Yazmağı sevdirən və öyrədən Ramiz Rövşən

 

1.

 

Yanıma cavan bir oğlan gəlmişdi. Şeirlərini oxumaq istəyirdi. Dördüncüdə saxladım. Sual verdim ki, bizim şairlərdən kimləri sevirsiz? Cavabını bilirdim, təsdiqlədi, dedi ki, Nüsrət Kəsəmənlini. Soruşdum ki, əzbər bildiyiniz şeiri var? “Var”- dedi. Bir neçəsinin adını sadaladı, sonra da “Biri vardı, biri yox” şeirini oxudu. “Niyə sevirsiz bu şeiri”- deyə soruşdum. Susdu. “Ailəlisiz?”- soruşdum. “Nişanlıyam”- dedi. “Xəbər tutsaydınız ki, nişanlınız sizdən başqa da bir oğlanla görüşür, özünüzü necə hiss edərdiz?”. Qızardı. Bir neçə saniyə sonra asta səslə – “Pis”- dedi. “...İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox...” – bəndi oxuyub reaksiyasını gözlədim. Günahkar adamlar kimi başını aşağı saldı. “Necə bilirsiz, şeir kimin dilindən nəql edilir: kişinin, ya qadının?” Müəllifin adını xatırlatmaqla demək istədi ki, məlumdu da. Dedim ki, bunun ədəbiyyat üçün elə bir əhəmiyyəti yoxdu. “Müəllif vacib deyil ki, öz təcrübəsini yazır, öz adından danışır, kətilin dilindən də yazmaq olar”- dedim. “Düzdü”-dedi, sonra da fikirləşib əlavə elədi ki, kişinin, yəni oğlanın deyib, cavabını dəqiqləşdirdi də . “Yaxşı, bir oğlanın bir qıza “gözünü döyəcəksən” deməsi sizcə nə qədər düzdü?”- soruşdum. Sualımı anlamadığını hiss etdirdi. “...Çox suala gözünü döyəcəksən...” – deyə xatırlatdım. Gülümsədi... Məqsədim çağdaş lirikanın, elə haqqında söz açdığım şeirdə də olduğu kimi, səmimi misralarına imza atmış mərhum Nüsrət Kəsəmənlini, Allah ona rəhmət eləsin, təftiş eləmək deyildi. Mən, xüsusən ədəbiyyat yazmaq iddiası olan oxucunun hər gün üz-üzə gəldiyi mətnə diqqətini yoxlamaq istəyirdim. Bu elə “ədəbiyyat niyə dünyanı dəyişə bilmir?” sualına cavab axtarmaq deməkdi.

 

2.

 

Ramiz Rövşən haqqında, daha doğrusu, onun bir şeiri ilə bağlı yazını niyə bu əhvalatı xatırlamaqla başladım. Bunun bir neçə səbəbi var. Əgər son iyirmi beş-otuz ildə ən çox yadda qalan və oxunan çağdaş şairlərimizin beşliyini müəyyənləşdirsəydilər (musiqi ifaçılarımızla bağlı bu hər gün və hər həftə baş verdiyinə görə onları əfv edin), Ramiz Rövşənin başçılıq etdiyi həmin siyahıda mərhum Nüsrət Kəsəmənlinin adı mütləq olacaqdı. Bu birinci səbəbdi. Konkret səbəb də vardı: Ramiz Rövşənlə “Gənc ədiblər məktəbi”nin müdavimlərinin yaxınlarda keçirdiyi görüşündə yaxşı anladım, nəinki ədəbiyyata yeni gəlmiş, yaxud gəlməkdə olan şair, eləcə də oxucu, hətta bu sahəyə illərini us(t)anmadan xərcləyən ədəbiyyatçılarımız da mətndaxili çoxlu mətləbləri anlamaqda, əslində düzgün oxumaqda çətinlik çəkirmişlər. Niyəsini bilmirəm. Amma həmin görüşdə şairin “Nə var Allahdan yuxarı?” şeiri ilə bağlı təxminən belə bir sual səslənmişdi ki, şair sonuncu bənddə niyə “Demə biz ki, quş deyilik, Allaha tanış deyilik... Ruhum, dur, yığış gedirik, Sən yuxarı, mən aşağı” yazır? Yəni, özünü sufi sayan şair niyə “aşağı gedənlə” eyniləşdirir özünü? Halbuki, səhvən fiziki bədənlə eyniləşdirilən “mən” sözünün “mənəmlik” çalarını verən mənasını diqqətə almaq yetərdi. Poeziyanın daha çox ruh işi olduğu nəzərə alınarsa, alter eqo nədən “mən”lə eyniləşsin ki? Axı lirik mən, təhkiyəçi və ya alter eqo ayrılıqda nə ruhdur, nə bədəndir, nə də “mən”dir. Eynən insanın özü kimi. Poeziya- bu üçünün konflikti, reaksiyasıdır; katalizatoru- insanın sirli yaratmaq ehtirası olan, lakmus kağızı- dil olan reaksiyasıdır. Və o – həm də öz sirli həyatını oxunduqca həmişə diri saxlayacaq, yazarının ömründən dəfələrlə çox yaşayacaq bir nəsnədir ki, sonra həmin nəsnə Rolan Bartı belə sadəlövhcəsinə aldadacaqdı. Sonradan Rolan Bartı da, e-e-e, o qədər adamı aldadacaqdı ki... (bax: Enrike Vila-Matas, “Bartlbi və kompaniyası”). Üstəgəl, “Ruhum, dur, yığış gedirik...” cümləsində xitabın ruha edildiyi məlum deyildimi? “Gedirik” kəlməsindəki aidiyyat, mənsubiyyət, cəmlik bildirən “ik” şəkilçisi isə ruhla daha çox həmrəylik hiss eləyən yaratmaq ehtirasına aiddi. Sanki müəllif şeiri “Ruhum, dur, yığış gedirik, Sən yuxarı, mən aşağı, Yaratmaq ehtirasımın şəkli olan bu şeir də vərəqə” kimi yazmalıymış. Fikirləşirəm ki, Rolan Bartla eyni səhvi etdiyinə görə o adamı bağışlamaq olar.

 

3.

 

İndi isə üçüncü səbəbdən danışmağa cəhd edim. Səbəb çox adidi. Ramiz Rövşən də Nüsrət Kəsəmənli kimi eyni sadə, təbiri, əlbəttə caizdi, xəlqi dildə yazır. Onun poetik dili qiraət və mütaliə plastında oxucunu “azdırmır”. Hərçənd Ramiz Rövşənin həm adıçəkilən, həm də övladı olduğu əsrdə özünəqədərki, adlar çəkilərsə, uzun bir siyahı təşkil edəcək bütün şairlərdən köklü və əsas bir fərqi var. Onun poeziyasının vektoru üfüqi yox, şaqulidir. Düzdü, bəzən Ramiz Rövşəni elə Nüsrət Kəsəmənli kimi yalnız lirik hesab edənlər də olur, amma üstqatıyla asan oxu, belə eyniyyət fərqi hiss etmək imkanını əldən qaçırmaq demək olmamalıdı.

Üstqatıyla asan olduğu, lirik göründüyü qədər Ramiz Rövşənin poeziyası çox dərin, epik mətləbləri nişan verən poeziyadır. Kafka lirikanı təxminən ətrafı sığallamaq adlandırır. Metaforanı inkişaf elətdirsək, Ramiz Rövşən fizikanın, həyatın başını, uşaq qafasını sığallayan tək tumarlamaqla onu bizə həqiqəti deməyə sövq etdirirdi; biz isə uşaqdiliylə söylənmiş sərrast həqiqəti tələffüz üzündən ciddiyə almayan nadan böyüklərdən başqa bir kimsələr deyilik. Onun adi həyat səhnəsi ilə başlayan çoxsaylı şeirləri var ki, artıq ikinci-üçüncü misradaca məğzin başqa olduğu anlaşılır, metafizik mətləbə varılır.

Afaq Məsuda ithaf etdiyi şeirin əvvəlinə diqqət yetirək: “Bir səhər yuxudan durub. Özünü uşaq görəsən.” Birinci misra çox adidi, məişət faktıdı, gündəlik baş verəndi. Artıq ikinci poetik cümlədəcə arzulanan, təklif olunan mümkünsüzüyü ilə metafizikdi. Yaxud, Kamal Abdullaya ithafa baxaq: “Bir səhər yudum üzümü-gözümü bir ovuc suda. Gördüm ayaqdan başacan özümü bir ovuc suda.” Görürsüz, yenə gündəlik baş verən hadisə, ardından isə mümkün olmayan metafizik təklif.

Daha bir misal: “Gəl, əl-ələ tutub gedək, Gedək biz olmayan yerə”. Yenə adi təklif və qeyri-adi təklif cütləşir, “bizim olmadığımız yerin” oduğunu fəhm edə bilirsən.

Əlbəttə, mən bu misalları artırıb, onun poeziyasındakı, yaxud elə bu şeirlərindəki başqa qatları da təhlil edə bilərəm, ən azı buna cəhd mümkündü, amma mövzudan kənara çıxmamaq üçün, çəkilən misallarla bağlı sonuncu ümumiləşdirməni aparmaq istərdim.

Fikrimcə Ramiz Rövşən XX əsr Azərbaycan poeziyasında həm də ən uğurlu, maraqlı, konseptual ithaf şeirlərinin müəllifidir. Əgər həm adıçəkilən ithaf şeirlərini, həm də digərlərini, tutalım, Anara, Ramiz Həsənoğluna və heç kimin tanımadığı dostlarına yazdığı şeirləri axıradək oxusaq çoxlu nüansları faş etmək olar: a) əgər ithaf obyektləri ədəbiyyatçıdılarsa, sənət adamlarıdılarsa onların yaradıcılıqlarının xassələri (=ovqatı) həmin şeirdə mütləq özünü biruzə verəcək; b) üstəgəl, şeirin yaranması üçün təkanverici qüvvənin xüsusi hal, konkret faktla bağlılığı ilə yanaşı ədəbiyyatın başlıca ümumiləşmə kimi funksiyası da aktiv qalacaq; c) yox, həmin adamları yalnız müəllif tanıyırsa, onların tarixçələrini yalnız Ramiz Rövşən bilirsə, şeiri oxuyanda həmin sirr oxucuya da bəlli olacaq. Aydın danışım, məsələn, Afaq Məsuda yazılan şeirdə bir tərəfdən Afaq xanımın yaradıcılığının atmosferi (“Qarğış” povesti və s.), təəssüratı varsa, Ramiz Rövşənin o təəssüratı bölüşməsi, həmkarına arzuları, həmdərdliliyi də sezilir ki, sonuncu təkcə insani planda deyil, bədii planda da xüsusən indiki total, ümummilli nihilistik ab-havada boğulan ədəbi mühitimizdə qiymətli görünür.

Yaxud Anara yazılan şeirdə ona olan haqsız və davamlı hücumları qınaq, dostuna təskinliyi və arzuları açıq-aydın sezmək olur. Amma, məsələn, yalnız müəllifin tanıdığı Hacının xatirəsinə yazılan şeirdə artıq “c” bəndindəki qeydim təsdiqlənir. Bütün bu şeirlər bu faktları bilmədən də bənzərsiz ədəbi nümunələr kimi oxunur ki, ümumiləşmədən danışanda mən məhz bunu qəsd edirdim.

 

4.

 

Əlbəttə ki, bütün şeirlərini folklor üstündə quran, hələ də “səməndlərdən və kəməndlərdən” yeri gəldi-gəlmədi istifadə edənlərlə, yazdıqlarının ömürləri, təcrübə və həyat ilə əlaqəsinin fərqinə varmadan yazanlarla, ya da oxuduqlarını əzbərçi şagird kimi istismar edənlər, sonsuza qədər inildəyənlər, sızlayan-bozlayanlar, ruhi baxımdan həyatın dibində, semantik baxımdan isə Yunus İmrənin xirqəsində gizlənənlərlə , o zavallı şeirçilərlə xalqın və xəlqiliyin heç bir əlaqəsi yoxdu. Xalq- həm insani, həm də yaradıcılıq baxımından öz yaxşı nümunələri deməkdi, qalanları statistik cədvəllərdə müvafiq qrafalar altında təsnifləşir. Eynən oğrular, canilər kimi. Bu prelüdiya qaçılmazdı. Çünki az əvvəl mən Ramiz Rövşənin dilinin xəlqiliyi haqqında danışmışdım. Bu, kökü böyük bir şifahi və yazılı irsə bağlı, amma XX əsrdəki Azərbaycan türklərinin, azərbaycanlıların düşünən, yaxşı nümunələrinin dilidir. Eynən Yesenin və Ximenesin dövrlərindəki, yazdıqları ruscası və ispancası kimi.

 

5.

 

Mənim nə modernistlərə, nə simvolistlərə, nə də başqa “izmlərə” aid etmədiyim və etməyəcəyim, bütün bu şeyləri poeziyasında öz texnikası (əslində bütün izmlər də elə bu deməkdi) ilə asanca həzme-rabedən keçirən Ramiz Rövşən poeziyasının lüğət tərkibi neologizmlərdən, terminlərdən uzaqdır, amma bu dil, terminlərin, alınma sözlərin uyarlı şəkildə istifadə olunduğu Azərbaycan dili qədər müasirdir. Bunun başqa niyəsi budu ki, Ramiz Rövşən öz milli qaynaqlarının (qoşma, təcnis, bayatı, hətta Füzulinin və Sabirin simasında əruzun) metrik göstəricilərini virtuozcasına dəyişən, sındıran, interpretasiya edən unikal poetik texnologiyaya sahib şairdir; onun xəlqi dilinin çağdaşlığı məhz burdadır; yeri gəlmişkən, “Bu qışı da saldım yola”, “Yağış yuyur, gün qurudur”, “Adam” və bir çox başqa şeirləri müəllifin sevdiyi 8-lik hecanın unikal nümunələri, “Həsrət”, “Çiçəklər doğulur bu yaz gecəsi”, “Ayrılıq” və s. şeirlər bənzərsiz 11-liklər, “Məhəbbət oyunu”, “Nə varlıdı bu torpaq” maraqlı 7-liklər kimi,üstəgəl hər bir ölçüdəki fərqli ahəng qalxıb düşmələri də nəzərə alınarsa tədqiqat üçün ciddi əsaslar verir, eyni zamanda indiyə qədər baş verməməsinə görə də xeyli təəssüf doğurur. Yaxud, bloknotumda qeyd eləmişdim, bir neçə il əvvəl olar, internet saytlarında Ramiz Rövşənin “Qarabağ gözəli” şeiri yerləşdirilmişdi. Mənim o şeirlərin sonundakı səthi şərh(çi)lərə acığım tutdu, Ramiz Rövşən yaradıcılığı üçün həm metrik (14-lüklə yazılmışdı), həm publisistik içi ilə ənənəvi olmayan həmin şeirində 10-dan artıq yerdə anjambemandan (enjambement) istifadə eləmişdi; şeirin təsirli, müasir, real məzmunu bir yana, onların arasında “..yağış ...bağış- la...” və “...hirsi...hisli- paslı...”kimi cütlər çox xoşuma gəlmişdi, həm də ona görə ki, sonuncunu bizim poeziyada nadir hallarda rastlanan göz qafiyəsi kimi qəbul elmək olardı.

 

6.

 

Ramiz Rövşən böyük tərcüməçidi, Bodlerdən və Yesenindən (“Qara adam” poeması) elədiyi tərcümələr bunu çox asan demək üçün yetər. Ramiz Rövşən milli və dünya poeziyasının dərin bilicisi, olduqca maraqlı esseistdi, Müşfiq və Hadi haqqında yazdıqları bunu demək üçün bəsdi. Yeri gəlmişkən, məncə, bizim milli ədəbiyyatda yalnız üç adamın – Anarın, Ramiz Rövşənin və Kamal Abdullanın esseləri özlərinə qədər yazılmışların içində janrın dünyəvi tələblərinə cavab verir və Monten, bu mənada, rahat uyuya bilər.

 

7.

 

Həmişə bu fikirdə olmuşam ki, məhz Mikayıl Müşfiqin yazdığı bir neçə şeirlə XX əsr Azərbaycan poeziyası dünya ilə zamanında həmahəng həyat yaşayıb. Sonra bu ahəng məlum siyasi təlatümlərin girdabında boğulub və biz mezalyans vəziyyətinə düşmüşük. Yaranan çoxsaylı unikal şeirlər isə dünya şeirindən, (müasirlilik və aparıcı ədəbi cərəyanların kriteriyalarını diktə edən əsərlər kontekstində) təəssüf ki, bir neçə addım geridə qalmaq məcburiyyəti ilə üzləşib. Bu qeydim də qaçılmazdı. Çünki, fikrimcə, XX əsr poeziyasında şeirlərində heç bir ideologiya qatqısı olmayan ilk iki şairimiz var ki, məhz onlar həmin pozulmuş ahəngdarlığı, balansı bərpa ediblər. Onlardan biri Vaqif Səmədoğludusa, digəri Ramiz Rövşəndi. Məhz bu şairlər özlərindən əvvəlki XX əsr dünya şairlərinin, poeziyasının ənənələrini öz yaradıcılıqlarında bu və ya digər dərəcədə, ən əsası da heç bir siyasi qatqı olmadan akkumulyasiya edə bildilər. Avanqarda çevrildilər. O dadı gətirdilər və bütün yaradıcılıqları boyu özlərinə sadiq qaldılar. Qalanlarının bağlılığında daha çox ötən əsrlərin, üstəgəl ideologiyanın izlərini aydın sezmək olar. Əlbəttə, Vaqif Səmədoğlu ilə Ramiz Rövşənin poetik dilləri də, şeirlərinin metrik keyfiyyətləri də fərqlidir, hər iki şairin poeziyası altqatıyla dünyəvidirsə, ikincinin dili üstqatıyla dil vərdişlərmizə uyğun – daha dadlı, birinci isə üstqatıyla mənim ancaq yenə də yaxşı bir şey saydığım kosmopolit təəssürat yaradır. Amma bayaq qeyd elədiyim istiqamət məsələsində hər iki şairin poeziyasının vektoru şaqulidir, dərindir və Ramiz Rövşən də, Vaqif Səmədoğlu da 30-40 illik fasilədən sonra bizim dünya kodları ilə danışan poetik kolumblar idi. Bu şairlərin yaradıcılığı həm də bu gün bizim danışdığımız Azərbaycan dilinin əyalətçilikdən, pamuksayağı desək, “taşraçılıqdan” qurtarma istəyi, dünyaya qovuşmaq kimi çin olmuş arzusuydu.

 

8.

 

Bayaq dedim, təkrar olmasın, olsa belə, biliyin anasıdır, məhz Ramiz Rövşən milli poeziyamızın dəyərli təcrübəsi ilə yanaşı Pasternakın lakonikliyini, həyati faktdan, peyzajdan o saat metafizik qata keçmək və nəticəyə gəlmək bacarığını, Blokun, Yeseninin və Ximenesin xəlqiliyini, duruluğunu, Svetayevanın hövlanklığını, temperamentini, Mayakovskinin söz memarlığını və nəfəsini marafona hesablamasını, Rilkenin tənhalıqda çoxalmaq bacarığını və bunu polifoniyaya çevirməsini (xüsusən poemalarında), yapon və çin poeziyasına xas olan görümü, fəhmetməni (sozersanie), bütün bu yeraltı və yerüstü şırnaqları dilimizin vahid bir bulağına gətirib çıxarmışdı, özündə birləşdirmişdi.

 

9.

 

Bəzən Ramiz Rövşən və Vaqif Səmədoğlu haqqında naşıcasına fikir yürüdən həmkarlarımız, onlar haqqında mücərrəd kədəri və ölümü vəsf edən dekadans yarlığından (yarlıq axtarmaq və onu tapmaq ən asan işdi, yetər ki, nihilist olasan) istifadə edirlər. Halbuki, ümumiyyətlə insan və bütün bəşər təcrübəsi, ölüm və qiyamət prizmasından baxanda, şimşək kimi parlayan və itən, ötəri ruhi pərvərişi (prosvetlenie) çıxmaq şərtiylə elə yalnız dekadans sayıla bilər; dekdans kəlməsini yeri gəldi-gəlmədi istifadə eləmək isə daha pis bir şey –”dikodans”dı. Üstəgəl, ölüm və kədər niyə mücərrəd olsun ki? Hər kolun dibində, avtomobilin əyləcində, dalğaların kükrəyişində, hətta evimizdəki divanın yumşaq qoltuqlarında ayıq-sayıq dayanan, bizim hamımızı gözləyən və konkret olan ölüm niyə qeyri-konkret sayılsın; və tərsinə; hansınız ona əl verib görüşdünüz, sonra da qucaqlaşıb ayrıldınız? Yaxud, səbəbsiz, icazəsiz-filansız otağa dolan yel kimi qəlbimizin qapısını döymədən, bizim planlarımızla hesablaşmadan ara-sıra qonağımız olan kədər niyə mücərrəd olsun və həm də olmasın ki?

 

10.

 

Dil, tale bəzən şairləri epoxalar üçün öz səsinə, ruporuna çevirir; şairi necə seçir, kimi seçir, bu sirli və ayrı məsələdi, amma yüzilliklərdə bu funksiyanı bir neçəsinin üzərinə qoyur. Necə ki, Puşkinin müasirləri olan onlarla başqaları, yaxşı, hətta bir çox keyfiyyətlərinə görə ondan geri qalmayan (məsələn, Baratınski) şairlər vardı, amma seçilmiş Puşkin idi. Ramiz Rövşən də övladı olduğu dilin və yüz illiyin içində ən azı son rübü üçün eyni funksiyanı yerinə yetirirdi. Eynən Səməd Vurğun kimi.

Ümumiyyətlə, XX əsrin 40-cı illərindən bu günə qədər yazan bütün Azərbaycan şairləri Səməd Vurğun, Rəsul Rza, Vaqif Səmədoğlu və Ramiz Rövşənin (bu müəlliflər ötən yüzillikdə Azərbaycan poeziyasının birinci və ikinci yenilikçiləri idi) təşkil etdikləri dil kvadratında yazırlar (mən əruz ənənələrini yeniləndirən Əliağa Vahidi, əruzu “sındıraraq” sərbəst şeirimizin ən istedadlı, ilhamlı nümunələrini yazmış Mikayıl Müşfiqi – o isə Səməd Vurğunun və Rəsul Rzanın nəsildaşı idi, istisna edirəm); yəni, bu nümunələr özündən sonrakı bütün poetik mətnlərin üzərində proyeksiya olunur, diqqətlə baxmaq yetər ki, sonralar yazılan bütün mətnlər bu müəlliflərin dil-üslub-metrik-poetik kombinasiyalarından ibarət olduğunu büruzə versin; əlbəttə sonrakı mərhələdə və tezliklə poetikalarını dəyişən, başqalaşan, yeniləşən şairlər və şeirlər, üstəgəl poetik desantlar da var (çağdaş Azərbaycan poeziyasının üçüncü yeni dalğası ilk addımlarını 90-ların ortalarında atdı və hələ də addımlamaqdadı ki, bu artıq ayrı yazının mövzusudur), amma o kvadratda hamının bir dəfə də olsun basdığı ayaq izini tapmaq müşkül deyil. Suyun maye, buxar, bərk və plazma halları olduğu kimi bu şairlər də dilimizin XX əsr üçün halları idi.

 

11.

 

Bax, bu qənaətlər, Ramiz Rövşən haqqında yazmaq üçün içimdə böyüyərək yetərli bir əsasa çevrilirdi. Qalırdı, təbii təkan. İş elə gətirdi ki, son aylar mən Ramiz Rövşənlə bir neçə dəfə görüşməli oldum. Cənublu həmkarım, İranda çap olunan kitabımın naşiri Həmid Asəfinin xahişi ilə onları görüşdürəndə Ramiz Rövşənlə təxminən 5-6 saat çəkən ilk söhbətimiz baş tutdu. Sonra da “525 kitab seriyası”ndan “Sevgi məktubu kimi” kitabının redaktoru qismində telefon danışıqlarımız. Və nəhayət, yazının əvvəlində adıçəkilən kuryoza şahidik elədiyim görüşdə dinləyici qismindəki iştirakım baş verdi. Amma bu yerdə deyim ki, redaktor funksiyasını daha çox müəllif, yəqin onun özündən də daha çox oğlu Rövşən yerinə yetirdiyindən kitabın redaktorluğu məsələsində mənə yalnız seriyanın redaktoru kimi formal olaraq adımın yazılması qaldı. Amma toplanan şeirlərin olduqca diqqətli oxucusu olmaq, vaxtilə gəldiyim qənaətləri sərf-nəzər etmək imkanını da elə bu formallıq verirdi. Təkan dediyim də bu oldu, oxucu-mətn münasibətləri ilə bağlı illərlə formalaşan qənaətim də bərkidi. Anladım ki, hə, biz, doğurdan diqqətli oxucu deyilik, oxuduğumuz, xüsusən poetik mətnlərdə şeirin havasına, atmosferinə aldanır, onun altqatına vara bilmirik.

Digər tərəfdən məhz bu görüşlər Ramiz Rövşənin ədəbiyyatla bağlı, çoxlu bölüşmədiyim və bundan sonra da bölüşməyəcəyim fikirləri ilə tanşlıq imkanı verdi. Onu müşahidə elədim. Təəssüflə anladım ki, ictimai-siyasi ziddiyyətlərin burulğanında şairlər necə təklənə bilərlər- tənhalıqdan danışmıram, bu qaçılmazdı – və bu təklik onların qiymətli düşüncələrinin sistemli ifadəsinə necə ciddi zərər vura bilər, fikirlər necə mozaik xassə ala bilər, öz içində danışmaq, özünlə aramsız mübahisəyə çevrilə bilər. Bu görüşlər və müşahidələr zamanı mən Ramiz Rövşənin, özünü bilmirəm, amma ədəbiyyatçılar tərəfindən panteizmin ayağına yazılan şeirlərini, hətta belə olsa da, həmin şeirlərdəki xitab və təbiri heç vaxt bölüşməyəcəyimi də qətiləşdirdim.

 

12.

 

Və bir də başqa bir hadisə, müəllifin vacib bir xüsusiyyətini biruzə verməklə həmin keyfiyyətin onun yaradıcılığı üçün də dominant olduğunu təsdiqlədi: Ramiz Rövşən Azərbaycan poeziyasının xüsusən özünəqədərki təcrübə kontekstində ən rasinoal şairidir və bu rasionallıq yalnız onun yaradıcılığının deyil, həyatının, şəxsiyyətinin də məziyyətidir. Aydınlaşdırım. Kitab seriya standartına uyğun olaraq əlli iki səhifə olmalıydı. İxtisar məsələsi ilə bağlı müəllifin özünə müraciət etdim, çünki, müəlifin də sonradan təsdiq etdiyi şeirlər təsadüfi ardıcıllıqla düzülməmiş, daha çox onları yazanın bildiyi xüsusiyyətlərinə görə mündəricatdakı sırasını almışdı. İki gün sonra telefonda 6 şeiri çıxartmaqla məsələnin həll olunacağını dedi. Əlimdəki çap variantına göz atanda ağlım bir şey kəsmədisə, sonradan “Mütərcim” nəşriyyatında komputerin arxasında bunu dizaynerlə birlikdə edəndə başa düşdüm ki, doğurdan da belədir. Onun poeziyasının məhvərində dayanan dəqiq hesablama vərdişi və riyazilik ( bu əsla düstur, xətkeş və pərgarla baş vermir) düşüncə tərzi və fəhmin qarışığından yoğrulan bu bacarıq özünü görünür bütün işlərdə göstərirdi. Yaradıcılığında xüsusən. Bu yerdə daha bir məqam üzərində dayanmaq istəyirəm. “Yaradıcılıqda rasionallıq nədir?” sualını vermədən isə həmin məqama və konkret detallara varmaq istəməzdim.

Dünya ədəbiyyatı tarixində çoxlu yazıçılar və şairlər tapmaq olar ki, onlar yaradıcılıqlarının ilkin mərhələsində böyük həyat eşqi və enerji ilə yazıblar. Amma bəzən bir əsər bəs edib ki, içlərindəki mexanizm sussun. Yaxud çoxlu başqa misallarla bəzi mərhələlərdə yazdıqlarının gərəkliliyini şübhə altına alanları, bundan böyük ruhi sarsıntı və tərəddüd keçirənləri, bəzən vəsiyyətlərində, bəzən söhbət və məktublarında həmin inamsızlıqlarını ifadə edənləri göstərmək olar. Adlar çəkmək olar: Rulfonu, Kafkanı, həyat yoldaşı vəfat edəndən sonrakı dövrdə Ximenesi, Selanı yada salmaq olar. Ədəbiyyatşünasların arasında çoxluq bunu yaradıcı ambisiya ilə bağlayır, yaxşı əsərdən sonra pis əsər yazmamaq arzusuyla da əlaqələndirirlər, əlbəttə bunların yeri var, amma əsas məsələ yaradıcılıq düsturunun məchulunu, “iks”ini müəyyənləşdirməkdir. Bunun ölüm olduğunu biləndən (bu bilmək isə vərdiş etdiyimiz adi bilməyə bənzəməz, bu bilməyi hər gün yaşadığımız küçəni və məhəlləni tanımaq kimi bilməyimizlə qətiyyən qarışdırmaq olmaz) sonra yazmaq həqiqi müşkülə, əzaba çevrilir, bunu nəzərə almadan yazmaq isə ən yaxşı halda “popsa” yaradır. Necə ki, Frost bir vaxtlar “siz optimistsinizmi?” sualına, “mən yüngül çəkili optimizmdənsə ağır çəkili pessimizmə üstünlük verirəm” demişdi. Ölümü nəzərə alaraq yazmaq, fanilik dalğalarında hər gün çimərək yazmaq əlbəttə ki, bir ayrı yazmaqdır.

 

13.

 

Ramiz Rövşən və Vaqif Səmədoğlu, dostum Rafiq Həşimovun sözləri ilə desəm, “ucsuz-bucaqsız tarlalalarda yeni, sovet adamı yetişdirən”, Allahı və ölümü, bu iki- əsas və törəmə məchulu nəzərə almayan sistemdə Allahı və ölümü tez-tez eşitdirən, nəzərə alan, onu ədəbiyyatları ilə şüurlu və davamlı surətdə düşüncəyə gətirən şairlərimiz idi. Onların yaradıcılıqlarını qiymətli edən məhz yaradılışın bu tərəflərini nəzərə almaq və bunu etməklə rasionallıqları idi. Təsəvvür edin, daxili yanma mühərriki haqqında danışırsan, amma klapanların dirəndiyi iki “ölü” nöqtəni nəzərə almırsan?! Düsturda məchulu doğru tapmısansa nəticə hökmən doğru olur. Ona görə də Ramiz Rövşənin çoxlu şeirləri var ki, onlar məhz ölümlə, ölümü nəzərə alaraq başlayır: “Bu kimin son nəfəsiydi, Dəydi, toxundu üzümə...” (Son nəfəs); “Bu adam ölür deyəsən, Əli əlimdə soyuyur...” (Soyuyur); “Qəbrim üstdə istəmirəm, Bir dost-tanış ağlasın...”

Belə misallar o qədər çoxdur ki, mən onları sadalamaq həvəsini güclə cilovlayıram.

Diqqət yetirin, nümunə göstərdiyim birinci şeirin ilk poetik cümləsi ölüm faktını qeyd edirsə, artıq ikincidə həyat faktı, dirilik təsdiqlənir, başqa cür ola bilməz də, ədəbiyyatı yazan da, oxuyanlar da şükür olsun, dirilərdir. Üçüncü misalda da elədir. Və qəribədir, maraqlı budur ki, rasionallıq, sayıqlıq sonadək itmir. Tutalım elə, misal gətirdiyim ilk- “Soyuyur” şeirinin sonunda olduğu kimi: “Və beləcə yavaş-yavaş, Ölüdən diri soyuyur”. Əgər şeir ölümdən həyata qayıdaraq başlayırsa, ölümdən ayrılmaq- diriliyi vurğulumaqla bitir. Amma bu xatırlatma, vurğulama görün necə baş verir: “Ölüdən diri soyuyur”. Birinci “soyuma” ölünün və ölümün diridən uzaqlaşması təəssüratı yaradırsa, ikinci-sondakı soyuma (sözsırasının ziddinə ) diriliyin-dirinin, həyatın ölümdən soyuması, yəni öz axarına qayıtması təəssüratı yaradır.

Əlbəttə “soyuma” məsələsinin başqa bir yanı, “hərarət kontekstində” bir real yanı da var ki, bu artıq poeziyada ikidiblilik məsələsi olub Ramiz Rövşən poeziyasının başqa dəyərli tərəfindən xəbər verir. Yaxud, bayaq nümunə göstərdiyim Kamal Abdullaya ithafa bir də baxaq: “Bir səhər yudum üzümü-gözümü bir ovuc suda. Gördüm ayaqdan başacan özümü bir ovuc suda.” İlk cümlədəki real həyat səhnəsindən ikinci cümlədəki metafizik mətləbə o saat varılma faktını qeyd elədim. İndi sona (sonuncu iki cümləyə) baxaq: “Durdum, dik tutdum başımı,/ Əritdim gözüm yaşının Duzunu bir ovuc suda” Əvvəl- “durmaq, başı dik tutma” həyat faktıdırsa, fizikadırsa, “göz yaşının duzunu suda əritmək” yenə metafizik hadisədir: kədərin, ağlamağın səbəbinin “göz yaşının duzu” olaraq ifadəsi unikaldır; yeməyin dadı daha çox duzla işarələnirsə, dadlı-dadsız olması duzluluqla ümumiləşirsə, kədərin duzu – yəni kədərin səbəbinin ağlamaqla yox olması,unudulması, əriməsi, ən azından kədərlənənin həyata qayıtması demək olur və heç kim, üstqatıyla adi fiziki hadisə olan ağlamağın niyə insanın hətta bəzən xilası olmasının əsl səbəbini-bu metafizik sirri heç vaxt bilməyəcək. Modelləşdirsək belə olur: fizika baş verir, metafizikaya giriş, fizika baş verir, metafizikadan çıxış. Ağlayandan sonra hamı yüngülləşir, şeirdə də, reallıqda da çevrə qapanır, insan həyata rahat davam edir.

 

14.

 

Bu dediklərim, daha çox Ramiz Rövşən poeziyasının fəlsəfəsi, bazisi ilə bağlıdısa, poetexnologiya, əvvəlki poetik təcrübənin özündən keçirilməsi, metrik baxımdan da Ramizin şeiri yenə də olduqca rasionaldır.

Haşiyə çıxım, lap bu günlərdə cavan şairlərin çevrəsindəykən masanın üzərində bir kitab gördüm, üz qabığına və kitabın adına diqqətlə baxdım, dostlardan soruşdum ki, bu kitabın üz qabığında nə doğru deyil. Cavablar, əlbəttə, maraqlıydı, amma başqa bir şeyi yəqinləşdirmək istəyirdim ki, onu eşitmədim. Kitabın üzqabığında meşə, göl və dağlar varıydı. Yəni, yalnız bu. – Dostlar, – dedim,- meşənin, dağın, gölün müəllifi biz deyilik. Amma üzqabığında onların təsvir olunduğu kitaba adımızı yazmaqla biz nə demək istəyirik? Biz nəyin müəllifiyik? Şeirlərin? Eləysə niyə bunu nəzərə alaraq düzəltmirik kitabın üzqabığını? Üzqabığının məzmuna dəxli olmaya biləcəyini arqument kimi gətirə bilərdilər, gətirsəydilər, bəlkə haqlı da olardılar, amma əlavə elədim ki, gəlin, kitabı ixtiyari yerindən açaq, ilk şeiri oxuyaq. Oxuduq, məlum oldu ki, şeirlərin məzmunu da eyni bayağı naturalizmlə, üstəgəl gopalogiyayla doludur, müəllif rakursu və nəticəsi, yaxud, bədii nəticə yoxdur. Sual verdim ki, axı, biz, nədən, iddiasız-filansız, öz “yaradıcılığımız”la məşğul olmuruq. Yox, işimiz ilkin, bizsiz də var olan yaradıcılığı yalnız naturalistcəsinə (yəni vəcdsiz, heyrətsiz, kəşfsiz, perspektivə yer qoymadan) fiksə etməkdisə, biz neyçünük?...

Bu yerdə hökmən bir şey öz deyişini də labüd edir. Ölüm və doğuluş bizim qəbul edib-etməməyimizdən, qeydini lazımlı və lazımsız bilməyimizdən asılı olmayan qaçılmazlıqdır.

Onu qeyd eləmək adi baş verirsə, bu ədəbiyyat yox, faktdır; və bunu qeyd eləməmək yenə adi baş verirsə bu dəfə o nadanlıqdır. Amma qeyd eləmək və eləmək müəllif nəticəsiylə, rakursuyla, düzgün fiksəylə bərkidilirsə hökmən böyük ədəbiyyatdır. Görünür, Pasternak “smert-eto ne po naşey çasti” deyəndə, həmin bu tük nazikliyindəki fərqi nəzərə alıb demişdi. Bunun ən bariz nümunələrinə yapon şeirində rast gəlmək olar. Deyək ki, peyzaj təsvir olunur. Nə müəllif var , nə ölüm var, nə doğuluş var, amma ətürpədən əqlinəticə və çox böyük yozum perspektivi oxuyanı təlatümə gətirir. Üstəgəl, bizsiz də var olan yaradıcılığa şəriklik duyğusa da sıfırdı. Yaxud, ölüm də var, müəllif də var, əqlinəticə həyatla, çırpınışla, doludur. Görəsən, bu şeirləri şeir edən nədir? Əlbəttə ki, rakurs, düzgün fiksə. Məhz belə situasiyalarda anlayırsan ki, qanındakı dəmir tərkibinə baxmayaraq, şairlər dəmirdən olmayan ən dəqiq çanaqlar, ötürücülər, antennalardır. Ramiz Rövşənin qaçılmazlıq və labüdlük olan, insani yaradıcılığa dəxli olmayan ölümdən bəhs edən şeirləri məhz maraqlı əqlinəticələrlə, hadisəyə düzgün baxış bucağı ilə böyük ədəbiyyatın malıdır.

 

15.

 

Bu haşiyə nə üçündü? Yəqin onunçün ki, bizim təkcə müəllifi olmadığımız yaradılışa, həyata və ölümə deyil, hətta müəllifi olduğumuz yaradıcılığa da, bizdən əvvəlki ədəbi irsə və təcrübəyə də münasibətimiz təxminən və çox vaxt eyni cürədir. Ya biz ümumiyyətlə oxumuruq, bununla bir tərəfdən həm ilahi yaradıcılığa, həm də bizəqədərki bədii təcrübəyə nadancasına şərik oluruq, digər tərəfdən düzgün oxumuruqsa onu təqlid edirik, poetik səfsəfələr istehsal edirik, yaxşı halda üçüncü-dördüncü istehsalla məşğul oluruq. Ramiz Rövşən özündən əvvəlki dünya poetik irsini əlbəttə ki, əliçatan qədər, ən düzgün oxuyan, onu tədqiq edən, həmin təcrübəyə qiymətli əlavələr edən azsaylı şairlərimizdəndir.

Gəlin, bir neçə şeirini oxuyaq müəllifin: “Bir şeri də cırıb atdım, Uçdu kağız parçaları./Göydə quşlar dimdiklədi/ Misraları, hecaları.” (“Bir şeri də cırıb atdım”); “Əyildim,sulara baxdım, Axtardım cavan üzümü. Sular axdı, sular axdı, Apardı cavan üzümü” (Əyildim, sulara baxdım); “Gecənin tən yarısında Gilənarlar çiçəkləyir. Yerlə göyün arasında Gilənarlar çiçəkləyir” (“Gilənarlar çiçəkləyir”).

İndi gəlin həmin şeirləri belə oxuyaq: “Şeiri cırdım Kağız parçası uçdu Quşlar diddi” ; yaxud “Sulara baxdım Gənc üzümü axtardım Sular axırdı” ; və ya “Gecə yarısı Gilənar çiçəkləyir Yerlə göy arasında”. İkinci yazılışdakılar, mənim müdaxilələrimlə formal olaraq başqa şeirə çevriliblər, daha doğrusu “5-7-5” ölçülü haykulardır (xokkular) artıq. Bu sirrini bir az bilərəkdən-bir az da bilməyərəkdən, amma konkret misalllar çəkməyərək Ramiz Rövşənin özü açmışdı. Və mən həm onda, xüsusən isə konkret şeirləri indiki görkəmə salanda yaxşı anladım ki, şeir elə su kimi bir şeydir, onu kuzəyə də, stəkana da, bəlkə elə ovuca da doldurub içmək, yanğını yatırmaq olar. Maraqlı başqa şeydi, maraqlı budu ki, Ramiz Rövşən bəlkə konkret bu şeirlərini yox, başqa şeirlərini oxuduğu haykulardan təkan alaraq, onları virtuozcasına interpretasiya edərək, onların ardını aid olduğu dilin prespektivini və nəbzini duyaraq, qəliblərini bilərək yazıb.

Folknersayağı desək, öz ədəbiyyat siqarını Basyönün qəlyanı ilə alışdıraraq yazıb. Əlbəttə mənim nümunələrimdə “muəllifin iştirakı “ uydurma olsa da, bu, Ramiz Rövşənin poetexnoloji baxımdan böyük rasionallığının göstəricisidir, dünya şeir təcrübəsinə əlavəsidir. Halbuki, son iyirmi-iyrmi beş ildə onun şeirlərinin başladığı yerdə bitən çoxlu yaponsayağı təqlidlər, hayku(ırma)lar, poetik amöblər (ifadə Ramiz Rövşənə məxsusdur) tapmaq olar.

 

16.

 

Konkret bir hadisədən təkan alan, ona həsr olunan, süjetli, spesifik poetik nümunələri çıxmaq şərtilə şeirlər, adətən təlqin etdiyi təəssüratın haradan qaynaqlandığını biruzə vermir, faktoqrafik altqatını bu mənada gizlində saxlayır. Ona görə onun təlqin etdiyi kədər, sevinc,ümumən şeirin ovqatı sonda ümumiləşmiş xassə alır deyə, hətta hazırlıqlı oxucular(şairlər) belə onları müəmma qarşısında qoyan şeiri inkar edirlər. Yaxud da o səhv olaraq qavranılır, naməlum kədər, naməlum duyğununun ayağına yazılır- bu şeyləri dəfələrlə sezmişəm. Ümumiyyətlə, poeziyaya dəb alan bu münasibəti formalaşdıran üç başqa məqam da var: müasir həyatın artmaqda olan tempi, informativ pressinq; insanın tez, asan oxumaq, anlamaq istəyi; və bir də yalnız öz həyat (və yaradıcılıq) təcrübəsini ideal və model olaraq saymaq düşüncəsi. Halbuki bu səbəblərin heç birini ciddiyə almaq olmaz. Bizim hər birimiz gün ərzində çoxlu yaxşı və pis saydığımız hadisələrlə üzləşir, situasiyalara düşür, bu və ya digər məsələləri düşünür, amma deyək ki, günün axırında bütün bu şeylərin əqli-hissi və vizual yüküylə, formalaşdırdığı ovqatla yuxulayır, yuxu görürük. Həmin yuxu bir tərəfdən gün ərzində gördüklərmizin rəmzləri, işarələri, məqamları ilə zəngin olur, üstəgəl bəzən sabahkı günün bəzi məqamlarına işıq salır, nələrisə qabaqcadan izah edir, xəbər verir. Əlbəttə belə faktların sirli, heç vaxt izah olunmayacaq tərəfləri öz yerində, amma bizim sabahımız, planlarımız və qismən dünənki işlərimiz və təssüratlarımızdan ibarətdir fikri ilə kifayətlənək hələlik. Poeziya da belə doğulur. O bir tərəfdən bizim şəxsi və ictimai düşüncələrmiz, hisslərimizin qarışığı, başqa tərəfdən elə sirli yuxu kimi xatırladığımız yazı prosesinin diqtəsi və əlavasi olur. Yuxular kimi şeirlər də çin çıxır. Yuxuları yozurlarsa, şeirləri də təhlil etmək lazım gəlir.

 

17-18.

 

Gəlin, Ramiz Rövşənin dillər əzbəri məşhur şeirini oxuyaq və bu oxu da yazının həm də 18-ci hissəsi olsun, çünki (belə) şeirin buna haqqı var: “Çiçəklər doğulur bu yaz gecəsi, bu yaz gecəsində sevməyə nə var?! Dərsəm güllərini bu gələn yazın, Sallanıb yellənsəm budaqlarından, Eşitsəm adımı sevən bir qızın Hələ öpülməmiş dodaqlarından,-bu yaz gecəsində ölməyə nə var?! Çiçəklər doğulur bu yaz gecəsi uzaq xəstəxana otaqlarında. Başını dibçəkdən uzadıb baxır yatan xəstələrin hər birisinə. Hələ qorxaq ətri,utancaq ətri qarışır otağın yad iyisinə, dərman iyisinə, yod iyisinə... Çiçəklər doğulur bu yaz gecəsi, çiçəklər açılır güllə səsinə. Güllə açılır; Ağ-ağ köynəklərin yaxalığında, sağ-sağ ürəklərin yaxınlığında güllər açılır, Güllələr açılır,güllər açılır, Çiçəklər açılır bu yaz gecəsi... Çiçəklər doğulur bu yaz gecəsi Parsidə, Təbrizdə, həyətimizdə. Bu yaz gecəsində çiçəkləyəcək Bəlkə dərdimiz də,həsrətimiz də. Çıxacaq yollara çiçəkli qızlar, Nə baxmağa güc var, nə göz yummağa. Nə çiçək verməyə bir kimsəmiz var, Nə bir kimsəmiz var çiçək ummağa... ...Dərsəm güllərini bu gələn yazın, Sallanıb yellənsəm budaqlarından, Eşitsəm adımı sevən bir qızın/ Hələ öpülməmiş dodaqlarından,- bu yaz gecəsində ölməyə nə var?!” (“Çiçəklər doğulur bu yaz gecəsi”)

 

19.

 

Təhlilə keçməmişdən əvvəl deyim ki, Ramiz Rövşənin indi oxuduğumuz şeiri vərdiş olunan kimi yalnız lirika, yaxud yenə Kafkasayağı desək, həyatın və gözəlliklərin sığallanması deyil, o çox dərin şəxsi və ictimai mətləblərin, arzuların, dərdlərin, darıxqanlığın, düşüncələrin məcmusu, doğurduğu bir şeir və əlbəttə ciddi poetik hadisədir.

Mənim doğuluş və düşüncə şeiri hesab etdiyim “Çiçəklər doğulur bu yaz gecəsi” oyanışla başlayır: yazın gəlişi, çiçəklərin doğuluşu və gələcəyə ümidlə, arzuların və imkanların çək-çeviri ilə; bir də arzular yerinə yetəcəyi təqdirdə barışqanlıq və razılıqla dünyadan köçməyin asanlığı haqda fikirlə. Birinci 7 poetik cümlə ilk oxunuşunda bunları anladır. Amma “...Eşitsəm adımı sevən bir qızın Hələ öpülməmiş dodaqlarından,- bu yaz gecəsində ölməyə nə var?” misraları təkcə yaxın gələcəklə bağlı şəxsi-intim plastdakı arzu deyil məncə, həm də şair taleyinin gələcəyi ilə bağlı arzudur, yəni, söhbət gənc Ramizin (şeir yazılanda 24 yaşı vardı müəllifin, bunu oğlu Rövşən vasitəsilə dəqiqləşdirdim) sevdiyi-sevəcəyi qızın onun adını çağırmasından getmir.

Bu gün çoxlu öpülməmiş qız və oğlan dodaqları böyük şairimiz Ramiz Rövşənin adını tutur ki, bu bir tərəfdən yazı içində üçüncü dəfə toxunduğum həmin o ikidiblilik məsələsidi, digər tərəfdən də bayaq yuxu məsələsində danışdığım gələcəyə işarəni təsdiq edir. Bu misralar “Bənzərəm bir qocaman dağə ki, dəryada durar”(M.Ə.Sabir) və “Bəlkə bircə şerim, bircə bəndim də Ellərin yadında qalmayacaqdır. Bəlkə bir şerimi doğma kəndimdə Aşıqlar sazında çalmayacaqdır” (S.Vurğun) kimi misralar ilə, əmniyyət və narahatçılıqla dolu qan qohumudur.

Üçüncü bənddə (bəndlər bərabər misra saylarına malik olmasa da, müəllif bölgüsüylə onları belə adlandırmaqda məncə yanılmaram) yeni fon təklif edilir, artıq xəstəxana otaqları təsvir olunur, çiçəklər orda da açır. Nəzərə alsaq ki, əvvəlki fikirlərin, təsvirlərin məkanı müəllifin içiydi, məkan dəyişməsi niyə baş verir. Bu sayaq dəyişmə, bir-biriylə əlaqəsi olmayan, bir-birindən uzaqda olan əşya və məkanların “bir sapa düzülməsi” əslində modernist poeziyanın məziyyətidi. Başqa tərəfdən bu əlaqə yalnız şeirin içindədir də söyləmək olmaz: məkanları birləşdirən həmin o yaz gecəsi və həmin o yaz gecəsinin rəmzi və faktoqrafik başlıca hadisəsi olan çiçəyin hər yerdə açılması(ehtimal halında belə) elə özü təbii əlaqədir. Çiçəklərin dibçək həyatı ilə insanların xəstəlik situasiyası əslində maraqlı bir simmetriya və oxşarlıqdır; çiçəklər və insanlar da təbii azadlıqlarından məhrumdular. Bir də bənddəki “yad”sözünün “yod”u çəkib gətirməsi, doğurması, bu orijinal poetik-linqvistik olay stixiyadır, bunun izahını verməmək də olar. Amma elə bu yerdə belə bir duyğum yarandı ki, bəlkə müəllif (onun şeirdə ifadə olunan nüsxəsi) bu şeiri, yazqabağı keçirdiyi xəstəlikdən ayağa qalxandan sonra, yaranan-yaşanan yüngüllük və təmizlənmə təcrübəsini bölüşərək yazıb? Amma növbəti dördüncü-beşinci bəndin oxunuşu bu şəxsi ola biləcək olayı istisna etmədən daha böyük vacib mətləbin üstünə işıq salır.

Çiçəklər öz sinoniminə-güllərə, güllər – güllələrə dönür. Çiçəklər-güllər adətən qırmızı rənglə assosiasiya olunur, güllə yaraları da təkcə rəngi ilə deyil, insan bədənində açdığı dəliklə-yarayla-konturları ilə elə çiçəkləri xatırladır. Xəstəxana atmosferi üçün bu əlbəttə başa düşüləndi, təbii və doğrudu. Amma bu, bir və bayaq söylədiyim şəxsi səciyyəli yozumun ardıdır. İkinci yozum çəiçəklərin “Parisdə, Təbrizdə və həyətimizdə” doğuluşu təklif edilərkən özünü daha aydın bəlli edir. Niyə Parisdə? Bəlkə bayaq dediyim kimi şeirlərinin gələcək nəsillərin bakirə dodaqlarında oxunmasını arzulayan, buna həm inanan və bunu bir az da əlbəttə ki hiss edən şair öz poetik miqyasının və potensialının dünyəvi olduğunu, üstəgəl, ədəbiyyatın yalnız dünyayla qarışıb-qaynayaraq böyüyə bilcəyini “sənətin Məkkəsi saylan” Parisi xatırlatmaqla, dünya mədəniyyətinə xiffətini bu sayaq ifadə edir? Niyə Təbrizdə? Anadilli şeirimizin daha böyük oxucuları orda deyilmi? Yaxud bütöv vətən onu düşündürə bilməzdimi? Bu artıq girişdə qeyd etdiyim ictimai motivi əsaslandırır. Niyə həyətimizdə? Cavablarımız da, sükutlarımız da eyni şeyi deyəcək deyə susuram. Dünya mədəniyyətinə xiffət, vətənin bütövlüyü arzusu və uşaqlığın saflığı bir misrada beləcə bütövləşir və ictimai-şəxsi dərdlərin, arzuların yalnız bu sayaq üst-üstə düşərək ifadə olunması – “Bu yaz gecəsində çiçəkləyəcək/ Bəlkə dərdimiz də, həsrətimiz də” kimi unikal misrayla çin olması əlbəttə ki, ruslar demişkən, “preroqativa vısokoy literaturı”. Yalnız bundan sonra şeir içində geriyə baxıb vətən uğrunda ürəklərinin yaxınlığında çiçəklər bitirən şəhid və qaziləri, ürəyinin qanıyla bunu yazan və arzulayan şairləri görə bilirsən. Əlbəttə “Parisdə, Təbrizdə, həyətimizdə... həsrətimiz də” növbəti maraqlı poetika, fonetik-linqvistik zəncir, stixiya sərgiləyir; mahiyyətmi bu söz və səs sırasını, səs-söz sırasımı bu mahiyyəti çəkib gətirir, bunu da birmənalı demək çətindi. Hər halda bir şeyi də xatırladım ki, şeirin yazıldığı 70-ci illər milli- azadlıq düşüncələrinin gizlində olsa da ciddi dartışıldığı bir dövr idi və Ramiz Rövşən kimi bir şairin düşüncəsindən və diqqətindən kənarda qala bilməzdi.

Növbəti bənd pessimist ovqatla deyilir. Və əslində o vaxt da beləydi, indi də belədir. Hələ ki, ədəbiyyatımızı dünyanın malı edə bilməmişik, hələ ki, Təbrizlə aramızda sərhəd var. Hələ ki, nə böyük mənada qalib olmuşuq və buna görə gül veriblər bizə, nə də içimizdən çıxan, kiçik də olsa bizə qələbə yaşadanlara gül vermək üçün tələsmirik, qısqanclığımızı boğmamışıq. Üstəgəl, “...Nə çiçək verməyə bir kimsəmiz var,/ Nə bir kimsəmiz var çiçək ummağa...” misraları başlıca keyfiyyəti ömrü boyu darıxmaq və sıxılmaq olar şair(lər) üçün 70-ci illərə- başqa adıyla durğunluğa, hadisəsizliyə ikiqat reaksiya kimi də oxuna bilər..

Və nəhayət şeirin sonuncu bəndində təkrar baş verir. Bu bir tərəfdən şeirin pessimist ovqatını dağıtmaqla ümid verirsə də, nədənsə mənə elə gəldi ki, bu təkrar, vərdiş olunmuş poetik hal, fənd olmaqla yanaşı həm də Ramiz Rövşənin arzularının çin olmasına qədər təkrar oxunub dərs almaq üçündü...

Şeirin metrik keyfiyyətləri haqqında qısaca olsa bəzi şeyləri demək istəyirəm. “Çiçəklər doğulur bu yaz gecəsi” Ramiz Rövşənin sevdiyi 11-lik hecayla yazılıb. İntizamsız verlibr də saymaq olar, dəqiq qafiyə sistemi olmayan heca da. Müəllif bölgüsüylə 35 poetik cümlədən ibarətdir. İlk sınma 17-ci sətirdə baş verir, 5 hecalı “Güllə açılır” qısa cümləsi ilə. Bu hadisə iki sətir sonra yenə təkrarlanır, olsun ki, “Sağ-sağ ürəklərin yaxınlığında” cümləsinin növbəti sətirə düşən, anjabeman olunan 5 hecalıq “güllər açılır” hissəsi kimi. Və bir sınma da özünü “Parisdə, Təbrizdə, həyətimizdə...” ilə, daha doğrusu,onların pilləkənvari yazılışıyla özünü biruzə verir. Bu artıq daxili qafiyələnməni göstərmək, vurğulamaq üçün müəllif tərəfindən bilərəkdən edilir. Bir Mayakovski fəndidir, mahiyyəti dəyişəcək bir şey deyil və ona görə sözlər vergüllərlə ayrılıb, yəni, elə o vergüllərə, bir də yenə 11-lik heca sayının dəyişməmisinə görə bir cümlə sayılmaq haqqını həm də oxucuda saxlayır. Bu şərtlərlə “”Sağ-sağ ürəklərin yaxınlığında” cümləsi 18-ci olmaqla 35 cümləlik şeirin simmetriyasını (17+1+17) müəyyənləşdirir. Maraqlı həm də budur ki, məhz ilk vizual sınma yeri olan “güllə açılır”dan sonra bu şeir özünün mahiyyət sınmasını- yeni, ictimai yüklü mətləbinin başlandığını, fərqli oxusunu biruzə verməyə başlayır...Bu belə də olmalıydı, çınki, hər bir ciddi poetik nümunə yalnız ona xas poetik sıra və görüntü ilə doğulur, bütün insanlar öz xarakteri və siması ilə doğulduqları kimi.

 

20.

 

Bu gün ədəbi nəsillər arasında inkar qarşılıqlıdı. Cavanların (ən azı ədəbi estetika baxımından yenilərin) inkarını elə cavanlıqlarına bağışlamaq olar. Mən yaşlıları başa düşmürəm. Hərdən təəccüb edirəm. Bəzən ədəbiyyata karyerist və onu nəzarətdə saxlamaq istəyən məmur hikkəsiylə “bizdən sonra yoxdur” (bir az “insaflıları” “hələ ki yoxdur” deyir, diriliyin təsdiqinin lap gülməli təzahürüdü bu) deyirlər, həmişə bir “amma”, “ehtimal”, “qeyri-qəti gələcək zamanla” və “kövrək, ürkək mərhəmətlə” danışırlar, baş tutmuş fakt haqqında belə danışmırlar, yarımçıq hamiləlik isə olmur. Bu “vacib görüşlər”də xüsusən gözə girir. Yalançı “snisxojdeniya” adamı lap bezdirib. Tənqiddən danışmıram, tənqidçilər peşələrinin adındakı qərəz bir yandan, prioritet kreativ yöndə sublimasiya imkansızlığı öz yerində, üstəgəl ruzi girdabında əl-qol atırlar. Mən alimlərimizin məqalə və müsahibələrindəki “ədəbiyyat ölüb, şeirin vaxtı keçib, aktual deyil” və sair və ilaxır kimi fikirlərə rast gələndə üşənirəm. Yəni, onlar doğrudanmı özlərinə sual etmirlər: quru yerdə ağac bitərmi? Yoxdusa, bunun məsuliyyətini həm də onlar daşımırlarmı? Yəni, onlar anlamırlarmı ki, ədəbiyyatın olmaması dilin olmaması kimi bir şeydi. Bəs, bu vaxta qədər hansı dildə danışıblar? Bəs, o dili neylədilər? Bunu, yazını bu sözlərlə bitirmək üçün yazmıram, əgər Ramiz Rövşən varsa, bu dilin və ədəbiyyatımızın daha çox sabahı deməkdi (bu həm sadaladığım gündəm səbəblərindən, həm elə dünya ədəbiyyatı tarixinin tanış gərdişi gəcrəftarı üzündən da bir az da ironikdi) – bunu demək istəyirdim.

 

21.

 

Həm də onu demək istəyirdim ki, şairlərin şeirlərini düzgün oxumaq lazımdı, əks təqdirdə nə ədəbiyyatın, nə həyatın mənası olmaz. Qoy, məndən inciməsinlər, amma Ramiz Rövşən miqyasında şairin şeirləri haqqında yazılmış çoxlu yazılar oxumuşam və təəccüblənmişəm. O yazıların heç birinin səmimiyyətini şübhə altına almıram, amma bu “sağlıq və panibratstvo janrında” olan şeylər nə üçündü, bax, bunu heç vaxt anlamamışam. Əgər bu yazını nə vaxtsa bir kitaba salmaq imkanım olacaqsa, 20-ci hissənin bu cümləyə qədər olan yerini böyük ehtimalla ixtisara edəcəm, amma qəzet variantında belə olmağı vacibdi. Bilirsiz, dostlar, içimdə böyük bir cümlə var, ucu, sonrası bilmədiyim, görmədiyim qaranlıq dolanbaclara uzanan kəndir kimi əlimdədi; hövlanklıq, dartdıqca uzanan o kəndiri, yazını poeziyaya çevirə bilər, soyuqqanlılıq nəsrə, bir az əvvəlki şikayət tonu isə publisistikaya, amma yazdıqlarım bunların heç biri deyil. Bir tərəfdən təhlilinə qalxdığım doğuluş və düşüncə şeirinin müəllifi olan, digər tərəfdən bütün yaradıcılığı ilə poeziyamızın növbəti doğuluşu saydığım, yazmağı sevdirən və öyrədən Ramiz Rövşənə doğum günü ərəfəsində arzularının və arzularımızın çin olmasını diləməklə, yaşadığı və bundan sonra yaşamasını istədiyim illərin, oniillərin hər beş ili üçün böldüyüm, ayırdığım bu 21 hissəlik yazımı beləcə bitirirəm.

19 noyabr- 8 dekabr, 2009-cu il

 

Səlim BABULLAOĞLU

525-ci qəzet.- 2011.- 15 dekabr.- S.6.