Giliz kimi gəzərgi

(Esselər silsiləsi)

 

 

 

ALLAH

 

Hərdən ağlıma dolur ki, əvvəllər Allah da insanlarla birgə yaşayıb. Sonra O bizdən bezərək baş götürüb gedib. İnsanlar Allahın yanında da islah olmayıblar. Özü də, Allah yerə girməyib, göyə qalxıb. Ona görə hər dəfə insanlar başlarını göyə qaldırıb Allaha dua edəndə sanki, onun arxasınca baxırlar, peşman-peşman.

 

ŞEİR

 

Çoxları üçün şeirin öldüyünü bilmək istəyirsinizsə, yol boyu şeir deyə-deyə gedin. Görəcəksiniz ki, yanınızdan keçən adamların biri də sizə baxmır. Mən bir dəfə şair dostumla bu təcrübəni o məşhur Nizami küçəsində sınaqdan keçirdim.

 

QORXU

 

Həyatda ən çox qorxduğum şeylərdən biribudur: Altından xətt çəkdiyim cümlələrə bir də təzədən qayıtmaq, bir də yenidən baxmaq imkanım olmaya. Nəyəsə görə çox inanıram ki, bu gün anlamadığım çox şeyi gələcəkdə mütləq anlayacağam.

 

İŞIQ

 

Bəzən deyirlər ki, ədəbiyyat işıq axtarışıdır. Amma unutmaq olmaz ki, işıq axtarışı qaranlıq qorxusundan yaranır. Hələ biz bunu Çırtdanın nağılından da bilirik. Elektrik lampasını ixtira edən o Edisonun qaranlıqdan titim-titim titrədiyini olsun ki, çoxları bilir. Bu mənada işıq axtarışı adı ilə “nikbin poeziyayaratmaq cəhdi, hələ şeytandan uzaq olmaq deyil, içindəki şeytanı qaranlıqda gizlədib, işığa qaçmaq “hünəridir”. Ona görə də bugünki ədəbiyyatımızın “xeyirxah şairləri” heç də yaxşı adamlar deyil. Əlimi ürəyimin üstünə qoyub deyirəm, vallah...

 

PUŞKİN

 

Birinci dərəcəli atıcı, Puşkinin heykəlinə baxıb deyir:

– Haqq-ədalət budur? Hədəfi Dantes vurdu, heykəli vurulana qoyurlar.

Bəzi adamların da ədəbiyyata münasibəti bu cürdür. Onlar ədəbiyyata atıcı kriteriyası ilə yanaşırlar, ona görə əsl ədəbi dəyərlər itib. Onların əlində olsa, elə Dantesə heykəl qoyarlar...

 

SEVGİ

 

Köhnə sevgilər yanından uzaqlaşan digər insana oxşayır. O insan yanından uzaqlaşır, gedir, gedir, tamam aralanır səndən. Amma qəribədir ki, uzaqlaşsa da görürsən onu. Haçan çevrilib baxsan görürsən ki, uzaqlaşır, amma gözdən itmir ki, itmir...

 

TƏCRÜBƏ

 

TompsonunMənim Həyatıməsərində belə bir yer var.

Kifayət qədər yanacaq toplayandan sonra, sonuncu kibrit çöpünü çıxarıb yandırmaq istədim. Lakin Riçadson inamla dedi:

Qulaq as, Senton. Con köhnə tənbəkiçəkəndi, sənsə yox. Mənə elə gəlir ki, sonuncu kibritimizi Cona etibar etsək, daha ədalətli olar.

Bu, ağlabatan təklif idi. Mən həqiqətən heç vaxt siqaret çəkməmişdim, odur ki, sonuncu kibriti məmnuniyyətlə artıq neçə min dəfə bu işi uğurla görmüş yoldaşıma uzatdım”.

Təcrübəyə bu qədər önəm verildiyini, ixtisaslaşmanın modeli kimi qəbul etməliyik. Yoxsa bizimhərşeyşünaslarkimi biləndər olmaq kimə gərəkdir ki? Hətta kibriti belə yandırmaq təcrübə tələb edir e...

 

KİNO

 

Azərbaycan kinosunun pafoslu olmasının səbəbi filmlərin çoxunun teatral olmasıyla bağlıdır. Aktyorların çoxu teatrdan çıxdığına görə kamera qarşısında da özlərini teatrdakı kimi hiss edirlər. Bilmirsən kinoya baxırsan, yoxsa teatra...

 

Fərid HÜSEYN

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.18.