“Azərbaycan – çiçəklənən diyar” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dünən ali məktəb tələbələri arasında “Azərbaycan – çiçəklənən diyarmövzusunda təşkil olunan Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərdə dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində istedadları üzə çıxarmaqdır. Onun sözlərinə görə, müsabiqə ali məktəb və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib: Ali məktəb tələbələri arasında “Azərbaycan – çiçəklənən diyarmövzusunda ilk dəfə təşkil olunmuş rəsm müsabiqəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdəndir:Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinin qeyd olunması ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir. Rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd gəncləri dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhunda tərbiyə etməkdir”. Q.Novruzov vurğulayıb ki, bu il müsabiqənin şəffaflığını təmin etmək üçün Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin işləri qəbul edilməyib. Müsabiqənin respublika mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib: “Azərbaycan Rəssamlıq Akademiyasının reşəkar rəssamlarından ibarət münsiflər heyyəti tərəfindən seçim aparılıb və 12 qalib müəyyənləşib. Müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan tələblərə Təhsil Nazirliyinin mükafat diplomu və hədiyyələri verilib”. Q.Novruzovun sözlərinə əsasən, müsabiqə 2 mərhələdə keçirilib. I mərhələ – ali təhsil müəssisələrində oktyabr ayında, II Respublika mərhələsi isə bir qədər sonra keçirilib. Rəsmlərin işlənmə texnologiyası sərbəst olub. I mərhələdə I, II, III yerlərə layiq görülən işlər oktyabrın 25-də Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilib. Q.Novruzov qeyd edib ki, 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub: “Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də müstəqil həll etməyə başlayıblar”.

Tədbirin davamında qaliblərə hədiyyələr təqdim olunub.

 

S.QARAYEVA

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.7.