Nuridə Atəşi yeni kitabını təqdim etdi

“MƏN BU KİTABLA AMAZONLAR HAQQINDA BETONLAŞMIŞ FİKİRLƏRƏ QARŞI ÇIXIRAM”

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Almaniyada yaşayan azərbaycanlı yazar, şairə və tədqiqatçı, Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin dörd dildə nəşr olunan “Qafqaz Amazonları: miflər arxasındakı gerçək tarix” kitabının təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, mərasimdə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, millət vəkili Gülər Əhmədova, arxeoloqlar, alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov açıb və kitab barədə qısa məlumat verib. Bildirib ki, tədqiqatçı kitabı paralel olaraq Azərbaycan və alman dillərində yazıb, sonra rusingilis dillərinə tərcümə edib. Kitab AMEA-nın naşirliyi ilə işıq üzü görüb.

Kitabın müəllifi Nuridə Atəşi ilk olaraq tədqiqat işində ona kömək edən hər kəsə öz təşəkkürünü bildirib. daha sonra kitabın yaranma ideyasından danışıb. Onun sözlərinə görə, kitabda dünyanın ən qədim – e.ə. II minilliyə aid savaşçı qadın qəbrinin Qafqazdan – Azərbaycanın Naxçıvan bölgəsindən aşkar edilməsi faktı və bir çox başqa elmi yeniliklər, arxeoloji materiallar ilk dəfə analiz edilir: “Bu kitab 15 illik tədqiqatlarımın nəticəsidir. Mən hələ 1995-ci ildə bu mövzunu araşdırmaq üçün Azərbaycana gəldim, ancaq o vaxt mənə inanmadılar. Həmin insanların bəzisi indi bu zalda əyləşib. Mən bu kitabla amazonlar haqında betonlaşmış fikirlərə qarşı çıxıram. Bu günə qədər amazonların yunan mifologiyası olduğu haqda əsərlər yazılırdı. Apardığım araşdırmalar və Avropada təqdim etdiyim bu əsər ən qədim döyüşçü qadının vətəninin Azərbaycan olduğunu sübut edir. Bu, eramızdan əvvəl ikinci minilliyə aid Naxçıvanın Plovdağ bölgəsində olan döyüşçü qadının qəbridir”.

N. Atəşi gələn il Azərbaycanda Qafqaz amazonları sərgisinin açılmasını, bu mövzuda beynəlxalq elmi konfransın keçirilməsini və sənədli çəkilməsini də təklif edib.

Mərasimdə arxeoloq İlyas Babayev, millət vəkili Gülər Əhmədova və tarixçi alimlər çıxış edərək kitabı və aparılan tədqiqatı yüksək qiymətləndiriblər.

 

 

525-ci qəzet.- 2011.- 9 dekabr.- S.7.