Con Miltonun jurnalistikaya dair mötəbər əsəri
Azərbaycan dilində
PROFESSOR
NƏSİR ƏHMƏDLİNİN YENİ KİTABINDA
MƏŞHUR İNGİLİS MÜTƏFƏKKİRİ
HAQQINDA MƏLUMAT VƏ ONUN “PARLAMENTƏ MÜRACİƏT” –
“AREOPAGİTİKA” PAMFLETİNİN TƏRCÜMƏSİ
İŞIQ ÜZÜ GÖRÜB
Üç il əvvəl dünya ictimaiyyəti tanınmış ingilis şairi, istedadlı publisist, görkəmli ictimai və siyasi xadim Con Miltonun (1608-1674) anadan olmasının 400 illik yubileyini təntənə
ilə qeyd etdi.
Lakin, çox
təəssüf ki, dünya xalqları mədəniyyətinin bəzi
digər xadimləri kimi, C.Miltonun da bu əlamətdar
yubileyi ölkəmizdə
lazımi səviyyədə
qeyd olunmadı.
Mənə elə gəlir
ki, gec də
olsa, bu il işıq üzü görmüş
“Con Milton və onun “Areopagitika” əsəri” kitabı görkəmli ədibin əlamətdar ildönümünə Azərbaycan
ziyalısının yubiley
hədiyyəsidir.
Azərbaycanda C.Miltonu tanıyırlarmı? Mən deyərdim ki, çox az.
Londonda dünyaya göz açıb, bədii yaradıcılığa şeirlə
başlayan C.Milton
1640-1674-cü illər arasında
“Areopagitika”, “İkona
düşməni”, “İngilis
xalqının müdafiəsinə”
adlı pamfletlərini,
“İtirilmiş cənnət”,
“Qaytarılmış cənnət”
adlı poemalarını;
”Mübariz Samson” faciəsini;
“Britaniyanın tarixi”,
“Moskvanın qısa tarixi” kimi monoqrafik
əsərlərini yazıb
nəşr etdirmişdir.
İngilis ədəbiyyatının ən
mütərəqqi ənənələrini
inkişaf etdirən, İngiltərədə mübariz
publisistikanın, eləcə
də fəlsəfi-siyasi
poeziyanın əsasını
qoyan C.Miltonun həyat və yaradıcılığı çox
zəngin və rəngarəngdir. Təkcə bir faktı xatırlatmaq istərdim ki, “Ağıllı və yüksək əxlaqi keyfiyyətlərə
malik insan idealı Miltonu bütün yaradıcılığı
boyu məşğul etmiş və məhz buna görə də “İtirilmiş cənnət”
poeması onu dünya ədəbiyyatının
korifeyləri sırasına
çıxartmışdır”.
Əlbəttə, C.Milton kimi görkəmli ədibin yaradıcılıq nümunələrinin
ölkəmizdə az tanınması təəssüf doğurur...
Yeganə təsəlliverici hal ondan ibarətdir ki, C. Milton yaradıcılığına
müxtəlif illərdə
bəzi tanınmış
ziyalılarımız müraciət
etmişlər. Hələlik məlum olan
mənbələrə görə,
Azərbaycan ədəbi-nəzəri
fikrində C. Milton yaradıcılığına
maraq göstərən
ilk ziyalımız Əli
bəy Hüseynzadə
(1864-1940) olmuşdur. O, 1906-cı ildə C.Miltonun “İtirilmiş cənnət”
poemasından böyük
bir parçanı Azərbaycan dilinə çevirərək, “Füyuzat”
jurnalında (1906-cı il, 2-ci say) çap etdirmişdir.
1911-ci ildə görkəmli
ictimai-siyasi xadim, ədəbiyyatşünas və
publisist M. Ə. Rəsulzadə
C. Milton yaradıcılığına müraciət etmişdir. O, İranda
nəşr olunan “İrani-nov” qəzetində
dərc etdirdiyi “Mətbuat azadlığı”
məqaləsində C. Miltonun
mətbuat azadlığı
haqqında yazdığı
qeydlərə maraq göstərmiş, sitat gətirmişdir.
Təxminən 70 il sonra – 1982-ci ildə “Azərbaycan Sovet Ensiklopediyası”nın 6-cı cildində
(Bakı, 1982) Con Milton haqqında
ayrıca məqalə
çap edilmişdir.
2001-ci ildə isə politoloq və diplomat Hikmət Hacızadə tərtib etdiyi “Demokratiya: Gediləsi uzun bir yol”
adlı monoqrafiyada C.Miltonun “Areopagitika” əsərindən bir hissənin tərcüməsini
vermiş və ona şərh yazmışdır.
Bu gün inamla demək olar ki, C. Miltonun həyat və yaradıcılığı haqqında
müəyyən təəssürat
yarada biləcək mənbə işıq üzü görmüşdür. Filologiya elmləri
doktoru, professor Nəsir
Əhmədlinin uzun illər ərzində üzərində yaradıcılıq
işi apardığı
bir əsər – “Con
Milton və onun “Areopagitika” əsəri” adlı kitabı işıq üzü görmüşdür. Dərs vəsaiti
kimi nəzərdə
tutulmuş kitab “Bakı Universiteti” nəşriyyatında çap
olunmuşdur (redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Həmid Vəliyev, rəyçi tarix üzrə fəlsəfə doktoru Sabir Məmmədli).
N. Əhmədlinin “Con Milton və
onun “Areopagitika əsəri” kitabının
nəşri, hər şeydən əvvəl,
üç cəhəti
ilə diqqəti cəlb edir: birincisi – C. Miltonun həyat və yaradıcılıq yolu ilə Azərbaycan oxucusunu tanış etmək; ikincisi – “Areopagitika” əsərinin dilimizə tərcümə
olunub işıq üzü görməsi; ingilis ədəbi-nəzəri
fikrinin klassik nümayəndəsinin qiymətli
əsərlərindən birinin
müasir Azərbaycan
gəncliyinə (tələbə
auditoriyasına) çatdırılması.
N. Əhmədlinin kitabı
iki hissədən ibarətdir. Birinci hissə C. Miltonun
həyat və yaradıcılığından bəhs edən müəllif araşdırmasını
əhatə edir.
Burada nəşrə
yazılmış ön
sözdə və üç başlıqda
(“Con Miltonun həyat və yaradıcılığına
qısa baxış”,
“Areopagitika” pamfletinin mövzusu və əsas xüsusiyyətləri”,
“Areopagitika” iradə azadlığı nəzəriyyəsinin
ideoloji – fəlsəfi
əsası kimi”) cəmləşdirilmiş tədqiqatlar
öz əksini tapıb. Bu bölmələrin
hər biri öz məzmunu və qayəsi etibarilə görkəmli
ingilis ədibinin həyat və yaradıcılığı barədə
kifayət qədər
təsəvvür yarada
bilir və təəssüf ki, hazırkı yazıda bu haqda geniş
söhbət açmağı
qarşımıza məqsəd
qoymamışıq.
Kitabın ikinci hissəsində isə C. Miltonun “Areopagitika” əsərinin
tam tərcüməsi – “Areopagitika. İngiltərə parlamentinə mətbuat azadlığı ilə bağlı müraciət”
adı ilə təqdim olunmuşdur.
Yeri gəlmişkən, C.Miltonun
haqqında bəhs olunan əsəri Rusiya mətbuatında müəllifin ölümündən
200 il sonra – 1906-1907-ci
illərdə Sankt-Peterburqda,
Kazanda və Moskvada ayrıca kitab halında çap olunmuşdur. Bu tərcümə 2003-cü ildə Moskvada Q.V.Prutskovun tərtib etdiyi iki cildlik
antologiyaya (“Dünya jurnalistikasına giriş”)
daxil edilmişdir.
N. Əhmədli məhz həmin nəşrləri əsas
götürmüş və
əsərin ruscadan Azərbaycan dilinə tam tərcüməsini hazırlamışdır.
Ağır zəhmət və dərin axtarışlar sayəsində işıq
üzü görmüş
nəşr həm müasir Azərbaycan jurnalistikasının uğurları
baxımından, həm
də klassik Avropa ədəbi-bədii
nümunələrinin dilimizə
tərcüməsi baxımından
diqqəti cəlb edir və çox
dəyərli bir nəşr olaraq yüksək qiymətə
layiqdir.
“Areopagitika” əsərinin Azərbaycan dilinə tərcüməsi söz yox ki, bədii və elmi tərcümə uğurları baxımından diqqətəlayiqdir və onun uğurlu tərəfləri, mütərcim bacarığı xüsusi araşdırmanın mövzusudur. Və söz yox ki, bu haqda gələcəkdə mütəxəssis rəyləri olacaq, hazırkı tərcümənin uğurları barədə ayrıca məqalələr yazılacaqdır.
Mənbələr göstərir ki, C. Miltonun jurnalistika sahəsində bir neçə əsəri olub. Bu sahədə görkəmli ingilis ədibinin “Areopagitika” əsəri xüsusi qeyd edilməlidir.
Əslində, N. Əhmədlinin yazdığı kimi, jurnalistika baxımından C. Miltonun ən mötəbər əsəri 1644-cü ildə, 36 yaşında ikən İngiltərə parlamentinə müraciət formasında yazıb dərc etdirdiyi və “Areopagitika” adı ilə tanınan mətbuat azadlığı haqqında tarixi nitqdir.
Areopagitika nə deməkdir? Əsərin Azərbaycan dilinə tərcüməçisi bununla əlaqədar belə bir açıqlama verir: “Are” (Ares və ya Arey), yunan mifologiyasına görə, Zevslə Heranın oğlu, müharibə allahı, “paq” isə təpə” deməkdir, yəni “Areopaq”, “Ares təpəsi” anlamına gəlir. Qədim Yunanıstanda Ali Məhkəmənin (areopagin) iclasları Ares təpəsində keçirilmiş və orada söylənən nitqlər “Areopagitika” adlanarmış. Sonralar həmin söz “Məhkəmə nitqi” mənasında başqa Avropa dillərinə də keçmişdir (“Areopaq” sözünü dilimizə “Divanxana” kimi də tərcümə edirlər)”.
Əslində belə bur sual meydana çıxa bilər ki, təxminən dörd əsr əvvəl yazıb-yaratmış ingilis müəllifinin jurnalistikaya həsr edilmiş əsəri müasir Azərbaycan jurnalistikası, oxucusu üçün nə qədər maraqlıdır? Bu sualı “Areopagitika”nın dilimizə tərcüməçisi N. Əhmədli kitabın Azərbaycan dilində nəşrinə yazdığı ön sözdə belə cavablandırır: “III minilliyin və XXI əsrin başlanğıcında, ilk baxışda bütün ağrı-acıların tarixə qovuşduğu bir vaxtda, dünyanın qloballaşma və inteqrasiya dövründə gənc nəslin bir o qədər də yaxşı tanımadığı, yaşlı ziyalılar nəslinin isə unutmaqda olduğu, 400 il əvvəl yaşayıb-yaratmış, əsərləri Azərbaycanın geniş oxucu kütləsinə tanış olmayan ingiltərəli bir qələm sahibinin yenidən gündəmə gətirilməsinə, yaradıcılığının saf-çürük edilməsinə ehtiyac varmı? Bəli, var. Onun XVII yüzildə İngiltərədə həll etməyə çalışdığı problemlər bugünü ağuşuna almaqda olan informasiya cəmiyyətinin astanasında, bəlkə də bir qədər irəlidəyik. İngiltərə jurnalistikasının və publisistikasının o zamanlar yaşamış olduğu hadisələri bizim jurnalistika və publisistika müəyyən mənada indi yaşamaqdadır. O zaman İngiltərədə, bütün Avropada və Amerikada söz və mətbuat azadlığı uğrunda gərgin mübarizə gedirdi, indi bu proses postsosialist ölkələrində və postsovet respublikalarında müşahidə olunur. “Areopagitika” əsərinin yazıldığı vaxtdan 365 il keçməsinə baxmayaraq, bu nitq hələ də öz əhəmiyyətini itirməmiş, bütün dünyada, xüsusən də demokratiyaya keçid ölkələrinin əksəriyyətində bir proqram, bir konsepsiya olaraq yaşamaqdadır”. Mən bu tutarlı arqumentlərlə və qeydlərlə tamamilə razıyam.
N. Əhmədlinin böyük əmək sərf edərək, tərcümə və nəşr etdirdiyi kitab bir tərəfdən dərs vəsaiti kimi çox faydalı və uğurlu bir addım olmaqla yanaşı, digər tərəfdən Azərbaycan – ingilis ədəbi-mədəni əlaqələrinə çox qiymətli töhfədir. Bu kitab bir tərəfdən gənc jurnalist üçün öyrənc mənbəyi olduğu halda, digər tərəfdən orta əsrlər ingilis ədəbi-nəzəri fikri barədə müasir Azərbaycan ziyalısında müəyyən təsəvvür yarada bilir. Bu və digər dəyərli cəhətlərinə görə C. Milton yaradıcılığına müraciət etdiyinə görə şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Nəsir Əhmədliyə minnətdar olmalıyıq.
Mənə elə gəlir ki, N. Əhmədli jurnalistika və ədəbi əlaqələr sahəsində atdığı bu faydalı və xeyirxah addımla kifayətlənməyəcək. Klassik və müasir Avropa ədəbi-nəzəri fikrinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına bundan sonra da müraciət edəcəkdir.
Vaqif ARZUMANLI,
Beynəlxalq
jurnalistika kafedrasının professoru,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2011.- 7 dekabr.- S.6.