Səni kim unudar, Ustad!

Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin 100 illik yubileyinə

 

 

Hamı onu ehtiramla “Nəsir müəllim” deyə çağırırdı. Çoxu üçün o, sadəcə, Nəsir müəllim idi. Ancaq bizim üçünonun yetirmələrindən ötrü eyni zamanda həm müəllim, həm baş redaktor, həm ata, həm də arxa-dayaq idi.

... Nəsir Əsədulla oğlu İmanquliyevdən söhbət açarkən istər-istəməz məşhur mahnıdakı sözləri xatırladım: “Ey həyat, sən nə qəribəsən?!.. Doğrudan da belədir. Elə bil hər şey dünən baş verib: “Bakı və “Baku” qəzetləri redaksiyasında yazıb-pozmağın zövqü ilə keçən günlər yaddaşıma əbədi həkk olunub. Nağılvari məqamlar, keşməkeşli, çətin, fəqət unudulmayan fərəhli yaradıcılıq saatları, böyük müəlliflər ordusu – bəstəkarlar, yazıçılar, rəssamlar, artistlər, müğənnilər, ictimai xadimlər, dövlət və hökumət başçıları ilə görüşlər və münasibətlər... kino lenti kimi göz önündən keçir. Bütün bunlar əziz bir yadigar kimi yaddaşımdadır.

Ən başlıcası, “Bakı” və “Bakunun əsasını qoyan böyük müəllimimiz Nəsir İmanquliyevlə redaksiyada hər gün təmas, ondan mühüm tapşırıq, göstəriş almaq, dəyərli məsləhətlər eşitmək... yaddan çıxarmı?!

 

O – Azərbaycan mətbuatının patriarxı, böyük mühərrir, jurnalistikamızın vicdanı, zəhmətsevər, ağsaqqal idarə başçısı, əla təşkilatçı və ictimai-xadim, nəhayət, sayğılı redaktor, ləyaqətli-əxlaqlı insan, vətənpərvər, millətsevər – Nəsir Əsədulla oğlu İmanquliyev.

BİZ – doğma övladı tək əzizləyib bəslədiyi, hər gün sənət və həyat dərsi verdiyi, səbrlə, təmkinlə qəzetçilik peşəsinə istəyi içimizə hopdurduğu, nəhayət şəxsi həyat quranda müdrik ağsaqqal kimi irəli axıb ata nəvazişi və qayğısı ilə köməyini əsirgəmədiyi redaksiya əməkdaşları. Biz – Nəsir müəllimin 50 il müddətində Azərbaycan Dövlət Universitetində, redaksiyanın özündə jurnalistikanın əsaslarını öyrədib yetişdirdiyi saysız-hesabsız tələbələri...

BAŞQALARI – Nəsir İmanquliyevin baş redaktorluğu ilə böyük tirajla çıxan və Azərbaycan paytaxtının yüz minlərlə sakininin tələbkar zövqünü oxşayan, rəngarəng yazıları ilə pərəstişkarlarını sevindirən “Bakı” və “Bakunun oxucuları... Bax, bu – “o, biz və başqaları” dediyimiz üçbucağın qovşağından doğurdu Nəsir İmanquliyevin böyük fəaliyyəti. İndi ustadımızın adını xatırladığımız məqamda bir sual ətrafında xeyli fikirləşdim; demək istədiklərimin hamısını necə çözələyim ki, istəkli müəllimimizin zəngin, çoxçalarlı, mürəkkəb, təqdirəlayiq ömür kitabını bütünlüklə açıqlaya bilim? Yox, bu, mümkünsüzdür. Olsa-olsa, cürət edib həmin ömür kitabının bəzi fraqmentlərini xoş ovqatla yada salıb onun 100 illiyini qeyd etdiyimiz bu çağlarda Nəsir müəllimin ruhunu şad etmək istəyirəm.

... 1958-ci ilin yanvarında paytaxtımızın sakinləri gözəl bir hədiyyə aldılar: “Bakı” axşam qəzeti nəşrə başladı və elə ilk gündən öz oxucularını “tapdı”, o zamanın mətbuat orqanları üçün bir növ səciyyəvi olmayan operativ və maraqlı xəbərləri, materialları ilə diqqət çəkdi. Ancaq spektiklər də tapılırdılar və deyirdilər ki, o dövr mətbuatının əjdahaları olanKommunist”, “Bakinski raboçi”, “Vışka”, “Azərbaycan gəncləri” və digərləri ilə bir sırada axşam qəzeti ayaqlaşa bilməyəcək!..

Ancaq “Bakı” cəsarətini itirmədi. Dərhal öncül mövqeyə çıxıb mətbuatımızda özünün əvəzsiz yerini təsdiqlədi. Bunun da əsas səbəbi Nəsir müəllimin peşəkar qəzetçiliyindən, günün müasir tələbləri ilə ayaqlaşmağından savayı geniş dünyagörüşlü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ətrafına toplaması, onların hər birinin qəlbində yaradıcılıq məşəli alovlandırmasıydı. O zaman Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Çingiz Ələkbərov, Rafael Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, Şamil Şahməmmədov, Şükufə Tağızadə, İsmayıl Kərimov, Şaban Şabanov, Yusif Kərimov və başqaları kimi qüvvətli, lakin müxtəlif yazı üslubu olan jurnalistlər vahidmonolit kollektivdə birləşərək axşam qəzetinin yaradıcılıq simasının müəyyənləşməsində, ilk uğurlarında ciddi rol oynadılar. Nəsir müəllim ağıllı, bacarıqlı “komandankmi çox güclü bir ordu yaratmışdı.

“Bakı” oxucularının sayı və bununla bağlı qəzetin tirajı ilbəil artırdı. Nəsir müəllim duydu ki, şəhərimizin rusdilli sakinlərinin də axşam qəzetinə ehtiyacı varo, bu məsələnin həllini öz üzərinə götürdü. Bütün maneələri dəf etdi, vacib təşkilat işlərini yoluna qoydu, fərdi meyarına sadiq qalaraq, 1963-cü ilin yayında “Bakuaxşam qəzetinin də nəşrinə nail oldu. Nəsir müəllim daha bir çətin və mürəkkəb mərhələni aşdı. “Bakunun da yaradıcı heyətinə zamanın populyar və müqtədir qələm sahiblərini cəlb edə bildi. Oqtay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, az sonra Ağa Hüseynov, Vyaçeslav Sidorenko, Leonid Gerçikov və başqaları uzun illər dolğun yaradıcılıq fəaliyyətləri ilə “Bakunun uğurunu təmin etdilər. Yuxarıda adları çəkilənlərin çoxu artıq həyatda yoxdur. Ancaq sayğı və ehtiram naminə deyim ki, “Bakı” və “Bakunun fəaliyyətə başladığı ilk nömrələrdən ta bu günədək redaksiyada çalışan istedadlı karikaturaçı rəssam Arif Ələsgərov, jurnalist Şükufə Tağızadə, zəhmətkeş korrektor Nigar Bağırova barədə xüsusilə xoş sözlər demək lazımdır.

Kadrların seçilib işə götürülməsində Nəsir müəllim misilsiz xüsusiyyətə malik idi. Redaksiyanın gələcək əməkdaşını o, aylarla, bəzən də illərlə nəzərdə tutub “ələkdən” keçirirdi. Özü də onların birini bilavasitə istehsalatdan, digərini yaradıcı adamlar içərisindən, bir başqasını isə dərs dediyi tələbələrinin arasından seçirdi. Özü də təzə işçini dərhal ştata nadir halda götürürdü. Belə məsələ ortaya çıxanda o, adətən deyirdi: “Tələsən təndirə düşər”.

Ancaq müqavilə əsasında, yaxud ştatdankənar işə götürülmüş jurnalist müəyyən müddət sınaqdan çıxarıldıqdan sonra Nəsir müəllimin “hə”sini alırdı...

Tale elə gətirdi ki, mən də 1962-ci ildən bu monolit yaradıcılıq “ordusunun” sıravi əsgəri oldum. O zaman gənc, ancaq redaksiyanın aparıcı əməkdaşlarından sayılan Şamil Şahməmmədovun zəmanəti ilə redaksiyada işə götürüldüm. Martın 14-ü idi. Nəsir müəllimin kabinetində qəbulunda idim. Mənimlə xeyli söhbət etdi. Bildi ki, ailə üzvlərimizin say tərkibi böyükdür. Təhsil ala-ala işləmək arzusundayam. Redaktor müqaviləsiz-filansız (görünürdü ki, qəzetdə öncə çap olunmuş yazılarım onun çox xoşuna gəlmişdi) məni tam ştata –ədəbi işçi götürülməyim barədə əmr verdi. Özü də köməkçisinə tapşırdı ki, bu cavan indən belə bizim işçimizdir. Ancaq əmrini martın 1-dən yazdır, gətir qol çəkim.

Sonra üzünü mənə tutub qayğı ilə bildirirdi:

Oğlum, özüm əmrin tarixini qabağa saldım ki, 3 gün sonra maaş alasan. Axı, Novruz bayramına az qalıb. Bu da sənə redaksiyanın bayram sovqatı.

Bəli, elə həmin andan sonra orada çalışdığım uzun illər ərzində bizim Nəsir müəllimin və onun rəhbərlik etdiyi əməksevər kollektivin böyük qayğısı ilə əhatə olundum. Təvazökarlıqdan kənar olsa da deyim ki, xeyli sayda mükafatlar, elmi və fəxri adlar aldım, neçə-neçə kitablarım çapdan buraxıldı. Az sonra redaksiyada ədəbiyyat və incəsənət şöbəsinin müdiri oldum. Son nəticədə qəzetçiliyin acılı-şirinli həyatına əbədi bağlandım. Bütün bunlar əlbəttə, Nəsir müəllimin qayğısının, mənəvi-ruhi tərbiyəsinin, həddən ziyadə tələbkarlığının, məqsədyönlü fəaliyyətinin məhsulu kimi dəyərləndirilməlidir.

Yalnız mənim yox, sonradan Milli Məclisin üzvü olmuş, professor Şamil Qurbanovun, “AzərTAc”ın baş redaktoru vəzifəsinədək yüksələn Şamil Şahməmmədovun, BDU-nun professoru mərhum şair Famil Mehdinin, həyatdan vaxtsız getmiş şairlər Cabir Novruzun, Nüsrət Kəsəmənlinin, habelə Yusif Həsənbəyin, “Bakı”da yetişib uzun müddət “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olan Yusif Kərimovun, “Bakı” – “Bakunun indiki redaktoru Ağa Hüseynovun, tanınmış qələm sahibləri Adil Cavadlının, Rafael Nağıyevin, fotomüxbirlər Yaşar Xəlilovun, Fuad Rzazadənin və onlarca digər ad-san, şan-şöhrət sahibinin timsalında N.İmanquliyevin əməkdaşlarına sərf etdiyi misilsiz qayğının əyani nümunəsini görmək mümkündür.

O, redaksiyadakı subayların taleyini diqqətə çəkir və onların ev- eşik sahibi olmaları naminə xüsusi canfəşanlıq göstərirdi. Özübu hərəkətinə o, adi hal kimi baxırdı; məmnuniyyətlə elçiliyə gedir, evsizlərə mənzil verdirir, cavanların toylarında masabəyilik edir, hər hansı mübahisəli ailə-məişət məsələlərinin həllində özünün qəti ağsaqqal hökmünü verirdi.

Ustadımız redaksiya əməkdaşlarının hər birinin özünəməxsus xüsusiyyətini, xasiyyətlərini bildiyindən onlara fərdi yanaşır, çox ciddiliyi, ötkəmliyi ilə bərabər könül almağı, yıxılana, səhv buraxana doğru yol göstərməyi, adamları ruhlandırmağı, işçilərini özünə bağlamağı bacarırdı. Məhz elə bu insanı xasiyyətinə görə də münasibəti “redaktor-əməkdaş” çərçivəsinə sığmırdı.

O, həmişə biz jurnalistlər üçün mənəvi saflıq, yüksək intellektual ziyalı nümunəsi, millətinə, torpağına bağlı vətənpərvər bir azərbaycanlı rəmzi idi. Nəsir müəllim bizim üçün həyat kompası idi. Bütün ali xüsusiyyətlərilə Nəsir İmanquliyev bu gün də hər birimizin qəlbində əbədi yaşayır. Axı, onu kim unudar?...

 

Fazil RƏHMANZADƏ

525-ci qəzet.- 2011.- 7 dekabr.- S.6.