Azərbaycanda Mstislav Rostropoviç adına V beynəlxalq musiqi festivalı başlayıb

 

Bakının Heydər Əliyev Sarayında Mstislav Rostropoviç adına V beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib. APA-ın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əsas məqsədi M. Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etmək olduğunu deyib: “Bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər”.

Festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bildirib ki, Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi onun atasının arzusu olub.

Çıxışlardan sonra konsert proqramı təqdim edilib. Mərasimdə Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirilib. Festivalın bağlanış mərasimi dekabrın 10-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

 

 

525-ci qəzet.- 2011.- 6 dekabr.- S.7.