Tbilisidə azərbaycanlı uşaqların rəsm sərgisi açılıb

 

Noyabrın 30-da Gürcüstan paytaxtındakı Yelena Axvlediani adına uşaq rəsm qalereyasında Marneulidə yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Gürcüstan reinteqrasiya nazirliyinin təşəbbüsü, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) maliyyə dəstəyi və Kvemo-Kartli bölgə administrasiyasının təşkilatçılığı ilə baş tutub. Sərgidə Marneulidə fəaliyyət göstərən “UNİON” gənclər təşkilatının nəzdindəki dərnəklərin əl işləri nümayiş edilib.

“UNİON” gənclər təşkilatının rəhbəri Elmira Yusubova APA-ya açıqlamasında sərgidə 380-ə qədər rəsm əsərləri, tikmə, xalçalar, hörmə işləri, toxuculuq, tətbiqi incəsənət nümunələri və keramika üzərində rəsm əsərlərinin nümayiş etdirildiyini deyib: “Mən azərbaycanlı uşaqların əl işlərindən ibarət sərginin təşkili üçün xüsusi olaraq Gürcüstan reinteqrasiya nazirliyinin müşaviri Savalan Mirzəyevə, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) direktoru Zviad Devdorianiyə xüsusi təşəkkürümü bildirirəm”.

Tədbirdə çıxış edən Yelena Axvlediani adına uşaq rəsm qalereyasının direktoru Liya Qorqadze “Gənc istedadlar” şüarı ilə təşkil olunan azərbaycanlı uşaqların sərgisini yüksək qiymətləndirib. Sonra o, “UNİON” gənclər təşkilatına gürcü xalq çalğı aləti “Çonquri” və “Rustavi” ansamblının mahnılarından ibarət disklər hədiyyə edib.

 

 

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.7.