Misir Mərdanov: “Müstəqilliyimizin 20 ili ərzində təhsil sahəsində çox böyük işlər görülüb”

 

“ƏN VACİBİ BUDUR Kİ, BİZ BU İLLƏR ƏRZİNDƏ AZƏRBAYCANIN MİLLİ TƏHSİL SİSTEMİNİ QURA BİLMİŞİK”                                                                                                                                 

 

“Biz artıq 2011-2012-ci tədris ili ərəfəsindəyik. Ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin rəhbərləri, müəllimləri, valideynlər, şagirdlər, tələbələr böyük maraqla, həvəslə yeni tədris ilinə hazırlaşırlar. Bu mənim təhsil naziri kimi 14-cü tədris ilimdir. Bu illər ərzində Azərbaycan təhsil sistemində gedən bütün proseslərin iştirakçısı olmuşam. Böyük məsuliyyət hissi ilə deyə bilərəm ki, müstəqilliyin son 10 ilində Azərbaycan təhsili böyük inkişaf yolu keçib. Bu ilin payızında biz Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşırıq. 20 il dövlətin tarixində elə də böyük zaman deyil. Ancaq bu 20 il ərzində Azərbaycan böyük uğurlara imza atıb. 20 il ərzində Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də çox böyük işlər görülüb. Bu illər ərzində 2 mindən çox orta məktəb binası tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Bütün bunlarla yanaşı 20 il ərzində Azərbaycanın ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün milli dərsliklər yaranıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Azərbaycan milli əlifbaya keçərkən təhsilimiz ciddi çətinliklərlə qarşılaşıb, ancaq bunlara baxmayaraq qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunan dərslik və əlavə vəsaitlərlə təmin edilib. Ən vacibi odur ki, biz bu illər ərzində Azərbaycanın milli təhsil sistemini qura bilmişik. Bu doğrudan da çox ciddi bir işdi. Keçmişdə biz Azərbaycan Respublikası kimi tanınsaq da özümüzün milli təhsil sistemimiz, qaydalarımız, qanunlarımız, normativ hüquqi sənədlərimiz olmayıb. Uzun illər Moskvadan gələn sənədlər əsasında biz öz işimizi qurmağa çalışmışıq. Müstəqillik əldə etdikdən sonra ilk növbədə zərurət yarandı ki, biz Azərbaycan təhsilinin normativ hüquqi bazasını yaradaq. Baxın, biz müstəqilliyimizi 1991-ci ildə əldə etsək də, Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Deməli milli təhsil sisteminin normativ hüquqi bazası da əslində bundan sonra yaranmağa başlayıb. Məni sevindirən hal odur ki, artıq biz müstəqil Azərbaycanın təhsil sisteminin normativ hüquqi bazasını yarada bilmişik. Bu bazanı yaradarkən özümüzün milli, mənəvi dəyərlərimizə, mövcud olan təhsil sistemimizə, beynəlxalq təcrübəyə əsaslanmışıq. Hesab edirəm ki, bu son 10 ildə gördüyümüz ən ciddi və mühüm işlərdən biridir. Artıq bu normativ hüquqi baza üzərində öz işimizi qurmaqdayıq”.

Bunu ötən tədris illərində həyata keçirilən tədbirləri dəyərləndirərkən təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə siyasi stabillik mövcud deyildi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədə siyasi stabillik bərqərar oldu: “Bir neçə ildən sonra isə ölkədə iqtisadi inkişaf meyilləri formalaşmağa başladı. Təhsilə dövlət tərəfindən diqqət, qayğı göstərildi və təhsilin bütün pillələri üzrə inkişaf müşahidə olundu”.

 

BU TƏDRİS İLİNDƏ 47 YENİ ORTA MƏKTƏB ŞAGİRDLƏRİN İSTİFADƏSİNƏ VERİLƏCƏK

 

M.Mərdanovun sözlərinə görə, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib: “Məlumat üçün bildirim ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilmişdi. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73,0-dan 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib”. Nazir deyib ki, dövlət tərəfindən təhsilə diqqət, qayğı olmasaydı, təhsil mühiti formalaşmasaydı əlbəttə ki, təhsilin inkişafından söhbət gedə bilməzdi: “2002-ci il sentyabrın 1-də ümummilli lider Heydər Əliyev Suraxanı rayonundakı 275 nömrəli məktəbə gəlmişdi. Məktəbin vəziyyəti ilə tanışlıqdan sonra ümummilli lider Prezident Administrasiyasında müşavirə keçirdi və müvafiq qurumların rəhbərlərinə tapşırıq verdi ki, təcili olaraq Azərbaycanda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmlənməsi, məktəb tikintisi, əsaslı təmiri, avadanlıqla təchizatı ilə bağlı dövlət proqramı hazırlansın. Ulu öndərin tapşırığından sonra bu proqram hazırlandı və 2003-cü ilin əvvəlində Heydər Əliyev tərəfindən təsdiq olundu. Bundan sonra ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmlənməsinə başlanıldı. Yeni-yeni məktəb binaları, əlavə korpuslar tikildi, təmirə ehtiyacı olan təhsil müəssisələrində əsaslı təmir-bərpa işlərinə başlanıldı. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində işlər bu gün də davam etdirilir. Yeni tədris ilinin başlanğıcı ərəfəsində prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil obyektinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçası binasıdı. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub. İlham Əliyev bölgələrə səfəri zamanı oradakı məktəblərdə də aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Bütün bunlar təhsilin daim dövlət tərəfindən diqqət mərkəzində olduğunu sübut edir. Bu il prezident qəza vəziyyətində olan məktəb və bağçaların yenidən qurulması və bərpası üçün çox böyük vəsait ayırıb. Bu vəsaitin müəyyən hissəsi Təhsil Nazirliyinə, qalan hissəsi Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarına ayrılıb. Qəza vəziyyətindəki məktəb və bağçalarla bağlı işlərin müəyyən hissəsi yeni tədris ili bağlanana kimi, qalan hissəsi isə ilin sonuna kimi tamamlanacaq. Prezident tapşırıq verib ki, təhsil müəssisələrinin maddi texniki bazası ilə bağlı mövcud olan problemlər 2013-cü ilə kimi öz həllini tapmalıdır. Məlumat üçün bildirim ki, 2004-cü ildən bugünədək Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası tikilib. 184 məktəbin həyətində əlavə sinif otaqlara və korpus inşa olunub. 176 məktəb əsaslı təmir olunub. 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib. 1 yeni peşə məktəbi üçün bina tikilib, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb”.

 

BİRİNCİ SİNFƏ 124 MİNDƏN ÇOX UŞAQ QƏBUL EDİLƏCƏK

 

Təhsil naziri qeyd edib ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib. Sevindirici haldır ki, əvvəlki illərdən fərqli olaraq, son iki ildə birinci sinif şagirdlərinin sayında artım müşahidə olunub. Yeni tədris ilində Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib: “Qeyd edim ki, nazirliyin müvafiq əmri ilə təsdiq olunmuş “Qaydalar”a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir”.

 

DÖVLƏT HESABINA 102 ADDA 3463170 NÜSXƏ DƏRSLİK VƏ METODİK VƏSAİT ÇAP OLUNUB

 

Nazir bildirib ki, təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi üçün dövlət vəsaiti hesabına çap edilən dərslik və müəllim üçün metodik vəsait sırasına IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib. Məlumatda bildirilib ki, bu ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiya”, “İnformatika”, “Fizika”, “Rus dili”, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, “Zoologiya”, “Rus dili”, “Fransız dili”, IX siniflər üçün “Yeni tarix”, “Rəsmxət”, “İnsan (Biologiya)”, “Rus dili”, “Fransız dili”, X siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı” və “Rus dili” dərslikləri yenidən nəşr olunub: “Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunub. Hazırda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb. 2011-2012-ci tədris ili üçün ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender elanına uyğun olaraq, həmin dərsliklərin proqramları yenidən işlənilib. VII-XI siniflər üzrə yenidən işlənən proqramlar, onların qiymətləndirmə meyarları təsdiq edilib və tenderdə iştirak edən iddiaçı nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunub. Ümumtəhsil məktəb kitabxanalarının iş fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində müvafiq işlər görülüb: “Nazirliyin Dərslik və nəşriyyat şöbəsi tərəfindən hər il ümumtəhsil məktəb dərsliklərinin nəşrə və çapa hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının yaradılması, işin təşkili, məktəb dərsliklərinin nəşri, çapı, yerlərə çatdırılması üzrə satınalma müqavilələrinin hazırlanması, onların icrasının təmin edilməsinin təşkili, dərslik və dərslik komplektlərinin bölgüyə uyğun ünvanına çatdırılması işinin təşkili istiqamətində ciddi işlər görülür. Həmçinin dərslik komplektlərinin tələb olunan meyarlar üzrə qiymətləndirilməsinin şəffaf,obyektiv aparılması üçün DQŞ-nin üzvlərinin, ekspert qruplarının seminar-treninqlərinin təşkili, ümumtəhsil məktəblərinin V sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin “Əsas şərtlər toplusu”na uyğun hazırlanması və tender təkliflərinin təqdim edilməsi üzrə nəşriyyatlarla seminar-müşavirələrin keçirilməsi, məktəb kitabxanalarının fəaliyyəti, dərslik kitabxana fondlarının yaradılması, istifadəsi vəziyyətinin yerlərdə öyrənilməsi istiqaməti üzrə də müəyyən işlər həyata keçirilir”.

 

YENİ TƏDRİS İLİNDƏN ETİBARƏN BAKIDAKI ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ AKKREDİTASİYADAN KEÇİRİLƏCƏK

 

Nazirin söylədiyinə görə, bu iş ilkin olaraq 11 pilot məktəbdə həyata keçiriləcək. Pilot məktəblər bütün ölkəni əhatə edir. Artıq nazirlik tərəfindən orta məktəblərin akkreditasiyadan keçirilmə qaydaları hazırlanıb. Orta məktəblərin akkreditasiyadan keçmə qaydaları təxminən ali məktəblərin akkreditasiyadan keçmə qaydalarına yaxındır. Amma təbii ki, orta və ali məktəblər arasında fərqlər var. Bunlar da qaydalarda öz əksini tapıb: “Əldə etdiyi göstəricilərdən asılı olaraq, akkreditasiyadan keçməyən məktəblərə qarşı müvafiq tədbirlər görülə bilər: Bütün təhsil müəssisələri akkreditasiyadan keçməlidir. Bununla əlaqədar Təhsil Nazirliyi bu il ərzində məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyadan keçmə meyarlarını hazırlayır. Meyarlar hazırlandıqdan sonra – 2012-ci ildən nazirliyin məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasına başlayacağı da gözlənilir. Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu məktəblərin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir”.

 

2011-ci İL ÜÇÜN İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ ÜZRƏ ŞAGİRD QƏBULU PLANI 16895 NƏFƏR NƏZƏRDƏ TUTULUB

 

M.Mərdanov vurğulayıb ki, Azərbaycanda 2011-2012-ci illər üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə əlaqədar sənədlərin qəbuluna başlanılıb. Peşə təhsili müəssisələrinə sənəd qəbulu 1 ay davam edəcək. Sənəd qəbulu bitdikdən sonrakı 10 gün ərzində şagirdlərin qəbulu müsabiqə və müsahibə yolu ilə həyata keçiriləcək. Nazirliyin məlumatında bildirilib ki, 2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün təxminən 16 170 plan yeri ayrılıb. Qəbul planında 14 190 yer ödənişsiz, 1980 yer ödənişlidir: “Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Ölkənin peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır. Ölkədə fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrinin sayı isə 114-dür. Onlardan yeddisi işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir”. Nazirin dediyinə görə, Təhsil Nazirliyi ölkədə iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrinin adlarını müəyyənləşdirib. Azərbaycanda xidmət, ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi kompüter operatoru, əməliyyatçı mühasib, aşpaz-qənnadçı, şirniyyatçı və digər sahələr iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrindəndir. Kənd təsərrüfatı sahəsi üzrə geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri üzrə traktorçu, avtomobil, kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur. İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə montyor və sair də ehtiyac duyulan peşələrin sırasına aid edilir. 2011-2012-ci tədris ili üçün Azərbaycanın peşə-ixtisas təhsili müəssisələrinin qəbul planı müəyyənləşdirilərkən Azərbaycanda bazar iqtisadiyyatının tələbatı, bu tələbata uyğun olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişləri və ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb. Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ümumilikdə 99 peşə üzrə 16 570 nəfərin qəbul ediləcəyi planlaşdırılıb. Onlardan 14 190 nəfərin dövlət vəsaiti hesabına, 2380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur.

 

QIZIL VƏ GÜMÜŞ MEDALLA TƏLTİF OLUNAN 53 ŞAGİRDİN HAMISI QƏBUL İMTAHANINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRİB

 

Bu il, ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” “Təhsil haqqında” qanununun 19.8-ci maddəsinə uyğun hazırlanıb: “Qeyd edim ki, qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və yekun buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Təhsil Nazirliyi ümumilikdə 60 nəfərin siyahısını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərmişdi. Bu namizədlərdən 37 nəfəri həm yoxlama, buraxılış imtahanlarında, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarına hazırlıqla bağlı keçirdiyi sınaq imtahanlarının nəticələrinə görə, qızıl medala, 16 nəfəri isə gümüş medala təltif olunmağa layiq görülüb.

Bu uşaqların 80 faizindən çoxu ən yüksək balla ölkənin aparıcı universitetlərinə, qalanları isə dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Hər kəs onlardan yüksək nəticə gözləyirdi. Çünki qızıl və gümüş medal alan məzunların hamısı təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan şagirdlər idi. Bu şagirdlər onlara göstərilən etimadı doğrulda bildirdilər. Ölkədə keçirilən fənn olimpiadalarının qalibləri də qəbul imtahanlarında yüksək nəticə göstərib. Orta məktəbləri əla qiymətlərlə bitirən şagirdlər də yüksək balla ali məktəblərə qəbul olunublar. Bu doğrudan da çox müsbət və sevindirici haldır”.

 

İSTEDADLI GƏNC MÜƏLLİMLƏRİN İNKİŞAFINA ƏLVERİŞLİ ŞƏRAİT YARADILACAQ

 

M.Mərdanov bildirib ki, Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan istedadlı gənc müəllimlər aşkara çıxarılaraq, onların gələcək inkişafları üçün əlverişli şərait yaradılacaq. İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında əmr də imzalanıb: “Belə müəllimlərin fəaliyyətlərini rəğbətləndirməklə onların daha məhsuldar və səmərəli işləməyə həvəsləndirilməsi təhsil orqanlarının başlıca vəzifələrindən biri hesab olunmalıdır. Bu ilin oktyabrınadək yerlərdə yaşı 35-dək olan istedadlı gənc müəllimlər müəyyənləşdiriləcək və hər bir rayon (şəhər) üzrə “Məlumat bankı”ı yaradılacaq. Həmin müəllimlər haqqında məlumat daha sonra nazirliyə göndəriləcək. Yerlərdən alınmış məlumatlar əsasında nazirlikdə vahid informasiya bazası yaradılacaq. İstedadlı gənc müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsi və stimullaşdırılması məqsədilə yerli icra orqanları, digər aidiyyəti təşkilatlar, sponsor və xeyriyyəçilərin vasitəsilə, habelə qanunvericiliklə qadağan edilməyən mənbələr hesabına müvafiq tədbirlər görüləcək. Yerli təhsil orqanları əmrin icrası ilə bağlı fəaliyyət planının yerinə yetirilməsi vəziyyəti barədə 2012-ci ilin yanvar və may aylarında nazirliyə yazılı hesabat göndərəcəklər”.

Nazirin sözlərinə əsasən, son illər müxtəlif səbəblərdən ölkədə şagirdlərin sayı azalır. Ancaq müəllimlərin sayı artır: “Bunun qarşısını almaq üçün biz məktəblərə müəllim qəbulunu müsabiqə yolu ilə həyata keçirməyi qərara aldıq. Artıq 3 ildir ki, biz bu işi uğurla həyata keçiririk. Bu il də bu iş çox yüksək səviyyədə həyata keçirilir. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 mindən çox vakant yer çıxarılıb. Vakant yerlərin 323-ü Bakı şəhəri, 1785-i regionların payına düşür. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə keçirilir. I mərhələdə müsabiqədə iştirak etmək üçün elektron ərizə vermiş namizədlərin təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında, kompyuter proqramı vasitəsilə qiymətləndirilir, II mərhələdə namizədlərlə test imtahanı, III mərhələdə isə müsahibə keçirilir. Hər bir namizəd ixtisası üzrə ən çoxu 4 vakant yer seçə bilər.

İmtahanlar artıq demək olar ki, yekunlaşmaq üzrədir. Güman edirik ki, yeni dərs ili başlayanadək biz artıq müəllimləri iş yerlərinə göndərə biləcəyik. Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə, gənclərin çağırışa qədərki hazırlığı, informatika fənləri, rayon yerlərində daha çox Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, informatika və xarici dil müəllimlərinə ehtiyac var. Daha çox müəllim ehtiyacı İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarındadır. Bir faktı qeyd edim ki, müəllim seçiminə heç kim o cümlədən mən də qarışa bilmərəm. Hesab edirəm ki, bu son illər atılan ən müsbət addımlardan biridir və bu iş davam etdiriləcək. Məktəbə savadlı, təhsili sevən insanlar göndərilməlidir. Məktəb bir məbəddir bura kənar şəxsləri buraxmaq olmaz”.

 

AZƏRBAYCANDA ORTA MƏKTƏB DİREKTORLARININ İŞƏ QƏBULU QAYDALARINDA DƏYİŞİKLİK EDİLİB

 

M.Mərdanov deyir ki, “Təhsil haqqında” qanunda təhsil müəssisələrinin rəhbərlərinin birbaşa nazirlik tərəfindən təyin edilməsi məsələsi öz əksini tapıb. Buna görə də artıq direktorluğa namizədlərin adları rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinə təqdim edilir: “Müəllimlər kimi, direktor vəzifəsində çalışmaq istəyənlər də kompüter vasitəsilə imtahan verərək işə qəbul olunurlar. İmtahanda suallar təhsil və əmək qanunvericiliyi, idarəetmə, informasiya kommunikasiya texnologiyaları, məntiqlə bağlı olur. Direktorluğa namizədlər kompüter arxasında əyləşərək bu istiqamətlərdə suallara cavab verir və öz ballarını bildikdən sonra otağı tərk edirlər. Bundan sonra Təhsil Nazirliyində nazirin rəhbərlik etdiyi komissiya həmin namizədləri müsahibədən keçirir. Bunların hamısından müsbət rəy alan namizədlər direktor təyin edilirlər. Direktor vəzifəsində çalışmaq istəyənlər üçün işə qəbul qaydaları bundan sonra da təkmilləşdiriləcək. Bu yeniliklər prosesin gələcəkdə daha şəffaf, demokratik keçirilməsinə xidmət edəcək”.

Nazir qeyd edib ki, bugünlərdə prezident İlham Əliyev “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmin komissiyanın üzvü kimi əminəm ki, prezident İlham Əliyev tərəfindən təsdiq olunacaq sənəddə təhsilimizin əsas problemləri öz həllini tapacaq.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 27 avqust.- S. 10-11.