu gün bazar günüdür. Guya istirahət edirəm. İstirahət də ondan ibarətdir ki, Tofiqin evində iki futbol yarışına baxmışam. SSRİ – Belçika (4:1) və Braziliya – İngiltərə (1:0).
30 iyun. Bu gün Azərbaycan radiosuna getmişdim. Mövluda iki hekayə verdim. Tofiq
Məhərrəmoğlu da ordaydı.
4 iyul. Saat 12-də Tofiqlə Çingiz Əzizovun rəsmlərinə
baxmağa getdik. Məhsuldar işləyən
rəssamdır. Tofiq onun barəsində
radioda veriliş hazırlamaq fikrindədir.
4 sentyabr. Tofiq
dedi ki, Mövlud radionun incəsənət şöbəsinə
keçib.
12 sentyabr. Elman (Mehdiyev) bir toğlu
almışdı. Günortadan sonra
yığışıb kabab bişirdik. Səkkiz nəfər
idik: Yusif, Ziyəddin, Mahmud, Rəhim, Tofiq, İsmayıl, mən
və bir də, əlbəttə, evin sahibi Elman.
23 sentyabr. Tofiqlə bərabər xeyli gəzdik, dərdləşdik.
30 sentyabr. L.İ.Brejnev Bakıya gəldi. Heç yerə getmədim. Ç.Aytmatovun
“Belıy paroxod” povestini oxuyuram.Tofiqdən almışam.
2 oktyabr.
Dünən Tofiqin “Adlerdə bir körpü
var” povestinin əlyazmasını oxumuşam. Bu gün fikirlərimi müəllifə bildirdim.
İnanmıram ki, yaxın vaxtlarda onu çap
etdirə bilsin.
4 oktyabr.
Elman axşamüstü xəbər verdi
ki, evi satmışdır. Köçürəm Yasamala. Tofiqlə qonşuluqdan gedirəm Ağasəfa ilə
qonşu olmağa.
Buradakı sxematik təsvirlərdə mən nə
görürəm? Ömrümüzün bir
parçasını. Elə bir
parçasını ki, orada örnək olacaq heç nə
yoxdur, qeyri adilikdən isə söhbət belə gedə bilməz.
Amma orada mənim üçün həyat var və
oxucu o həyatı yalnız təsəvvür edə bilər.
Mən isə həmin anları
xatırlayıram və Nazim Hikmət haqqında, Çingiz
Aytmatov haqqında, Tofiqin və mənim yazılarım
haqqında mübahisələrimiz yadıma düşür.
O zaman biz cavan idik, şəraitimiz, gəlirimiz olmasa da gələcəyimizə
ümidli idik. Tofiq hərbi qospitalın
yaxınlığında gecəqondu bir daxma
almışdı, orada yaşayırdı, mən isə
dostum Elmanın evində qalırdım, təzəcə evlənmişdim,
sonra isə dostum evini satdı, mən Mariya adlı bir
arvadın mənzilində bir otağı kirayələyib ora
köçdüm.
Həmin
vaxtdan 41 il keçib. İtirdiklərimiz
də olub, qazandıqlarımız da.
Tofiqin kitablarından ikisini daha əhəmiyyətli
sayıram. Onlardan birinin adını “Poeziya”, o birinin
adını “Proza” qoyub. Bunlardan birincisinə
onun seçmə şeirləri, o birinə seçmə nəsr
əsərləri daxil edilib. Maraqlıdır ki, o, “nəsr”
əvəzinə “proza” işlədir, “Proza” latıncadır,
çox dillərə keçsə də, biz ərəblər
kimi “nəsr” işlədirik, Türkiyədə də azca fərqlə
“nesir” qəbul edilib. Maraqlıdır ki, ərəblərdə
üç cür tələffüz edilən “s” səsi var,
işarələri də fərqlənir, birinə “sə”, o
birinə “sin”, üçüncüsünə “sad” deyirlər.
Proza bildirən “nəsr” sözündə “sə” hərfi
yazılır; “sin” yazılsa, “qartal” mənası, “sad”
yazılsa “kömək” mənası verir.
Bütün
bunları ona görə deyirəm ki, uzun müddət
Türkiyədə jurnalistlik fəaliyyəti ilə məşğul
olmuş Tofiq Abdin osmanlı ləhcəsində olan çoxlu
sözlər işlədir, məsələn, bir şeyi
yekunlaşdıranda “tamam” deyir, “salat” əvəzinə
“salata” işlədir, “mötərizə” demək
lazımdırsa, “parantez” deyir. Yeri gəlmişkən, onun
“Ah, İstanbul, İstanbul...” kitabında Türkiyə barədə
fikirləri, jurnalistlik fəaliyyəti ətraflı göstərilib
və burada da bizim işlətdiyimiz və ya çox az işlətdiyimiz sözlərdən
çox istifadə edilib.
Türkiyəni ikinci vətəni hesab eləsə də,
o qəriblikdə olduğunu yazılarında hiss etdirir. Məsələn, onun bir
şeiri belədir:
Sən qəribliyin
rəngini bilirsənmi
bilirsənmi
qərib
üçün günəş doğmur
səhər açılmır qəriblikdə
axşam
düşmür qəriblikdə
Elə
buradaca yadımdan çıxmamış diqqətinizə
çatdırım ki, o, şeirlərində demək olar,
durğu işarələrindən istifadə etmir: kim necə istəyir elə də oxusun. Ona görə də mən yuxarıdakı misralarda
heç bir durğu işarəsi qoymadım.
Madam ki,
söhbət şeirdən düşdü, elə buradaca
Tofiqi publisist, nasir, teatrşünas hesab eləyənlər
var, amma əksəriyyət onu jurnalist kimi qəbul edir,
çünki o, yazıçılarımızın
içində ən çox jurnalistika ilə məşğul
olandır. Lakin mənə görə o
şairdir, sənədli hekayələrində də, bədii
nəsrində də (bağışlayın, prozasında
da), hətta informasiya xarakterli yazılarında da şairdir.
Həm də onun şeirləri heç kimi
xatırlatmır, sərbəst şeirləri də, klassik
üslubda yazılmış şeirləri də yalnız
onun özünə məxsus fikirlərin, duyğuların və
yenə də onun özünə məxsus şəkildə
yazılışıdır. Onun lap çoxdan
yazdığı bir şeiri belədir:
Gecə
gecələyir
daş
küçələrdə,
İşıqdan
ağ pərdə
pəncərələrdə,
Bir otaq
işıq içindən
baxaram
gecəyə,
İşıqlar
divarla iməkləyərək –
qalxar
üst mərtəbəyə,
Tramvaylar
yol gedər –
başımızın üstündə
Şimşək
çaxar,
gecə
odlanar.
Qığılcımlar
qızıl yağış tək
çiynimizə yağar.
Şirin
yuxusundan
oyanan
körpələr kimi
reklamlar
göz qırpar.
Elə
bil kəpənəklər tora düşüb
qanadlarını çırpar...
Bu uzun sitat Tofiqin 1972-ci ildə çap olunmuş
bapbalaca bir kitabçasındakı “Şəhərdə gecə”
şeirindəndir. Gözəl şeirdir. Burada hər şey yerindədir və Bakının
necə olduğu bədii boyalarla dəqiq təsvir edilib.
İndiki şəhərimiz buna uyğun gəlmir,
çünki tramvayları çoxdan yox eləyiblər.
Tofiq təkcə tərənnüm etmir,
nöqsanları da göstərir və oxucunu
düşünməyə məcbur edir. Onun cəsarətlə
yazılmış şeirləri əvvəllər də
vardı, indi də var. Bircə nümunə göstərəcəm:
Bu xalq müdrikliyi
sevdi
bir də
müdrikcəsinə qırıldadanları
müdrik
görünmək üçün
can
atdı, cansız qaldı
qanına
min cür qan qatdı
qansız
qaldı
Bir vaxt
Allahı tanımayanlar
Allahlı
oldu
bir vaxt
Allahı tanıyanlar
Allahsız
qaldı
Bir yolu
olmadı ki
o yolla
getsin
bilmədi ki sağa getsin,
bilmədi ki sola getsin
ən
gözəl yolu tapdı
yerində durub saymaq
və
heç nə olmamaq
Burada bir
ağrı var: insan ətalətinin doğurduğu bəlaların
dərk edilməsindən doğan bir ağrı. Burada bir inam
var: doğru yolun seçiləcəyinə inam.
Tofiqin bədbin şeirləri əsasən əbədi
“olum ya ölüm” probleminə həsr olunub. Məncə, belə
şeirlərinin ən yaxşılarından biri budur:
Mənim
yoxluğumda
bir
ölüm doğulacaq
Onun beş yaşı olacaq
Sonra on
yaşı olacaq
Sonra on beş yaşı olacaq
Sonra...
çox sonra...
yüz
yaşı olacaq
və o
da qocalacaq bir gün
amma
ölməyəcək o ölüm.
Bu
şeir on iki il əvvəl yazılıb.
Onda Tofiqin 58 yaşı var idi. Sonra 60
yaşı oldu, sonra 65 yaşı oldu, indi 70 yaşı var,
sonra75 yaşı olacaq, sonra 80 yaşı olacaq. Sonra... çox sonra... yüz yaşı olacaq və
o da qocalacaq. Amma Tofiqin
yaratdıqlarının çox böyük hissəsi
qocalmayacaq.
Hələlik
qocalma, Tofiq Abdin! Özün yazdığın
kimi yüz yaşında qocalarsan.
Avqust, 2011
Aslan QƏHRƏMANLI,yazıçı
525-ci qəzet.- 2011.- 27 avqust.- S.
22.