Millilik,dövlətçilik,
vətənpərvərlik... və Teatr
festivalı
Millilik, vətənpərvərlik, dövlətçilik, vətənçilik,dünyəvilik,tolerantlıq – bunlar dinindən, dilindən ,irqindən, cinsindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, ağlı başında olan hər bir kəsin-fərdin fəaliyyətin başlıca prinsipləri, həyat meyarıdır və ya olmalıdır.Üstəlik bunların üzərinə türkcülük və bəzi hallarda azərbaycançılıq kimi ideyaları, prinsipləri gəlmiş olsaq, o zaman bunlar biz Azərbaycan türklərinin, eyni zamanda, burada yaşayan, qəlbən, ruhən bu torpağın insanı olanların hər birinin fəaliyyətində, yaşam tərzində ana xətti təşkil etməlidir. Bu, bizim hər birimizin borcu, vəzifəsi, görəvidir və ya olmalıdır. Xüsusilə də nəzərə alsaq ki, biz 23ildən (təkcə 23 ilmi?) çoxdur ki, ermənilərin və onların Şimallı,Cənublu, Qərbli, Şərqli açıq-gizli havadarlarının təcavüzünə məruz qalmışıq,təkcə ərazilərimizin yox, butövlükdə ruhumuzun, varlığımızın 20 faizi işğal edilib, şikəst olunub və sair və ilaxır, o zaman bu prinsiplər, ideyalar bizlər-Azərbaycan vətəndaşları üçün heç bir tərəddüd etmədən ikiqat-üçqat əməl edilməli,riayət olunmalı ideyalar, prinsiplərdir. Daha çox da bu prinsirlər hansı şərtlər daxilində deputat mandatı daşımasından asılı olmayaraq, hər bir parlamentarinin, seçicilərin ən ali qanunverici orqan olan parlamentdəki təmsilçilərinin yüzdəyüz əməl etməli olduğu məqamlardır. Düzünü desəm, hər bir parlamentarinin (deputatlığa namizədlərin) televiziya və ya digər media quruluşları vasitəsi ilə seçkiqabağı çıxışlarını izlərkən bu, qeyd etdiyim məqamlar onların əksəriyyətinin gur səslə dilə gətirdiyi məqamlar idi. Hətta, ötən müddətdə, yəni, fəaliyyətləri dövründə vaxtilə bunları dilə gətirib, sonra onları unudanları, əməl etməyənlərini də görmüşəm, heç bunları o qədər də qabartmayıb, ancaq bu başlıca prinsipləri öz fəaliyyətlərinin ana xəttinə çevirənləri də az görməmişəm. Sonuncular daha çox bu məsələdə təvazökarlıq göstərərək, fəaliyyətlərinin necə deyərlər, həmin hisssəni reklam etdirməkdən uzaqda dayanmağı məqsədəuygun görüblər. Belə millət vəkillərindən biri də xanım-parlamentari Jalə xanım Əliyevadır. Bu yerdə səmimi şəkildə etiraf edim ki, səhv etmirəmsə, 2010-cu iln əvvəllərində – 3-cü çağırış parlament dönəmində – millət vəkillərinin fəaliyyəti ilə əlaqədar hörmət etdiyim saytlardan birinin növbəti-konkret Jalə xanıma həsr olunmuş sorğusunda onunla bağlı həm müsbət, həm də tənqidi fikirlərimi dilə gətirmişdim, həmin tənqidi məqam isə onun mediaya açıq insan olduğu halda, parlament iclaslarında müzakirələr zamanı bir o qədər fəal olmamasından ibarət idi. Ancaq bununla belə, həmin sorğu zamanı növbəti dəfə seçkilərə – 2010-cu ilin parlament seçkilərindən söhbət gedirdi – qatılacağı və yenidən deputat mandatı qazanacağı halda Jalə xanımın daha fəal olmasını (daha çox da buna ümidli olduğumu) dilə gətirmişdim,arzulamışdım. Açıq şəkildə onu da etiraf edim ki, növbəti dəfə parlamentə üzv seçildikdən sonra-yəni, ötən bir il ərzindəki fəaliyyəti dövründə Jalə xanım ümidləri (ümidlərimizi) əsasən doğrultdu. 4-cü çağırış parlament fəaliyyətə başladığı ilk günlərdən istər plenar iclaslarda, istərsə də elə ötən dəfədən üzvü olduğu Mədəniyyət komitəsinin iclaslarında xanım-parlamentari öz fəallığı, aktivliyi,işgüzarlığı, konkret və tutarlı təklifləri ilə seçilməyə, fərqlənməyə başladı. Jalə xanımla bağlı yenə həmin saytın növbəti sorğusundakı şərhimdə qeyd etdiyim kimi, bu xanım-parlamentari daha çox milliliklə, vətənpərvərliklə, türkçülüklə, dilimizlə,mədəniyyətimizlə bağlı olan məqamları dilə gətirir və bu gün də gətirməkdədir. Jalə xanımın elə bir çıxışı olmur ki,- bu istər parlament ,istərsə də media müstəvisində olsun- bu məsələləri dilə gətirməsin, insanlarımızın, ələlxüsus, gələcəyimizin davamçısı olan gəncliyimizin məhz bu prinsiplər,ideyalar əsasında yetişməsinin, bu ruha köklənməsinin vacibliyini dönə-dönə vurğulamasın. Özü də bu xanım-parlamentarı bunları sadəcə, şüarçılıq,xal toplamaq naminə etmir, dediklərini öz konkret əməli fəaliyyəti,addımları ilə davam etdirir, ortaya qoyur. Buna son misal kimi millət vəkilinin birbaşa təşəbbüsü ,ideyası əsasında ötən 4 ay ərzində vüsət alan və demək olar ki, ötən günlərin ən cox yazılb-çizilən hadisələrindən biri olan şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlum Gənclərin I Ümumrespublika Teatr Festivalı layihəsini göstərmək olar. Hələlik analoqu olmayan belə bir layihənin reallaşdırılması milliliklə, vətənpərvərliklə, dövlətə, vətənə, millətə bağlılıqla yalnız və yalnız birbaşa əlaqəli olmaqdan qaynaqlanır...
Festivalla bağlı məqamlara gəlincə, burada bəzi nüansları yenidən xatırlatmaq istərdim. Məlumat üçün bildirim ki, bu günlərdə Gənc Tamaşaçılar Teatrında final mərhələsi olan Festivalın həmin mərhələsinin açılış mərasimində ilk öncə Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri iştirak edirlər. Layihənin ideya müəllifi və Təşkilat Komitəsinin sədri kimi Jalə xanım çıxışında bildirir ki, 4 bölgə – İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Millət vəkili festival çərçivəsində “Art-kamp” keçirildiyini də qeyd edib. “Art-kamp”da tanınmış sənət adamları gənclərə ustad dərsi deyib. Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev də öz növbələrində bu Festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini bildirirlər. Çıxışlardan sonra isə Festival tamaşalarının nümayişi başlayır.
Festivalın keçirilməsində də əsas məqsəd bu günə qədər sənətdə populyarlıq qazanmayan, sözünü deməyən, ilk addımını atan yaradıcı gəncləri tanıtmaq olur.
Bir daha qeyd etmək yerinə düşər ki,4 ay öncə start götürən və avqust ayından etibarən bir sıra xəbər portallarında ssenarilərin qəbulu haqqında elan verilən Festivalın Təşkilat Komitəsi təqdim olunan 20-dən artıq ssenari içərisindən 12 ssenarini seçir. İkinci mərhələdə bu ssenarilər gənc truppalar arasında paylanılır. 12 ssenarinin 8- i Bakı şəhərində, digər 4-ü isə Azərbaycanın bölgələrində-Zaqatala, İsmayıllı, Mingəçevir və Ucarda qəbul edilir. İki ay ssenarilər üzərində iş gedir və noyabr ayının 25-dən etibarən 120-ə yaxın gənc Gənclər və İdman Nazirliyinin Şüvəlandakı gənclər düşərgəsində yerləşləşdirilir. Həmçinin, üç gün ərzində düşərgədə art-komplar təşkil edilir. Mətbuata açıqlamasında isə Jalə Əliyeva bildirir ki, bu ,Azərbaycan teatr tarixində ilk dəfə olan bir hadisədir. “Yaradıcılığa yeni başlayan gənclərə yol göstərən ustad sənətkarlar gəldilər, onlar üç gün ərzində gənclərimizə dərslər keçdi. Noyabrın 28-dən etibarən isə Gənc Tamaşaçılar Teatrında festivalın açılışı oldu. 3 gün ərzində 12 tamaşa oynanıldı. Hər gün dörd tamaşaya nüfuzlu münsiflər heyəti- xalq artisti Amalya Pənahova, tanınmış diktor Nərgiz Cəlilova, sənətşünaslar qiymət verdi. Dünən də ( 1dekabr) yekun tədbir keçirildi və qaliblər elan edildi”. İdeya müəllifi açıqlamasında sonra deyir ki, Teatr Festivalı gənclər arasında vətənpərvərliyi, dövlətə sədaqət, vətənə, torpağa məhəbbət hisslərini daha da gücləndirilməsinə xidmət göstərib, eyni zamanda ,Festival teatr sənətinin inkişafına müəyyən mənada xidmət edib.
“Məqsədimiz şou və ya ucuz sənət dalınca gedən gəncləri daha ciddi istiqamətə yönləndirməkdir və göstərmək istəyirdik ki, heç də deyildiyi kimi, teatr inkişaf edən dünyada iki və üçüncü plana keçmir. Bu baxımdan biz yola çıxaraq bu ideyanı ortaya qoyduq. Bundan əlavə, Azərbaycan torpaqlarında 20 ildən çoxdur müharibə gedir. Və təbii ki bu ölkənin gəncləri öz ölkəsinin qəhrəmanlarının tərcümeyi-halını yaxşı bilməlidirlər və onların xatirəsini yaşatmalıdırlar. Mübariz İbrahimov da Azərbaycanın XXI əsr qəhrəmanlıq tarixinin hələlik ən yüksək zirvəsində dayanan bir neçə qəhrəmandan biridir”-deyə, o, sözlərinə əlavə edir.
Festivalda ümumiyyətlə, I, II, III yerlər, eyni zamanda ən yaxşı aktyor, ən yaxşı aktrisa və iki də həvəsləndirici yer nəzərdə tutulur və 2 həvəsləndirici yeri iki məktəbliyə verilir ki, bunlardan biri 11 yaşlı Bakı şəhər 7 saylı orta məktəbin şagirdi Ayla Qasımzadə, digəri isə Zaqatala rayonundan olan 12 yaşlı Elnur Aslanovdur. Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil “Mühakimə” tamaşasındakı roluna görə, “Ən yaxşı aktyor işi” nominasiyasında qalib olur. Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş “El axtarışında” tamaşasındakı roluna görə, Yuğ Teatrının nəzdində fəaliyyət göstərən Gənc Təşəbbüslər Mərkəzinin üzvü Lamiyə Xəlilova “Ən yaxşı aktrisa işi” nominasiyasına layiq görülür. Azər Cəfər isə “Ən yaxşı ssenari müəllifi” seçilir. Bununla yanaçı,“Q.A.T.A.R” yaradıcılıq studiyası “Qisasın rəngi” tamaşası ilə müsabiqənin birincisi (1500 AZN) elan olunur. Bakı Slavyan Universitetinin “Totem” yaradıcılıq studiyası ikinci (1000 AZN), Mingəçevir xalq yaradıcılıq teatrı isə üçüncü yerə (750 AZN) layiq görülür.
Eyni zamanda,məlumat üçün bildirim ki, Festivalın əsas informasiya dəstəkçisi isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub. Festivalın sonunda isə iştirakçılar ölkə prezidentinə müraciət qəbul ediblər və orada da vurğulanır ki, dövlət başçısının rəhbərliyi altında Vətənimizin qazandığı uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi artırır. Müraciət müəlliflərinin fikrincə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf yoluna çıxaraq, Cənubi Qafqazda aparıcı mövqeyə malikdir. “Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilib.Gənclərlə ünsiyyət zamanı, çıxışlarınızda dəfələrlə “Gələcək gənclərə məxsusdur” – fikrini ifadə etmişsiniz. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən, ölkəmizin mədəniyyətini inkişaf etdirmək üçün töhfələrini ortaya qoyan, dövlətimizin müasirləşməsində, modernləşməsində iştirak edən gənclik Sizin əməllərinizdən ruhlanır.Ölkədə gənclərlə bağlı siyasətin fəlsəfəsi, məntiqi ondan ibarətdir ki, gənclər yüksək səviyyədə təhsil alsın, onların qabiliyyətləri aşkara çıxarılsın və inkişaf etdirilsin, eyni zamanda gənclərimizin potensialından maksimum şəkildə istifadə edilsin. Gənclər bu gün ölkə əhalisinin say tərkibində yüksək çəkiyə malikdirlər. Təxminən 20 il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artıb. Bu bir tərəfdən Azərbaycan cəmiyyətinin böyük gələcəyindən xəbər verir, digər tərəfdən isə böyük bir inkişaf potensialını ifadə edir. Bu gənclik Sizin rəhbərliyiniz altında modernləşən Azərbaycanın ən layiqli sakinləri olacaqlar. Sizin səsləndirdiyiniz “Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır” – fikri bizim üçün yol göstərən mayakdır. Biz bu problemin həlli yönümündə atdığınız addımları tam dəstəkləyirik. Çox istərdik ki, Gənclərin II Ümumrespublika Teatr Festivalını qloballaşan dünyamız üçün çox əhəmiyyətli olan ekologiya mövzusuna həsr edək. Festival iştirakçıları ölkənin yaradıcı gənc potensialı kimi daim Sizin yanınızda olmağa, vətənimizin inkişafı naminə atdığınız xoş əməllərin layiqli davamçısı olmağa tam hazır olduqlarını bəyan edirlər”-deyə, müraciətdə daha sonra qeyd olunur.
...Bu fəaliyyətinə görə xanım millət vəkilinə yalnız və yalnız səmimi təşəkkürlər düşür. Eyni zamanda, ondan bu yöndəki fəaliyyətinin, bu tipli layihələrinin davamlı olmasını gözləyir və arzulayırıq!
Kamil HƏMİDOV
525-ci qəzet.-
2011.- 6 dekabr.- S.5.