Elçin Hüseynbəyli: günümüzün nəsri

İKİNCİ MƏQALƏ

 

Bədii ədəbiyyatımızın zəngin tarixi əsərlər ənənəsi var. Bu ənənənin şah təməlini öz “İsgəndərnamə” epopeyası ilə Nizami qoydu. Bu ənənəni M.F.Axundzadə “Aldanmış kəvakib” povesti ilə ana dili məhvərinə gətirdi. Mirzə Fətəli bu əsəri ilə çar idarə üsulunu ifşa etmək məqsədini izlədiyindən ciddi tarixi əsər əvəzinə komediyalarının bədii ifadə üslubu üstündə komik-məzhəki yolla getdi – özü demişdi ki, mətləbini pərdələmək istəyirsənsə, hadisələri at, məsələn, Şah Abbas dövrünə. Hər halda böyük yenilikçi Mirzə Fətəli ədəbiyyatımızın diqqətini dövlətçilik mövzusuna yönəltdi. N.Nərimanovun “Nadir şah”, Ə.b.Haqverdiyevin “Ağa Məhəmməd şah Qaçar” tarixi dramları yarandı. Sovet dövründə Y.V.Çəmənzəminlinin, M.S. Ordubadinin, İsa Muğannanın, Əzizə xanım Cəfərzadənin, Əlisa Nicatın tarixi povest və romanları müxtəlif dövrlərdən bəhs edən bədii lövhələrlə Azərbaycan oxucusunu öz tarixi ilə yaxından tanış etdi.

Elçin Hüseynbəylinin “Şah Abbas” romanının bu silsilədə xüsusi yeri var. Bu, yeni roman tipidir. Roman tarixin bədii ifadəsində xatırlatdığım müəlliflərin əsərlərindən fərqli olaraq Orxon-Yenisey dastanlarının yaradıcılıq tipologiyası ilə yazılmışdır. Yazıçı əsərinin janrını özü olduğu kimi bildirir: roman-xronika. Burada tarix bədiiliyə xidmət etmir, tarix bədiiliyin içində itmir, bədiilik tarixə xidmət edir, tarix əvvəlli-axırlı bir bütövdür, bədiilik onun içindədir, onun tərkib hissəsidir. Bu, tarixin özüdür. Bu, tarixi roman yox, əsil tarix romanıdır. Roman tədqiqatçı işidir, sənədli romandır. Orxon dastanları kimi bədii-obrazlı salnamədir; məhz türkün ibadət kitabı olan (M.Ərgin) Orxon dastanları kimi bədiiləşmiş tarixdir və tarixləşmiş bədiilikdir. Arxiv sənədləri əsasında yazılmış bu roman Azərbaycan dövlətçilik tarixində sovet baxış bucağından yazılmış Azərbaycan tarixinin ilk elmi, ədalətli təftişidir. Arxiv sənədlərinə istinadən yazılmış romanı oxuyursan, şübhən qalmır ki, Şah Abbas haqqındakı xalq rəvayətləri əfsanə deyilmiş, əfsanəviləşmiş gerçəklik imiş. Azərbaycanın geniş coğrafiyası əsas olmaqla, bütün Qafqaz ərazisində Şah Abbasın adı ilə bağlı karvansaralar, körpülər, məscidlər, minarələr bu gün də qalır. Niyə hansı isə başqa bir hökmdarın adı ilə belə, abad olmasın, heç bir xarabalıq da tanınmır. Deməli, Şah Abbas abadlığı, tikinti-inşaatı da dövlətçiliyin işi və tərkib hissəsi kimi görmüşdür. Həmin adların siyahısında Şah Abbasın ünvanı ilə bağlı şahı (beş qəpik), abbasi (iyirmi qəpik) kimi pul vahidləri də var.

Əlbəttə, dürüst tarixilik o demək deyil ki, roman faktların, sənədlərin toplusudur. Şübhəsiz, tarixi romanın içində iki pay olur: tarixiliyin payı və bədiiliyin payı. Buradakı tarixlikdə, birinci, o var ki, faktlar, tarixi gerçəkliklər təhrif olunmur, hər şey özüdür, hər şey öz adı ilə verilir; oxucunu cəlb etmək üçün macəraçılığa varılmır, saxta, sün’i bədiiliyə gedilmir; dövlətçilik terminləri, hərbi terminlər – silah adları, hərbi rütbə və ünvanlar üstündə bilavasitə XVI-XVII əsrlərin möhürü olan dəqiq sözlərdir. Ayrı-ayrı xanların, bəylərin, kübar ailələrinin dövlətçilikdə iştirakı, hakimiyyətdəki payı, yaxud onların əks mövqeyində duran nəsillərin dağıdıcılıq, pozuculuq hərəkətləri tarixi məlumatların işığında ağı , qarası qara, bozu da boz verilir. Heç demə ki, tarix özü öz gerçəkliyi ilə, bəzəksiz, boyasız-filansız sırf bədiilik qədər emosional dəyərə malikdir; tarix xalqın mənəvi keçmişi olaraq əxlaqi-estetik dəyər kəsb edir. Bu, yazıçı istedadının gücüdür ki, xalis tarixi bədiilikdəki güc ilə oxutdurur. Bu roman həm romandır, həm də tariximizin bir parçasıdır. Roman tariximizi xalqın tarixi yaşanışından təcrid edib saxtalaşdıranlara sillogistik yox, estetika ilə təchiz olunmuş məntiqi cavabıdır.

Və təbii, bədiiliyin öz payı var. Qadınların vaqifcəsinə təsviri verilir: “... Sanki nağıllardan düşüb gəlmişdi. Gözləri piyalə, dişləri mərcan, dodaqları qönçəyə bənzəyirdi...”; şah qadının fərasəti üçün belə təşbeh işlənir: “O, yavrularını və erkəyini qoruyan şirə bənzəyirdi”; bu, saray xanımının özbaşınalığının obrazıdır: “Qızılbaşlar şaha xəbər göndərdilər ki, onun saray madyanı əcnəbi kəhərlə səhərdən axşama kimi imsinir”; bu da kişi reaksiyasının ifadə olunması: “Əmirlər hamısı əllərini xəncərlərinin qəbzəsinə atdılar, qəzəblərindən pörtdülər və bığlarını çeynədilər”; bu da döyüş səhnəsindən bir psixoloji impuls: “At çaşdı, özünü ora-bura vursa da, qorçuların cərgəsini yara bilmədi, axırda hikkəsindən şahə qalxdı. Çünki ağası düşmənə təslim olmuşdu və atını qoruya bilməmişdi”. Bütün bu ifadələr ədəbi dilimizin tarixən ən çox bədiilik xisləti ilə seçilən ənənəsi üzərində durur.

Romanın tarixiliyini təmin edən keyfiyyətlərdən biri onun səhifələrində döyüş səhnələrinə geniş yer verilməsidir. Və həqiqətən dünya tarixçiliyində hər hansı xalqın tarixindən danışanda ön planda hökmdarların şəxsiyyəti, onların apardığı müharibələr dayanır. Hətta hökmdarın şəxsiyyətini qabartmaq üçün bəzən bu müharibələrin təsvirində təəssübə yol verilir – döyüşdə zəif çıxış edən, hətta uduzan tərəfin hökmdarını saray tarixçisi vəsf edir. Ancaq Elçinin təsvir etdiyi qalib döyüş səhnələri Şah Abbas dövrünün real Azərbaycan tarixidir. Düzdür, Şah Abbasın babası Şah Təhmasib mərkəzləşmiş Azərbaycan dövləti yaratmışdı. Ancaq Şah Abbasın atası Məhəmməd Xudabəndənin zamanında Azərbaycan torpaqlarında Azərbaycan dövlətçiliyinin zabitəsi görünmürdü. Güney Azərbaycanın Şimal-şərqi Özbəkiyyənin basqınlarına məruz qalırdı, ölkənin qərbi Sultan Türkiyəsinin nüfuzu altında idi, şimalda Azərbaycanın xanları öz aralarındakı mənəm-mənəmlik davranışları ilə dövlətçiliyi sarsıdırdılar. Şah Abbas param-parça Azərbaycan torpaqlarını birləşdirdi, əslində ən uzunömürlü mərkəzləşmiş Azərbaycan dövləti onun zamanında var olmuşdur. Dərin tarix biliyi və istedadlı yazıçı qələmi ilə Elçin ədəbiyyatımızda çox mükəmməl bir tarixi roman yaratdı. Romanda öz döyüş məharəti, hökmdar müdrikliyi ilə Şah Abbas əfsanəvi türk sərkərdələri Atillanın, Alp Ər Tonqanın, Əmir Teymurun layiqli xələfləri kimi canlandırılır. Ayrı-ayrı döyüş səhnələrinin, sərkərdə – xanların hərbçi davranışlarının təsvirində Dədə Qorqud boylarındakı qədim oğuz yürüşlərinin döyüş qüdrəti, vuruşlarındakı təntənə havası duyulur. Nəhayət, biz qəhrəmanlıq dastanlarımızda gördüyümüz, öyündüyümüz xalq qəhrəmanlığını, döyüşçü fədakarlığını, sərkərdə hünərini yazılı ədəbiyyatımızda gördük.

Bu roman tarixin canlandırılmasında xüsusi bir cəhəti ilə də diqqəti çəkir. Fransız tarixçisi Jül Mişlenin bir fikri var ki, tarixin yazılmasında hökmdarlara, müharibələrin təsvirinə o qədər yer verilir ki, xalq unudulur, ölkənin tarixində krallar və dövlətlər görünür, ancaq xalq, onun etiketi, kimliyi görünmür. Jül Mişlenin fikrincə, tarix o zaman xalqın tarixi olur ki, xalqın elitası, kübar nəsilləri, seçmə ailələri canlandırılsın. Yəni deyək ki, Azərbaycan tarixində xalqı gələcək nəsillərə və dünyaya tanıtmaq üçün, məsələn, Kazımbəylər, Zərdabilər, Hacı Zeynalabdınlar, Üzeyir bəy Hacıbəylilər, Məhəmməd ağa Şaxtaxtlılar, Kəngərlilər kimi nəsillərin tarixinin yazılması ön plana çəkilməlidir. Elçinin romanında dəyərli işlərdən biri budur ki, ayrı-ayrı Azərbaycan ailələrinin, xanlarının, varlılarının, kübarlarının dövlətçilikdə iştirakına gərəyincə yer verilir.

Belə gerçək ailələrin, kübar tarixi şəxslərin nəzərə çatdırılmasını Elçinin hələ “Don Juan” romanında Oruc bəy Bayatın ədəbi-tarixi təsvirində görmüşdük. Bu nəsillərə, kübar ailələrinə, hətta seçmə ağıllı kasıb ailələrinə lazımi diqqətinə cavab kimi xalq arasında Şah Abbas haqqında haqsevər hökmdar timsalı olaraq xoş əfsanələr yayılmış və nəsillərdən nəsillərə ötürülərək gəlir.

Şah Abbas obrazını yazıçı hərtərəfli verir. Əvvələn, Şah Abbas şahlığından, taxt-tacından kənarda bir insandır, övladdır, valideyndir; bir kübar ailənin yetirməsidir; o, şah olmadan da gen-bol güzəran sahibi ola bilərdi – çünki peşə sahibidir. Peşə sahibi olmaq şahı vətəndaş edir, şahı bir millətin üzvü olmağa, yəni ətrafını, zəhmətkeşi, əmək insanını duymağa gətirir. O, mahir bir canamaz toxucusudur, toxucu peşəsinə yiyələnib. Hətta belə olmayıbsa da, şahda bu əlaməti vermək ibrətli hadisədir. Və vaxtilə belə əfsanə yaratmaqla xalq öz düşüncəsində ədalətli, əməksevər şah obrazı yaradıb, gələcək hökmdarlara örnək göstərib. Üzeyir bəy Hacıbəyli də “Şah Abbas və Xurşudbanu” operasında Şah Abbası mükəmməl xalı ustası kimi göstərir. Deməli, bu, xalqın öz dövlət başçısında həmin keyfiyyəti görmək arzusudur. Ya doğrudan da, o, bu peşəni bacarıbsa, xalq bunu dastan yaradıcılığına salmaqla öz şahını ululaşdırmış, həmişəyaşar şah obrazına çevirmişdir. Elçin Şah Abbasın tarixi şəxsiyyət obrazının bünövrəsində bu əlaməti qoymaqla oxucusunun Şah Abbasa münasibətinin təməlinə sevgi daşı atmış olur. Və Şah Abbasa əsər boyu bəslənəcək rəğbət duyğusu bu bünövrənin üstündə ucalır.

Əlbəttə, birinci növbədə, Şah Abbas şahdır və dövləti idarə etmək, ölkəni qurmaq, abadlaşdırmaq üçün şahlığın öz şahlıq sifətləri var. Şah Abbasın sifətlərindən biri budur: “Vergidən yayınan murdarların çığıltısına dözmək olar, məmləkətimizin kafirlərin əlində qalmasına yox. Vergi bizə savaş üçün gərəkdir. Boş xəzinəylə torpaqları geri qaytarmaq, babalarımızın ruhunu sevindirmək olmaz. Kim başından böyük qələt eləsə, tikəsini qulaqları boyda eliyin”; dövlətin nüfuzuna toxunan yerli hakimə: “Mən o it küçüyünün qulaqlarını kəsdirib özünə yedizdirəcəm”; “Şah Abbas ömrünün axırına kimi kəsdirdiyi başlardan böyük bir imarət ucalda bilərdi”. Bu da Şah Abbasın başqa sifətidir: “Mehtərlər şahın atını döyüşə hazırlasar da, qızılbaş hökmdarı ona minmədi və qoşunun başında Gilana piyada öz tutdu”; “- Səninlə razıyam, Hatəm xan, qızıl hər şey deməkdir. O, döyüşlərin anasıdır... Amma müqəddəs məzarlara dəymək olmaz. Qoy mənim və sarayın qızıl-gümüş qab-qacaqlarını əridib pul zərb eləsinlər, hərəmlərin də zinətlərini və cəvahirlərini alsınlar. Onları satıb mülazimlərə verərsən”. Bu da Şah Abbasın sifətlərindəndir ki, insanları dinləyib qərar çıxarır; bir döyüşdən qalib də, məğlub da yox, barışıq sazişi ilə qayıdan xana qəzəblənən Şah Abbas bu cavabı alır: “Günahım böyükdür, zilləllah... Amma mən nə düşmənin, nə də ölümün qabağından qaçdım, axmaq ölümü də seçmədim. Din düşməninin əlində ölməkdənsə, şəhriyarın əlində ölmək xoşdur. Mən şərəfli ölümü seçdim... Bu sözlər Şah Abbasın ürəyini yumsaltdı...” Tarixin dərinliyində xan hansı sözlərlə cavab verib Şah Abbasın ürəyini yumşaltdığını bilmirəm. Amma yazıçı romanda sözləri elə mizan-tərəzi ilə, zərgər dəqiqliyi ilə işlədib ki, bu məntiqin müqabilində düşmənə 30 min tələfat verib döyüşdən sülhlə qayıdan xanı bağışlamasaydı, bu, daha bizim bayaqdan ağlını, müdrikliyini tərif etdiyimiz Şah Abbas olmazdı. Şeir yazan, əruz və heca vəznlərində xəlqi dillə gözəl poeziya nümunələri yaradan Şah Abbasın qəddarlığı, sərtliyi ədalətsiz ola bilməzdi.

Romandakı Şah Abbas dəfələrlə təğyiri-libas olub, xalq arasında gəzir, məmləkətində insanların vəziyyətini və şaha münasibətini öyrənir, insanların bir-birinə “Şah Abbas muradını versin. Şah Abbas sənə qənim olsun” dua və qarğışlarını öz qulağı ilə eşidir; su quyuları qazdırır, vergiləri azaldır, ailələrə, bölgələrə yardımlar edir və s. humanist, ədalətli işlər görür. O biri tərəfdən də, bir dəfə xəyanətini gördüyü adamı bağışlamır, yuxarıdakı iqtibaslarda deyildiyi kimi, günahkarın iri tikəsini qulağı boyda elətdirir. Kimdir bu günahkarlar: xalqın, dövlətin düşmənləri! Yalnız camaatın başını sığallamaqla möhtəşəm dövlət qurmaq olmaz; millətin üzünə gülüb onu ac-yalavac qoymaq yox, sərt hərəkətlərlə hər kəsi günahına görə cəzalandırıb xalqa çörək vermək, torpağı qorumaq, mədəniyyəti yüksəltmək ən böyük ədalətdir. Əmir Teymur da bu ədalətin sahibi olub. Birinci Şah Abbas Azərbaycan tarixinin Əmir Teymurudur. Bu, qəddarlıq deyil, dövlət quruculuğudur. Hətta öz dövlətçiliyini ən demokratik quruluş sayan (əslində doğru, ya yalan öz yerində) Lenin idarəçilikdə demokratik mərkəziyyəti vacib bilirdi. Bu mərkəziyyət Şah Abbasda gördüyümüz həmin sərtlik və qəddarlıq idi. Məhz həmin “demokratik qəddarlıqla” Şah Abbas parça-tikə Azərbaycanı parça-parça, tikə-tikə bir yerə yığdı. Bu sərt və müdrik idarəçilik pozulduğu üçün Şah Abbasdan sonra, xanların başlı-başına buraxılması dövlətçiliyin xanlıqlar forması alması ilə nəticələndi və bu da nəhayət e’tibarilə Azərbaycanın öz stixiyası ilə ikiyə bölünməsinə və Şimal hissəsinin Rusiya tərəfindən asanlıqla udulmasına gətirdi.

Elçin Hüseynbəyli ədəbiyyatımızda ən qüdrətli hökmdar, ən müdrik, tədbirli şah obrazı yaradıb. İftixarımız saydığımız Şah İsmayılın, ilk mərkəzləşmiş Azərbaycan dövlətinin müəllifi Şah Təhmasibin belə obrazı yaradılmayıb – hansı hökmdarasa “böyük, böyük”, “ulu, ulu” deməklə iş bitmir. O deyilən, öyünülən hökmdarı obrazlaşdırmaq, sovet ədəbiyyatşünaslığında deyildiyi kimi, tipikləşdirmək, məsələn, Elçinin romanındakı Şah Abbas kimi ümumiləşdirmək gərəkdir. Təsəvvür edək ki, məsələn, professor Məhərrəm Qasımlının öz dərin tədqiqatı ilə elmdə yaratdığı şair Xətai İsmayıl obrazının müqabilində bədii ədəbiyyatımızda Şah İsmayıl obrazı hələ yaradılmayıb.

“Şah Abbas” romanı kompozisiya sənətkarlığı ilə də mükəmməldir. “Gözünə gün düşür” hekayəsindəki kimi, burada əsər finalla başlanır. Bu quruluş romanın mütaliəsini düşündürücü edir. Proloq və epiloqlar da bir-birinin davamıdır – 1-ci epiloq 1-ci proloqu, 2-ci epiloq 2-cini tamamlayır. Proloqlar tarixin mühakiməsidir, epiloqlar bu mühakimənin müsbət, yəni obyektiv qiymətini verir. Bu mühakimə ilə yazıçı sovet dövrü tarixşünaslığının Şah Abbasa verdiyi cəzanı ləğv edir, Şah Abbas tarixinə xalq bəraəti verilir. Roman bədii yaradıcılığın elmi dəyər kəsb etməsinin gözəl nümunəsidir. Yadımdadır ki, “Qılınc və qələmi” yazmaq üçün Nizami dövrünü elə öyrənmişdi ki, zamanında “Nizami” almanaxında M.S.Ordubadi tədqiqatçı kimi iştirak etmişdi. Mən ədəbi dil tarixi fənninin tədrisində XVI-XVII əsrlərin tarixi-mədəni şəraitinə aid elmi ədəbiyyat siyahısında tələbələrimə Elçinin bu romanını da tövsiyə edirəm. Romanın dilində dil tarixi baxımından xeyli material var: dövlətçilik terminləri, dövrlə bağlı xeyli söz və ifadələr işlənmişdir. Romanın və ümumiyyətlə, Elçin Hüseynbəylinin bədii dili elmi tədqiqat üçün zəngin leksik, qrammatik və üslubi material verir.

 

Tofiq HACIYEV

525-ci qəzet.- 2011.- 9 dekabr.- S.2.