ƏDƏBİYYAT
SÖHBƏTİ
YAŞARIN XALQ
YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ
(Əvvəli ötən şənbə
saylarımızda)
Ədalətli hökm tarixindir və tarixin sınağı Rəsulzadə – Nərimanov siyasi rəqabətində Rəsulzadəni qalib etdi, Nərimanov isə məğlub oldu, ancaq bu məğlubiyyətdən sadistcəsinə həzz almaq, məğlubu hər vasitə ilə damğalamaq, bir nadan hərisliyi ilə məqamdan istifadə edib “ifşa” kampaniyasına girişmək yox, həmin məğlubun faciəsinin miqyasını dərk etmək lazımdır və bu faciə yadın yox, doğmanın faciəsidir.
Uzun müddət SSRİ kimi qapalı bir ölkədə, totalitar cəmiyyətdə formalaşan ictimai fikri azad etmək üçün tarixə yeni baxış, əlbəttə, vacibdir, ancaq tarixi yenidən qiymətləndirmək heç vəchlə düşmən axtarışına çevrilməməlidir. Yalançı vətənpərvərliyə qapılıb, “rus imperiyasına xidmət ediblər” deyə, A.Bakıxanovun, M.Kazımbəyin, M.F.Axundovun, İ.Qutqaşınlının, N.Nərimanovun düşmən obrazını yaratmaq obıvatel düşüncəsinin ifadəsidir.
Əbdürrəhim bəy Haqverdiyevin dəqiq xarakteristikası yadıma düşür: “Mirzə Fətəlinin... epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş libasının altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi.”
Yaşar, yeri düşmüşkən, bir ciddi məsələyə toxunmaq istəyirəm: mən özüm də daxil olmaqla biz xitabət kürsülərinə qalxıb, televiziyaya çıxıb xalqımızı öz üzünə çox tərifləmişik – Babəkin rəşadəti, Koroğlunun qılıncı, Həcərin igidliyi və s., və i.a.
Azərbaycan ədəbiyyatında Füzulinin “Şikayətnamə”sindən gələn və XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Mirzə Fətəlinin, Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəyin, Üzeyir bəyin qələmi və vətəndaşlığı ilə yüksək bədii-estetik zirvəyə qalxmış milli (!) ədəbi ənənələr itib. Xalqı üzünə tərifləməkdənsə, onu üzünə tənqid etmək həmin xalqın milli mənliyinin ikişafında daha böyük rol oynayır, ancaq əlbəttə, bu şərtlə ki, həmin xalqı sevə-sevə tənqid edəsən, adlarını çəkdiyim o böyük şəxsiyyətlər kimi.
Mən əvvəllər bunu da dəfələrlə yazmışam, demişəm ki, ədəbiyyatla qrafomanlıq, hətta antiədəbiyyat həmişə qoşa addımlayıb və cahillik, nadanlıq da həmişə bədii-estetik dəyər və meyarları müşayiət edib. Mirzə Cəlil haqqında, Sabir, Üzeyir bəy, yaxud Nəriman Nərimanov, Hüseyn Ərəblinski haqqında onların sağlığında ikən mətbuatda nə qədər cahil mülahizələri yazılıb. Bunun şahidi olmaq üçün, heç zəhmət çəkib, gedib, o dövrün mətbuatını araşdırmaq lazım deyil, elə rəhmətlik Qulam Məmmədlinin salnamələrini vərəqləmək kifayətdir.
Sovet dönəmində Sistem özü belə bir cahilliyə və nadanlığa sövq və təhrik edirdi – Əhməd bəy Ağayevə, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə, Nəriman Nərimanova, Əlimərdan bəy Topçubaşova, Xan Xoyskiyə, Yusif bəy Nəsibbəyova, Hacı Zeynalabdin Tağıyevə, başqalarına ən ağır və tamam ədalətsiz siyasi ittihamlardan tutmuş məişət qarayaxmalarınacan hansı damğalar vurulmadı, ancaq cənab Zaman bütün məsələləri həll etdi, bu şəxsiyyətlərin hər biri Azərbaycan tarixində və ictimai fikrində özünə layiq yeri tutdu.
Rəhmətlik Qulam Məmmədli – ədəbi axtarışlar patriarxı və mənim tanıdığım ən böyük qələm zəhmətkeşi! – məndən 50 yaş böyük idi, ancaq bu gün mən böyük bir fəxarətlə deyirəm ki, yaşı 100-ə çatmış Əbülqasım Hüseynzadə və 90-nı keçmiş Əli Səbri kimi, onlardan “cavan” Məməd Cəfər Cəfərov və Abbas Zamanov kimi Qulam müəllim də mənim böyük və unudulmaz dostlarımdan biri idi. 1980-ci illlərin ortalarında Qulam Məmmədli məndən xahiş etdi ki, onun Nəriman Nərimanov haqqında hazırladığı böyük salnamənin redaktoru olum və mən həvəslə bu işə başladım, salnamə mənim redaktəm və ön sözümlə, səhv etmirəmsə, 1987-ci ildə nəşr edildi.
Mən bunları nə üçün xatırlayıram? Çünki o zaman mən Nəriman Nərimanovu özüm üçün yenidən kəşf etdim. Əlbəttə, mən əvvəllər də Nərimanovu oxumuşdum, onun haqqında yazmışdım, ancaq bu böyük şəxsiyyətin ədəbi və ictimai fəaliyyətinin tragik mənzərəsi mənim üçün o dərəcədə aydın olmamışdı.
Bir sözlə, söz azadlığı – obyektiv sözün azadlığı olmalıdır. Söz azadlığı heç vəchlə intiqam almaq, ara qarışdırmaq, şeytani hissləri ifadə etmək üçün ələ düşmüş vasitəyə çevrilməməlidir.
XIX əsrin sonlarında Uilyam Herst və Cozef Pulittser amansız bir rəqabətlə “sarı mətbuat”ı obıvatel həyatının bir parçasına çevirməyi bacardılar və keyfiyyətsiz sarı kağızlarda çap olunan bu qəzetlər bulvarlarda satılırdı – onu alıb, bulvardakı skamyalarda oturub, oxuyaraq, elə bulvardakı da zibil yeşiklərinə atırdılar.
Qəzetlər zibil yeşikləri üçün çap olunmamalıdır.
Bizim Vaqif Bəhmənlinin bir sözü xoşuma gəlir, deyir: “Azadlıq çox şirindir, böyüklərdə şəkər yaradır, kiçiklərin dişini çürüdür.”
Söz azadlığı gərək nə şəkər yaratsın, nə də diş çürütsün.
YAŞAR – Yenidənqurma dönəmində sandıqlar açıldı və illər uzunu qadağan olunmuş əsərlər axınla işıq üzünə çıxdı. Və bu əsərlərin bədii məziyyətindən çox cəsarətinə qiymət verildi. Bir misal çəkim. Mənim çox sevdiyim rus yazıçısı Andrey Platonovun da o dövrlər “Çevenqur”, “Yuvenil dənizi” və s. kimi irihəcmli əsərləri çap olundu. Mən o vaxtacan yazıçının “Can”, “Fro” və digər əsərlərini oxumuşdum. Və Platonov mənim üçün həm də ona görə qiymətli idi ki, elə bilirdim, əzab içində yaşamış bu yazıçı sistemin eybəcərliklərini azca da olsa əsərlərinə buraxmayıbsa, deməli, içinə də buraxmayıb, hopdurmayıb. Amma sandığından çıxan yazılarından mənə məlum oldu ki, xeyr, demə, o da daxilən bu sistemlə vuruşurmuş, ona nifrət, etiraz edirmiş. Və bu, Platonovu mənim gözümdə heç də ucaltmadı. Bəlkə də, əksinə... Bu mənada, əgər Platonovun timsalında götürsək, şəxsən mənim üçün onun “qorxaq” əsərləri, “mərd” əsərlərindən daha doğmadır. Yəni dediyim odur ki, yüksək bədii nümunə heç də cəsarət göstəricisi deyil və dəyərli əsərlər bütün dövrlərdə yaranır.
Azərbaycana gəlincə, bizdə “sandıq ədəbiyyatı”nın olmaması uzun müddət yazıçılarımıza irad tutuldu. Amma əslində, bizdə elə əsərlər çap olundu ki, onlardakı siyasi-ictimai obyektivlik, şirə qatılmamış həqiqət, cəmiyyətə tənqidi münasibət “sandıq ədəbiyyatı”ndan az deyildi, bəzi hallarda isə daha çox idi. Elə Sizin “Ağ dəvə”, “Ölüm hökmü” romanlarınızın, “Toyuğun diri qalması”, “Dolça” kimi povestlərinizin adlarını çəkmək olar ki, onların çapı hətta o dövr üçün nisbətən azad sayıla biləcək Baltikyanı ölkələrdə də çətinliklərlə rastlaşardı.
ELÇİN – Ədəbiyyata qiymət vermək çox birbaşa, tamam müstəqim bir prosesdir: əsər yazıldığı dövrdən, müəllifinin həyatından, qaldırdığı səs-küydən, yaxud da sükutla qarşılanmasından və s. (bunları tədqiq etmək ədəbiyyatşünasların işidir) ayrılaraq, təcrid olunaraq bədii-estetik meyarlarla təkbətək qalır və yalnız bu zaman ona qiymət verilir. Başqa sözlə desəm, qiymətin obyekti istedaddır. Eyni zamanda, qiymət özü də obyektiv mövqe tələb edir və sovet dönəmində yazılmış əsərlərə də qiymət belə verilməlidir.
Əlbəttə, əgər aşıq “Stalinə, Koqanoviç yoldaşına bax!”- deyə biyabırçı qoşma-vəsfnamə yazırsa, bu – Sistemin, hakim ideologiyanın sənəti zorlaması hadisəsidir. Ancaq eyni zamanda, “filan şair Kremlin qızıl bayrağına, ya da pioner qalstukuna şeir yazıb, deməli pis şairdir, o birisi isə yazmayıb, deməli yaxşı şairdir!” prinsipi də heç vəchlə sənətin səviyyəsini müəyyənləşdirən amil ola bilməz.
Sovet dönəmində, 70-80-ci illərdə Sistemin ən böyük ədəbiyyat generalı vəzifəsinə təyin etdiyi yazıçılardan biri Georgi Markov idi: SSRİ Yazıçılar İttifaqının dəyişməz sədri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Ali Sovetinin daimi deputatı, Sov.İKP MK-nın daimi üzvü və s., və i.a. Sistemin ən çox təbliğ etdiyi əsərlərdən biri Markovun “Stroqovlar” romanı idi. Mənim daxilimdə hakim ideologiyanın təbliğ etdiyi bədiiyyata elə bir tam inamsızlıq formalaşmışdı ki, o vaxt bu romanı oxumadım, ona vaxt sərf etmək istəmirdim. Ancaq keçən il yayda – sosrealizm haqqında yazmaq istədiyim vaxtlar idi – o roman yadıma düşdü və onu bizim Axundov kitabxanamızdan götürüb oxudum.
İnandırıram səni, Yaşar, bu roman rus nəsrinin ən yaxşı ənənələrinə söykənən istedadlı bir əsərdir və mənim üçün əməli-başlı bir sürpriz oldu. Ancaq Sistemin başqa bir sevimlisi, misal üçün, böyük dramaturq vəzifəsinə təyin olunmuş Anatoli Safronov idi, onun pyeslərinin səviyyəsi isə rus ədəbiyyatı ənənələri müqabilində sönük parodiyadan başqa bir şey deyil.
Dediyim odur ki, Sovet Sisteminə qarşı kin-küdurət (həm də obyektiv əsasları olan kin-küdurət!) sovet dövründə yazılmış əsərlərə qarşı qərəzli münasibətə çevrilməməlidir.
Əlbəttə, Kremlin qızıl bayrağına şeir yazanların hamısı səmimi deyildi, burada əsas rolu konyuktura, müəyyən dövrlərdə isə qorxu, vahimə oynayırdı, ancaq eyni zamanda, inananlar da var idi və onların yazdıqları inamlarının ifadəsi idi. Mənim 1980-ci illərdə bu mövzuda rəhmətlik Süleyman Rüstəmlə çox açıq söhbətlərim olub və çox da koloritli, canlı, şux təbiətli bir insan olan Süleyman müəllim sovet ideologiyasına qəlbən bağlı idi, ancaq mən illər ötdükcə onun içində açıq bir peşimançılıq olmasa da, tərəddüdün baş qaldırdığını hiss edirdim. Tez-tez söhbəti gətirib “Cənub şeirləri”nin üstünə çıxarırdı, hərdən Təbrizlə bağlı hansısa şeirini özünəməxsus ehtiras və diksiya ilə əzbər deyirdi və belə məqamlarda mən açıq-aşkar hiss edirdim ki, bu şeirlər get-gedə Süleyman müəllim üçün təskinliyə çevrilir, yəni, mən pioner qalstukuna şeir yazmışamsa, belə şeirlərim də var...
Yaşar,
burda bir incə məqam var. Çexovun Vanya dayısı
bütün həyatını professor Serebryakovun rifahına həsr
edir, çünki o, Serebryakovun alimliyinə inanırdı,
onunla fəxr edirdi, ancaq sonra Serebryakovun boş mənəviyyatını
kəşf edəndə dəhşətli bir
peşimançılıq, pərişanlıq keçirir.
Vanya
dayı ona görə mənim yadıma düşdü ki,
sovet dönəmində bizim sidq-ürəkdən Sistemə
inanıb yazan qələm sahiblərimizin də daxilində
belə bir peşimançılıq, pərişanlıq
yaranmışdı, ancaq Mixail Qorbaçov demişkən,
artıq qatar getmişdi, yəni artıq yazılan
yazılmışdı və bu da, əlbəttə, sənətkarın
faciəsidir.
Burasını
da xüsusi qeyd etmək istəyirəm ki, istedadın
gücü bəzən ən yüksək inzibati mərhələlərdə
belə, Sistemə, hakim sovet ideologiyasına qalib gələ
bilirdi və belə hadisələrin ən bariz nümunəsi
kimi, “Arşın mal alan” filmini misal
çəkə bilərəm. Bu filmdə bir dənə
də olsun, ideoloji ştamp yoxdur.
Əsgər
– varlı tacir, xanların saraylarına oxşayan böyük
bir malikanə yiyəsi, Vəli kimi nökərləri olan bir
sahibkar, istismarçı sinfin tipik nümayəndəsi,
yüksək zövqlə geyindiyi Avropa libaslı bir cavan, yəni
o adamlardan biri ki, sovet ideologiyası onları güllələnməyə
məhkum edirdi və onlar “xalq düşməni” kimi güllələnirdi,
ocaqları da viranə qoyulurdu.
Eləcə
də Soltan bəy – öz bəyliyi ilə fəxr edən
(arşınmalçıya dediyi sözləri xatırla: “Sənin
də qazancın o olar ki, mənim kimi bəylə qohum
olarsan!”), gözəl çərhovuzlu cənnətməkan həyətli
imarətində uzanıb, sulu qəlyan
çəkə-çəkə dul qalmağından
şikayətlənən bir “antisosial element”.
Hətta
qulluqçu Telli də ailə qurmaqla bağlı Vəlinin
qarşısında sovet ideologiyasının təbliğ və
təqlin etdiyi “zəhmətkeşlərin mənəvi
simasına” tamamilə zidd olan şərt qoyur: “Pulun varsa, gələrəm!”
və nökər Vəli də Tellini tənqid etmir,
utandırmır ki, səndə sinfi təəssübkeşlik
yoxdur, əksinə: “Var! Var!”- deyir, özünün də bir bəy
olacağını arzulayır, yəni bu “əzilən sinif”
nümayəndələrinin ikisi də sinfi şüurdan
tamam məhrumdurlar, onlarda öz ağalarına qarşı məhəbbət
və sədaqətdən başqa heç bir sinfi münasibət
yoxdur.
Bir
sözlə, müəllifi də bəy olan “Arşın mal alan” bədii-estetik və ideoloji mahiyyəti
etibarilə sovet ideologiyasının yeganə ədəbi
metodu olan sosrealizm müddəaları ilə180 dərəcə
zidd qütbdə dayanırdı. Bəs nə
oldu? Qəddar ortodosk kommunist-inkivizator İosif Stalin kimi
bir fanatik-müstəbid bu əsərə Sistemin ən
yüksək mükafatını – öz adını
daşıyan mükafatı verdi. Buna səbəb nə idi? “Arşın mal alan”ın bədii-estetik qələbəsi.
Başqa
bir rakursdan oxşar fikri Mixail Şoloxovun “Sakit Don”u haqqında
da demək olar və aydın məsələdir, bu kimi faktlar
– sovet sənət tarixində istisnalardır, ancaq bu
istisnaların özü də əsil sənətin
gücü barədə çox söz deyir.
Stalin
sentimentallıqdan çox uzaq bir tip idi və ən yaxın
ailə üzvlərini, dostlarını belə güllələtdirən,
Sibirin gedər-gəlməzinə göndərən bu son dərəcə
ağıllı və son dərəcə də qorxunc cəllada
hansısa koloritli xatirələrlə təsir etmək
mümkün deyildi, ancaq görünür, istedadın, sənətin
gücü hərdən hətta ona da təsir edə bilirdi.
O ki,
qaldı “sandıq ədəbiyyatı” məsələsinə,
güman edirəm ki, bu məsələyə fərdi
yanaşmaq lazımdır. Bu mənada ki, hərgah
yazıçı totalitar rejimdə quruluşla, cəmiyyətlə
bağlı vicdanlı bədii sözünü birbaşa
deyirsə, o zaman “sandıq ədəbiyyatı” yaranır.
Ancaq başqa bir yazıçı həmin bədii
sözü demək üçün bədii-estetik yollar
axtarır, çünki bu söz elə deyilməlidir ki, bir
tərəfdən senzuranın süzgəcindən keçə
bilsin, o biri tərəfdən isə oxucu səni başa
düşsün, sənin dediyin sözü qəbul etsin, həmin
sözdəki ağrını-acını duysun, yəni bu
sözdə yalan, falş olmasın. Mənim
“Dolça” povestimdəki it yadına gəlir? Cəmiyyət o itin əxlaqını pozur, onu
sümsük edir. Ya da “Ölüm hökmü”
romanındakı it intihar edir. Aydın məsələdir
ki, belə bir “it intiharı” tamam rəmzi məna
daşıyır.
YAŞAR – Elçin müəllim, bəlkə də sənətə,
sənətkara münasibətdə yumşaqlıq və eyni
zamanda, sərtlik Stalinin özünün də nə vaxtsa
şeir yazmağından irəli gəlirdi. Ümumiyyətlə,
sənətdə alınmayan diktatorlar daha əzazil, daha
qaniçən olurlar. Məsələn,
Stalin şair kimi, Hitler də rəssam kimi
alınmamışdı. Və bəlkə
də bu iki diktatoru qarşı-qarşıya qoyan və
milyonların ölümünə səbəb olan fəlakətin
bir kökü də elə buradan qaynaqlanırdı. Belə insanlarda çatışmazlıq kompleksi həmişə
çox güclü olur və onlar sanki bütün bəşəriyyətdən
qisas almaq iddiasıyla yaşayırlar. Və
ardınca müharibələr, repressiyalar başlayır.
Kim bilir, bəlkə də Stalin ürəyinin
bir yerində 37-ni özünün şah əsəri hesab
edirmiş. Elçin müəllim, son
zamanlar 37-ci illər və ədəbiyyat mövzusu sanki yenidən
aktuallaşmağa başlayıb. Bu barədə Sizin fikirlərinizi eşitmək maraqlı
olar.
ELÇİN
– 37-dən əvvəl də, sonra da Sovet İttifaqında
repressiyalar olub və mən “37”ni ümumiləşdirilmiş
bir rəqəm kimi qəbul edirəm . Bu rəqəm SSRİ-də yaşayan bütün
xalqların XX əsr tarixində böyük faciədir və
bu elə bir faciədir ki, onun daxilində ayrı-ayrı
şəxsləri ittiham etmək ən asan yoldur,
çünki əsas ittiham obyekti bu faciəni yaradan münbit
zəmindir.
Buna görə də, məncə, daha dərinə getmək,
bu siyasi-sosial fəlakəti, eyni zamanda, xislətin faciəsi
kimi qiymətləndirməyi də bacarmaq lazımdır. “37”-də
güllələnən, sürgünə göndərilən,
aydın məsələdir ki, həmin fəlakətin
qurbanıdır, ancaq mənim düşüncəmə
görə, o məhv edilən insanın üzünə duran
insanın özü də elə həmin fəlakətin
qurbanıdır. “37”-nin miqyası elə
idi ki, üzə duran, böhtan atan, bəlkə də, dediyim
o xislət faciəsinin daha böyük qəhrəmanı
idi.
1960-cı
illərin əvvəllərində XX əsr rus ədəbiyyatındakı
“altmışıncılar”ın ən istedadlı nümayəndələrindən
olan Anatoli Qladilin Yuri Kazakov ilə birlikdə İlya Erenburqun
bağına gedir və söhbət əsnasında
soruşur: “İlya Qriqoryeviç, nə üçün sizi
37-də həbs etmədilər?” Bu sual barədə
Erenburq özü “İnsanlar, illər, həyat” adlı məşhur
memuarında yazır. Bu yaxınlarda isə
mən, gərək ki, “Literaturnaya qazeta”da Qladilinin müsahibəsində
belə bir etirafını oxudum ki, o, indiyə qədər həmin
sualın mənəvi əzabını çəkir.
Nə üçün?
Çünki “37” hadisələrinə bəsit
yanaşmaq olmaz.
Mən
Müşfiq haqqında sənədli povest işləyirdim və
o dövrün mətbuatını, bizim Təhlükəsizlik
Nazirliyində əlaqədar arxiv materiallarını, Siyasi
Büro iclaslarının stenoqramından, KQB
generallarının, xaricə qaçan çekistlərin
memuarlarından tutmuş məhkəmə materiallarınacan
son illərdə Moskvada çap və nəşr olunmuş
xeyli miqdarda məxfi sənədləri, xatirələri, tədqiqatları
oxudum. “37” həm siyasi-ictimai-sosial, həm də məişət
və psixoloji baxımdan elə bir qlobal hadisədir ki, bunun
yalnız bir səbəbkarı var: Şeytan.
Konkret
olaraq, 1937-38-ci illərdə hər gün həmin Şeytan əməlləri
ilə birlikdə, daimi dəhşət, qorxu, xəyanət
içində yaşamaq, millətindən, sənətindən,
peşəsindən və ən başlıcası da, əqidəsindən
asılı olmayaraq, Sovet İttifaqında yaşayan
insanların həyat tərzi idi.
Və ən dəhşətlisi də budur ki, Şeytan
yalnız cəlladların ürəyinə girməyib,
yuxarıda dediyim həmin münbit zəmindən – dəhşətli
işgəncələrdən istifadə edərək,
qurbanların da ürəyinə həmlələr edib. Həmin güllələnən
təqsirsiz insanlar nə qədər başqa təqsirsiz
insanların üzünə durub, onların da güllələnməsinə
səbəb olublar və bu proses zəncirvari davam edib. Mənim “Cəhənnəm sakinləri” pyesimin
mövzusu da elə budur.
Bu
yaxınlarda İsa Həbibbəyli akademik Məmməd Cəfər
Cəfərovun xatirələrini hazırlayıb, nəşr
etdirib və Məmməd Cəfər müəllim yazır
ki, “37”-də əvvəlcə elə başa
düşürdük ki, tanınmış ziyalıların
hamısının kökünü kəsmək istəyirlər,
amma sonra gördük ki, yox, fəhlələri,
kolxozçuları da tutub güllələyirlər.
1937-38-ci
illərdə Sovet İttifaqında Məmməd Cəfər
müəllimin dediyi həmin fəhlədən,
kolxozçudan tutmuş, Siyasi Büro üzvlərinəcən
– elə bir həyat tərzi hökm sürürdü ki, bu –
təbiətin həyat, yaşayış qanunlarına tamam
zidd idi. Fikir ver, bu represiya Siyasi Büro üzvlərinin imzaları
ilə həyata keçirilirdi və dünənə qədər
güllələnmə siyahılarını öz
imzaları ilə təsdiq edən, özləri canı-dildən
belə təşəbbüslərlə
çıxış edən elə həmin Siyasi Büronun
üzvü və üzvlüyünə namizəd rəhbərlər
– Kosior, Çubar, Postışev, Rudzutak, Eyxe, Yejov da güllələndi,
Molotovun, Kalininin arvadları həbs olundu, Kaqanoviçin,
Orconikidzenin qardaşları güllələndi və s., və
i.a.
Təsəvvür
et, misal üçün, qardaşı güllələnib,
Kaqanoviç isə qətli yerinə yetirən Yejovla bərabər
paradlarda Lenin movzeleyinin üstünə qalxıb gülə-gülə
əllərini yelləyərək, zəhmətkeş dəstələrini
salamlayırlar, yaxud arvadı həbs olunmuş Molotov bu həbsi
icra edən Beriya ilə qol-qola girib, gülə-gülə “səmimi-qəlbdən”
danışırlar.
Yaxud, bax,
Vavilov qardaşlarından biri məhv edilmişdi, o birisi isə
SSRİ Elmlər Akademiyasının prezidenti təyin
olunmuşdu və təntənəli iclaslarda nəinki Stalini,
Siyasi Büro üzvlərini, hətta faktiki olaraq
qardaşının qatili Lısenkonu da tərifləyirdi. Yüzlərlə bu cür misal çəkmək
olar. Mən hələ sovet vaxtı, “Ölüm
hökmü” romanında yazmışdım ki, əgər
Lenin sağ olsaydı, çox güman ki, onun
özünü də 1937-ci ildə “xalq düşməni”,
“antileninçi” kimi tutub güllələyərdilər.
Sənə
bir söz deyim, Yaşar, Müşfiqlə bağlı
1937-38-ci illərə aid tədqiqatları, sənədləri,
xatirələri oxuduqca, məndə belə bir təəssürat
yarandı ki, hadisələr bir az da bu sürətlə davam
etsəydi, Stalinin özü də “xalq düşməni” kimi
ifşa edilə bilərdi.
Müşfiq
haqqındakı o sənədli povestim isə, hələ ki,
neçə ildir, eləcə yazı mizimin üstündə
qalıb, çünki baxıb gördüm ki, istər-istəməz
Sistem özü povestin qəhrəmanına çevrilir və
bu Sistemin miqyası psixoloji baxımdan o qədər dərin,
mürəkkəb və ziddiyyətlidir ki, hətta 29
yaşlı böyük istedadın faciəsi belə kölgədə
qalır... Və bu, əlbəttə, istər-istəməz
başqa bir kitab olur.
Bu gün bəzən bu qlobal mahiyyəti yaddan
çıxarırlar və həmin dövrdəki sənət
adamları, o cümlədən yazıçılar
arasında “əcinnə ovuna” çıxırlar. Mən keçən il
“Sosrealizm bizə nə verdi?” adlı silsilə məqalələrimdə
(bizim tənqid bu yazını “kiçik monoqrafiya” kimi qiymətləndirdi
və məncə də bu, daha dəqiqdir) bu barədə
yazmışam və təkrar etmək istəmirəm, ancaq
bir həqiqət var ki, 37-yə məhəlli miqyaslı bir məsələ
kimi, “güllələnən qəhrəman olub, sağ qalan
isə satqın” prinsipi ilə yanaşmaq olmaz, “güllələnən
bəxtsiz olub, sağ qalanın isə bəxti gətirib!” – bu daha düzgün münasibətdir.
Mən əvvəllər
də yazmışam: “37” – müdhiş bir lotereya oyunu idi və
burada uduş – həyat idi.
Cavid məhv edildi, Vahid sağ qaldı. Niyə?
Şəxsən mən bu tipli suallara cavab tapa bilmirəm,
çünki “37” başdan-başa heç bir məntiqə
tabe olmayan qlobal absurd idi.
Bu yaxınlarda Maksim Qorkinin yaxşı tədqiqatçılarından
biri olan Pavel Basinskinin “Literaturnaya qazeta”da müsahibəsini
oxudum. Deyir
ki, Lev Tolstoy və Çexov, Rozanov, Blok və Qumilyovla eyni
hüquqlu tərəf-müqabil kimi ünsiyyətdə
olmuş Maksim Qorki ömrünün sonunda Yaqoda kimi bir adamla
eyni dairədə idi və onun, yəni Qorkinin də faciəsi
bunda idi. Sonra da Qorkini ittiham etmək məqsədilə
belə bir patetik sual verir ki, siz Çexovla Yaqodanın oturub
ürək söhbəti aparmaqlarını təsəvvür
edirsinizmi?
Doğrusunu
deyim ki, Yaşar, sarkazmla dolu bu sualı oxuyanda, istər-istəməz
öz içimdə ona cavab verdim: “Bəli, təsəvvür
edirəm!”
Əlbəttə,
ilk baxışda sürrealist bir mənzərə yaranır:
“Üç bacı”nın, “Albalı bağı”nın müəllifi ilkin bolşevizm
epoxasının (1936-ci ilə qədərki dövrün) cəlladlarından
biri olan (sonra özü də “xalq düşməni” kimi
güllələnən!) Henrix Yaqoda ilə
ürək söhbəti edir. Ancaq nə
üçün olmasın? Axı bu, xislətin
zənginliyindən və zəngin olduğu qədər də
ziddiyyət və mürəkkəbliyindən xəbər
verir.
Dünyaya gələn insandır, cəllad deyil. Cəllad
müstəqil bir varlıq deyil, insan cəllad olur, ancaq
başqa bir varlığa çevrilmir, insan olaraq da qalır və
nə üçün biz cəllad Yaqodanın bir insan kimi
ürəyini boşaltmaq ixtiyarını onun əlindən
almalıyıq?
Xislətə
üzdən yanaşmağın ədəbiyyatdakı eybəcər
təzahürünü biz sosrealizmin insanları “mənfi” və
“müsbət” qütblərə böldüyü təcrübədə
yaxşı gördük və bu təcrübənin iflasa
uğramasının da şahidi olduq.
Hərənin daxilində bir Hamlet var və o Hamletlə
bərabər, orada bir Klavdi də gizlənib.
Ancan mən, deyəsən, sənin sualından
uzaqlaşıram. Qısası isə budur ki, “37” hadisələrinin
iştirakçılarından bəhs etdikdə dərin
sosial-psixoloji təhlil tələb olunur, burada sadəcə
“qurban-satqın” prinsipini əsas götürmək kifayət
deyil.
(Ardı gələn şənbə).
525-ci qəzet.-
2011.- 3 dekabr.- S.16-17.