Yol ROMANI (7-ci hissə )
VII hissə
... Bu gün yır-yığış eləmək
lazımdı deyəsən. Sayın millət
vəkili səhər Qarsdan gedəcəyimizi bildirir.
Heç qayıtmaq istəmirəm, amma... Bircə
dönüşümüzdə İrandan yox,
Gürcüstandan keçəcəyimiz, Tiflisdə də iki
gün qalacağımız fikri ürəyimi
sığallayır.
... Deməli, səhər gedəcəyik bu şəhərdən.
Yadıma salıram ki, özümə söz
vermişdim, bu mistik şəhərə həm də öz
gözlərimlə baxacam. Nobel
ödülçüsü öz romanıyla məni çox
uzaqlara aparmışdı. O uzaqlıqdan öz
yaxınıma qayıdacaqdım. Zatən bu
yollar həmin yaxınlara yaxınlaşmaq üçün
idi yəqin. Heç qeydlər eləmədim,
yaddaşıma arxalandım. Yazmağa
başlayanda isə elə bil beynimdən hər şey
silinmişdi. Ancaq ayrı-ayrı anlar
qabarıq gəlirdi gözümün önünə. Bərpa
elədim amma, elədim...
BEKLEME
ACISIYLA AŞKI
BİR-BİRİNDƏN
AYIRAN ŞEY
Roman... Məni məftun edən roman. “Kar” romanı...
“...Odamda
seni bekleyeceyim- diye fısıldadı KA.
–Beni
seviyormusun- dedi İpek.
–Çok
seviyorum.
–Doğrumu
bu?
–
Çok doğru.
Bir süre sustular. KA İpeyin bakışını izleyerek
pencereden dışarıya bakdı. Kar
yenidən başlamışdı. “Sen odana
çık, onlar gedince geleceyim”- dedi İpek. Amma
İpek həmən gəlmədi. Bu da
KA-nın həyatının ən böyük
işgencelerinden biri oldu. Aşık
olmakdan, beklemenin verdiyi bu mahvedici acı yüzünden
korkduğunu hatırladı. Bekleme
acısıyla aşkı bir-birinden ayıran şey nedi?
Böylece KA ilişginin henuz başındayken kendisinin daha
hevesli və kırılqan olduğunu göstererek güc
dengesinde altda kaldığını hiss etdi. Bu
gücsüzlükden korkarak çekdiyi bekleme
acısını gizlemek ise onu samimiyetsiz durumuna
düşürürdü. Oysa artık her şeyi
paylaşmak için aşık olmak istemiyormuydu?.. Kapı vuruldu.
–Nerde
kaldın?
– Gecmi
kaldım?
Kars şehrinin zavallılığından yalnız
kendisini deyil, İpeyi de korumak ister gibi bütün
gücüyle sarıldı ona. KA aklının paranoya və korkuya
iyice açılmış yanıyla otelin en ücra
köşesindeki bu odanın ta başdan bu yüzden kendisine
verildiyini düşünmüş,bir-birlerine
verdikleri acıdan karşılıklı zevk
aldıklarını bu yalnızlık duyğusuyla hiss
etmişdi. Derken otelin bu ücra koridoru və
odası aklında otelden kopmuş ve boş Kars şehrinin
ücra bir mahallesine yerleşmişdi. Kiyamet
sonrasının sessizliyini hatırlatan o boş şehirde de
kar yağıyordu...”.
... Hər
şeyi bir yalnızlıq duyğusuyla hiss etmişdim. Otelin bu ucqar koridoru və odası ağlımda oteldən
qopur və Qars şəhərinin ucqar məhəlləsinə
yerləşir. Qar həmişə fəsillərə
görə yağmaz ki... Sabah gedəcəyik,
amma ucqar məhəllələri görə bilmədim.
Bəlkə belə yaxşı oldu?.. Bu mənim romanımdı axı, öz
yaddaşımın ucqar məhəllələrində gəzib-dolaşmaq
lazımdı. Qiyamət sonrasının səssizliyi
də öz içimdədi. Öz qəhrəmanlarım
da var... Qəhrəman?... Doğrudan
ha, başım yır-yığışa, fikirlərimə
qarışıb, qəhrəmanı unutmuşam – V.Ə. Deyəsən
bu gün də imtahanı var, axşam işdən
çıxıb bizi Çıldır gölünə
aparacaq. Nasıl olsa, sabah bizdən
qurtulacaq... Bəkləyirik...
ÇILDIRTAN
ÇILDIR
Çıldır
gölü Ərdəhan il
sınırları içində yer alan və Doğu Anadolu
Bölgəsinin ən böyük şirin su hövzəsidir.
Tektonik mənşəlidi, dəniz səviyyəsindən
1959 metr yüksəklikdədi, ən dərin nöqtəsi 42
metrdi. Ətrafda yaşayan əhalinin gəlir
qaynağı heyvandarlıq və
balıqçılıqdı. İlin
dörd mövsümündə balıq tuturlar burda. Təbii, bu məlumatları sonradan
götürürəm internetdən və həm də
“Çıldır gölü” yazıb axtarış verəndə,
bir başlıq da çıxır qarşıma –
“Çıldır gölünə məktublar”. Maraqlandırır məni – açıram.
Görürəm Nursən Karas adlı
qadın yazarın son dövrlərdə basılmış
kitabıdı. Çıldır kaymakamından yazara gələn
və 2 il aramsız sürən məktub
arkadaşlığının sonucu bu əsər olub.
Qısa məlumatdan belə anlayıram, əsər Şərq
və Qərb sintezinin çarpıcı yönlərini
göstərən, 60-cı illərin sonlarında
dünyadakı iqtisadi , siyasi, mədəni
və yaşamsal gerçəklikləri yansıdan önəmli
bölgədi. Bu məktublarda Şərqli
idealist bir bürokratın, Qərbli idealist bir yazarın
düzənə üsyanı göstərilir, işləyən
çarxın dişləri arasında yox olmamaq
çabaları əks olunur. Belə bir nümunə gətirirlər
əsərdən:
“ Of,
Nursən Karas, of, of!..
Bilmədiyiniz
o kadar çok şey var ki...
Anlaşılamayan, bir yabançıya sanki yabançı
deyilmişcəsinə belə söyləniləməyən
o kadar çok şey var ki... Anlatamam. Həm də yararsız.
Susa-susa ağzımız olduğunu belə
unutduk. Genəlliklə gərəksiz
konuşmalardan kaçınıyorum. Paralellərə
girməməyə özəl bir dikkat göstəriyorum
tüm gücümlə. Ama yaşamaya
devam ediyorum. Nə halt edərsin? Düştük bir
kez, gördük bir kez, acıdık bir kez! Yediyimiz
ekmek, içdiyimiz su boğazımızdan keçməz oldu
bir kez. Gözümüzə uyku girməz
oldu bir kez. “Olmaz” dedik. “Olmuyor”
dedik. “Bizim görüşümüz
şu” dedik. Çalışana
yardımçı olduk. Ezilenden yana
olduk. Yapılacaq işi yapdık.
Yapılmaması gerekeni yapmadık, direndik...”
Bu mövzu diqqətimi çəkir, amma netdə nə
qədər arasam da “Çıldır gölünə məktublar”a
dair ancaq bu abzası bula bilirəm. Düşüncə
mənə də doğmadı, gərək rica edəm bu
kitabı gətirsinlər Türkiyədən.
Hələlik isə sizi aparım Çıldıra. Öz Yolumla.
Çıldıra gedən yol narahatdı. Maşın əməlli
zora düşür. Hələ üstəlik
məsafəni də hesablamadığımızdan benzin də
bitmək üzrədi. Ay aman, fikirləşirəm, bu
axşam vaxtı tanımadığımız bu yerdə
ilişib qalsaq nə olacaq? Bu Çıldır
məni çıldırtacaq, deyəsən. Amma su həm də huzur verir. Yol
enişli-yoxuşludu, qəsəbələrin içindən
keçib gedirik. Gölün o biri sahilində
də yaşayış məskənləri var, uzaqdan
işıqları sayrışır. Böyükdü
gölün ərazisi, bura axşam yox, işıqlı vaxt gəlsəydik
nə gözəl olardı? Bu rənglərin,
səslərin, havanın havasından məst olardıq.
Çox sevirəm su hövzələrinin kənarında
dizlərimi qucaqlayıb oturmağı, suyun səsini dinləməyi. Amma indi
olmayacaq, gecdi. Niyə tez gəlmədik ki, bura...
– Benzin
qurtaracaq indi- deyir sayın millət vəkili.
Bu nə
yerdi belə, bu qədər yaşayış məntəqəsinin
içindən keçirik, amma yanacaq yoxdu... Arada mənə
həm də elə gəlir ki, nəsə yanıq qoxusu da
var. Buraları tanımadığındandı, ya nədi, deyəsən
Vurğun da yolun uzanmasından əsəbləşir və
telefon açır tələbəsinə:
– Aykut,
hardadı sənin o dediyin yer? Biz burda filan yerdəyik
– nəydi bura?
Telefonun o
tərəfində Aykut nə deyir, nə demir bilmirəm, amma
Vurğun sakitləşir.
– Az
qalıb.
– Hə,
benzin də az qalıb – deyirəm.
–
Darıxma, olajax- deyir Aqil. Olajax, olajax da.
Əslində qaranlıqda yol getməyi çox sevirəm,
amma yoldan və maşından arxayın olanda...
Amma irəlidə deyəsən petrol istasyonuna bənzər
nəsə görünür. Çox sevincək dururuq burda, benzin
ehtiyatımızı tamamlayırıq və irəli... Kefimiz əməlli kökəlir, söhbətimizin
konusu da fizikadan lirikaya yönəlir. Bax,
bunu unutdum, necə oldu ki, benzin və kilometraj söhbəti
nasıl gəldi yazmaq, yazı-pozu söhbətinə. Təbii
ki, çox mütəvazi xarakterli Aqil az
da olsa hərdən-birdən müxtəlif zamanlarda
yazdıqlarından danışır, Vurğun Əyyub da
öz yazdıqlarından. Mən də
özlüyümdə fikirləşirəm ki, bunlara bax da –
mən olan yerdə yazmaqdan danışırlar. Amma
Vurğunun vicdanı yol vermir deyəsən:
– İndi
İradə xanım deyəcək ki, hamıdan gözəl mənəm,
ancaq heç danışmıram...
–
Özüdür ki, var. Elə belə də fikirləşirdim...
Beləcə deyə-gülə, yolu soraqlaya-soraqlaya
çatırıq deyəsən Aykutun dediyi yerə. Düz gölün kənarında,
kiçicik bir lokanta var – dalğaların sahilə
çırpınmasından başqa bir mənzərə yaradır...
Yol da yorub bizi... Yeməyi sifariş edəndən
sonra qarsondan başqa bir yolun olub-olmadığını
soruşuruq. O da gölün o biri sahili ilə
qayıtmağı məsləhət görür. Yolu bizə anladır və biz də bunu fikirləşirik.
Əgər qayıdacağımız yol daha
rahat, daha kəsmə olacaqsa niyə də yox? Hava da o qədər sərindi ki, gölün əsrarəngiz
gözəlliyini, suyun parıltısını şüşənin
arxasından izləyirəm. Uzaqdan evlərin
pəncərələrindən sarı, isti işıqlar
sayrışır. İşıqları bizə gəlib
çatan bu insanlar özləri hansı işıqda
yaşayırlar – arzu, ümid işığındamı,
ürək işığındamı, ya... Bu
hissiyyat məndə həmişə olur – yanından
ötüb keçdiyim evlərdən, insanlardan elə bil
axın kimi anlamadığım nəsə gəlir
üstümə. Üzümü-gözümü
sarır, bəzən ağrıdır, bəzən də
xoş hissiyyat yaradır. Özümçün də
bunun nə olduğunu izah edə bilməmişəm...
... Amma indi burnuma qızardılmış
balığın xoş qoxusu gəlir. Masaya
düzülmüş Çıldır gölü nemətlərindən
zövq alıram. Sayın millət vəkili
heç sevmir balıq yeməyi, Vurğun Əyyubun yemək
zövqündən xəbərsizəm. Amma hər ikisi
deyəsən mənə görə yeməyi tərifləyirlər...
Heyif, çox heyif, biz bura gəlib çıxanda
qaranlıq idi.
Heyif, çox heyif, heç şəkil çəkmədim
orda. Heyif, çox heyif, suyun üstüylə, Ayın
işıq yoluyla yürüyə bilmirəm... Heyif, çox
heyif... Bitməyəcək heyiflər... Heyif,
hamısını sadalaya bilmirəm...
Lokantadan çıxıb maşına
yaxınlaşırıq, daha doğrusu yaxınlaşmaq istəyirik. Çünki
işığı yandıran kimi qəribə böcəklərin
hücumuna məruz qalırıq. Bizim tərəflərdə
belə məxluqatlar görməmişəm. Çırpılırlar maşının
şüşəsinə, qaynaşırlar lap. Qapını açmağa da imkan vermirlər.
Birtəhər özümüzü
atırıq maşının içinə. Burda da qərara alınır ki, qarsonun bayaq bizə
məsləhət gördüyü kəsə yolla
qayıdaq – yəni gölün o biri sahiliylə. Mənə fərq eləmir – maşını mən
sürmürəm ki, təki Yol olsun. Özü də
gecə... Amma bu da bir heyifdi – az-az olur belə hallar...
Gecənin 11-i, qaranlıq və bayaq gəldiyimiz narahat
yoldan heç də fərqlənməyən Yol. Yenə bir qəsəbənin
içindən keçib açıq yola
çıxırıq, göl də görünmür
artıq, yenə heyfislənirəm içimdə və birdən
qəfil təkan məni silkələyib ayıldır elə
bil. Maşın dayanır.
– Nə
oldu?
– Getmir
maşın – deyir sürücüm.
– Necə
getmir?
Baho,
işə düşmədik, gecənin bir aləmi
düzün ortasında... Kişilər ikisi də
enir maşından, sürücüm maşının kapotun
açmağa çalışır, aça bilmir və
qırır. (kapota bizim dildə nə
deyirlər? Bəzi bölgələrdə
qadın paltarına da kapot deyirlər. Yadımdadı,
birinci dəfə eşidəndə öldüm gülməkdən).
Və olan bundan sonra olur. Boşluq
leksikamızın da, folklorumuzun ən nəcib sözləri
ilə dolmağa başlayır, hələ üstəlik
isterika da var. Anlayıram yad ölkə (terror bölgəsi),
zülmət qaranlıq, ıssız yol (heç bir
maşın da görünmür) və biz... üç nəfər.
Özü də baxıram ki, bu üç nəfərin
içində ən sakiti mənəm. Heç
vecimə də deyil. Əksinə, zövq
alıram. Belə bir mənzərəni bir dəfə də
görmüşdüm...
HAŞİYƏ
Təxminən
10 il əvvəl birdən-birə
bütün ölkənin işıqları sönür. Yadınıza gəlir? İndiyə
qədər də o işıq məsələsiylə
bağlı qaranlıq məqamlar çoxdu mənimçün.
Hər halda səsləndirilmiş rəsmi
versiya ... yumşaq deyim, inandırıcı deyildi. Arada bir neçə dəqiqə yananda efiri izlədim
və elə efirdən bildim ki, təkcə mən deyiləm
qaranlıqda qalan. Həmin vaxtlar
çoxfunksional keyfiyyətlərimə həm də
qarovulçuluq da daxil olduğundan evdə hər zaman tək
olurdum. Yox, düz demədim, iki köpəyim
və mən. (Qəribədi, evdə yeganə
qadın mən idim, hətta bacım deyirdi ki, o qədər
paxılsan, evə özündən başqa bir dişi
qoymursan, yəni itlərim də oğlan idi. İnanan da yox idi ki, mənim evdə
gördüyüm oğlanlar ancaq bu iki itdi), amma evi də mən
qoruyurdum. Tuncay Türkiyədə oxuyurdu, Toğrul cavan
oğlan, lap böyük oğlum da ki, gecə həyatına
çox aludə. Geniş spektrli canım vay! Təbii
ki, özümün yanlış tərbiyəmin nəticələrini
yeyirdim). İşıq yanmadığı
üçün ev telefonu da işləmirdi,
mobilim də yox idi. Yəni düzgün
anlaşılsın e, maddi söhbət deyildi. Sadəcə
deyirdilər ki, neynirsən, evdən bayıra
çıxmırsan onsuz da... Təbii, o zaman evdən
bayırda olanların sayı çox idi və onlara da telefon
daha gərəkli idi... Heç xatırlanası da deyil... Nöqtələr nə çox oldu burda? Hələ həyatımızdakı nöqtələri
əvəz edəcək söz tapmamışıq (halal elə,
Rza, sənin fikrini yazıram. Amma bu
nöqtələrin təyinatını bilirəm. Mənə nöqtə qoymağa
çalışanlar çox olub. Yığmışam
bunları, indi də dağıdıram yazılarımın
içinə).
Evdə şamı yandırdım. Gördüm
kölgələr də məni vahimələndirir. Çıxdım bayıra və pilləkənlərin
üstündə oturdum. Sevimli köpəklərim
də quyruqlarını bulaya-bulaya hərəsi bir
böyrümdə. Zülmət olduğu
üçün ulduzlar alışıb-yanır, az qala tökülürlər həyətə,
lap əlini uzat götür. Ömrümdə
belə gözəllik görməmişəm, amma bu
parıltı gözümdəki nəmin içində
sınır, parçalanır rənglərə. Mane olur diqqətlə baxmağıma. Göz diqqətim yayınsa da, ürəyimin diqqəti
ordadı, ulduzlarda. İtlərimi
sığallaya-sığallaya fikirləşirəm – biri
başını dizimə qoyub sevgi dolu gözlərlə elə
baxır ki, mənə... Görəsən, bir
Allah bəndəsi niyə belə baxa bilmədi? Ya mən görmədim? Ürəyimin
gözü ilə baxıram üstümə yağan bu ulduz
yağışına. Onlar da görür
deyəsən, görürlər ki, bu balaca yer kürəsinin
qaranlıq bir yerində alışıb-yanan gözlər,
ürək baxır onlara. Onlar da baxır
mənə. Ürəkdən keçənləri oxuya
da bilirlər deyəsən... Bir qapı açılsın...
Bir yol olsun... Bir əfv fərmanı imzalanır yuxarıda...
Ulduz saatım gəlir...
İşıqlar
yandı səhəri gün... Bir neçə
gün sonra zəng gəldi telefona, məni işə
çağırdılar.
Evdən
bayıra çıxdım...
İndi də
haşiyədən çıxım!
ŞƏBİ-HİCRAN YANAR CANIM
... İndi ulduzlu səmaya baxıb da həmin qaranlığı və istəyimin işığını xatırlayıram. Amma insanın istəyi bitib-tükənməzdi...
... Maşın dayanıb. Çox seyrək-seyrək yanımızdan keçən maşınlar isə işarələrimizə rəğmən dayanmırlar. Vurğun tələbəsinə telefon açır, durumu anladır. Aqil nə isə qurdalayır, maşının mexanizmlərini (yüz ildi maşın sürür, maşından bir şey anlamır).
– Ə, bu nə işiydi? – hirslidi Aqil.
– Aykut gələcək dalımızca, darıxma – deyir Vurğun – ulduzlara bax, sakit ol, gör nə gözəldi.
Ulduz?! Gör ha, mən bu kişilərin hamısına qəlbsiz-duyğusuz varlıq kimi baxıram, amma onların da içində Ulduzdan anlayan varmış. Minnətdarlıqla baxıram üzünə, sonra başımı yuxarı qaldırıram.
Məmləkətmi, yıldızlarmı, gəncliyimmi daha uzak...
Məmləkətin və gəncliyimin uzaqda olduğunu bilirəm əlbət. Amma yıldızlar həmin o xatırladığım gecədəki kimi yaxındı. Əlimi uzatsam... Əlimi uzadıb maqnitafonun düyməsini basıram. Qəribədi, bu da təsadüf deyil yəqin, qız oxuyur – Şəbi- hicran yanar canım... Kəpənək ruhum qalxır, havalanır yuxarı, neçə ulduz dumanlığını keçir, varır ora. Yeni bir əfv fərmanı istəyirəm. Ulduz payımı istəyirəm...
Şapp... Qapı çırpılır, mən də qalxdığım sürətlə enirəm aşağı, çırpılıram oturacağa, ayılıram. Aqil telefonda Bakıyla danışır, qışqırır-bağırır, burda gecənin 12-si, Bakıda gecə saat 2-di.
– Bala, bala, sən bu maşını necə düzəltdirmisən? Qalmışam yolda – deyir. Orda yuxulu-yuxulu nə cavab verirlər bilmirəm, Aqil qışqırmağında davam edir. Bu arada yanımızdan kiçik bir kamyon keçir və sonra dayanır. Şofer enir maşından, bizə yaxınlaşır. Deyəsən bu Yolda da mərhəmətli birisi bulundu. Yardım edəcək bizə. Maşına baxır, məlum olur ki, su borusu partlayıb, su axıb gedib, bu üzdən maşın dayanıb. Bir böyük su deposunu bağışlayır bizə, tökürlər maşına, hərəkətə gəlir. Sadə bir şeymiş. Bax, yüz faiz əminəm maşını da öyrənsəm onu hamıdan yaxşı biləcəm. Əlimi bulamıram, yoxsa onu da boynuma qoyacaqlar. Hər şeyi üstlənə-üstlənə evdəki kişiləri korlamışam. Bu dəfə deyəsən haşiyədən kənar haşiyələr çox olur. Ürəyim doludu, ürəyim üzülüb.
... Kamyon şoferi həm də deyir ki, yabançı plaka olduğunu görməsəydim dayanmayacaqdım. Məlum, gecə düzün ortasında kim özünə problem arayasıdı. Yabançı plaka şoferi tərəddüdə salıb, ürəyinə insaf gətirib. Bəzən yad, yabançı olmağın öz avantajları olurmuş. Tərpənirik. Bir də belə işıqlı qaranlığı nə vaxt görəcəm bilmirəm. Bildiyim odur ki, on il əvvəl mənim ulduzlarla başladığım söhbətin davamı olacaq. Əminəm... Şəbi-hicranlar...
Vurğun yenə sevimli tələbəsinə telefon açır, Aykutdan onların harda olduğunu soruşur. Niyə sevimli deyirəm – gördüyüm budu. Aykut deyəsən acil yardımdı. O da hocasını çox sevir. Bu dəfə babasıyla gəlir yardıma. Çıldıra gedən yolda bir qəsəbənin içindən keçmişdik – adı Susuz idi. Maraqlı oldu e, maşınımız susuz qaldı sonra, indi də Susuza tərəf gedirik. Aykut öz maşınıyla bizi orda qarşılayacaq. Allah razı olsun! Yaxşı ki gəldilər, yoxsa maşın yolda yenə susuz qaldı, nəsə zədəliymiş ki, saxlamır deposunda suyu. Zar-zor, birtəhər çatdırırlar bizi maşınımızı saxlayacaq yerə. Səhər ustaya göstərmək lazım gələcək. Deməli, sabah qayıdası olmadıq. Bir gün də qalası Qarsda. Buraxmır bizi şəhər. Aykutun arabasında qayıdırıq qonaq evinə. Yorğun-arğın... Çıldır macəramız belə bitir... Ulduz macəram bitməyib, bilirəm. Qumral gözlüm, onlar da sənə baxırlar... Bəyaz işığı sındırıb rənglərə parçalanmağa qoyma!
(Ardı var)
İradə
TUNCAY
525-ci qəzet.- 2011.-
10 dekabr.- S.14-15.