Qəbələ
II Beynəlxalq İncəsənət - Rəsm Sərgisinin
açılışı oldu
Azərbaycan Mədəniyyəti
Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı
ilə "Qafqaz Resorte" otelində Qəbələ II Beynəlxalq
İncəsənət-Rəsm Sərgisinin
açılışı olub.
APA-nın məlumatına görə
"Sənət! Həyat! Torpaq!" mövzusunda keçirilən
sərginin açılışında çıxış
edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin
böyük əhəmiyyət kəsb etdiyini, mədəniyyətimizin
genişmiqyaslı təbliği istiqamətində
reallaşdırılan layihələrin davamı olduğunu
bildirib. Ruhəngiz Heydərova qeyd edib ki, ötən illə
müqayisədə builki sərgidə iştirak edən rəssam
və heykəltəraşların, onların təmsil etdiyi
ölkələrin sayının artması onu göstərir
ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır
və bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə
olan diqqətin daha bir göstəricisidir. Bu tədbir Azərbaycanla
müxtəlif ölkələr arasında dostluq və mədəni
əlaqələrin möhkəmlənməsinə şərait
yaradır.
Mərasimdə Heydər Əliyev
Fondunun nümayəndəsi Elmir Bağırov, Azərbaycan,
Rusiya və SSRİ xalq rəssamı, akademik Tahir Salahov,
Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha
çıxış edərək sərginin mədəniyyətlərarası
dialoqun tərkib hissələrindən biri olduğunu bildirib,
bu incəsənət bayramının ənənəvi olaraq
keçirilməsini arzulayıblar. Çıxışlardan
sonra sərgiyə baxış keçirilib.
Sərginin tərtibatı,
nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq
sənətinin nümunələri tədbir
iştirakçılarında xoş təəssürat
yaradıb. İki gün davam edəcək sərgidə
nümayiş etdirilən əsərlərin əksəriyyətinin
satışı nəzərdə tutulub. Sərgidə Azərbaycan,
ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa,
Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan,
Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və
Ukraynadan 116 rəssam və heykəltəraş iştirak edir
Ədalət.-
2011.- 20 dekabr.- S.8.