Böyük xanəndə Xan Şuşinskinin 110 illiyi qeyd edilib

 

YUBİLEY MƏRASİMİ SƏNƏTKARIN VAXTİLƏ ÇALIŞDIĞI ASƏF ZEYNALI ADINA MUSİQİ KOLLECİNDƏ KEÇİRİLİB

Azərbaycan muğam sənətinin böyük nümayəndəsi, məşhur xanəndə Xan Şuşinskinin 110 illik yubileyi Asəf Zeynallı adına Musiqi Kollecində təntənəli tədbirlə qeyd olunub. Mərasimə görkəmli xanəndələr Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Canəli Əkbərov, kollecin müəllim və tələbə heyəti, Xan Şuşinskinin ailə üzvləri və Xan sənətinin vurğunları qatılıblar.

Tədbir Xan Şuşinskinin ifasında səslənən “İrəvanda xal qalmadı” mahnısı ilə başlayıb. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov xatırladıb ki, vaxtilə Xan Şuşinski bu təhsil ocağında dərs deyib, tələbələr yetişdirib. Direktor təəssüf hissi ilə deyib ki, musiqi kollecinin zalı olmadığından Xan Şuşinskinin 100 illik yubileyi burada qeyd olunmayıb: “Onda bizim zalımız da yox idi, binamız da bərbad vəziyyətdə idi. Odur ki, yubileyi başqa məkanlarda qeyd etmişdik. Amma 110 illik yubiley öz binamızda, öz zalımızda qeyd olunurbu da bizi çox sevindirir. Arzumuz budur ki, Xan Şuşinskinin 120 illik yubileyini Şuşada keçirək”.

Sənətkarın qızı Bəyimxanım Verdiyeva Xan Şuşinskinin yubiley tədbirinin bu musiqi məbədində keçirilməsinə görə Nazim Kazımova və mərasimin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə böyük xanəndənin yaradıcılığından danışıb, onun sənət yolu ilə yaxından tanış olduğuna görə fəxr etdiyini deyib: “Xan əminin sənəti, səsi, şəxsiyyəti, zarafatları barədə geniş danışmağa ehtiyac yoxdur. Bunu hamı bilir. Xan əminin bəstələdiyi mahnıların əksəriyyəti bu gün xalq mahnısı kimi tanınır. Amma həmin mahnıları oxuyan xanəndə onun müəllifinin kim olduğunu mütləq vurğulamalıdır”.

“Mən çox xoşbəxtəm ki, Xan əmi ilə 25 il bir yerdə çalışmışam. Mənim bu kollecin tələbələrinə bir tövsiyəm var ki, onlar muğama ciddi yanaşsınlar. Çünki bura Azərbaycan xalqının dəyərli musiqi məbədidir. Bu kollecin divarları arasında Xanın səsi, nəfəsi var”. Bu sözləri ustad xanəndə Əlibaba Məmmədov ölməz sənətkarla bağlı fikirlərini, xatirələrini bölüşərkən deyib.

Professor Arif Babayev də tədbirdə çıxış edib: “Xan əmi böyük sənətkar olmaqdan əlavə, çox maraqlı bir insan idi. Onun təkcə adı Xan deyildi, həm də səsi, sənəti, şəxsiyyəti ilə Xan idi. Mən çox sevinirəm ki, Xan əmi mənim toyumu edib. Həm sənətdə, həm də həyatda mən onun xeyir duasını almışam”.

Görkəmli xanəndələr Canəli Əkbərov, Süleyman Abdullayevöz çıxışlarında Xan Şuşinski yaradıcılığından, onun şəxsiyyətinin ucalığından bəhs edib, Xanla bağlı maraqlı əhvalatlardan nümunələr söyləyiblər.

Çıxışlardan sonra söz musiqiyə verilib. Konsertdə Musiqi Kollecinin xalq çalğı alətləri ansamblı (bədii rəhbər Bəhruz Zeynalov), skripkaçılar ansamblı (bədii rəhbər baş dirijor Ağahüseyn Hüseynov) qızlardan ibarət trio təsnif, muğam, xalq bəstəkarlar mahnıları səsləndirib. Tələbələrlə yanaşı, “Muğam-2011” müsabiqəsinin laureatları Elsevər Muradov, Zeynəb Quliyeva, Nigar Rəhimova, “Muğam-2005”in laureatı Vüsalə Musayeva builki Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Nişanə Baxışova da konsertdə çıxış edib.

 

GÜNEL

525-ci qəzet.- 2011.- 6 dekabr.- S.7.