“Dolan buludam, Allah,Yağsam,
günəş çıxacaq”
SONA VƏLİYEVAYA AÇIQ
MƏKTUB
Salam, Sona
xanım!
Hər səhifəsini
dərin bir yanğı, göz yaşı, kədər, təəssüf,
bəzən də sevinc qarışıq bir həyacanla
oxuduğum ikinci şeir kitabınız - “Arazbarı”
haqqında sözə dəyər verən, bədii
düşüncə tərzini yüksək qiymətləndirən
söz sərrafı və oxucu kimi fikirlərimi həm Sizinlə,
həm də poeziya həvəskarları ilə
bölüşmək istəyirəm.
Əlbəttə
ki, sözün, xüsusilə də poetik deyimin az qala qiymətdən düşdüyü bir
vaxtda şair olmaq, seirin yükünü mətanətlə
daşımaq hər oğulun hünəri deyil. Mən əlbəttə ki, dəyərli şeiri, fərqli
yanaşma tərzini, bacarığını nəzərdə
tuturam. Şairlik əzabını yaşayanlar adi
insanlardan müşahidə qabiliyyəti ilə
seçildiyindən hər gün hamının
rastlaşdığı və çox vaxt da yanından
etinasız ötüb keçdiyi məqamların rəsmini
çəkməyi, onu İlahi sözün qüdrətinə,
təpəriunə, təsir arealına güvənib insan
oğlu insanlara çatdırmaq və hamını olmasa da, ən
azı bir qrup insana dünyanın neçə bucaq
olduğunu xatırlatmaq bacarığına qadir olduğundan
ulu Yaradan da məhz buna görə öz dərgahında
peyğəmbərlərdən sonra sairlərə də yer
ayırıb. Bütün bu uzun gəzişmələrimin
əsas qayəsi günlərdən bəri əlimdən yerə
qoymağa qıymadığım şeir kitabınız barədə
söz demək ehtiyacından yaranıb.
Açığını
deyim ki, ilk seir kitabınızı, “Çəhrayı rəngli
dünya”nı oxuyanda heç bu qədər
həyəcan keçirməmişdim, bu qədər
duyğulanmamışdım, dünyam bu qədər
“alt-üst” olmamışdı. Sonuncu ifadəmi
qəribliyə salmamağınızı xahiş edirəm.
Axı yurdu yağmalanan, xanimanı dağılan, ev-eşiyi
viran qalan, uşaqlığı əlindən alınan, gəncliyi
talan edilən, həm yarım milyonluq bir köçün
nümayəndəsi, həm də minlərlə, on minlərlə
soydaşımızın dərdini, sərini,
ağrısını bir vətəndaş yanğısı
ilə dərk edən, qaçqın və
köçkünlərin yaşantılarını
bütün dəhşəti ilə içinə sindirən
bir yaradıcı kimi mən yaxşı bilirəm ki, bu
tükürpədici həqiqətləri dünyanını
kar olmuş qulaqlarına hayqırmaq nə deməkdir. O
dünyanın ki, hər kəs sadəlövhcəsinə onu
yaxşı tanıdığını güman edir. Ancaq
Sizin misralarınız bu röya pərdəsini çəkir
gözlərimizdən:
Dünya
bir pəncərədir, Allah, izin ver mənə,
Görüm
nəyim qalıbdır divarın o üzündə,
Keçim
uzaq yolları gecə-gündüz bilmədən,
Görüm
nəyi qalıbdır, ömrün ömür olmağa,
Bir az möhlət ver Allah, dünyanı
tanımağa.
Bir vaxtlar
“şairlik kişi işidir”-deyənlər vardı, onlar hətta
bir az da boylarından ucaya tullanıb israrla
qadın yazarlara: “sizin yeriniz mətbəx, vəzifəniz
övlad tərbiyə etməkdir” – deməkdən belə
çəkinmirdilər. İnanıram ki, bu gün belələri
sizin bir-birindən mənalı, hər misrası
qurğuşun ağırlıqlı misralarınızı
oxuyandan sonra qəbahətlərini etiraf edəcəklər:
İçimiz
boşaldı torpaqdan öncə,
Sonra can
göründü Vətən yerinə,
Öncə
can sağlığı deyən kəslərin,
Torpağı bölündü bədən yerinə.
Vətəni
illər boyu düşmən tapdağında qalanların dərdini
kim anlar ki, onun özündən başqa? Amma qiyamət onda başlayır ki, insan can
sağlığını, baş salamatlığını
Vətənə, yurda, torpağa qurban verməyə
qıymasın, “qoy mən salim olum, cümlə cahan batsa da
batsın”-deyib. Bəlkə də o da haqlıdır,
çünki can şirin şeydir, hər
kəs bu dünyaya bir dəfə gəlir, hər kəs insan
kimi yaşamaq istəyir və düşünür ki, niyə
Əlinin, Vəlinin, Pirvəlinin övladı yağ-bal
işində yaşamalııdr, şık maşınlarda
gəzməlidir, onunki Vətəni qorumalıdır. Axı, əslində
Vətən təkcə kasıb-kusubun deyil,
hamınındır! Bəs elə isə niyə bu insanlarda
Allahın minicik quşunun –sərçələrin vəfası,
sədaqəti, yurd sevgisi, yuva qeyrəti yoxdur, niyə Vətən,
millət, azərbaycançılıq deyəndə
çoxlarını qaşınma tutur:
Quşlar
insanlara bənzəmək istəmir,
Insan
quş tək
vəfalı deyil,
Tanrılı deyil.
(Quş ən
azı su içəndə
Tanrıya
baxır) .
Quşlar
göz görə-ğörə
yuva
üstə, budaq üstə
davaya
çııxr.
Biz adam olsaq da
quşlar
kimi bacarmadıq...
Sərçələr
qədər birgə
yuva
qurmağa,
birgə
yuva qorumağa varmadıq...
Bəlkə
elə buna görə də Ucalardan uca Tanrı bizi zaman-zaman
torpaqla imtahana çəkib, hər yüzillikdə bir-iki dəfə
millətimizin yaxasından yapışaraq silkələyib ki,
bəlkə bu xalq qəflət yuxusundan ayıla, öz
var-dövlətinə, milli varlığına, mənəviyyatına
sahib çıxa! Amma yox, deyəsən,
heç Yaradanın da bizə gücü çatmayıb.
Eləcə dəfələrlə bu dövlətin sərhədləri
şeytan xislətli düşmənlərin və ruhu
şeytanlara satılmış “sapı özümüzdən
olanların” əli ilə yada-yağıya “peşkəş”
verilib. Bu torpağın sərvətini talan edənlər,
bu səltənəti imperiyanın bir əyaləti sayanlar
millətin qeyrət damarını qırmaq, gözünü
qorxutmaq üçün danışan dilləri kökündən
qoparıb, düşünən başları bədənindən
üzüb, günahsız insanları qanına qəltan eləyib,
yurduna süpürgə çəkib. İmperiya
nökərləri, özünü ağalarının
gözündə “şirin göstərməyə
çalışanlar”, millətin yaralarına özgədən
əlac umublar, taleyini bağlı qapılar arxasında həll
etməyə üstünlük veriblər. Nəticəsi
də ki, bəlli...
Bu
qapının cırıltısı,
Min ilin qəlb
sızıltısı,
Dərbənd,
ya Gəncə ağrısı,
Gəl açaq qapı bağlıayan.
Bu
qapı ğözüm qapağı,
İçi
Vətənin torpağı,
Ürəyim
yağı tapdağı,
Sən də bax, qapı bağlayan.
Baxsalar da görmürlər, kordular, o “qapı
bağlayanlar.”
Çünki “toxun acdan xəbəri olmaz”-deyib
babalarımız. Siz də, Sona xanım, şair fəhmi
ilə bu danılmaz gerçəkliyi bilirsiniz və cəsarətlə
çoxlarının dilə gətirmədiklərini
poeziyanın qüdrəti ilə möhürləyirsiniz;
Ha
yığılsın yad məclislər,
Bitməz
yurdun dərdi- səri,
Nə
bilsin çadır yerinə,
Salınır qaçqın şəhəri.
Təbiət heç vaxt tarazını, nizamını
pozmur.
Çünki, doğallığın mizan-tərəzisi
pozulanda insanlığın fəlakəti başlayır... Zəlzələlər,
sunamilər, daşqınlar, yanğınlar, anomal istilər,
damarda qanı donduran şaxtalar...Elə bu səbəbdən
göyün quşu, yerin çiçəyi heç vaxt
cızığından çıxmır, həddini
aşmır, insan kimi Allahlıq iddasında olmur, “mənəm-mənəm”
demir! Bu məqamda bir ana ürəyi fəryad edir, dünya bir
qadın duası eşidilir :
Qarabağım,
Şuşam getdi,
Sən
günəşi sevdyin tək,
Biz sevməyi bacarmadıq.
Ləçəyin
tək səf-səf
Durub
dayanmağa tab almadıq,
Sarı çiçək.
İllər
keçir , öc almadıq...
Aman Allah !!!
İllər
keçir, yaddaş itir,
Yaddaşımı
bitirməyə
təpər yetir...
... Aman
Allah, içimizdə
bu
torpağı sevməyə
bir
çiçək təpəri,
çiçək sevdası bitir.
Sona
xanım, imkanım olsa, kitabınızdakı bütün
şeirləri bircə-bircə örnək gətirər, illər
boyu içimizi göynədən ağrıların ifadəçisi
olan misralarınızı birər-birər təhlil edər,
Sizin böyük ürəyinizin yanğısına,
harayına hər kəsin qulaq verməsi üçün
söylədiklərinizin necə dəyərli və qiymətli
olduğunu vurğulayardım. Çünki bu
şeirlər təkcə bir ananın, bir qadının, bir vətəndaşın
göynərtisi, yanğısı, üsyanı deyil, millətini,
xalqını, onun azadlığını, müstəqilliyini,
istiqlalını sevənlərin qəlb
çırpıntılarının, ürək
döyüntülərinin kağız üzərində
inikasıdır. Özü də sizin
yaradıcılığınızda təkcə qanlar-qadalar,
itkilər-faciələr, şəhidlər və bu gün də
min yol ölüb dirilən şahidlərin faciəsi
bahasına itirilən Qarabağımızın, Qərbi Azərbaycanımızın
sızıltısı, göz yaşı öz əksini
tapmayıb, bu poetik nümunələrdə səssiz-səmirsiz
boşalan, əhalisi biri-birinin bəhsinə iri şəhərlərə
axışıb gedən sahibsiz yurdların
hıçqırığı, oyuq göz yerləri kimi
boş qalmış evlərin, yurdların fəryadı var:
Kimsəsiz
gözəldir, yoxdur baxanı,
Sökülüb
barısı, uçub eyvanı,
Köçüb
əzizləri, gedib yaxını,
Kimsə yoxdur ağı deyə bu kəndə.
Ağıçısı olmayan bu kəndlərin
toylu-düyünli, haylı-haraylı, min bir xatirəli
günləri əslində bizim dünənimiz,
anılarımız, bizə yer üzünün əşrəfi
olduğumuza təminat verən ilahi bağlarımızdır
ki, onlar olmayanda biz də yarımçığıq, biz də
tamlıqdan, bütövlükdən uzağıq. O təklənən,
fağırlaşan, yetim qalan kəndlərdə bu gün hər
gecə yuxumuza girən atalı-analı nağıl
dünyamız var, ağzımızın şirinliyi,
ömrümüzün bəxtəvər günlərinin əks-sədası
var. Şəhər evlərində gördüyümüz
yuxular isə təsəllidən başqa bir şey
deyilmiş, o bağlı qapıların açarını
bu gün axtarsaq da tapılmaz:
Yuxuda
gördüm ki, qapı bağlıdır,
Gördüm
ocaq sönüb külü dağlıdır,
Qoşa
tut ağaşı sirr ortağıydı,
Soruşdum:
anamı görməmisiz ki?
Gördüm
başıaçıq, ayağıyalın,
Gördüm
küçə-küçə, ev-ev gəzirəm,
Qonşular,
qohumlar qalsın bir yana,
Ağacdan,
çiçəkdən sorub gəzirəm,
Siz mənim anamı görməmisiz ki?
İnsanın dünəni, ilkinliyi ilə bağlı
tellərinin qırılması, xatirələrinin bir göz
qırpımındaca ünvansız qalması təkcə kəndlərimizdə
deyil, şəhərlərdə də müşahidə
olunur. Uzun illər
boyu insanların az qala yeddi arxa dönəninin
də bir vaxtlar yaşadığı köhnə evlər də
nimdaş paltar kimi şəhərin və şəhərlə
birlikdə insanların da əynindən, xatirəsindən,
ünvan dəftərindən silinməkdədir. Sökülən
evlərlə bərabər dipdiri xatirələr də
toza-torpağa gömülür:
Min-min
dipdiri xatirələr qalacaq
uçqun altında...
Kiminin
uşaqlığı, kiminin gələcəyi,
Kiminin tənhalığı,
kimsəsizliyi,
Yazıq-yazıq inləyəcək, boylanacaq.
Daş-kəsək
altından
adamlar gələcəyi
köhnəlmiş ümidləri ilə
qərib-qərib süzəcəklər...
Əllərində satılan, sökülən illərin qiyməti...
Sona xanım, “Arazbarı”nı dönə-dönə oxudum, lirik ovqatlı sevgi şeirlərinizi də, qürbət şəhərlərdə yazdıqlarınızı da, doğmalarınıza ithaf olunanları da, mahnıya çevrilmiş düşüncələrinizi də, bir sözlə, bütün şeirlərinizi qəlbimin, ruhumun süzgəcindən keçirə-keçirə oxudum və düşündüm ki, elə öz misralarınızla sizə tükənməyən yaradıcılıq eşqi arzulayım:Sizə dolan buludların arxasından çıxan ümid günəşi olmaq istəyinizə çatmağı diləyim.
Dolan
buludam, Allah,
Yağsam, günəş çıxacaq.
Yüküm
ağır, yolum uzun,
Bilməm harda dayanacaq.
Yollar
ümid, yollar işıq,
Çağırıb ovudar məni.
Tanrı
dərdlə üzləşənə,
Dərmanı
yolla göndərdi....
Kaş biz hamımız ellikcə bu karvana qoşula bilək. Biz Böyük, Azad,
Müstəqil, Müasir və Əbədi Azərbaycanımızın
dörd bir yanını maneəsiz dolanıb inamla deyə bilək:
Vətəndən
Vətənə varaq,
Yolu yarı yolda qoyaq.
Haqqa
üz tutub yalvaraq,
Çıxaq
döyüşdən qəhrəman,
Yol
başlayıb gedən karvan!
Yolunuz,
yolumuz açıq olsun, Sona xanım...
Hörmət və ehtiramla:
Telli PƏNAHQIZI
525-ci qəzet.-
2011.- 9 dekabr.- S.7.