İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir”

 

Azərbaycan Respublikasının Ombudsman Aparatında “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova açıb. O, dəyirmi masanın 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının XX ildönümünə, Vətəndaş və siyasi hüquqlar, həmçinin İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyinə həsr olunduğunu bildirib. E.Süleymanova “Azərbaycan Respublikasında insan hüquqlarının təminatı və inkişafı” mövzusunda məruzə edərək, təsisatın insan hüquqları sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib. O, 28 dekabr 2001-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun yaxın vaxtlarda 10 illiyinin tamam olacağını bildirib. Məruzəçi təsisatın bu müddət ərzində Azərbaycanın hüquq-müdafiə mexanizmləri sırasında səmərəli fəaliyyət göstərdiyini, ölkə daxilində, həm də beynəlxalq məkanda müstəqil, ədalətli qurum kimi özünə yer tapdığını və nüfuz qazandığını qeyd edib. O, müvəkkilin fəaliyyətinin, təşəbbüslərinin nüfuzlu beynəlxalq qurumlarxarici ölkələrin ombudsmanları tərəfindən yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliİnsan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda məruzə edib. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məsələlərinə xüsusi diqqət göstərildiyini deyən Ə.Hüseynli bu sahədə mühüm sənədlərin imzalandığını qeyd edib. Ötən dövrdə ölkəmizin milli qanunvericilik bazasının Avropa standartlarına uyğun təkmilləşdirildiyi, əhalinin digər hüquqları ilə bərabər sosial-iqtisadi hüquqlarının da daha effektiv təmin edilməsi məqsədi ilə bir sıra Dövlət Proqramlarının qəbul olunduğu diqqətə çatdırılıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç BMT Baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları günü münasibətilə dünya ictimaiyyətinə müraciətini səsləndirib. Müraciətdə insan hüquqlarının istisnasız hər birimizə məxsus olduğu bildirilərək, onlara hörmət edilməsi, bu hüquqların müdafiəsinin zəruriliyi diqqətə çatdırılıb. Tədbirdə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı xanım N.Pillayın bu əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciətinin videolentinümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanovİnsan hüquqlarının təmin olunmasında ədliyyə orqanlarının rolu”, Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşmə və humanitar məsələlər idarəsi rəisinin müavini Marat Kəngərlinski “Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla insan hüquqları sahəsində əməkdaşlığı: yeni strategiyalar”, Milli QHT Forumunun prezidenti Rauf Zeyniİnsan hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolumövzusunda məruzələr ediblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov və digər iştirakçılar bu tədbirin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildirərək, məruzələr ətrafında müzakirələr aparır, fikir və mülahizələr səsləndiriblər.

Dəyirmi masanın sonunda Ombudsmanın Beynəlxalq İnsan Hüquqları günü münasibətilə keçirdiyi ənənəvi “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri və “Hüquqlar – hamı üçünmövzusunda jurnalist yazıları müsabiqəsi qaliblərinin adları açıqlanıb. Rufik İsmayılov (“525-ci qəzet”) I yer, Xalid Kazımov (“Üç nöqtə” qəzeti) II yer, Əli İbrahimov (“Həftə içi” qəzeti) III yerə layiq görülmüş, pul mükafatları və sertifikatlar alıblar. Bakının müxtəlif rayonlarını və respublikamızın rayonlarını təmsil edən və I, II və III yerləri tutan məktəblilərə də pul mükafatları və sertifikatlar təqdim edilib. 11 məktəbli isə həvəsləndirici yerə layiq görülüb.

 

Rufik İSMAYILOV

525-ci qəzet.- 2011.- 13 dekabr.- S.3.