Gender, ailə və demoqrafiya
məsələlərinin işıqlandırılması
Gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə özünü müxtəlif cür büruzə verib. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərarqəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır. Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir sıra vacib işlər görüb. Amma Azərbaycanda gender tendensiyasının başlamasının tarixi daha əvvələ gedir. Bu özünü ilk növbədə 19-cu əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib. 1917-ci ilin oktyabrında Bakıda Müsavat Partiyasının ilk birləşdirici qurultayında partiyanın proqramı qəbul edilib. Proqramda həm də cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq hamının bərabərliyi, azad və bərabər əsaslarla təhsil hüququ nəzərdə tutulurdu.
AXC-ŞƏRQDƏ
İLK RESPUBLİKA VƏ QADINLARA SEÇMƏK,
SEÇİLMƏK HÜQUQU VERƏN İLK DÖVLƏT
1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. O zaman belə bərabərliyə nəinki Şərq, bir çox Avropa dövlətləri belə həsəd apara bilərdi. Araşdırmalar göstərir ki, Cümhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, qadın təhsili problemi həllini tapıb. Amma o dövrün ideologiyası istər-istəməz qadınların tam olaraq potensialının üzə çıxmasına mane olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. Bu isə gender siyasətinin dövlətin vacib strategiyalarından biri olduğunu göstərirdi. 2000-ci ildə prezident “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb. 2006-cı ildə ölkədə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib.
Xatırladaq ki, bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edir və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunur. Qanunda deyilir ki, cinsi mənsubiyyətə görə, ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq qoyma, hansısa istisnalar və ya üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların sıxışdırılması və inkar edilməsidir. (Maddə 2.0.4) İnzibati Xətalar Məcəlləsinin 60.1 maddəsində isə seksual qısnamaya məruz qalmış və öz idarə rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsini qadağan edən düzəlişlər edilib. Ədliyyə Nazirliyi bununla mübarizənin mütləq olması haqqında hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, vəkillər üçün hazırlıq kursu təşkil edir. Rəsmi statistikaya görə, 2006-cı ildən indiyə kimi iş yerində seksual qısnamalarla əlaqəli heç bir məhkəməyə müraciət qeydə alınmayıb. Bununla bağlı real məsuliyyətə cəlbetmə halları yoxdur.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyir ki,
AZƏRBAYCANDA
GENDER BƏRABƏRLİYİNƏ NAİL OLMAQ
ÜÇÜN ÇOX BÖYÜK İŞLƏR
GÖRÜLÜB.
“Hüquq bazaya gəldikdə, mən deyərdim ki, bu gün başqa dövlətlərdən fərqli olaraq yetərincə hüquqi baza formalaşdırılıb. Amma yalnız qanunvericiliyin olması kifayət deyil. Azərbaycan müstəqil dövlət kimi Avropaya inteqrasiya edir, bir sıra beynəlxalq sənədlərə qoşulub və Avropa dəyərləri cəmiyyətimizdə əxz olunub. Bu da bəzi qanunların qəbulunu zəruri edir. Amma qanunlarla yanaşı, cəmiyyətin də bu prosesə hazırlanmasına böyük ehtiyac var. Azərbaycanda “Gender bərabərliyi haqqında” qanun 2006-cı ildə qəbul olunub. Bu qanuna görə, Azərbaycanın, demək olar, bütün qanunvericiliyi gender ekspertizasından keçirildi. Bu gün Azərbaycanın dövlət büdcəsində gender məsələlərinə görə xüsusi büdcə ayrılır. Biz bir çox beynəlxalq tədbirlərdə iştirak edirik, başqa dövlətlərin təcrübəsini öyrənirik. O dövlətlərin hətta çox inkişaf etmişlərindən Azərbaycan bu sahədə çox fərqlənir. Qanunu qəbul etmək olar. Amma onun işləməsi, yerinə yetirilməsi ən önəmli məsələdir. Bəzən qanun qəbul olunur, amma o illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır”.
S.Qəhrəmanova deyir ki, mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil: “Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirirlər və bəzən bununla gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açirlar.
Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox, insanları buna hazırlamağa, yəni maarifləndirməyə çox böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidirlər”.
S.Qəhrəmanova deyir ki,
QADINLARI MƏHZ
QADIN OLDUQLARINA GÖRƏ VƏZİFƏYƏ QOYMAQ OLMAZ.
“Bəzən qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar. Bunun baş verməməsi üçün biz Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar keçiririk. Sovet dönəmində də belə kurslar var idi. Hesab edirəm ki, bu doğrudan da kadrların hazırlığına çox böyük töhfə verəcək. İdarəetmə asan məsələ deyil, bunu öyrənmək lazımdır. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldırlar, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallıqlarını göstərirlər. Amma zaman gələcək ki, qadınlar lazımi pillədə qərar tutacaqlar”.
Onu da xatırladaq ki, 2008-ci ildə keçirilmiş Beynəlxalq İqtisadi Forumun nəticələrinə görə Azərbaycan qadın və kişilərin hüquq bərabərliyinin səviyyəsinə görə dünya ölkələri arasında 61-ci yeri tutub. Ötən illərin göstəricilərinə görə isə Azərbaycan iki pillə yuxarıda qərar tutub. Hazırda Azərbaycanda 30 dan artıq icra başçısı müavini qadındır, 20-dən qadın millət vəkili var. Parlamentin vitse-spikeri və komitə sədrlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır, İki nazir müavini, MSK üzvləri, DSK sədrləri arasında da qadınlar var. Daxili İşlər Nazirliyi strukturlarında 600 nəfərdən artıq qadın çalışır, onların 219-nun zabit rütbəsi var. Zabit rütbəsi olan 19 nəfər qadın rəhbər vəzifə sahibidir.
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT) rəhbəri Ülviyyə Məmmədova hesab edir ki, cəmiyyətdə gender bərabərliyinə nail olmaq üçün bölgələrdə iş aparmaq daha zəruridir. Onun sözlərinə görə, nə qədər ki, bölgələrdə gender bərabərliyinin təmin olunması üzrə vəzifələr bu işə məsul olanlar üçün formal xarakter daşıyır, gender bərabərliyinin mexanizmləri də lazımi səviyyədə fəaliyyət göstərə bilməyəcək.
Ü.Məmmədova deyir ki, bu
yaxınlarda GBQT milli
gender mexanizminin monitorinqini
aparıb. Məlum olub ki, bərabərliyinin
təmini üçün
görülən işlərdən,
xüsusilə də regionlarda qadınlar o qədər də məlumatlı deyillər:
“Qadınların evlə
bağlılığı, ana olaraq məsuliyyətlərinin
daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir
ki, qabağa getsinlər. Biz düşünmürük
ki, kişi
üzərinə daha
çox məsuliyyət
götürməlidir. Sadəcə ailədə məsuliyyət
bölüşdürülməlidir.
Biz iş mexanizmimizi dəyişməyi düşünürük,
çünki həmişə
deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki,
bu, onların düşüncə tərzinin
dəyişməsinə təsir
göstərsin. Yalnız
qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının
rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə
qulluq etsin. Amma bunun ifrat dərəcədə
qəbul edilməsi doğru deyil”.
Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya,
Hüquq İnstitutunun
şöbə müdiri,
genderşünas Əli
Abbasov isə deyir ki,
QADINLAR GƏRƏK
İSTƏNİLƏN İŞDƏ QADIN OBRAZLARINI
İTİRMƏSİNLƏR.
Onun sözlərinə görə,
qadınların çoxu
özlərini dövlət
orqanlarında kişi kimi aparırlar. “Əsas
odur ki, qadınlar qadın problemləri ilə məşğul olsunlar.
Parlamentə, dövlət orqanına
qadın obrazını
gətirsinlər. Qadınlar
dövlət işinə
gələndə özlərini
kişi kimi aparırlar, başlayırlar güc göstərməyə. Burada böyük
inkişaf olmalıdır”.
Ə.Abbasov deyir ki,qadınların bütün dövlət strukturlarında, qərar qəbulunda iştirakı
üçün lazımi
hüquqi baza mövcuddur. Amma bu gün gender bərabərliyi təmin olunmayıb. Onun fikrincə, problemlərin
aradan qaldırılmasında
təhsilin, tədrisin,
maarifləndirmənin böyük
rolu var və bu sahədə
inkişafı artırmaq
lazımdır.
Psixoloq Azad İsazadə isə deyir ki, hətta qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil və onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir. Bəzi ölkələrdə müəyyən sahələrdə geriləmə aşkar edilib. Məsələn, hesablamalar göstərir ki, kişi və qadın məvacibləri arasında fərq 20 faizə yaxındır. Daha mühüm göstərici qadınların seçkili siyasi vəzifəyə namizədliklərini vermək imkanlarına aiddir: qadınların belə hüququ var, amma bəzi istisnaları saymasaq, onların siyasi həyatda iştirakı hələ də cüzidir. 2003-cü ildə Avropa Şurası tövsiyə etdi ki, dövlət həyatına və ya ictimai həyata aid qərarlar qəbul edən hər hansı orqanda qadınların və ya kişilərin iştirak göstəricisi 40 faizdən aşağı düşməməlidir. Lakin bu yaxınlarda dərc olunmuş hesabat göstərir ki, qadın nazirlərin orta sayı 28,6 faizdir, qadınların milli parlamentlərdə orta iştirak göstəricisi isə 21,7 faizdən yuxarı deyil. 2005-ci ildən bəri müəyyən irəliləyiş baş verib, həmin vaxt nazirlərin 19,9 faizi qadınlar idi, amma parlamentlərdə vəziyyət dəyişməyib”. Reallıq göstərir ki, gender bərabərliyinə təkcə qanunların qəbulu ilə nail olmaq mümkün deyil. Bunun üçün həyatın bütün sahələrində qadınlarla kişilərin bərabər mövqeyinə nail olmaq lazımdır. Çünki bərabərlik həm də cəmiyyətdə demokratiyanın göstəricisidir.
P. SULTANOVA
525-ci qəzet.- 2011.- 13 dekabr.- S.5.