Ana südü-dağ çiçəyi”

 

UŞAQLARIN GƏLƏCƏYİNİ İNDİDƏN DÜŞÜNÜN  

 

Uşaqlar bizim gələcəyimizdir. Bu deyimi demək olar ki, hər gün müxtəlif mənbələrdən eşidirik. Məntiqi nəticəyə görə, onları nə qədər qorusaq öz gələcəyimizi də etibarlı şəkildə qura bilərik. Sağlam cəmiyyətin təminatında ərzaq təhlükəsizliyi, daha dəqiq desək uşaqların qidalandığı ərzaqlar mühüm rol oynayır.

Təəssüf ki, ölkədə süni uşaq qidası problemi hələ də öz həllini tapmayıb. Problemin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılsa da, uşaq yeməklərinin təhlükəsizliyi məsələsi bu günaktual olaraq qalır. Bəzən analar əlacsızlıqdan uşaqlara süni uşaq qidaları yedirirlər. Körpəsini dünyaya gətirən ananın uşağına verə biləcəyi ən gözəl hədiyyə ana südüdür. Körpələrin ilk 6 ayı sadəcə ana südü ilə qidalanmaları vacibdir. Uşağın fiziki, zehni və ruhən inkişafında ilk 6 ay ərzində ana südünün böyük önəm daşıdığını bildirən psixoloqlar da deyirlər ki, özəlliklə bu uşaqlarda özünə inam hissləri daha yaxşı formalaşır. Artıq o da məlumdur ki, ana südünün tərkibində protein, antikorminerallarla zəngin xolostrum maddəsi var. Bu da körpənin ehtiyacı olan tək qidadır. Onu da diqqətinizə çatdıraq ki, adıçəkilən problemin həll olunması istiqamətində müəyyən addımlar atılsa da, hələ də bir çox valideyn uşaqlarının bəslənməsində süni uşaq qidalarından istifadə edir. Bunun səbəbini aydınlaşdırmaq məqsədilə bir neçə valideynin fikrini öyrənməyə çalışdıq. Əksəriyyətin fikrincə, körpə uşaqlara süni qidaların verilməsi yolverilməzdir. Standartlaşdırma, MeteorologiyaPatent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, uşaq yeməklərinin tərkibi və keyfiyyəti ilə bağlı əvvəllər bəzi problemlər olsa da, hazırda narahatlıq doğuran məqam yoxdur: “Komitə uşaq yeməklərinə mütəmadi dövlət nəzarətini həyata keçirir. Ölkəyə idxal olunan süni uşaq qidası satışa çıxarılmazdan öncə məhsulun laborator müayinəsi aparılır. Bundan əlavə, uşaq yeməyini ölkəyə idxal edən firmadan məhsulu istehsal edən ölkənin mənşə sertifikatı tələb edilir. Müvafiq yoxlamalardan sonra həmin məhsula ölkənin keyfiyyət sertifikatı verilir. Amma təbii ki, bu proses daimi olmalıdır ki, xoşagəlməz halların qarşısı alınsın”.

 

Bizdə uşaq qidaları istehsal olunmur?

 

Azərbaycanda uşaqlar üçün qida məhsullarının istehsal edilmədiyini bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizə süni uşaq qidaları daha çox Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiyadan gətirilir. “Bizdə uşaq qidaları ümumiyyətlə istehsal olunmur. Onu da qeyd edim ki, ölkədə bu məhsulların keyfiyyətini yoxlayacaq normal qurum yoxdur. Ona görə də saxlama müddəti və keyfiyyətlə bağlı çox ciddi problemlər mövcuddur. Məhsulların çoxunun üzərində Azərbaycan dilində heç bir məlumat yazılmır. Onların saxlanma qaydalarına düzgün riayət edilmir. Hətta satışda kustar üsullarla hazırlanmış, mənbəyi məlum olmayan qidalara da rast gəlmək mümkündür. Nəzərə alın ki, uşaq qidası nə qədər keyfiyyətli olsa belə, onun üzərində mütləq “ana südünü əvəz edə bilməz, körpələrinizi ana südü ilə qidalandırın” kimi ifadələr də yer almalıdır. Amma təəssüflər olsun ki, buna diqqət edən yoxdur”.

E.Hüseynov onu da əlavə etdi ki, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun bir sıra tələblərinə əməl olunmur: “Süni uşaq qidalarının həm reklamı, həmçinin də markalanmasında ciddi nöqsanlara yol verilir. Qanunla uşaq qidasının üzərində şən, gülərüz uşaq şəkli ilə diqqəti çəkmək qadağandır. Amma uşaq qidalarının reklamında bu qadağalara məhəl qoyulmur. Analar müxtəlif cəlbedici reklam şitləri ilə süni uşaq qidasına cəlb edilir”.

Pediatr Məhsəti Nəcəfova yerli mətbuata deyib ki, heç bir halda bu qidalar özünü doğrultmur: “Ana südü körpənin immunitetini gücləndirən və onu xəstəliklərdən qoruyacaq maddələr olan antikorla zəngindir. Ana südü ilə bəslənən uşaqlarda allergiya ilə bağlı problemlər də üzə çıxmır. Körpə lazım olan vitaminləri məhz bu süddən lazım olduğu qədər qəbul edir. Ana südü körpənin sinir sistemi, beyin hüceyrələri və görmə qabiliyyətinin inkişafı üçün lazım olanOmeqa 3” və “Omeqa 6” yağlarıyla zəngindir. Ana südü ilə bəslənən uşaqlarda ürək, xərçəng, şəkər xəstəliklərinə, ağız və dişlərin inkişaf pozğunluqlarına, o cümlədən bağırsaq xəstəliklərinə daha az rast gəlinir. Nəzərə alınmalıdır ki, körpə ana südü ilə qidalanmadıqda, bunların əks təsiri baş verə bilər. Onu da qeyd edim ki, Azərbaycanda körpələrin süni uşaq yeməyi ilə qidalandırılması bioloji təhlükə həddindədir”. Pediatr onu da əlavə etdi ki, süni qidalarla bəslənmiş körpələr artıq çəki problemi ilə daha tez-tez rastlaşırlar: Süni qidalarda olan hər hansı maddə körpənin orqanizmində daxili allergiya yarada bilər. Əgər analarımız müəyyən səbəblərdən bu qidalardan istifadə etmək məcburiyyətində qalırlarsa, o zaman körpələrini soya südləri ilə bəsləmək məsləhət olunur”.

 

Günay FƏRHADQIZI

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.6.