Ülvi Quliyev: “Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınıb”

 

Müsahibimiz Milli Məclisin üzvü, “Azərbaycan Karate-Do” Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevdir

– Məlum olduğu kimi bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyidir. Bu münasibətlə respublikamızın bütün guşələrində müxtəlif tədbirlər keçirilir, ötən dövr ərzində əldə edilmiş nailiyyətlər təhlil olunur. Bu mənada idman ictimaiyyətinin nümayəndəsi olaraq müstəqilliyimizin 20-ci ildönümünü yaşayan ölkəmizdə inkişafı istiqamətində həyata keçirilən siyasəti necə xarakterizə edərdiniz?

– Əlbəttə ki, ötən 20 il ərzində Azərbaycan xalqı çətin və şərəfli yol keçib. İstərdim ki, öncə mən müstəqillik tariximizlə bağlı ümumi fikirlərimi bildirim. Məlumdur ki, Azərbaycanın tarixində taleyüklü dövrlər çox olub. Məsələn, 1920-ci ildə müstəqilliyimizin süqut etməsi məhz bu cür taleyüklü dövrlərdən biridir. Əsrin sonunda tarix yenidən xalqımıza müstəqillik əldə etmək imkanı qazandırdı. Bu dövr istər siyasi, istərsə də iqtisadi cəhətdən olduqca çətin dövr idi. İnsanlar dilemma qarşısında qalmışdılar. Bir tərəfdən, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, digər tərəfdən ölkədə gedən hakimiyyət savaşı-bunu hakimiyyətsizlik adlandırsaq daha doğru olar, özbaşınalıq, iqtisadiyyatın iflic duruma düşməsi və hakimiyyət başında dayanan şəxslərin səriştəsizliyi Azərbaycanın müstəqilliyini sual altına qoymuşdu. Xalq dərk etdi ki, ölkəni bu çətin durumdan yalnız bir zəka, bir düha xilas edə bilər- Heydər Əliyev dühası. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı, xalqını, dövlətini xilas etməsi Azərbaycanın tarixində müstəqilliyin əbədiləşməsi mənasında yeni bir səhifə yazdı. Heydər Əliyevin yaratmış olduğu sabitlikinkişaf erası Azərbaycanın möhkəm təməllər üzərində qurulmuş daxilixarici siyasətinin uğurlarını dərinləşdirməyə, yeni əsrin başlanğıcında respublikamızın dünya miqyasında rolunun və əhəmiyyətinin güclənməsinə impuls vermiş oldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası olmaqla bütün hüquq və azadlıqların təməl prinsiplərini şərtləndirdi. Ümmumilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası müqayisəolunmaz dərəcədədir. Onun Azərbaycanın inkişafı üçün əvəzsiz xidmətləri həm də məzmun etibarı ilə nəzərəçarpacaq dərəcədə təkrarolunmazdır. Tarixi dialektikasiyasi-ictimai qanunauyğunluq göstərir ki, Ümummilli lider Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını bütün komponentləri ilə əxz etmiş, bu böyük siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda görülən böyük işləri uğurla inkişaf etdirir.

Konkret sualınıza gəlincə, deyə bilərəm ki, bu gün ölkəmizdə bütün sahələr uğurla inkişaf etdirilir. Mən bir faktı xüsusi vurğulamaq istəyirəm ki, müstəqil Azərbaycan 20 illik tarixi baxımdan çox qısa bir müddətdə bütün sahələrdə böyük yol qət edib. İstər iqtisadi inkişaf, istər siyasi sabitlik, istər qazanılan beynəlxalq dəstək, istərsə də qlobal miqyaslı enerji layihələrinin reallaşdırılması və ölkəmizin bu layihələrlə təşəbbüskar və iştirakçı qismində yer alması müstəqilliyimizin və ulu öndər Heydər Əliyev siyasi kursunun ölkəmizə qazandırdığı üstünlüklərdir. Bu mənada idman sahəsində də əldə olunan uğurlar olduqca böyükdür. Müstəqil Azərbaycan Respublikasının idmançılarının olimpiya oyunlarında, Dünya çempionatlarında, Avropa çempionatlarında qazandığı medallar keçmiş SSRİ dövründə yalnız xəyal oluna bilərdi. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısı dövlətimiz tərəfindən idmana böyük qayğı və diqqətin nəticəsidir. Bu ənənənin əsasını isə ulu öndər Heydər Əliyev qoyub. 1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında idmançıları, idmansevərləri bir araya gətirən ulu öndər bu gündən sonra idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi. Məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra bütün digər sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya oyunlarında çıxış etdilər. Düzdür, o vaxt bizim Olimpiya oyunlarında iştirak edən idmançılarımızın sayı az idi. Buna baxmayaraq, ilk olimpiya medalını qazanmağa nail olduq.

– Ölkəmizin idman sahəsində uğurlarının 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra daha yüksək vüsət aldığı da vurğulanır..

–Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına dövlət qayğısını daha da gücləndirdi. Prezident İlham Əliyev qeyd edib ki, “Bizim borcumuzdur ki, idmana və idmançılarımıza qayğı göstərək, onların da borcudur ki, bu etimadı doğrultsunlar”. Həqiqətən də, ən böyük uğurlara məhz həmin dövrdən sonra imza atıldı. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra da idman ictimaiyyəti ilə bütün görüşlərində idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, madditexniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edəcəyini söz verdi. Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya komplekslərinin inşa olunması və gənclərin, idman ictimaiyyətinin ixtiyarına verilməsi bu məqsədə xidmət edir. Bu gün ölkəmizin müxtəlif regionlarında onlarla olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə demək olar ki, bütün idman sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərilir. Üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində hətta idmançıların orada yaşaması üçün şərait də var. Mən ölkəmizdə “karate-donun inkişafına toxunmaq istərdim. Bu idman sahəsi həmin dövr üçün regionda yeni sayılırdı və o qədər də populyar deyildi. Hətta sovet dövrünün müəyyən bir zamanında ölkəmizdə karate qadağan edilmişdi. Məhz, Prezidentimizin diqqəti və qayğısı bu idman növünün ölkəmizdə populyarlaşmasına, idmançılarımızın beynəlxalq arenada uğurlar əldə etməsinə imkan yaratdı. İdmançılarımız beynəlxalq statuslu yarışlarda qələbələr qazandılar və bu da sonrakı illərdə ölkəmizdə bu idman növünün populyarlaşmasına, gənclərimizin maraqla karate ilə məşğul olmasına yol açdı. Qeyd edim ki, bu qədim şərq döyüş növü artıq Azərbaycanın bütün regionlarında məşhurdur və valideynlər öz övladlarının bu döyüş növü ilə məşğul olmasında maraqlıdır.

– Artıq Azərbaycanda nüfuzlu beynəlxalq idman yarışları keçirilməkdədir. Sizcə, ölkəmizin qazandığı uğurlar bu amilə nə dərəcədə təsir göstərir? Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən idman ölkəsi kimi tanınmasında nə kimi rol oynayır?

Bu gün Azərbaycan bayrağı dünyanın əksər ölkələrində və əksər idman növləri üzrə keçirilən yarışlarda ən yüksək zirvələrdə dalğalanır. Ölkəmizdə keçirilən yüksək səviyyəli yarışlar, idmançılarımızın bu yarışlarda uğurlu iştirakı Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında böyük əhəmiyyət daşıyır. Məsələn, ardıcıl olaraq Olimpiya oyunlarında qazanılan qələbələr istər yarışın keçirildiyi ölkədə, istərsə də həmin yarışlarda iştirak edən idmançılarda ölkəmiz haqqında böyük maraq oyadır. Biz Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində isə 7 medal qazanmışıq. 20 illik müstəqillik dövründə bu uğur olduqca təqdirəlayiq sayılmalıdır. Azərbaycanın 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi ilə bağlı müraciət etməsi faktı artıq ölkəmizdə yüksək səviyyəli infrastrukturların yaradıldığından xəbər verir.

 

VAHAB

525-ci qəzet.- 2011.- 13 dekabr.- S.5.