“Kimya
üzrə Nobel mükafatı
laureatları”: elm və alimlər
haqqında dəyərli nəşr
Bu ilin oktyabr ayının 10-da Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirildi. Bu foruma dünyanın tanınmış elm adamları, yazıçılar və intellektuallar toplaşmışdı. Foruma bir neçə Nobel mükafatçısı, o cümlədən Misir-Amerika alimi, “Femtosaniyə texnikasını istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid vəziyyətlərini tədqiq etdiyinə görə” 1999-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş Əhməd Züveyl də qatılmışdı. Əhməd Züveyl böyük kimyaçı olmaqla yanaşı, həm də zəmanəmizin tanınmış intellektualı sayılır. Ümumiyyətlə nobelçilərin hansısa ölkəyə ayaq basması böyük hadisə sayılır. Bu böyük kimyaçı haqqında geniş məlumata malik olmamağımız təbii sayılmalı idi. Bir çox sahələr üzrə ədəbiyyat qıtlığının olmasını nəzərə alsaq, Azərbaycanda onun həyatı və işlərinə aid kitabın olduğunu təsəvvür etmək mümkün deyildi. Dostlarımızdan birində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Vaqif Abbasovun “Kimya üzrə Nobel mükafatı laureatları” kitabını gördüm. Kitabla tanışlıqdan sonra ilk qənaətim bu oldu ki, hörmətli Vaqif müəllim təcrübəli kitab yazarı olduğunu burda da sübuta yetirib. Müəllif Bakıya gələn kimyaçı nobel mükafatçısının bioqrafiyasına onun son dərəcə maraqlı bir müsahibəsini də əlavə edib. Züveyllə müsahibənin bu kiçik parçası elm sahəsində çalışan insanlar üçün olduqca böyük maraq kəsb edə bilər.
“Sual: – Siz Misirdə necə oxuyurdunuz?
Cavab: – Mən dərin ənənəvi təhsil almışam. Əhəmiyyətli olan o idi ki, təhsil alım, gələcəkdə nə ilə məşğul olacağım əhəmiyyətli deyildi. Ailəmizdə mənə heç bir təzyiq yox idi, məsələn, məni bizneslə məşğul olmağa, pul qazanmağa həvəsləndirmirdilər. Bizim atalar sözümüz var, mən onu tez-tez eşitmişəm: “Elmi dərəcə cibdə olan pul kimi insana güc verir”. O səni müdafiə edir, yaxşılaşdırır. Ənənə belə idi. Yaxşı qiymətlər almaq və yaxşı universitetlərə daxil olmaq mənim sinif yoldaşlarımın hərəkətverici qüvvəsi idi. Bizim məktəbdə xüsusi heç nə yox idi, amma intizamlı olmağa güclü təsir var idi.
Mən bilmirəm, elmə marağımın oyanmasına təkan verən nə olub. Məktəbdə təbiət fənlərindən əla qiymətlər alırdım. Kollecə qəbul olunana qədər isə bəzi eksperimentləri evdə qoymuşdum. Mənim sınaq şüşələrim var idi. Və onlarda müxtılif şeyləri qızdırırdım, məsələn ağacı. Partlayış ola bilərdi, amma mənim bəxtim gətirirdi, partlayış olmurdu. Bu təcrübələr məni maraqlandırırdı, xüsusən də maddələrin bərk cisimdən yanar qaza keçməsi təcrübəsi. Anam mənim təcrübələrimə etiraz etmirdi. Yəqin o, düşünürdü ki, bu mənim təhsilimin bir hissəsidir. Hər halda mənə belə gəlirdi. Öyrənmək mənim üçün hər şey idi. Mən ilk dəfə İsgəndəriyyə Universitetinə gələrkən onun gözəl, zəngin bəzədilmiş binalarını, bilik və təhsil məbədini gördükdə ağladım. Mən “alimlik evinə” beləcə emosional yanaşdım, amma bu vaxta qədər nə zamansa alim olacağımı bilirdim. İsgəndəriyyə Universitetinə daxil olan kimi təbiət elmlərini öyrənməyə başladım Birinci kursda 4 fənnlə məşğul ola bilərdim: kimya, fizika, riyaziyya, daha bir ceçmə fənn. İkinci kursdan sonra bir neçə yaxşı tələbəyə bir sahə üzrə ixtisaslaşmağa icazə verildi. Mən “xüsusi kimyanı” seçdim. Universiteti isə ali fərqlənmə ilə bitirdim. “İxtisaslaşmış tələbə” olduğumdan üstünlüklərim var idi, məsələn mən professorların kabinetlərində işləyə, onlardan kitablar götürə bilərdim. Mənə verilən təqaüd əməkhaqqına bənzəyirdi. Universiteti bitirdikdən sonra məni vəzifə gözləyirdi. İdeya bundan ibarət idi ki, doktorluq dərəcəsi almaq üçün harasa gedim, sonra İsgəndəriyyə Universitetindəki vəzifəmə qayıdım. Bu dərəcəni almaq üçün Pensilvani Universitetinə getdim. Elmi rəhbərim Professor Robin Xoştrasser məni müasir tədqiqatlarla tanış etdi. Dörd il yarım məhsuldar illərdə 12 – yə qədər məqalə çap etdirdim”.
Professor Vaqif Abbasovun kitabındakı bu kiçik parçanı verməklə oxucunun diqqətini mühüm bir məqama yönəltmək istədim. Əslində nobel mükafatçılarının əsas işləri ilə yanaşı onların Nobel nitqləri və müsahibələri olduqca böyük maraq kəsb edir. Bu gün alimlərimizin qarşısında duran əsas vəzifələrdən biri növbəti nəsillər üçün ədəbiyyat qıtlığını aradan qaldırmaq olmalıdır. Bu son dərəcə məsuliyyətli missiya sistemli şəkildə həyata keçirilməlidir. Bura elmin populyralşdırılmasından tutmuş, elmi tədqiqatlar, ensiklopediyalar, tərcümələr, memuarlar, esselər, müsahibələr aid olmalıdır. Bunsuz yeniyetmə və gənclərimizdə elmə və təhsilə motivasiyalar yaratmaq mümkün deyil.
“Kimya üzrə Nobel mükafatı laureatları” kitabının yazılması bu missiyaya xidmət edir. Geniş mənada kimya həyatımızın tərkib hissəsi olmaqla yanaşı bu elmin sinergetik funksiyası daha böyükdür. Kitabda 2010-cu ilə qədər kimya üzrə nobel mükafatçılarının bioqrafiyası, onların etdiyi kəşflərin əhəmiyyəti, işlərin peşəkar təhlili və onlarla aparılan maraqlı müsahibələr yer alıb. Kitabdan mütəxəssislər, tələbələr və geniş oxucu kütlələri istifadə edə bilər.
Xatırladaq ki, Nobel mükafatları Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir: “Mənim realizə olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: mənim bütün kapitalım yaxınlarım tərəfindən etibarlı saxlanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif bu şəkildə aparılmalıdır: 1-ci hissə fizika sahəsində mühüm kəşf və ixtiralara nail olan şəxsə, 2-ci hissə kimya sahəsində mühüm kəşf edən şəxsə, 3-cü hissə fiziologiya və tibb sahəsində əhəmiyyətli kəşf edən şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində “ideal yönümlü” mühüm əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, eləcə də sülhpərvər qüvvələrin konqreslərini təşkil edən şəxslərə verilsin”. 1968-ci ildə İsveç bankının 300 illik yubileyində iqtisadiyyat üzrə Nobel mükafatının verilməsi təklifi irəli sürülür. Bir sıra tərəddüdlərə baxmayaraq İsveç Kral Akademiyası bu sahə üzrə də Nobel mükafatı verilməsini öz üzərinə götürdü.
Beləliklə, 1901-ci ildən başlayaraq 5 sahə üzrə Nobel mükafatı verilməyə başlandı. Elə ilk ildən seçim uğurlu alındı. Ədəbiyyat sahəsində fransız şairi Rene-Sülli Prüdom “əsərlərində ideal yönümü daha dolğun tərənnüm etdiyinə görə”, fizika sahəsində Vilhelm Rentgen “rentgen şüalarını (X şüaları) kəşf etdiyinə görə”, kimya sahəsində Yakob Vant-Hoff “kimyəvi dinamika və mayelərdə osmotik təzyiqin kəşfinə görə”, tibb sahəsində Emil fon Berinq “difteriyanın müalicəsində zərdab terapiyası sahəsindəki işlərinə görə” və sülh sahəsində Anri Dünan “Qırmızı Xaç Cəmiyyətini yaratdığına görə” Nobel mükafatına layiq görüldü.
Artıq ədəbiyyat, kimya və iqtisadiyyat sahələri üzrə Nobel mükafatçıları haqqında kitablar çapdan çıxıb. Qalır fizika və sülh üzrə laureatlar haqqında kitablar.
Bu yaxınlarda məşhur postmodernist yazıçı Umberto Eko ilə fransız intellektualı Jan-Klod Karerin “Kitab ölməyəcək” dialoqunu oxudum. Eko böyük ümidlə söyləyir ki, İnternet resursları kitabı əvəz edə bilməyəcək: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”. Artıq sübut olunur ki, informasiya cəmiyyətinin aləti təkcə kompüter ola bilməz. Kitab öz funksiyasını davam etdirir və etdirəcək. Sadəcə, maraqlı əsərlər yazmaq gərəkdir.
Etibar ƏLİYEV,
fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 6 dekabr.- S.7.