“QHT-lərə
tribuna verməklə həm obyektivliyimizi qoruyur, həm də
tanıtma işi aparırıq”
SƏNAN
NƏCƏFOV: “MƏQSƏDİMİZ HƏR HANSI
AYRI-SEÇKİLİYƏ YOL VERMƏDƏN YAXŞI
İDEYALARI DƏSTƏKLƏMƏK,VƏTƏNDAŞ
CƏMİYYƏTİ İNSTİTUTLARININ
İNKİŞAFINA KÖMƏK ETMƏKDİR”
Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının www.qhtxeber.az informasiya portalının fəaliyyətə
başlamasından 2 il keçdi. Bu münasibətlə
saytın redaktoru, layihə koordinatoru Sənan Nəcəfovla
görüşüb, yaşca balaca olsa da internet mediada
böyük addımlar atan bu saytın yaranması, fəaliyyəti,
gələcək planlar barədə söhbətləşdik.
Əvvəlcə müsahibimiz barədə məlumat verərək
qeyd edək ki, Sənan Nəcəfov 1975-ci ildə anadan
olub. 1996-cı ildə Azərbaycan Texniki Universitetində ali təhsil
alıb. 1999-cu ildə Azərbaycan Milli Elmlər
Akademiyasında aspiranturanı bitirib. 2006-2009-cu illərdə
isə Çexiyada magistr təhsili alıb. Uzun müddət
mətbuatda, xüsusən də “Paritet”, “Yeni Azərbaycan” və
“Kaspi” qəzetlərində çalışıb. 2009-cu il dekabr ayından
etibarən www.qhtxeber.az internet portalında jurnalist kimi fəaliyyətini
davam etdirir.
– İnternet medianın gənc üzvü sayılan
qhtxeber.az portalı fəaliyyətini hansı ideyalara uyğun
qurur?
–Portalımız
fəaliyyətə başlayanda artıq Azərbaycan oxucusu
elektron KİV-in mahiyyətindən xəbərdar idi. Bizim təmsil etdiyimiz sahə isə spesifikdir. Əhalinin bəlkə də yarısı QHT fəlsəfəsindən,
vətəndaş cəmiyyəti institutlarından xəbərsizdir.
Təbii ki, sektorun media ruporuna maraq da yüsək
olmamalıdı. Bizim başlıca məqsədimiz
sözün əsl mənasında QHT sektorunun PR mərkəzini
yaratmaq, onların məlumatını ünvanına
çatdırmaq, QHT təmsilçilərini cəmiyyətə
tanıtmaq, fəaliyyətlərini işıqlandırmaq, bir
sözlə QHT tribunası yaratmaq olub. Buna nə qədər
nail olmuşuq, hansı nailiyyətlər əldə
etmişik, bu başqa söhbətin mövzusudur. Qazandığımız budur ki, biz bu sahədə ən
çox tanınmış, daha çox oxucusu olan xəbər
portalıyıq. Amma heç vaxt iddia
etmirik ki, liderik, bizdən yoxdur. Rəqabətə
dözümlüyük. Təbii ki, bizim
gündəlik seyrçilərin sayı digər xəbər
saytlarının istifadəçilərin sayından geri
qalır. Biz kriminal, şou-biznes xəbərləri
yaymırıq. Yəqin ki, bu layihə sona
çatana qədər də belə olacaq. Əsas odur ki, biz obyektivliyimizi və
neytrallığımızı saxlaya bilirik. Amma yaddan çıxartmayaq ki, qhtxeber.az Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının informasiya portalıdır.
Bu portalın yaranması Şuranın qərarı
ilə olub. Ümumiyyətlə Şura sədri
yeniliyin, müasir texnologiyalarla işləməyin tərəfdarıdır,
işin kompleks görülməsinə həmişə
üstünlük verib. Azay Quliyevin rəhbərlik
etdiyi Şura yarandığı qısa müddət ərzində
bir çox məqamlara aydınlıq gətirdi. İlk gündən bəyan etdi ki, bizim məramımız
və məqsədimiz cəmiyyətin inkişafına xidmət
edən ideyaları və təşəbbüsləri dəstəkləməkdir.
Bu baxımdan, Şura yanaşma tərzindən,
mövqeyindən asılı olmayaraq hər bir QHT ilə vətəndaş
cəmiyyətinin və Azərbaycanın inkişafı naminə
əməkdaşlıq edir, cəmiyyət üçün
xeyirli təşəbbüslərə maliyyə dəstəyi
verir. Şuranın məqsədi hər
hansı siyasi ayrı-seçkiliyə yol vermək deyil,
yaxşı ideyaları dəstəkləmək, vətəndaş
cəmiyyəti institutlarının inkişafına kömək
etməkdir. Biz də Şuranın internet
portalı olaraq, fəaliyyətimizi bu ideyalara uyğun qurururq.
– İnternet portalının qarşısında
hansı məqsəd dayanıb?
–Bu suala
cavab verməzdən öncə Dövlətin QHT sektoruna dəstəyinə
diqqət yetirməlik. Çünki biz bu siyasətin
təbliğatçısıyıq. Bu gün vətəndaş
cəmiyyətinin formalaşması yoluna qısa nəzər
salmaqla demək olar ki, 90-cı illərdə QHT-lərin fəaliyyət
mexanizmi və təşkili prosedurlarında böyük
problemlər var idisə, illər boyu davam edən
qarşılıqlı səylər nəticəsində bu
sahədə fəaliyyət mexanizmləri təkmilləşdirildi,
baryerlər əsasən aradan qaldırıldı və bunun
da bariz nümunəsi məhz 27 iyul 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Konsepsiyası”nın yaranması
oldu. Qeyd olunan konsepsiyanın qəbul edilməsi
QHT-lərin fəaliyyətində və ümumilikdə Azərbaycanda
vətəndaş cəmiyyəti quruculuğu prosesində
yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək
olar. Çünki bu konsepsiya dövlət
orqanları ilə QHT-lər arasında səmərəli əməkdaşlığa
təkan verməklə, qarşılıqlı əlaqələrin
inkişaf perspektivlərini müəyyən etdi. Konsepsiya vətəndaş cəmiyyəti
quruculuğu prosesində Azərbaycan hökumətinin QHT-lərlə
dövlət orqanlarının məhz tərəfdaş kimi
çıxış etmələrini, öz səylərini əlaqələndirmələrini
diqqətə çatdırır. Qeyd
olunanlardan göründüyü kimi bu gün cəmiyyətimizi
maraqlandıran, xalqımız üçün daha vacib olan
bir sıra problemlərin həllində QHT-lər ictimai sektor
adından öz səylərini göstərir. Müxtəlif istiqamətlər üzrə vəzifələrin
reallaşdırılmasında münbit şəraitin formalaşdırılması
üçün Azərbaycan dövləti 2007-ci ilin dekabr
ayında yaradılmış Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası vasitəsilə ilə onlara hərtərəfli
dəstək verir, o cümlədən də maliyyə
yardımı edilməsi ilə bağlı öz mövqeyin
birmənalı olaraq nümayiş etdirir. Biz
isə bu Şuranın internet portalıyıq və məqsədimiz
dövlətin yürütdüyü siyasəti təbliğ
etməkdir.
–Qeyd
etdiniz ki, qhtxeber.az yarananda internet media artıq öz
sözünü demişdi. Belə rəqabətli
mühitdə “özümüzü təsdiq etdik” deyə
bilirsinizmi?
–Bizim “rəqabət”,
“rəqib”lə bağlı fikirlərimiz fərqlidir. Biz oxucu sayını ona görə
artırmırıq ki, sayğacda göstərici çox
olsun, reklam versinlər, beynəlxalq təşkilatlar
tanısınlar. Oxucu sayını ona
görə artırmağa çalışırıq ki,
QHT-ləri cəmiyyətə daha yaxından tanıdaq,
onların fəaliyyətinin genişlənməsində
yardımçı olaq, dövlətin III sektorun
inkişafı ilə bağlı yürütdüyü siyasətini,
Şuranın fəaliyyətinin nəyə istiqamətləndiyini
daha geniş auditoriyaya çatdıraq. İşimizin
əsas mahiyyəti budur. Bu cür
yanaşması olan sayt və ya media-qurum varsa, onlara rəqib
kimi yox, yaxın tərəfdaş, həmfikir kimi münasibət
bəsləyirik.
–QHT-lərin
fəaliyyəti ilə bağlı informasiyaların
alınıb geniş ictimaiyyətə
çatdırılmasında hər hansı çətinliklərlə
üzləşirsinizmi?
–Hazırda
bu yöndə heç bir problemimiz yoxdu iddiasını əminliklə
ortaya qoya bilərəm. Hər gün elektron
ünvanımıza QHT-lərin fəaliyyəti ilə
bağlı 20-25 məlumat daxil olur. Bura əməkdaşlarımızın
əldə etdiyi məlumatları da əlavə etsək
informasiya əldə etmək üçün çevrəmizin
kifayət qədər geniş olduğunu görərsiniz.
Hazırda fəaliyyətini yüksək səviyyədə
quran QHT-lərlə olduqca peşəkar əlaqələrimiz
var. Hətta regionlarda fəaliyyət göstərən QHT-lərlə
də əlaqə yarada bilmişik və mütəmadi olaraq
onların fəaliyyətini qhtxeber.az-da
işıqlandırırıq. Amma təbii
ki, bununla kifayətlənmək fikirində deyilik. Elə “525-ci qəzet” vasitəsilə QHT-lərə
müraciət edirəm ki, onların fəaliyyəti,
gördüyü işlər, həyata keçirdikləri
layihələr haqda ictimaiyyətə məlumat çatdırmaq
üçün bizim hər cür imkanımız var. Yetər
ki, bizimlə əlaqə saxlasınlar. Bunun
üçün internetin imkanlarından yararlanmaq bəs edər.
Qhtxeber.az-ın “bizimlə əlaqə”
bölümündə saytla təmas qurmağın
bütün yolları göstərilib. Məqsədimiz
vətəndaş cəmiyyətinin inkişafında xırda
töhfəsi olan hər hansı təşkilatın fəaliyyətinin
diqqətdən kənarda qalmamasıdı. Üzləşdiyimiz çətinlik bəzi QHT-lərin
internetin imkanlarından istənilən səviyyədə
yararlanmamasıdır. Hətta layihələr
həyata keçirən təşkilatlar var ki, elektron
ünvanları belə yoxdu. Əməkdaşlarımız
QHT-lərin fəaliyyəti ilə bağlı məlumat əldə
etmək üçün həmin telefonlara, elektron
ünvanlara müraciət etdikdə məlum olur ki, telefonlar səhv
göstərilib, elektron ünvan isə işlək vəziyyətdə
deyil. Nədənsə QHT sektorunda
çalışanlar internetin onlar üçün
yaratdığı imkanı hələ də lazımınca
dəyərləndirə bilmirlər.
–Bir media
rəhbəri olaraq QHT-media əlaqələrinin indiki vəziyyəti
sizi qane edirmi?
–Bizdə QHT-lər bəzən mətbuatdan gileylənirlər. Onlar KİV-i
ictimai və sosial problemləri mahiyyəti üzrə
işıqlandırmamaqda qınayırlar. İndi gəlin görək, QHT sosial problem deyəndə
nəyi nəzərdə tutur və əslində nə
göndərirlər? Misal
üçün, hansısa xəstəliklə bağlı
QHT təbliğat kampaniyası aparır. Qrant
ayrılıb, layihə planı tərtib olunub. Qalır aksiyanı keçirmək. Təşkilat var ki, yüksək səviyyəli,
daha doğrusu bütün standartlara cavab verən layihə
reallaşdırır. Planda nəzərdə
tutulan bütün normalar gözlənilir. Tədbir keçirilir, məlumatlandırma
sessiyası olur. Hesabat verilir və iş bitmiş
sayılır. Amma təşkilat layihənin
piarını qurmaq haqda fikirləşmir. Press-reliz
yaymaqla cəmiyyətin məlumatlandırılmasını
yetərli sayırlar. İndi baxın, QHT
layihə haqda məlumat göndərir. Filan
təşkilat filan layihə çərçivəsində
filan qədər iştirakçını filan xəstəlik
haqda məlumatlandırıb. Təxminən
başlıq belə olur. Nə informasiya
yükü var, nə cəmiyyəti maraqlandıracaq mövzu
haqda məlumat, nə də oxucunu qıcıqlandıracaq xəbər.
Təbii ki, təşkilatın mətbuata
yönləndirdiyi bu cür press-reliz ən yaxşı halda redaktorun
kompyuterinin “silinənlər” papkasına göndərilir.
Etiraf edək ki, QHT işində ictimaiyyətlə əlaqənin
qurulması bir institutun görə biləcəyi iş qədər
böyük həcmlidir. Media-list, bakqraundu demirəm.
Amma azından mətbuatla iş, jurnalistin
sözün yaxşı mənasında ələ
alınması, keçirilən tədbirin cəmiyyətin
qulağına çatacaq qədər effektli səslənməsində
mətbuatın rolunu qəbul etməmək, informasiya cəmiyyətində
yaşamamaq kimi qəbul olunmalıdır. QHT-nin
göndərdiyi məlumat da məhz qeyd edilən qəbildəndirsə,
həmin informasiyanın yayılmayacağını əminliklə
söyləmək olar. Bu boşluq uzun
müddət mövcud olub. Biz qhtxeber.az-da
bu boşluğu doldurmağa çalışırıq.
Adətən QHT-lər keçirdikləri tərbirlərdən
ümumi informasiya göndərirlər. Biz
həmin məlumatları qəzetdə, saytda gedəcək
formaya salıb yayırıq. Mətbuat bizə
istinad etməsə də hazırladığımız məlumatı
yayır. Bu bir növ QHT və mətbuat
arasında körpü roluna bənzəyir. Əslində biz bununla böyük PR xidməti
edirik. Həm QHT tanınır, həm
informasiyası yayılır, həm də operativlik göstərilir.
Daha bir məqam odur ki, bəzi yerli və beynəlxalq
QHT-lər fəaliyyətlərini şəffaf
qurmadıqlarına görə, onlardan informasiya almağın
çətinliyi var. Şəffalıqdan, sərbəst
informasiya almaqdan ağız dolusu danışanlar nədənsə
Azərbaycandakı beynəlxalq təşkilatların fəaliyyəti
ilə maraqlanmırlar.
– Əsas tərəfdaşlarınız hansı təşkilatlardır?
–Sözün
açığı cəmiyyətdə öz aktivliyi ilə
seçilən QHT-lər bu yöndə də fəaldırlar.
Elə təşkilatlar var ki, qhtxeber.az
yarandığı gündən bizimlə əməkdaşlıq
edir. Əslində biz onları deyil, onlar
bizi seçiblər desək daha doğru olar. Sayt yarananda bu təşkilatlar bizimlə əməkdaşlıq
etməkdə maraqlı olduqlarını bildirdilər. Biz də məmnuniyyətlə onlara bütün
informativ dəstək verir, onların fəaliyyətini
işıqlandırıq. Hətta elə
olub ki, hansısa təşkilatın keçirdiyi tədbirlər,
icra etdiyi layihələr barədə onların xəbəri
olmadan bir neçə dəfə məlumat vermişik və
sonradan özləri bizimlə əlaqə yaradaraq təşəkkür
ediblər. Bax belə hallar da olub. Bizim qapımız hamının üzünə
açıqdır. Gənclər üçün Təhsil
Mərkəzi, Gənc Vətənpərvərlər Birliyi,
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı, Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatı, Azərbaycan Tələbələr
Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, Qaçqın və
Məcburi Köçkün Gənclər Təşkilatı,
Sağlam Düşüncə Gənclər Təşkilatı,
Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai
Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Təmiz Dünya
Qadın Hüquqları Mərkəzi, Azərbaycan
Hüquqşünaslar Konfederasiyası kimi təşkilatlarla
mütəmadi əlaqələrimiz var. Hərdən elə
olur ki, onlardan məlumat gəlməyəndə təəccüblənirik.
Tez arayıb axtarırıq ki, niyə səsiniz-sorağınız
gəlmir, layihənin icrası nə yerdədir? Bizimlə sıx əməkdaşlıq edən beynəlxalq
təşkilatlar da var. Bütün təşkilatların
adını sadalamaq vaxt baxımından mümkün deyil.
Bundan başqa elə təşkilatlar var ki,
onların rəhbərlərindən biz ekspert kimi bəhrələnirik.
Vətəndaşların Əmək Hüquqlarını
Müdafiə Liqasının sədri Sahib Məmmədov,
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd
Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin
direktoru Osman Gündüz, Nadir Adilov, Mehriban Zeynalova və
adlarını çəkmədiyim bir sıra QHT rəhbərləri
ekspert kimi həmişə müraciət ünvanımız
olur. Onların rəyləri nəinki QHT
sektorunda, bütövlükdə cəmiyyətdə diqqətlə
izlənilir.
–İnternet media olaraq kadr ehtiyacınızı təmin
edə bilirsinizmi?
–Kollektivimiz
kiçikdir. Amma peşəkarlıqlarına söz ola bilməz. Redaktor müavini
Natiq Muxtarlı uzun müddət mətbuatda külüng
vuranlardandır, işinin peşəkarıdır və ən
vacibi məsuliyyətlidir. Bilirsiniz,
qhtxeber.az fərdi fəaliyyət müstəvisi deyil, bu sayt
Şuranın portalıdır. Burada
işləyənlər öz məsuliyyətlərini
anlayır, harada işlədiklərini bilirlər. Nəyi və necə çatdırmağı
artıq prinsip kimi qəbul etmişik. Yaradıcı
heyətdən Jalə Tofiqqızı da uzun müddətdir mətbuatda
çalışır, yaxşı qələmi var. Jalədə
daxili senzura çox güclüdür. Yeganə
Süleymanova mətbuatda yeni olsa da, QHT sahəsində təcrübəsi
böyükdür, demək olar ki, bütün QHT rəhbərlərini
tanıyır. Onun təcrübəsindən
yararlanırıq. Amma dəfələrlə
deyilib, yenə də təkrarlamalı olacağıq. Bizdə QHT jurnalistikası, onu sosial jurnalistika da
adlandırırlar, yox səviyyəsindədir. Onu da qeyd edim ki, internet mediada işin böyük həcmi
kontent-redaktorun üzərinə düşür. Yeni media yeni redaktor tipini – kontent-redaktorluğu
yaradıb. Bu haqda elə sizin qəzetdə
İsmayıl İsmayılovun çox gözəl
yazısı dərc olunmuşdu. İngilis
dilindən tərcümədə “kontent” mahiyyət, məzmun
deməkdi. Bu bir az informasiya
ötürmək mənasını da verir. Kontent-redaktor
anlayışı məlumatla işləyən insanı
ehtiva edir. Kontent-redaktor saytda sorğular,
bannerlər yerləşdirir, yeni bölmələr
yaradır, forumda dəyişiklik edir. İnternet
jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi
jurnalistikada olduğundan fərqlənir. Bax,
bizim belə kadrlara ehtiyacımız çoxdur. Hazırda faktiki olaraq kontent-redaktorluğu saytın əməkdaşları
edirlər. Bu onların işi deyil, amma nə
etməli, informasiya cəhbəsində uduzmaq istəmirsənsə
çevik olmalısan.
–Siz Azərbaycanda sosial jurnalistikanın yox dərəcəsində olduğunu bildirdiniz. Bilmək olarmı, bu sosial jurnalistikanı ənənəvi jurnalistikadan fərqləndirən nədir?
–Permanent axtarışda olan cəmiyyətə köklənmiş Azərbaycan KİV-i əslində qeyri-stabil daxili və xarici mühiti funksinonallaşdırır. İnformasiya alıb, ötürmək şərtləri elə də sürətli dəyişmir. KİV-in sosial mahiyyəti və missiyası da stabildir. Amma peşəkar fəaliyyətin qayda, prinsip və sxemləri dəyişir. Əslində jurnalistikanın əsas hədəfi müstəqil sosial institut kimi auditoriyanı məlumatlandırmaqdır. Təbii ki, ictimai şüurda mətbuat hələ də sovetdən qalma, olduqca anormal funksioner kimi əks olunur. Hakimiyyətlə idarəolunan arasında körpü rolu oynayır. Bu arada jurnalistikaya yeni model vermək, daha doğrusu yeni imic qazanmaq prosesi asta templə olsa da, baş tutdu. Jurnalsitikanın bu qanadının özünə yer etməsi bir çox anlayışlara yenidən baxmağa sövq etdi. Məhz bu mərhələdə sosial jurnalsitika məvhumu yarandı. Ənənəvi jurnalistika hesab edir ki, vətəndaşa məlumat və öz fikrini çatdırmaq yetərlidir. Vətəndaşın nə qərar qəbul etməsi onun öz işidir. Sosial jurnalistikanın tərəfdarları hesab edirlər ki, jurnalist oxucuya informasiya verməklə yanaşı, özünüidarə cəmiyyətində qərar verməkdə də iştirakçı olsun. Yəni, seyrçi, oxucu, dinləyici ictimai həyatın aktiv fərdinə çevrilsin. Təbii ki, burada güc informasiyaya deyil, yaradıcılığa, mövzu seçiminə, faktlara, məqalənin strukturuna, rəyçilərin seçiminə, ekspertlərin deyəcəkləri fikirlərə üstünlük verilir. Əgər sosial jurnalistika müzakirə üçün yeni mövzu açmaq, dəyişiklikləri izləmək, yeni həyat reallıqlarını təqdim etmək, dəyişkən dünyada daha yaxşı yaşamağa dəstək olmaq, yaradıcılığa, həyati aktivliyə stimul vermək rolunu öz üzərinə götürürsə, qhtxeber.az-da bu prinsipləri QHT-lərə tətbiq edir. Biz çalışırıq ki, QHT fəaliyyətini elə çatdıraq ki, oxucu o prosesin mahiyyətinə varsın. Belə bir ifadə var: bir nəfərin ölümü faciədir, milyonların ölümü statistika. Biz belə qəbul etdik ki, milyonların həyatından yazsaq adi statistik olacağıq. Ona görə hər QHT-yə konkret yanaşmağı üstün tutduq. Bu həm də menecerlikdir. Tanıtmağın bir yoludur. Təkrarçılıq reklamın əsasıdır. Amma fərdi yanaşma PR-ın qızıl prinsipidir. O səbəbdən biz QHT-lərə tribuna verməklə, obyektivliyimizi qorumaqla yanaşı, tanıtımımızı da gerçəkləşdirdik.
–Sizin
portalda QHT TV bölümü də var. Bilmək olarmı bu
bölümün mahiyyəti nədən ibarətdir?
–Sayt
yaranandan bəri dizaynında iki dəfə dəyişiklik
etmişik. Ümumiyyətlə, internetin
imkanları və inkişafı hər gün yeni
ideyaların yaranmasına səbəb olur. Əgər zamanla ayaqlaşmaq, texniki dəyişikliklərdən
bəhrələnmək istəyirsənsə, öz sahəndə
yeniliklərin tətbiq edilməsinə
çalışmalısan. Çünki
internet media qaynar və daim inkişafda olan mexanizmdir. Sonuncu dəyişiklikdə biz sayta QHT TV
bölümünü əlavə etdik. Burada
məqsəd tədbir keçirən, layihə
reallaşdıran QHT-lərin fəaliyyətini vizual olaraq da
çatdırmaqdı. Onu deyim ki, bu əlavəmiz
uğurlu alındı. Hətta yeni
ideyaların yaranmasına səbəb oldu. Birinci, ideyamız saytın nəzdində internet TV
yaratmaqdır. Hesab edirəm ki, bu QHT fəaliyyətini
geniş auditoriyaya çatdırmaq üçün
yaxşı imkan olar. Biz əvvəllər
materialları yerləşdirəndən sonra hansı səpgili
informasiyaların daha çox oxunduğunu izləyirdik. Bəlli oldu ki, Şura rəhbərliyinin
açıqlamaları, QHT-lərlə bağlı fikirləri,
yeni qrant elanları, analitik yazılar, mütəxəssis rəyləri,
vakansiyalar haqda məlumatlar daha çox oxunur. Ona görə, də saytda Şuranın xəbərləri
və ən yeni qrant elanları rubrikaları yaratdıq.
Burada bir məqamı mütləq qeyd etməliyəm
ki, qhtxeber.az fərdi özfəaliyyət dərnəyi deyil.
Burada hər bir dəyişiklik
üçün mütləq məsləhətləşmələr
aparmaq lazımdır. Amma Şura sədri
Azay Quliyevi tanıyanlar bilirlər ki, o, müasir yanaşmaya,
avanqard fikirə həmişə diqqətlə və hörmətlə
yanaşan adamdır. Azay Quliyevlə
işləmək rahatdır. Şura sədri
konkretliyi və yeniliyi dəstəkləyən adamdır və
bu baxımdan hər hansı ideyanın reallaşması
üçün problem görmürük.
– Bəs,
gələcəkdə hansı yeniliklər gözlənilir?
–Çexiyada
təhsil aldığım müddətdə PR-ın təşkili
və menecment ixtisası üzrə dərsdə çex
müəllimimiz bir gün çox maraqlı metodla dərsə
giriş verdi. O, divarda proyektor vasitəsilə
böyük bir fil şəkli çəkdi və sual etdi ki,
bu fili necə yemək olar? Müxtəlif variantlar səslənəndən
sonra müəllim bir toxunuşla fili 7-8 hissəyə
böldü və dedi: Biz fili parçalayaraq yeyəcəyik.
Biz də işə yanaşmamızda buna
üstünlük veririk. Qarşımıza
qoyduğumuz məqsədə doğru mərhələ-mərhələ,
hissə-hissə gedirik. Tələsmədən
və gecikmədən. İndi
sualınıza cavab olaraq bildirim ki, biz gələcəkdə
saytın ingilis və rus dilində versiyalarını
hazırlamağı düşünürük. Hesab edirik ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqda,
xarici auditoriyaya çıxmaqda bu vacibdir. Bu
haqda fikirlərimizi bildirmişik, çox böyük ehtimal
ki, reallaşacaq. İkincisi isə, internet
TV ilə bağlı fəaliyyətimizi genişləndirməkdir.
Bir fikrimiz də QHT fəaliyyəti ilə
bağlı debatların keçirilməsi və bunun vizual
yayımıdır.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2011.- 8 dekabr.- S.6.