Qulu Məhərrəmli:
“Jurnalistika təhsili sahəsində böyük yeniliklərə
ehtiyac var”
“MƏTBUATDA REKET MƏSƏLƏSİ
JURNALİSTİKANIN DEYİL CƏMİYYƏTİN,
İCTİMAİ ƏXLAQIN PROBLEMİDİR”
Müsahibimiz Bakı Dövlət
Universitetinin professoru, Xəzər TV-nin siyasi
icmalçısı, nüfuzlu media eksperti Qulu Məhərrəmlidir.
Uzun illərdir media sahəsində çalışan Qulu
müəllim hələ orta məktəbdə oxuyanda
jurnalist olmağı qərara alıb. Halbuki qohum-əqrəba
arasında, eləcə də oxuduğu Şuşa internat məktəbində
ona prokuror olmağı məsləhət görürdülər.
Nəyə görə jurnalist olmağı istədiyini
özü üçün dəqiq təsəvvür edə
bilmədiyini deyir.
–
Televiziyalarda reportajlar izləyirdim, tənqidi yazıları, həqiqəti
üzə çıxaran araşdırmalar
görürdüm. Beləliklə, 8-ci sinifdə artıq qət
eləmişdim ki, jurnalist olacam. Jurnalist peşəsini
seçdim və indi də hesab edirəm ki, düz etmişəm.
Çünki jurnalistikanı deyil, başqa sahəni seçsəydim,
yəqin ki, həyatımın bu qədər dinamik
olmayacaqdı. Jurnalistika yeganə sahədir ki, insanlardan həqiqəti
ortaya çıxarmağı tələb edir. Başqa
heç bir peşədə belə tələb yoxdur. Bu,
jurnalistika üçün çox nadir keyfiyyətdir.
Düzdür, sovet dövrünün jurnalistikası ilə
müasir dövrün jurnalistikası arasında çox ciddi
fərqlər var. Çünki o zaman jurnalistika və həqiqət
anlayışı bir-birlərindən xeyli uzaq idi. Amma
çox sevinirəm ki, müstəqillik dövründə,
xüsusilə də onun ilk illərində həqiqəti
üzə çıxarmaq, jurnalistlərin özlərini ifadə
etmələri mənasında çox gözəl imkanlar
olub. Jurnalistikanın meyarlarının çiçəkləndiyi
bir dönəm var idi. Mən də bir babat jurnalist kimi həmin
dövrdə tanına bilmişəm.
– Sizin
bütün jurnalist fəaliyyətiniz televiziya ilə
bağlı olub. Bu, qəzet jurnalistikasına
marağınızın olmamasından irəli gəlib, yoxsa
başqa səbəblə bağlı idi?
– Yox, sadəcə
tale belə gətirib, mən universiteti TV ixtisası üzrə
bitirmişəm, amma tələbəlik illərində mən
bir neçə qəzetdə istehsalat təcrübəsində
olmuşam, xeyli yazıb-pozmuşam. “Bakı”, “Azərbaycan gəncləri”,
“Sovet kəndi”qəzetlərində, “Azərbaycan
qadını”, “Müxbir” jurnallında oçerklərim dərc
olunub. İkinci kursda “Şuşa” qəzetində
təcrübədə olanda şəhər partiya komitəsinə
ixtisasca jurnalist olan Qəşəm Aslanov rəhbərlik
edirdi. Biz – indi xeyli məşhur olan Vaqif Bəhmənli
və İTV baş direktorunun müavini Çingiz Aslanla
birlikdə qəzetdə Şuşanın problemləri ilə
bağlı bir səhifəlik yazı vermişdik. Qəşəm müəllim bizi təxminən
yarım saat qəzəblə danladı ki, bu nədir, ancaq
nöqsanlardan yazmısınız, sonra deyəsən jurnalist
damarı işlədi və elə yarım saat da təriflədi
ki, düz eləmisiniz, əsl jurnalist belə olmalıdır.
Mən onda bir daha hiss etdim ki, bu çox önəmli peşədir.
Təbii ki, televiziyaya gəlişim birdən-birə
olmadı. Mən 3-cü kursdan, 1975-ci ildən, intensiv olaraq əvvəlcə
radio, sonra TV ilə əməkdaşlıq etməyə
başladım. Beşinci kursda, 1978-ci ildə
artıq demək olar, redaksiyalar mənim üstümdə dava
edirdilər ki, hansı redaksiyada işləyim. “Xəbərlər”
redaksiyasına ştata qəbul edildim və 3-4 il
reportyorluq etdim. Onda xəbərlərin baş
redaktoru Ənvər Qafarlı idi və gənclərə bir
qədər yaradıcılıq sərbəstliyi verən,
yaradıcı insanları qiymətləndirən rəhbər
kimi onun qayğısını hiss etmişəm. O zaman
“Xəbərlər”də sanki bir yarış gedirdi. Burada Ələkbər
Abasov kimi nəhəng bir jurnalist var idi, biz Zeynal Məmmədli,
Gülşən Əkbərova, Gülşən Salmanova,
Telli Pənahqızı, Nadir Abdullayev, Qərib Əhmədli
kimi maraqlı reportyorlarla birgə
çalışırdıq. Onda biz xəbərlə
işləməyi, xəbəri
duyub-çatdırmağı öyrənə bildik.
Televiziyanın təbliğat damarı onda da, indi də bir az güclü idi. Bununla
yanaşı jurnalistika ilə də məşğul olmaq
imkanları var idi.
– Amma o
şəraitdə də Siz xeyli fərqlənib tanına
bildiniz...
– Əslində bu da bir tale məsələsidir,
şübhəsiz ki, burada məndən də istedadlı
adamlar vardı, amma onların bir çoxu nəfsinə yiyəlik
eləmirdilər, tamah və bununla bağlı olan naqislikləri
başqa yola aparırdı. Ekrandakı
yalanların və yaltaqlıqların bir çoxu, məhz
buradan qaynaqlanırdı. Aşkarca
görürdüm ki, nəfsinin qulu olanlar, təmənnalılar
nəyə desən gedirlər, peşənin bütün dəyərlərini
rahatca tapdalayırlar. Bir peşəkar kimi
jurnalistika, o cümlədən TV, mənim üçün
daha çox mənəviyyatdır. 1991-ci
ildən mütəmadi efirə çıxandan bu prinsipi
qorumağa çalışmışam. AzTV
şəraitində vəzifə borcu ilə mənəviyyat
arasında daxili harmoniya yaratmaq çətin olsa da,
mümkünsüz də deyildi.
Əvvəllər
efirdə reportaj və müsahibələrim gedib, sonra daimi
aparıcı kimi ”Gecə xəbərləri”nə
çıxmışam. Onda Məmməd Murad
televiziyasının sədri idi. Hesab edirəm
ki, bizim televiziyamızın tarixində o, Teymur Əliyevdən
sonra böyük yaradıcı potensialı olan ikinci layiqli sədr
kimi qalacaq (təbii ki, Elşad Quliyevin də xidmətlərini
yaddan çıxarmamalıyıq). Yaradıcı
parametrlər baxımından M.Murad çox unikal,
sözün həqiqi mənasında islahatçı idi.
O, diktor institutunu qısa müddətdə ləğv etdi,
jurnalistləri efirə buraxmağa başladı. Məni də xəbər aparıcısı kimi Məmməd
müəllim təkidlə efirə çıxartdı.
Sonra 1992-93-cü illərdə əsas xəbər
buraxılışını da aparanlardan biri idim.
– Deyəsən,
elə o dövrdən siyasi icmalçı kimi də da
çıxış etməyə başladınız.
– Bu da bir
tarixçədir, mən uzun müddət televiziyada “Beynəlxalq
həyat” redaksiyasının rəhbəri olmuşdum. Ora təyin olunanda 26 yaşım varıydı.
Əsas icmaçılar – rəhmətlik Seyfəddin Qəndilov,
Həmid Əliyev, bir də Murtuz Ələsgərov kimi
insanlarla işləmək bir qədər çətin idi,
çünki onlar xeyli davranış sərbəstliyinə
alışmışdılar və mənə də uşaq
kimi baxırdılar. Sonra vəziyyəti dəyişmək
mümkün oldu, biz gündəlik verilişlərə
keçdik və icmalçıların sırasını Cəmil
Həsənli, Qabil Hüseynli, Musa Qasımlı, Zabil
İsayev, Mübariz Qurbanlı kimi gənclərin hesabına
genişləndirə bildik. O vaxt bizim redaksiya AzTV-nin ən
güclü potensialı olan qurumlarından biri idi, verilişlərimiz
televiziyada bir canlanma yaratmışdı. 20
yanvar faciəsi ərəfəsində “Planetimiz bu gün” və
“Qitələr, hadisələr” kimi verilişlərimiz daha
çox baxılırdı. Deməyim odur
ki, siyasi proseslərə və beynəlxalq problemlərə bələdçiliyim
vardı, ona görə bu mövzuda şərhlər
hazırlamaq təklifindən də imtina etmədim. Bu təcrübə “7 gün” verilişini aparanda da
çox karıma gəlirdi.
– “7 gün”proqramı da o dövrün ən
baxımlı və populyar verilişlərindən idi. Hətta bunu balanslı
veriliş kimi xarakterizə edənlər də var. Buna necə
nail olurdunuz?
– Şübhəsiz, məni televiziyada daha çox
tanıdan “7 gün” analitik proqramı oldu. Çünki
bu çox orijinal bir tərzdə başlamışdı.
Çalışırdıq şərhlərimiz
dürüst, obyektiv, balanslı olsun. Həmişə
qarşı tərəfin də mövqeyini verməyə
çalışırdım. Ona görə
qısa müddətə veriliş, onunla yanaşı mən
də xeyli populyarlaşdım. Bu proqrama nə
iqtidardan ciddi irad var idi, nə müxalifətdən. Əksinə, hamı başa
düşmüşdü ki, bu cür balanslı
danışmaq, təbliğata maksimum yol verməmək məhz
yeni jurnalistikanın tələbidir. Təəssüflər
ki, mən bu prinsipin pozulmaq təhlükəsinə müqavimət
göstərə bilməyəndə verilişi aparmaqdan
imtina etdim. Amma önəmli budur ki, hər halda “7
gün” Az TV-nin tarixində faydalı,
dürüst, tamaşaçının, cəmiyyətin
marağını ifadə edən yeganə analitik proqram oldu.
Mən həmin verilişləri analitik proqram
nümunəsi kimi tələbələrimə göstərəndə
onların çoxu inanmır ki, AzTV-də belə verilişlər
efirə gedib. Min təəssüf ki, indi
bizim televiziyalarda xəbər proqramları
cılızlaşıb, xəbər dəyərləri
gücdən düşüb, analitik proqramlar daha çox təbliğat-təşviqat
verilişinə çevrilib. Mən
başa düşürəm ki, indi “7 gün” kimi proqramlar
hazırlamaq asan deyil. Hər halda
yaxşı şəraitin diktəsi başqa şeydir. Mən o proqramı hazırlayanda dövlət
başçısı Heydər Əliyevlə xarici səfərlərə
tez-tez gedirdim, onun bu proqrama baxdığını da bilirdim.
Təbii ki, mən həm informasiya
qaynaqlarına yaxın olurdum, prosesləri ətraflı izləyə,
həm də xəbərləri rahat çatdıra bilirdim.
– Bəs
“7 gün”dən sonra hansı verilişləriniz oldu?
– Ondan
sonra müəllif proqramı olan “Təfsilat”ı apardım,
mahiyyət etibarı ilə “7 gün”dən də
bişmiş, kamil bir proqram idi. Amma bu, az
müddətdə getdi. Rəhmətlik Babək
Hüseynoğlunun AzTV rəhbərliyindən getməsi və
yeni rəhbərin təyinatından sonra televiziyanın
yaradıcılıq mühiti zərər çəkdi.
Babək Hüseynoğlu jurnalist olduğu
üçün onunla anlaşmaq rahat idi. 2001-ci
ildə “Gerçəklik” proqramı yayımlandı, bu,
tok-şou xarakterli idi. Onda ictimai televiziya
yox idi, amma Avropa Şurasının tələbi var idi ki,
dövlət televiziyasında əks fikirlər də səslənməlidir.
Bu da yaxşı bir proqram idi. Tanınmış müxalifət nümayəndələri
bu proqrama ayaq açdı, həmçinin Prezident
Aparatının yüksək rütbəli məmurları,
çıxışa gəldilər. Eyni
mövzuya fərqli baxışlar var idi. Məsələn,
Aydın Mirzəzadə ilə Cəmil Həsənlinin, Sabit
Bağırovla Mail Rəhimovun debatını yaxşı
xatırlayıram. Əks fikirlər səslənəndə
televiziya da maraqlı olurdu. Bu gün qəzetlərin,
televiziyanın çatışmayan cəhəti, məncə,
plüralizmdir. Plüralizm o demək deyil ki, fərqli
fikirlər var. Bunun mahiyyəti odur ki, əsas fikrə
alternativ olan fikir var. Biz bunu qəzet və televiziyalardan
gözləməliyik, onda jurnalistika da maraqlı, onun
daşıdığı yük isə mənalı və
sanballı olur. Bu olmayanda təbliğat, təşviqat
təsiri bağışlayır.
– Bu
gün mətbuatın problemlərindən danışanda adətən
iqtisadi faktor, peşəkarlıq vurğulanır. Siz problem kimi nələri sadalaya bilərsiniz?
– İqtisadi faktor çox vacibdir, amma televiziya və qəzetlərin
əsas problemi deyil. Məncə, medianın ən
böyük problemi nə dərəcədə müstəqil,
peşəkar olması, media orqanlarının nə dərəcədə
dəqiq konsepsiyalara malik olmalarıdır. Bunlar çox vacibdir. Azərbaycanda
öz problemlərini iqtisadi cəhətdən həll
etmiş qəzetlər var. Amma sual olunur ki, onlar niyə
populyar deyillər? Səbəb yenə də
peşəkarlıqdır. Təəssüf
ki, azad reklam bazarı formalaşmayıb. Çox
yaxşı qəzetlər iqtisadi səbəblərdən
ölüblər. Nəzərdə tuturam
“Avropa”, “Gün səhər” qəzetlərini. Bunlar ictimai maraq baxımından mətbuat tariximizin ən
parlaq nümunələrindəndir. Şərtlərin
hamısı bir yerdə olmalıdır ki, biz normal qəzet
çıxaraq.
Mikloş Haraştinin “Məxməri dustaqlıq” adlı
çox yaxşı bir kitabı var. O keçid dövrü
ölkələrində jurnalistlərin problemlərini
yaxşı təsvir edib. Jurnalistlərimiz
çox vaxt maddi problemlərinin girovuna çevrilirlər.
Dediyim kitabda jurnalistləri və qəzetləri
ələ almağın metodları açıqlanıb.
Jurnalist qladiatordur, həqiqət uğrunda
döyüşçüdür. Sən bu şərtlərlə
razısansa, gəlirsən. Yox, buranı
alverə çevirəcəksən, qazanmaq üçün
gəlirsən, bu artıq jurnalistika deyil. Bizdə
ən böyük problem jurnalistlərə və qəzetlərə
daha çox təsir imkanı verən iqtisadi amillə
bağlıdır. Jurnalistikanın 9
prinsipi var ki, dünya bunu qəbul edir. Əsas
prinsip budur ki, jurnalist həqiqətə sadiq qalmalı,
faktlara istinad edərək həqiqəti ortaya
çıxarmalıdır. İkincisi, qəzet
fəaliyyətini işıqlandırdığı təşkilatlarla
məsafə saxlamalıdır. Jurnalistin
yanında duran fiqur, istinad etdiyi fakt cəmiyyətdir. Jurnalist cəmiyyət üçündür. Səbəbləri küll halında bir yerə
yığanda o qənaətə gəlinir ki, bizdə söz
azadlığı var. Bunu danmaq olmaz, amma məsuliyyət hissi
itib. Mətbuatda reket məsələsi
jurnalistikanın deyil, cəmiyyətin və ictimai əxlaqın
problemidir. Yəni bəzi insanlar mətbuatı
bir dolanışıq vasitəsi kimi görürlər.
Qəzet açmaq üçün ilkin kapitala
ehtiyac yoxdur. Yəni azadlıqdan sui-istifadə
halları var ki, bu da cinayət sayılır və bu problemlə
hüquq-mühafizə orqanları məşğul
olmalıdırlar. Burda qaydaların
olmaması, korrupsiya halları o cür jurnalistlərin fəaliyyəti
üçün əsas yaradır. Ona görə indi
bizim jurnalistikanın alabəzək bir mənzərəsi var.
Bu mənzərədə o adamlar qalır ki, onlar yaxın
keçmişdə özləri üçün müəyyən
nüfuz qazanıblar, bunlar Elçin Şıxlı, Rauf
Arifoğlu, Mehman Əliyev, Rəşad Məcid, Qənimət
Zahid, Eynulla Fətullayev, Akif Aşırlı və
başqalarıdır. Bizdə məsələn, sabah bir babat qəzetin redaktoru dəyişilsə,
onda həmin qəzetin ciddi problemləri başlayar. Çünki biz sistemə deyil, fərdlərə
söykənən mətbuat yaratmışıq. Həmin
fərdlər pis-yaxşı qəzetlərini saxlaya bilirlər,
təbii ki, 10 il bundan əvvəlki şərtlər
daxilində yox. Amma onlar qəzetlərini alovun
içindən keçirib, sabaha aparmaq istəyirlər və
təəssüf ki, bu yolda dostları göynədən itkilərə
də məruz qalırlar.
– Reket
jurnalistika bu gün mətbuatın vacib problemlərindən
olmasa da, jurnalist nüfuzunun aşağı düşməsinə
təsir edib. Məsələn, hansısa bir şikayəti
araşdırmaq üçün bir idarəyə zəng
edirsən, elə münasibət göstərirlər ki, sanki
nəsə umacağın var...
– Bu
çox incə nüansdır. Əslində
reket mətbuatını özümüzə
yapışdırmaqla oxucularda, informasiya qaynaqlarında bir
psixoloji problem yaratdıq. Adamları aldadan
həkimlər, DİN-in, MTN-nin adından istifadə edənlər
də var. Amma bunlara hüquq-mühafizə orqanları məşğul
olur. Reket jurnalistikası ilə də eyni
prinsip işləməlidir.
– Qulu
müəllim, bu gün jurnalistika sahəsində problemlərdən
biri də tədrislə bağlıdır. Tələbə-jurnalistlər
nəzəriyyəni mənimsəyir, amma onların praktiki tərəfləri
olmur. Yəni media hazır kadrlar ala bilmir.
Sizcə, bununla bağlı nə etmək
lazımdır?
– Jurnalist
təhsili problemi çox vacib məqamdır. Mən
98-ci ildən jurnalistika tədrisi ilə məşğulam.
Mövqeyim belədir ki, ümumiyyətlə,
jurnalistika sahəsində təhsil sistemi yanlış qurulub və
biz sovet təhsil sisteminin ənənələrini
yaşadırıq. Jurnalistika fakültələrinin
tələbələri üçün dərs yükü,
nəzəriyyə ağırdır. Tələbə
4-cü kursu bitirir, qəzetə, yaxud televiziyaya gedir, amma
heç nə də bacarmır. Ən
böyük fəlakətimiz budur ki, nəzəriyyə ilə
çox məşğul oluruq, amma praktikaya o qədər əhəmiyyət
vermirik. Jurnalistika fakültəsini bitirən
və oxuyan tələbələr üçün “O nə
bilir” sualı aktual deyil. “O nə bacarır” sualı
aktualdır. İndi yeni media meydana çıxır,
bu çox böyük bacarıqlar, vərdişlər tələb
edir. Hesab edirəm ki, biz jurnalist təhsili sistemini,
mövcud kurikulumu, metodikanı dəyişməliyik,
jurnalistika təhsili sahəsində çox böyük
yeniliklərə ehtiyac var. Bununla bağlı müxtəlif
fikirlər var, deyirlər qəbul sistemi dəyişməlidir,
mən o fikirlərlə razı deyiləm.
– Qabiliyyət
imtahanını nəzərdə tutursunuz?
– Prinsipcə,
qabiliyyət imtahanı ola bilər. Amma bu da vəziyyəti dəyişməyəcək.
Mən qabiliyyət imtahanının
qızğın tərəfdarı deyiləm, 17-18
yaşında uşaq nə bilir jurnalistika haqqında? Tutaq ki, yaxşı bir yazı, inşa yazdı, məsələn,
“Bizim binamız”, yaxud yaxınlıqlarındakı park barədə.
O, çox lirik, sentimental, romantik bir şey yaza bilər. Amma jurnalistika filologiya deyil ki, biz onun yazı qabiliyyətini
yoxlayaq. Jurnalistika daha çox
sosiologiyadır, cəmiyyətlə, proseslərlə
bağlıdır. Ona görə də
biz tədris sistemini bütövlükdə dəyişməliyik.
Tələbələrə keçdiyimiz fənlərə
diqqət yetirməliyik. İndi Təhsil
Nazirliyi ATƏT-lə birgə jurnalistika standartlarının dəyişdirilməsi
layihəsini gerçəkləşdirir. Mən,
Zeynal Məmmədli və Aynur Bəşirli də o layihədə
iştirak edirik. Əvvəlki standartlara
baxanda çox heyrətlənirik. Bu standartlarla tələbə
hazırlamaq olmaz, fənlər dəyişməlidir, praktika
artırılmalıdır, indi jurnalistika bilirsiniz ali məktəblərdə genişlənir. Bu ildən Bakı Slavyan Universitetində jurnalistika
şöbəsi jurnalistika fakültəsi olub. Bu, BDU-ya çox ciddi mesajdır. Daha böyük bir addım Qafqaz Universitetində bu
ildən jurnalistika şöbəsinin fəaliyyətə başlamasıdır
və məni də ora dəvət ediblər. Düşünürəm ki, bunlar çox ciddi
addım olacaq. Çünki həm Slavyan,
həm Qafqaz Universitetində tamamilə yeni sistem əsasında
jurnalist kadrlar hazırlanacaq. Ona görə
də jurnalistika fakültələri işlərini bilməlidirlər
ki, hansı tip tələbə hazırlayırlar və onlar
harada çalışa bilər. Texniki
baza, yaxşı müəllim kadrlarının olması
şərtdir. İndi tədris edən
müəllimlərlə bizim işimiz yoxdur. Onların bir çoxu mənə də dərs
deyib. Amma axı indi zaman dəyişib,
çox küləklər əsib, yeniliklər olub,
bunları duymayanlar necə auditoriyaya girə biləcəklər.
Ona görə tədrisin keyfiyyəti üzərində
çox ciddi düşünməliyik. Biz
standartları işləyəndə Təhsil Nazirliyinin bu məsələdəki
mövqeyi xoşuma gəldi. Nazirliyin
mövqeyi o mənada yaxşıdır ki, nə dəyişiklik
deyirik, onu qəbul edirlər ki, təki yaxşı jurnalist-tələbə
hazırlaya bilək. Bu, çox vacibdir.
Bizdə indiyə kimi jurnalistika təhsili, tədrisində
bir sükunət var idi. Avropa
Şurasının Azərbaycanda jurnalistika təhsilinin
inkişafına yardım layihəsi gerçəkləşdirilir.
Biz yaxşı kadrlar hazırlamalıyıq ki,
onlar Qərb standartlarını bilsinlər, müsahibə
almağı, reportaj hazırlamağı təhlil,
araşdırma aparmağı bacarsınlar. Əgər savadlı, peşəkar
kadrlarımız olsa, onda qəzetlərimiz də rəngarəng
olar, mövzu dairəsi genişlənər. Baxış, üslub dəyişir, yeni təfəkkür
gəlir. Bir qəzetə yeni istedadlı
jurnalist gələn kimi o dəqiqə bilinir ki, həmin qəzetdə
hərəkət var. Bəzən bir jurnalist, bir reportaj qəzetə
böyük nüfuz, hörmət gətirə bilir.
Ötən il və bu il Almaniyada,
ABŞ-da, Böyük Britaniya, Türkiyə və
Gürcüstanda jurnalistika tədrisinin vəziyyəti ilə
tanış olmuşam. Heyrətə gəlirəm
ki, bizimlə onların arasında çox böyük məsafə
var. Biz çox geri qalmışıq və şübhəsiz
ki, bu geriliyi aradan qaldırmalıyıq.
– Necə
düşünürsünüz, sizin dediyiniz kimi peşəkar
kadrlar jurnalistikaya gəlmək həvəsində
olacaqlarmı? Ən azından Azərbaycan mediasının
bugünkü durumunu nəzərə alsaq...
– Bu o, deməkdir
ki, beş nəfər həmfikir olub
hansısa bir saytda çox böyük və yeni bir situasiya
yarada bilərlər. “Alma” qəzeti kimi
maraqlı bir layihə ortaya çıxmışdı.
İkincisi, hazırda jurnalistika
üçün çox böyük meydanlar
açılır. Virtual məkan, elektron,
internet qəzetlər, yəni xüsusi xərc qoymadan
çox böyük imkanlar yaranır. Bizə
o standartları, jurnalistikanı bilmək lazımdır.
İnternet televiziyası Azərbaycanda genişlənir,
təxminən 10-a yaxın belə televiziya var, radioların
sayı bilinmir. Yəni bunların
hamısı böyük meydandır. Əvvəl
biz bilmirdik tələbələri hara göndərək, indi
isə tələbələr öz saytlarını
yaradır, televiziyalarını açır, qəzetləri
var, informasiya agentlikləri təsis edirlər, bu, çox
yaxşıdır. Praktikaya yönəlik tədris bizim
üçün çox vacibdir, bu olmasa geridə qala bilərik
– Yeni
medianın açdığı imkanlardan
danışdınız bəs bu, ənənəvi mediaya necə
təsir göstərir?
– Yeni
medianın zərərləri də var. Məsələn, son
20 ildə ABŞ-da 400 qəzet bağlanıb, amma bunlar təkcə
yeni medianın yaranışı ilə bağlı deyil. Bunun həm də iqtisadi səbəbləri var. Yeni
media daha çox yeni texnologiya ilə bağlıdır.
Yeni mediada ənənəvi jurnalistikada
mövcud olan bütün imkanlar bir platformada birləşir.
Həm mətn, həm səs yazırsan, həmçinin
görüntü çəkir, bunları birləşdirə
bilirsən. Əgər qəzetlər
özlərini yeni medianın ağuşuna atmasalar, onu
qucaqlamasalar, onlar üçün çətin olacaq. Bir çox saytlar var ki, onlar aktivləşirlər.
“Yeni Müsavat”, “Azadlıq”, “525-ci qəzet”lərin
saytlarında rüşeymlər var, interaktivlik artır,
görüntülər var. “Azadlıq” radiosunun saytı bu mənada
bizim üçün böyük nümunədir. Hətta yeni verilişlər açırlar. İnformasiya agentlikləri görüntünü
tapıb qoyurlar, yeni media bunda ifadə olunur. Biz texnologiyanı mənimsəməliyik. Yeni media televiziya jurnalistləri, radio
üçün də böyük və yeni imkanlar
açır. Bu, əslində reportyorun
bir neçə pillə yuxarı qalxmasıdır. Mən Amerikada Florida ştatında olanda yerli
televiziyaların birində çox maraqlı situasiya ilə
üzləşdik. Televiziyanın rəhbəri deyir ki,
xəbərlərdə 4 jurnalist hazırlayıblar, onlar həm
yazmağı, bacarır, həm çəkməyi, həm
“stand ap” etməyi, həm də çəkdiklərini montaj
edib birbaşa efirə göndərməyi. Deməli,
4 peşə birləşir, elə olanda onlar televiziya
üçün daha dəyərli olurlar. Biz
bu vərdişləri həm tələbələrimizə,
həm də reportyorlarımıza öyrətməliyik.
“Sankt-Peterburq Tayms” qəzeti yeni medianın köməyi
ilə maraqlı bir eksperiment edib. Qəzet böhrana az çox müqavimət göstərməsinə
baxmayaraq, təxminən yüz əməkdaşı ixtisara
düşüb, amma onlar saytı qüvvətləndiriblər,
yeni rubrikalar açıblar, interaktiv sorğular edirlər. Yeni media bizi imkanlardan bəhrələnərək
yeni platformada özümüzü təqdim etmə
şansı yaradır, əlavə imkanlar verir, bunları edə
bilsək yaşayacağıq, edə bilməsək isə
başqasının uğurlarına baxacağıq.
– Qafqaz Universitetində jurnalistika fakültəsinin
açıldığını vurğuladınız. Bu il ora
qəbul olub?
– Bəli,
20 nəfər tələbə qəbul olunub, bu, dövlət
sifarişidir. Tələbələr ən yüksək bal toplayanlardır. Tanıdığım
bəzi jurnalist dostların da övladları ora
düşüb və çox böyük sevgi ilə də
gedirlər. Bu, bizim üçün bir
şansdır. Çünki mənim
bildiyimə görə Qafqaz Universiteti bunu Türkiyə və
ABŞ universietləri ilə birgə edəcək. Türkiyədə jurnalistikanın çox
böyük uğurları var, texnologiya Qərb
texnologiyasıdır və tələbələrimizin bir
çoxu Türkiyə qəzetlərində təcrübə
keçəcəklər. Hər halda
dünənə qədər belə adamları barmaqla
sayırdıqsa, güman ki, 2-3 ildən sonra çox
yaxşı gənc jurnalistlərimiz olacaq.
– Mətbuatın,
jurnalist təhsilinin problemlərindən
danışdınız. Sizcə,
qarşıdakı illərdə problemlərdən xilas olmaq
mümkündürmü?
–
Düzü, mən bu məsələdə o qədər nikbin
deyiləm. Həmkarlarımı da məyus etmək
istəmirəm, amma Azərbaycan mətbuatının
onurğası əyilib. Sabah
üçün hansı dəyərləri qoruyub
saxlamışıq? Sırf mətbuatdan
danışsaq, dünən də bizim iftixar yerimiz azad mətbuat
olub, bizi sabaha aparan da yenə azad mətbuat olacaq. Mətbuatın 80-90 faizi öz missiyası, vəzifəsi
ilə məşğul olmur. Mətbuatın
böyük kütləsi təbliğat və təşviqatla
məşğuldur, bizim ən böyük problemimiz budur.
Bundan xilas olmaq üçün mütləq
azad mətbuatın xüsusi çəkisini
artırmalıyıq. Aydındır ki, mətbuatın
formalaşmasına cəmiyyətdə gedən proseslər,
mövcud gerçəkliklər təsir edir, amma bizə
çox ağıllı, fədakar, iş bilən redaktorlar
lazımdır ki, onlar həm qəzetin müstəqilliyini
qoruyub saxlaya bilsinlər, həm jurnalistləri cəmiyyətdə
nüfuzlu olsun, eyni zamanda mətbuatın prinsiplərinə
sadiq qalsınlar. Bunları bir əldə cəmləşdirmək
çox çətindir, amma mümkündür.
Sayı çox az olan müstəqil qəzetlərimiz
var ki, onlar müqavimət göstərə bilirlər. Bu gün Azərbaycanda müstəqil qəzetlərin
yaşamağı ən böyük uğurumuzdur. Müstəqilliyimizin 20 ilini qeyd edəcəyik,
düşünürəm ki, müstəqillik tarixində ən
böyük demokratik nailiyyət bizim azad mətbuatımız
olub ki, onun nişanələri bu gün yaşayır. Onlar qığılcımdır və dediyim şərtlər
daxilində o odu Prometey kimi qoruyub sabaha çatdıra bilsək,
daha əlverişli mühitdə onlar alova çevriləcək,
olmasa sönüb gedəcəklər. Hər
şeyi maddiyyata qurban vermək olmaz, çox maksimalist olmaq da
qəzeti məhv edir. Qızıl orta
anlayışı var, Şərqi Avropa ölkələri bu
yolu rahatlıqla keçib getdilər, bu yolu keçib getmək
indiki təcrübə ilə mümkündür. Mətbuat əslində, varlanmaq üçün yer
deyil. Həqiqət, ruh adamlarının, əxlaqlı
adamların yeridir. Dünyada belə qəbul olunur, kim varlanmaq istəyirsə, biznes sahəsi var,
telefon satmaq var, orda böyük uğurlar qazana bilər. Mətbuat isə cəmiyyətin, xalqın ruhunun, əxlaqının
ifadəsidir.
P.SULTANOVA
525-ci
qəzet.- 2011.- 27 avqust.- S. 18-19.