Türkiyə, mən
sənin nəyini sevdim?!.
“İllər-düşüncələr” dəftərindən
Bu xatirələr-düşüncələr mənə çox əzizdir, həmişə xatırlayıram, hərdən yaxın adamlara danışıram və elə epizodlar yada düşür – danışanda maraqla dinlənilsə də çox vaxt aparır.
Ona görə bundan sonra danışmamaq üçün yazmaq qərarına gəldim.
Maraqlanan sağ olsun, – oxusun.
Maraqlanmayan sağ olsun, – oxumasın.
Və Tanrı hər ikisindən razı olsun.
(Əvvəli ötən saylarımızda)
Əlbəttə, Azərbaycana qayıdandan sonra yazdığım “Türkiyə, mən sənin nəyini gördüm?” şeirini xatırlamaya bilmərəm:
Türkiyə!
Mən sənin nəyini gördüm? –
Cavan Ankarada uca evlərin,
O alçaq evlərin – qoca evlərin.
Uzun körpülərin, xiyabanların,
Təzə güllərinin ilkin baharın...
Düzümündən özgə, gözündən özgə,
Əyrisindən özgə, düzündən özgə
Mən sənin nəyini gördüm?
Türkiyə!
Mən sənin nəyini gördüm? –
Hər addım başında bir bank cəftəsi,
Alış meydanları, satış həftəsi...
Zərgər dükanların alışıb-yanar,
Reklamlar
başına pirtək dolanar.
Bilmədim
kasıbsan, yoxsa varlısan,
Çeşmətək
fağırsan, şah vüqarlısan?
Mən sənin
nəyini gördüm?
Yamyaşıl
Atatürk xiyabanını,
Beş
yol ayrıcının gen meydanını
Gəzdim
bələdçisiz
və həyəcansız,
Gəzdim
doğma yurdtək şəksiz-gümansız.
Oğulların
igid, dəyanətlidir,
Məsum
gözəllərin ər qeyrətlidir –
Bir kəlmə
kəsmədik, tanış olmadıq,
Bilmədik
– doğmayıq, bilmədik yadıq?
Mən sənin
nəyini gördüm?
Bir-iki
muzeydən, beş-üç bağından,
Rahat
“Evquran”ın bir otağından,
Səninlə
göz-gözə qonuşmağımdan,
Özümlə
vuruşub-barışmağımdan,
Bir-iki sərgidən,
kitablarından,
Aprel
günlərinin xoş baharından,
Ankaraya
baxan ayından özgə,
Qonağa
təbəssüm payından özgə
Mən sənin
nəyini gördüm?
Gecəqonduların
uzaqdaydılar,
Ata
balaların qucaqdaydılar,
Bircə
köyünə də ayaq basmadım,
Sazına,
uduna qulaq asmadım.
Bir
çiçək dərmədim Ağrı dağından,
Keçmədim
yolların sərt sınağından.
Hansı
tərəfdəydi Bursa – bilmədim.
Hansı
yol uzanır Qarsa – bilmədim.
Boylandım
göylərdən İstanbuluna,
Əl edə
bilmədim Anadoluna...
Dağlarda
açılan səhər görmədim,
Kişnər
at görmədim, yəhər görmədim,
Mən sənin
nəyini gördüm?
Çeşmən
qəhət oldu – bir parç su içəm,
Bir
çay tapılmadı – çırmanıb keçəm,
Ağac
kölgəsində duz-çörək kəsəm,
Başsız
küləklərə qoşulub əsəm...
Elə
bil restoran görməmişdim heç...
Mən
kimə söyləyim günahımdan keç?!
Gəldim,
bir dağına baxa bilmədim,
Gəldim,
Ankaradan çıxa bilmədim.
Mən sənin
nəyini gördüm?
Ancaq bu
şeir də birmənalı qarşılanmadı. “Azərbaycan”
jurnalında dərc olunandan sonra “Azadlıq” radiosu şeirin
müəllif mövqeyini düzgün tutmayaraq məni
qınamaqdan, ittiham etməkdən çəkinmədi: “Niyə
Bəxtiyar Vahabzadə gedib görür, Məmməd Aslan
gedib görür, Hidayət görə bilmir, kimin
günahıdır?” Bir həftədən də artıq efirdə
belə mülahizələr səsləndi.
Moskva isə
dərhal duydu: “Drujba narodov” jurnalına dərc olunmaq
üçün təqdim olunan şeirlərimin içindən
nəinki təkcə bu yazı götürüldü, hətta
bütün “podborkanın” çapından imtina edildi:
“Türkiyəyə böyük məhəbbət olduğu
üçün”.
“Drujba
narodov” jurnalına göndərilmiş şeirlərin
çoxunu rus dilinə tanınmış Moskva şairləri
(Mixail Sinelnikov, Yuri Stefanov, Vladimir Druk, Nataşa Orlova, Lev
Yakovlev) tərcümə eləmişdilər, təkcə
“Türkiyə, mən sənin nəyini gördüm?”ü –
Səyavuş Məmmədzadə. “Podborka”nın
çapından imtina olunmasının əsl səbəbi
moskvalı tərcüməçilərə də aydın
deyildi. Ancaq Mixail Sinelnikov “Türkiyə, mən sənin nəyini
gördüm?”ü Səyavuşun tərcüməsində
(“Stixi o Turçii” adıyla) oxuyandan sonra dediyi söz indiyəcən
yadımdadır: “Bu şeirin adını “Türkiyə, mən
sənin nəyini sevdim” qoysaydın, daha dəqiq, məntiqi
olardı. Əlbəttə, onlar belə müəllifin
şeirlərini dərc etməzlər... Adları “Drujba
narodov” olsa da”. Bir qədər sonra Bakıda çap
olunmuş “Ə tak jivu” kitabıma daxil olmuş həmin
şeir bəzi “rusdilliləri” narahat etdi.
İllər
keçəndən sonra, 1993-cü ilin payızında
“Azadlıq” radiosunun baş redaktoru Mirzə Xəzər
Prezident seçkilərində jurnalist-müşahidəçi
kimi Bakıya gəldi. Ulu Öndərimiz Heydər
Əlirzaoğlunun tapşırığı ilə onun səfərinin
təşkilinə mən nəzarət edirdim. Səfəri
vaxtı çox görüşlərimiz oldu, çox
şeydən danışdıq və Mirzə xahiş edirdi
ki, kitablarımdan birini ona bağışlayım. Bir
axşam hoteldə ona kitab bağışlayarakən necə
oldusa, o epizodu xatırladım və həmin şeiri oxudum.
– Bu
şeiri haçan yazıbsınız? – soruşdu.
–
1986-cı ildə.
– O
dövr üçün risklər var.
– Bəs
“Azadlıq” məni ittiham edirdi.
Təfsilatı
ilə danışdım.
– Təəssüf
ki, elə hallar da olur... Axı, mən bütün materiallara əvvəldən-axıracan
baxa bilmirəm. Bəzən elə olur, ilk dəfə studiyada
canlı efirə oxuyuram.
Sonralar məlum
oldu: sən demə, bu şeirin “Azadlıq” radiosunda tənqidinin
“arğacı” bizlərdən keçib. O vaxtacan (və ondan
sonra da!) “Azadlıq” yeri gəldikcə mənim o dövr
üçün kəskin yazılarımdan, fikirlərimdən
misallar gətirərək, Sovet üsul-idarəsini tənqid
edir, beləcə dünyaya yeni dissident təqdim olunurdu. Bu da
“bizlərdən” bəzilərində qısqanclıq
yaradırdı. Ona görə də “Türkiyə, mən sənin
nəyini gördüm”ü şeirin mahiyyəti, qayəsi ilə
heç bir əlaqəsi olmayan, tamam başqa yozumda
“Azadlığ”a sırıya bilmişdilər.
Mirzə
Xəzər qayıdandan sonra həmin şeiri radioda yenidən
oxudu və bir səmimi etiraf etdi.
Yeri gəlmişkən,
hoteldə Mirzə Xəzər öz səhvlərini etiraf edəndə
ona söylədim ki, bundan sonra belə hallara yol verilməməsi
üçün Azərbaycan haqda olan materiallara diqqətlə
baxılsın. Xarici maraqlara, daxili qrup niyyətlərinə
xidmət edən verilişlərə, əsassız ittihamlara
yer verilməsin. Vəd elədi, ancaq çox təəssüf,
– əməl etmədi.
Doxsanıncı
illərin ikinci yarısından başlayaraq bu radioda ölkəmiz
haqqında əsassız tənqidi fikirlər səslənməyə
başladı. 1997-ci ildə Mirzə Xəzər yenə
Bakıya gəldi və bu dəfə görüş
üçün dövlət adamlarından yalnız mənə
müraciət etdi. Əslində mən Dövlət
müşaviri kimi onu qəbul etməli deyildim. Amma
yazıçı olduğumu və 20 Yanvar müsibətində
fəaliyyətini nəzərə alıb görüşə
razılıq verdim. Gəldi, saat yarımlıq söhbətimizdə
bütün iradlarımı bildirdim. Söz verdi: “Nəzərə
alacağam”. Əlavə etdi: “Radio bütün hallarda,
heç olmasa, hər iki tərəfin mövqeyi əks
etdirilməlidir”.
Ancaq sonra
da heç nə dəyişmədi.
Və o
görüş bizim son ünsiyyətimiz oldu.
Sənət
– hansı növü olur-olsun (jurnalistika da içi
qarışıq – o sırada!) siyasiləşəndə və
ya ideologiyalaşanda öz əsas mahiyyətini və dəyərini
itirir. “Azadlıq” da uzun illər belə mövqe tutdu...
...Aprelin
27-də Ankaradan ayrıldım. Təyyarəmiz İstanbula
eniş etdi və salon moskvalı uşaqlarla doldu,
hamısının üzündə təbəssüm,
xoş əhval. Onlar İstanbul məktəblilərinin
qonağı olmuş, həmyaşıdlarının evlərində
qonaq qalmışdılar. Soruşdum, təəssüratınız
necədir? Çox məmnun idilər, türk uşaqları,
onların ailələri barədə çox yüksək
fikirlər söyləyirdilər.
lll
Moskvada,
SSRİ Dövlətnəşrkomunda məni “Aydan gəlmiş
adam” kimi qarşıladılar. Tatyanadan başlamış
Marat Şışiqinə (kollegiya üzvü, Nəşriyyatlar
İdarəsinin rəisi), Pastuxovacan. “Oranı necə
gördünüz?”, “Bizə münasibətləri?”... Az qala
soruşacaqdılar: “Onlar havaxt kommunist-sosialist ölkəsi
olacaqlar”... Mən münasibətimi sakitcə bildirirdim.
Gördüyüm, hiss etdiyim hörmətdən, məhəbbətdən,
humanizmdən, inkişaf etmiş məmləkət
olduğundan danışırdım. Orada mədəniyyətin,
ədəbiyyatın ideologiyalaşmadığını,
Türkiyədə rus ədəbiyyatı nəşrini
xüsusilə geniş açıqlayırdım. Rus və
“Sovet xalqları” ədəbiyyatının türk dilində
nəşrlərini göstərirdim.
Tərəf
müqabillərim heyrətlənirlər.
Tatyana da,
Şışiqin də dedi ki, Boris Nikolayeviç Sizi qəbul
edəcək.
Sədrin
qəbulundan öncə bəzi xırda texniki işləri
gördüm. Xidmət pasportumu həmin tipik “kekebeşnik”ə
təqdim etdim. Üzündəki donuq ifadələr həminkiydi.
Məni həvəssiz də olsa, nəzakətlə
qarşılamağa, yola salmağa cəhd eləsə də,
alınmırdı, içinin acıqla dolu olduğunu gizləyə
bilmirdi, bəlkə də artıq uzaqlarda qalmış əyyamın
həsrətini çəkirdi: “Kaş 37-ci il olaydı, onda
gör səni...”
Elə həmin
mərtəbənin o biri başında maliyyə idarəsiydi
və mənə verilən o dövr üçün xeyli (qədərini
unutmuşam) funt-sterlinqin qalığını (məbləği
az deyildi) ora qaytarmalı, hesabat xarakterli kağızları
imzalamalıydım. Lakin haqq-hesab çəkən rəis
“yoldaş” tələsmir, sanki məndən “ayrılmaq istəmirdi”,
ancaq hiss edirəm ki, diqqəti çötkədə deyil,
fikri tamam başqa yerdədir. Eyni rəqəmləri
çötkədə şaqqıldada-şaqqıldada bir
neçə dəfə hesablayır, təbəssümlə
mənə baxır, nə umur, nə gözləyirdi? Mən
özümü saxlaya bilməyib əsəbiləşdim:
– Nə
üçün qurtarmırsınız? Nə qədər
vaxtımı alacaqsınız?
Pərt
oldu. Heç nə demədi. Və... dərhal “qurtardı”.
(Əyri
adamlar düz adamlardan qorxub həmişə!)
Əvvəlcə
mənə aydın deyildi bu “çək-çevirin” məqsədi.
Sonra anladım, düşünürmüş ki, sadəlövh
insan bu qədər pulu nə üçün qaytarır xəzinəyə?
O, məndən təklif gözləyirmiş: “Bu qədər
sənə, bu qədər mənə, yarıbayarı”.
Mənsə
bu barədə düşünsəydim – Ankarada edərdim və
bunu heç o maliyyəçi rəis də bilməzdi.
Bir
nazirliyin eyni mərtəbəsinin bir qolunda tipik “kekebeşnik”
sənə mənasız kağızları zorla oxutdurub
imzaladır ki, orda belə davran, o biri qolunda maliyyəçi
maddım-maddım sənə baxır, az qala yalvarır:
“Yarısı sənin, yarısı mənim”.
Bu iki məqam
üzərində nə üçün dayandım – hər
ikisi o dövr üçün çox xarakterik idi və hər
ikisi nəhəng imperiyanı
çökdürmüşdü – korrupsiya, rüşvətxorluq,
dövlətin nəyi varsa – hiyləylə talamaq, riya, yalan
ayaq tutub yeriyir, baş alıb gedirdi.
O
quruluşun bir disidenti, təmiz və pak bir insanı “yenidənqurma”
illərində eyhamla, həm də məmnunluqla deyirdi: “Allah
rüşvət alanlardan razı olsun, onlar ilk baxışda
“topdağıtmaz “ görünən bu quruluşu tez
dağıtdılar”.
Dünyanın
sonuncu şər imperiyası – Sovetlər Birliyi belə
dağılırdı.
Sədrə
səfərlə bağlı söhbətimiz bir saata
yaxın çəkdi: Təyyarədən-təyyarəyəcən
gördüklərimi, duyduqlarımı, hətta
düşündüklərimi ümumi şəkildə ona
çatdırdım. Diqqətlə qulaq asırdı, hərdən
sifətində ifadələr azacıq da olsa, dəyişirdi,
sözümü kəsmirdi. Mənim “monoloqum” bitəndən
sonra iki-üç sual verdi. Cavablandıran kimi mənim
suallarım başladı:
– Boris
Nikolayeviç, bəs biz nə üçün türk ədəbiyyatını
nəşr etməyək? Zəngin folkloru, böyük klassik
ədəbiyyatı, maraqlı çağdaş poeziyası,
nəsri, dramaturgiyası var. Türk ədəbiyyatı
yalnız Nazim Hikmətdən, Əziz Nesindən (hər
ikisini maraqla oxusam da, Nazimi isə hədsiz sevsəm də)
ibarət deyil. İki qonşu ölkə arasında süni
yaradılmış bu streotiplər nəyə
lazımdır, kimə xidmət edir? Biz gözləyirik ki,
Türkiyə kommunist-sosialist dövləti olsun? Orda kommunistlər
də var, sosialistlər də. Siyasi arenada da
görünürlər. Ancaq Türkiyə heç vaxt
kommunist-sosialist dövləti olmayacaq! Onda biz qərinələr
boyu qonşu ölkənin ədəbiyyatına, mədəniyyətinə
qadağalar tətbiq edəcəyik?
Əlbəttə,
Sədr “Türkiyə heç vaxt kommunist-sosialist ölkəsi
olmayacaq!” nidasını eşidəndə pörtdü, bir az
da rahatsız oldu, ancaq üzə vurmamağa
çalışdı.
– Mən
prinsip etibarilə Sizin dediklərinizlə razıyam, – söylədi.
– Mən
istəyirəm Türkiyəyə dost ölkə kimi baxaq, –
dedim, – bunun da yolu mədəniyyətlərin, ədəbiyyatların
mübadiləsindən, tanışlığından
keçir, – əlavə etdim.
Daha
sözüm qurtarmışdı. Sədrə təşəkkür
edib, ayağa qalxmağa hazırlaşırdım. Sədr
türk dilində nəşr olunmuş rus klassiklərinin
kitablarına baxır, poliqrafik icrasına nəzər
yetirirdi. Ayağa qalxmağa
hazırlaşdığımı hiss edəndə işarə
etdi ki, hələ sözü var:
– Siz
Bakıya qayıdandan sonra Ankaraya səfəriniz, təəssüratınız
və təkliflərinizi yazıb mənə göndərin.
Türk ədəbiyyatı nəşri məsələsini də
qeyd edin. Mən Sizi dəstəkləyirəm.
– Mənim
imzamla? Bəlkə Azərbaycan Dövlətnəşrkomunun
sədrinin imzasıyla?
– Yox, Siz
imzalayın, – təbəssümlə, yarızarafatla,
yarıciddi tərzdə, – Dövlətnəşrkomda bilməsələr
yaxşıdır, – əlavə etdi.
–
Böyük etimada görə təşəkkür edirəm.
O illərdə
belə ciddi problemli məsələ barədə nəşriyyatın
baş redaktorunun Ümumittifaq nazirinə (özü də
nazirin öz tövsiyəsi ilə!) yazılı müraciət
etməsinə çox nadir hallarda təsadüf edilə bilərdi.
Sədr
ayağa qalxdı, uzun kabinetinin qapısınacan gəldi, mənlə
xudafizləşdi.
...
Bakıya döndüm.
Aprelin son
günüydü, sonra – 1 May bayramı. Elə bayram günlərində
məktubu hazırladım. Rus dilində olduğu
üçün çox vaxt apardı. Poçtla – “s
uvidemleniyem”lə Moskvaya, SSRİ Dövlətnəşrkomunun
sədrinin adına göndərdim və bu barədə nəşriyyatda,
ümumiyyətlə, Bakıda məndən və rəsmi məktubu
qeydiyyata alıb nömrə qoyan xanım əməkdaşdan
başqa kimsə bilmədi.
Məktubu
göndərdim və cavabı barədə fikirləşməyə
başladım. (Mən məktubu göndərəndən
sonra Tatyana Marat Şışiqinin tapşırığı
ilə iki dəfə mənə telefon açıb bəzi
faktları və məqamları dəqiqləşdirmişdi).
Düşündüm ki, uzaqbaşı Şışiqinin
imzasıyla bizim nəşriyyata (bəlkə türk
respublikalarının uşaq-gənclər ədəbiyyatı
çap edən nəşriyyatlarına da?) məktub gələ
bilər. Məzmunu da: “Mütərəqqi türk ədəbiyyatını
(Sovet leksikonunda “mütərəqqi ədəbiyyat” ifadəsini
tez-tez eşidirik və bu ifadələr hər dəfə məndə
istehza, hətta ikrah hissi doğururdu: ədəbiyyat necə
mürtəce ola bilər?) nəşr etməyə etiraz
etmirik”dən o yana keçməz. Ancaq
yanılmışdım.
SSRİ
Dövlətnəşrkomunun kollegiyasının gözlənilməz
dərəcədə sanballı qərarı gəldi. Sənədin
preambula hissəsi, demək olar, bütünlüklə Ankara
sərgisində mənim SSRİ Dövlətnəşrkomunun
təmsilçisi kimi səfərim barədə təqdim
etdiyim məktubda dediklərim əks olunmuşdu. SSRİ-nin təmsilçisi
kimi sərgidə mənim iştirakım və Dövlətnəşrkomun
sədrinə “məruzəm” də qeyd edilirdi. Sevincimdən qərar
hissəsini bir neçə dəfə oxudum. Bütün
SSRİ nəşriyyatlarına tövsiyə olunurdu ki, “mütərəqqi”
türk ədəbiyyatını nəşr etsinlər.
Üzə
vurmasalar da Azərbaycanın Dövlətnəşrkomunda da
bu qərardan çox heyrətləndilər, nəşriyyatlarda
da, hətta bizim “Gənclik”də də...
Artıq
yaşıl işıq yanmışdı. İşə
başlamaq vaxtıydı. Türk ədəbiyyatının
yaxşı bilicisi Məmməd Aslanla birlikdə qardaş
xalqın folklorundan, qədim poeziyasından başlamış
çağdaş şairlərinin, nasirlərinin əsərlərindən
ibarət antologiya üzərində işləməyə
başladıq. Məqsədimiz zəngin türk ədəbiyyatını
bütövlükdə təqdim etmək idi. Bu, həm
çox maraqlı, həm də çox çətin iş
idi. Ona görə çətindi ki, təəccüblü
olsa da, o vaxtacan türk dilində belə antologiya çap
olunmamışdı. Neçə-neçə kitab nəzərdən
keçirildi, nəhayət, sanballı “Gözəllik suyu”
antologiyası yarandı. Bu irihəcmli antologiya otuz min tiracla nəşr
olundu və mağaza piştaxtalarında çox qısa vaxt
qaldı. Sonra Bahəddin Ögəlin “Böyük Hun
imperiyası” kitabı, sonra Türkiyədə
hazırlanmış və çap edilmiş “Yuxu
yozumları” ensiklopediyası...
Bunlar
yalnız “Gənclik” nəşriyyatının nəşrləri
idi. Kollegiyanın qərarı isə nəhəng
imperiyanın bütün nəşriyyatları
üçün verilmişdi.
Bir az irəli gedib demək yerinə düşər: 1987-ci ilin oktyabr ayında, əlamətdar kollegiya qərarından il yarım sonra SSRİ Dövlətnəşrkomunda Komsomolun Mərkəzi Komitəsi ilə birlikdə Belorusiyanın “Yunatstva” və Azərbaycanın “Gənclik” nəşriyyatlarının işinə həsr olunmuş konfrans keçirildi. Əsas məruzəçilərdən biri mən idim. O illərdə ölkədə qabaqcıl nəşriyyatların sırasında olan “Gənclik”in işi yüksək qiymətləndirilirdi. Konfransın davamı ertəsi gün “Molodaya Qvardiya” nəşriyyatında keçirilərkən bütün müzakirələr “Gənclik”in təcrübəsini öyrənməyə həsr olundu və mənə, təbii ki, çox suallar verildi. Heyrətlərini gizlədə bilmirdilər: “Gənclik” 50 cildlik “Dünya uşaq ədəbiyyatı”, 25 cildlik “Fantastika və macəra”, 15 cildlik “Azərbaycan folkloru” kitabxanalarını, sayı ondan çox olan maraqlı seriyaları necə nəşr edir? Həm də təəccüblənirdilər ki, kollegiyanın o sanballı qərarının alınmasına necə nail olmuşuq. Tənəffüslərdə, naharda türk respublikalarından olan nəşriyyat direktorları, baş redaktorları mənə yaxınlaşıb təşəkkür edirdilər. Xristian ölkələrindən olan naşirlərdən də o qərarı müsbət qarşılayanlar vardı. Hətta heyrətlərini gizlədə bilmirdilər.
Həm bir gün öncə SSRİ Dövlətnəşrkomdakı tədbirdə, həm də “Molodaya Qvardiya” nəşriyyatındakı görüşdə “Gənclik” nəşriyyatının fəaliyyəti əsas mövzu, müzakirə obyekti olduğundan belə formatda tədbirin gələn il (1998-ci ildə) Bakıda keçirilməsi arzu edildi və müvafiq qərar qəbul olundu. Mən tədbirin keçirilmə vaxtını da təklif etdim: mart ayının son dekadası – möhtəşəm, əziz Novruz Bayramı günləri.
Fəqət... Onda belə nikbin təkliflər veriləndə, uyğun qərarlar qəbul ediləndə Ermənistan təcavüzünün tez başlayacağı ağlımıza gəlmirdi və 1988-ci ilin fevralından başlayan müharibədən xəbərsiz idik.
Ancaq yetmiş illik sərt qadağadan sonra türk ədəbiyyatının yolu SSRİ nəşriyyatlarına açıldı və aradan iyirmi beş il keçsə də, o məqamları, o günləri dünən olmuş kimi xatırlayıram.
Boris Pastuxov diplomatik işə keçmişdi, nazir postuyla artıq vidalaşmışdı, SSRİ-nin Danimarkada səfiri təyin olunmuşdu.
Onu
professional jurnalist Mixail Nenaşev əvəzləmişdi.
Ancaq
aradan illər keçəndən sonra tale məni Pastuxovla
dönə-dönə görüşdürdü. Diplomatik
karyerasını Əfqanıstanda başa vurandan sonra Rusiya
Federasiyası Xarici İşlər nazirinin müavini, birinci
müavini, MDB işləri üzrə nazir, nəhayət,
Dövlət Dumasında komissiya sədri oldu və biz Moskvada,
Bakıda, xarici ölkələrdə dəfələrlə
görüşdük. Mən ona həmin qərar
üçün dönə-dönə təşəkkür
etdim, hər görüşəndə köhnə
dostları, tanışları yada salır, kitab nəşri
problemlərindən danışırdıq.
O isə
harda məni görürdüsə, ətrafdakılara uca səslə
“bizim kadrdır, fəxr edirəm” deyirdi.
lll
Aradan illər
keçdi...
Bu gün
Azərbaycanda hər addımbaşı türk
qardaş-bacılarımızla salamlaşa bilirik, Türkiyədə
azərbaycanlı ayağı dəyməyən yer
tapılmaz. Elə məqamlar, görüşlər olur –
bilmirsən Bakıdasan, yoxsa Ankarada, İstanbulda. Mən
özümüzün səksən altıncı ilin aprelindən
sonra qardaş Türkiyəyə yolum neçə yol düşüb
– azı 70-80 dəfə? Bir qismini unutmuşam.
Xatırladıqlarım da az deyil: iki səfərdə Ulu
Öndərimizi müşayiət etmək qismət olub mənə.
Dəfələrlə yüksək tədbirlərdə Azərbaycanın
təmsilçisi olmuşam, ancaq 1986-cı ilin aprel günlərinin
saatları, məqamları, anları əbədilik həkk
olunub yaddaşıma.
İlk
sevgiydi. Unudulmur. Xəyalən təsəvvür etdiyin,
haqqında oxuduğun, öyrəndiyin, nəhayət, dəlicəsinə
sevdiyin, axır ki – görüşdüyün və... tezcə
də ayrıldığın, fəqət... əbədi
bağlandığın məhəbbət kimi.
2010-2011.
1. “Evquran” – Ankarada otel.
HİDAYƏT
525-ci qəzet.-
2011.- 2 dekabr.- S.4.