Jurnalist
hazırlığı məzmunun və keyfiyyətin yeniləşmə
mərhələsində
BAKI
SLAVYAN UNİVERSİTETİNİN YENİ YARADILMIŞ
JURNALİSTİKA FAKÜLTƏSİNİN
FƏALİYYƏTİ BU SAHƏNİN PERSPEKTİVİ
İLƏ BAĞLI NİKBİNLİYƏ ƏSAS VERİR
2005-ci ildə Bakı Slavyan Universitetinin (BSU) filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi yaradıldı. Qısa müddət ərzində ümidlərin özünü doğrultması jurnalistika şöbəsinin Azərbaycan filologiyası şöbəsi ilə birləşərək fakültə kimi fəaliyyət göstərməsi zərurəti yaratdı. Universitetin jurnalistika və Azərbaycan filologiyası fakültəsinin açılması barədə Təhsil Nazirliyinə etdiyi müraciət Nazirlik tərəfindən müsbət cavablandırıldı və BSU-da jurnalistika fakültəsi yaradıldı.
Yeni fakültədə müasir texnologiyaların və innovasiyaların tədris prosesinə tətbiqində BSU-nun “Heydər Əliyev məktəbi” tələbə teleradio-studiyasının, “Tədrisdə Yeni Texnologiyalar və İnnovasiyalar” və “Fotojurnalistika”, “Türk-slavyan əlaqələri”, “Azərbaycanşünaslıq”, “Folklor araşdırmaları” laboratoriyalarının rolu böyük olacaq. Fakültədə beş kafedra “Yeni media və kommunikasiya texnologiyaları”, “Jurnalistika nəzəriyyəsi və təcrübəsi”, “Türkologiya”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan dili” fəaliyyət göstərir.
Bu yaxınlarda Bakı Slavyan Universitetində Avropa Şurasının “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi həyata keçirilib. Bolonya prosesinin tələblərinə uyğun olaraq yeni kurrikulum hazırlanıb, 10 fənn üzrə 20-yə yaxın modul yazılıb və hazırda tədrisin bu kurrikulum üzərində tədricən yenidən qurulması prosesi gedir.
İlk söhbətimiz “Azərbaycan filologiyası və jurnalistika” fakültəsinin dekanı Səfər müəllimlədir.
– Səfər müəllim, BSU-da jurnalistika ixtisasının yaradılması təşəbbüsü kimdən gəldi və atılan ilk addımlarda hansı çətinliklər vardı?
– Təbii ki, universitetdə baş verən bütün yeniliklər Kamal müəllimin adıyla bağlıdır. Universitetimizin tarixinə nəzər salaq, Kamal müəllimin bu universitetə rektor təyin olunduğu dövrə qədər adam bu binaya ümumiyyətlə girmək istəmirdi. Hətta elementar dərs keçmək üçün şərait yox idi. Məhz həmin dövrdən sonra universitetin hər iki binası əsaslı təmir olundu. Həm dərs və yardımçı otaqlar, kafedralar təmir olundu, həm də tədrisin strukturunda dəyişikliklər oldu. Heç kimə sirr deyil ki, Mirzə Fətəli Axundov adına Rus dili və ədəbiyyatı İnstitutu yalnız rus dili müəllimləri hazırlayırdı və biz bundan uzağa gedə bilmirdik. Amma bugun universitetdə bakalavr və magistratura pillələrində 40-a yaxın ixtisas üzrə mütəxəssislər hazırlanır. Bütün bunlar Kamal müəllimin böyük zəhməti hesabına başa gəlib. Bilirsiniz ki, ixtisasların tədris olunması üçün Təhsil Nazirliyindən icazənin alınması, universitetin kadr potensialının gücünü sübut etdirmək asan deyil. Jurnalistika ixtisasının filologiya fakültəsinin nəzdində tədris edilməsi ideyası da Kamal müəllimə məxsus idi.
– BSU-da jurnalistika fakültəsinin qısa müddətdə keçdiyi uğurlu yol haqqında nə deyə bilərsiniz?
– Əvvəla, onu deyim ki, dövlət universitetlərinin yalnız ikisində jurnalistika ixtisası tədris edilir. Ona görə bu məsuliyyət və diqqət daim üzərimizdə olub. Jurnalistika ixtisası yarandığı 2005-ci ildə ilk qəbulda rus və Azərbaycan dilli bölmələrinə cəmi 40-45 tələbə daxil olmuşdu. Amma bugün jurnalistika ixtisası üzrə 189 tələbə təhsil alır. Builki qəbulda jurnalistika ixtisasına 53 nəfər qəbul olmuşdur ki, bu da müəyyən inkişafdan xəbər verir.
– BSU-ya artan bu marağın səbəbi yəqin ki uğurlarda və ictimaiyyəti inandıra bilməkdədir.
– Elədir, dediklərimizi o da sübut edir ki, hər il qəbul imtahanlarından sonra bizim universitetdə heç bir vakant yer qalmır. Bütün yerlər abituriyentlər tərəfindən seçilir.
– Jurnalistika fakültəsində dərs deyən müəllimlərdən başqa ictimai əsaslarla işləyən müəllimlərin məhz bu universiteti seçməsinin səbəbi nədir?
– Bu məsələyə də Kamal müəllimin nüfuzu, adı və universitetin qısa zamanda qazandığı nüfuz da təkan verir. Bilirik ki, qarşılıqlı hörmət olmasa heç kim burda ictimai əsaslarla dərs deməyə razı olmaz.
BSU-nun JURNALİSTİKA FAKÜLTƏSİNDƏ DƏRS DEYƏN MÜƏLLİMLƏR
kifayət qədər nüfuzlu və peşəkar jurnalistlərdir. Elçin Şıxlı, Etibar Babayev, Orxan Fikrətoğlu, Südabə Ağabalayeva, Lamiyə Vəzirova və digər tanınmış jurnalistlərin adını çəkmək mümkündür.
– Slavyan Universitetinin jurnalistika fakültəsində tədrisin və yaradılan şəraitin digər universitetlərdən fərqi nədədir?
– Universitetlərin jurnalistika ixtisaslarının tədris proqramlarında köklü fərq yoxdur. Çünki bütün tədris proqramları Təhsil Nazirliyində təsdiq olunur. Ən əsas özəllik tələbə-müəllim münasibətlərindədir. Bizim universitetdə səmimiyyət və doğruluq prinsipləri bu münasibətlərin gözəlləşdirilməsinə səbəb olub. Jurnalistika fakültəsinin tələbələri bizim universitetin ən ərköyün tələbələridirlər. Onlar da bizim bu sevgimizə layiqincə cavab verir, uğurları ilə bizi daima sevindirirlər. Məzunlarımızın əksəriyyəti işlə təmin olunub. Hətta tələbə vaxtı telekanallarda, radioda, mətbuatda işləyənlər var. Bu da universitetin təhsilinin səviyyəsindən xəbər verir.
– Ümumiyyətlə, məzunların iş problemi ilə bağlı universitet hansı işləri görür?
– BSU-da “Məzunlarla iş üzrə” şöbə fəaliyyət göstərir. Bu şöbə daim məzunlarımızla əlaqə saxlayır, onlara yardımçı olmağa çalışır. İndi də, hər hansı keçmiş məzun bu şöbəyə müraciət edərsə, onun işlə təmin olunması üçün əlimizdən gələni edirik. Kamal müəllimin əsas iş prinsiplərindən biri də gənc və perspektivli kadrları üzə çıxartmaq, onlara şərait yaratmaqdır. Hazırda universitetdə işləyən, dərs deyən onlarla yetirmələrimiz var.
– Universitetdə nəzəriyyənin tədrisindən əlavə praktiki olaraq tələbələrin peşə vərdişlərinin artırılması üçün hansı işlər görülür?
– Universitetin “Tələbə dünyası” qəzeti bizim tələbələrin ixtiyarına verilib. Yalnız jurnalistika fakültəsinin tələbələrinin redaktəsi və birbaşa iştirakı ilə çap olunacaq ilk sayımız artıq hazırlanır. Tələbələr bu işə böyük həvəslə qatılıblar. Bundan əlavə “Heydər Əliyev adına” radiostudiyamız da fəaliyyət göstərir ki, tələbələr ilk addımlarını burda da ata bilirlər.
– Səfər müəllim, elə bir fikir mövcuddur ki, jurnalistikanın təhsilə ehtiyacı yoxdur, jurnalistika sənətdir, yaradıcılıqdır, istedaddır. Sizcə jurnalist üçün təhsil nə dərəcədə önəmlidir?
– İstənilən sahədə istedad vacibdir, amma bu istedadın düzgün təqdim edilməsi, istiqamətləndirilməsi üçün təhsil də mütləqdir. Jurnalistikada da peşəkarlar və təsadüfi insanlar var. İnandırım ki, peşəkar olmaq üçün bütün ömür boyu oxumağa, savadlanmağa ehtiyac var. Mənim müasir jurnalistikada qəbul etmədiyim məqamlar var. Məsələn,
JURNALİST BUGÜN QƏZETDƏ YAZDIĞI İNFORMASİYA ÜÇÜN SABAHISI GÜN TƏKZİB VERİRSƏ,
bu hal nəinki jurnalistin nüfuzuna zərbədir, məncə, həmin jurnalist karyerasını bitirsə, daha düzgün olardı. O, özü başa düşməlidir ki, qəzet çap olunaraq minlərin, milyonların əlinə keçir, artıq məlumat ictimaiyyətin ixtiyarına buraxılır.
– Bu
gün Azərbaycan jurnalistikasında baş verən bu hallar
haradan qaynaqlanır?
– Hesab
edirəm ki, jurnalistə mütləq azadlıq verilməlidir.
Lakin jurnalist öz daxilində o
azadlığın sərhədlərini müəyyənləşdirməli,
təxmin etməlidir ki, hansı həddən o tərəfə
artıq demokratiya deyil, anarxiyadır,
özbaşınalıqdır, kiminsə həyatına
müdaxilə etməkdir. Vay o jurnalistin
halına ki, bu sərhədləri müəyyən edə
bilmir və biz onların düşdüyü durumları da
görürük.
CİBLƏRİNDƏ
JURNALİST VƏSİQƏSİ GƏZDİRİB ONDAN
TƏHDİD, ŞANTAJ VASİTƏSİ KİMİ
İSTİFADƏ EDƏNLƏR DƏ,
ləyaqətli jurnalistləri də tanınır, bilinir. Xalqın gözü tərəzidir, hər kəs əvvəl-axır
yerini tutur.
–
Jurnalistika şəbəsinin fakültə ilə əvəz
olunmasından sonra daha hansı yeniliklər baş verdi və perspektivdə daha nələr
planlaşdırılır?
–“Azərbaycan filologiyası və jurnalistika” fakültəsi
yarandıqdan sonra daha iki kafedra təsis olundu. Yeni yaranan
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi,
Yeni media və kommunikasiya texnologiyaları kafedralarına
peşəkar jurnalistlər dəvət olundular. Fakültənin BBC ilə birgə layihəsində əlavə
daha yeni bir layihə var ki, yəqin ki, bu da yaxın günlərdə
açıqlanacaq. İnanırıq ki,
bu layihə də BBC ilə birgə layihəmiz kimi uğurlu
olacaq və Azərbaycan jurnalistikasına öz töhfəsini
verəcək.
–
Jurnalistika fakültəsini bitirmiş məzunlara və bu sahəyə
maraq göstərən gələcək tələbələrə
nə demək istərdiniz?
– Harda
olursunuzsa olun, kimliyinizi unutmayın! Özümüzü
tanıdıqca ucalırıq, ucaldıqca
sözümüzün kəsəri çoxalır.
“YENİ
MEDİA VƏ FOTOJURNALİSTİKANIN TƏDRİSİ
AZƏRBAYCAN ÜÇÜN YENİLİKDİR”
Növbəti həmsöhbətim Yeni media və
kommunikasiya texnologiyaları kafedrasının müdiri, siyasət
elmləri üzrə fəlsəfə doktoru Aynur Bəşirlidir.
– Aynur xanım,
Yeni media və kommunikasiya texnologiyaları kafedrasını
yaratmazdan əvvəl bu universitetdə bir müddət Avropa
Şurasının “Azərbaycanda jurnalistika tədrisinin
inkişafına dəstək” layihəsi həyata
keçirmisiniz. Bu layihə barədə bir qədər
məlumat vermənizi istərdik.
– Adı
çəkilən layihənin sifarişçisi Avropa
Şurası, operatoru isə BBC Dünya Xidməti İnam (BBC
DXİ), benefisiarı Bakı Slavyan Universitetidir. BBC DXİ Azərbaycandan
əvvəl Ukrayna və Bolqarıstanda bənzər layihələri
həyata keçirdiyi, bu regionda artıq iş təcrübəsinə
malik olduğu üçün layihənin benefisiarını
özü seçməyə qərar vermişdi. BBC DXİ seçim edərkən universitetin yeniliklərə
açıqlığı, təhsil siyasətində
çevikliyi və layihə
iştirakçılarının təkmilləşmək,
öyrənmək və öyrətmək istəyi kimi amilləri
əsas göturürdü. Slavyan
Universiteti bu parametrlərə cavab verirdi. Layihənin
məqsədi jurnalistikanın tədrisinə dəstək
vermək idi. Bunun üçün
üç əsas hədəf müəyyən edilmişdi
– jurnalistika fakültəsi üçün işçi tədris
planını hazırlaması, müəllimlərin peşə
vərdişlərinin artırılması, fakültənin
texniki bazasının gücləndirilməsi. Bu hədəflərə çatmaq
üçün biz öncə bizim üçün önəm
daşıyan 5 istiqaməti müəyyənləşdirdik.
Bunlar televiziya jurnalistikası, radio
jurnalistikası, jurnalistikada etika və standartlar, fotojurnalistika
və yeni media oldu. Bunlardan sonuncu ikisi Azərbaycan
üçün yenilik idi.
FOTOJURNALİSTİKA
YALNIZ SOVET
DÖVRÜNDƏ AZƏRBAYCAN DÖVLƏT
UNİVERSİTETİNDƏ
TƏDRİS OLUNMUŞDU.
Son illər
Azərbaycanda bu sahəyə maraq durmadan artır və bu da
bizə fotojurnalistikanı seçməyə əsas verdi. “Yeni media” termin olaraq 2009-cu ilə qədər
az işlənirdi. O vaxta qədər veb
jurnalistika, onlayn jurnalistika kimi terminlər işlənirdi. Yeni media isə bütün bunları özündə
cəmləyən daha geniş anlayışdır. Bu həmin dövrə təsadüf edirdi ki, Qərb
universitetlərində də yeni media laboratoriyaları
yaranırdı və jurnalistika təhsilinin tərkibində
yeni media elementi olmazsa, o ciddi qəbul olunmurdu. Beləliklə, biz bayaq qeyd etdiyim işçi tədris
planını hazırlayanda bu yeni fənlərin plana
saldıq. Amma bununla yanaşı,
mövcud standartın özünü dərindən təhlil
edərək belə bir nəticəyə gəldik ki, bir
sıra fənlərin bir neçə modula bölünməsinə
ehtiyac var. Məsələn, “Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi”, “KIV-in texnika və texnologiyası”
və ya RTV jurnalistikası fənləri. Onların
hər biri 180, 120 saatlıq kurslardır. Təcrübə
göstərir ki, adətən bu kursların tədrisində
təkrarlar baş verir. Məsələn, tələbə
KİV-in texnika və texnologiyasında ancaq qəzet
texnikasını keçir, radio texnika və TV texnika tədris
olunmur ya da bunun əks baş vermir. Bu kimi
halların qarşısını almaq üçün biz bu
kursların dəqiq modullara bölünməsini təklif
etdik. Məsələn, 120 saatlıq KİV-in texnika
texnologiyası 3 yerə bölünür çap
texnikası, radio texnikası və tv
texnikası. Bunlar prerekvizit kurslardır. Hər birinin ayrıca modulu, sillabusu var. Beləliklə,
biz işçi tədris planını həm tələbə,
həm müəllim üçün anlaşılan bir tərzdə
qurduq. Belədə təhsil səyahətə
bənzəyir, biz haradan gəlib hara getdiyimizi bilirik.
– Peşə vərdişlərinin təkmilləşdirilməsi baxımından bu layihə nə kimi yeniliklər verdi?
– Layihə çərçivəsində Yeni media və Fotojurnalistika laboratoriyaları yaradılıb. Onların texniki imkanları tələbələrə praktik vərdişlərə yiyələnməyə imkan verir. İndi laborator dərslərin hamısı universitetdə keçmək mümkündür.
“TƏLƏBƏLƏRİMİZ SƏNƏDLİ FİLMLƏR ÇƏKƏCƏKLƏR”
Yeni media və Kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova artıq 6 ildir ki jurnalistika ixtisasından dərs deyir.
– Sizin dərs dediyiniz tələbələrin özəlliyi sizcə nədədir?
– BSU-dan başqa heç bir yerdə dərs demədiyim üçün bu haqda danışmaq çətindir. Özüm 20 il əvvəl BDU-nu bitirmişəm və o vaxtla indiki arasında fərq böyükdür. Amma yenə də müqayisə etməmiş deyiləm. Biz UNİCEF-in “Uşaq hüquqları və jurnalistika” layihəsində iştirak edirdik. Bizdən başqa, BDU və Xəzər Universiteti də həmin layihədə iştirak edirdilər. Xarici qonaqlar hər üç universitetdə tələbələrlə ünsiyyətdə olduqdan sonra bizə dedilər ki, sizin tələbələr daha müasirdir və ünsiyyətə açıqdırlar. Öz tələbələrim haqqında bunu eşitmək, həqiqətən, çox xoş idi. Dörd il dərs dediyim qrup çox savadlıdır, onların arasında artıq işləyənlər də var. İşlə təmin olunmaqları üçün mən də kömək edirəm.
– BSU-nun jurnalistika fakültəsinin qoşulduğu layihə tələbələriniz üçün hansı imkanları yaratdı?
– Bu tələbələr artıq hazır
juranlistlərdir. Burada kameralar, montaj proqramları, bütün
avadınlaqlar var. Onlar çəkilişi, montajı, səs
effektlərini çox yaxşı mənimsəyiblər. Məsələn,
gələn həftə üçün onlara kiçik
reklam çarxları çəkmək
tapşırılıb. Bizim elə fikrimiz var ki, əgər
elmi şurada qəbul olunarsa, bu il də
olmasa, gələn ildən tələbələrdən
buraxılış işi kimi sənədli filmlər təhvil
alaq. Onların qabillyyət və biliklərini
bu üsulla qiymətləndirmək daha düzgün
olardı.
“JURNALİSTİKA
ELM DEYİL, SƏNƏTDİR”
Lider
TV-nin İdman Deparmentinin rəhbəri, jurnalistika
ixtisasını tədris edən Rövşən Məmmədov
dərsə tələssə də, suallarıma cavab verdi..
–
Rövşən müəllim, dərslərinizdə tələbələrinizə
daha çox nəyi öyrətməyə
çalışırsız?
–
Jurnalistika elm deyil, sənətdir. Ona görə
tələbələrə praktik vərdişləri üzərində
daha çox işləyirik. Biz “newsmaker”
hazırlayırıq, tələbə həm operatorluğu,
xəbər hazırlamağı, xəbəri duymağı,
montajı bacarmalıdır. Praktikası
olan tələbələrin televiziya və radioda daha
asanlıqla çalışa biləcəklər. Mənim dərs dediyim tələbələr
televiziyanın terminlərini, texnikasını həm nəzəri,
həm praktiki cəhətdən mənimsəyiblər.
– BSU-nun
jurnalistika fakültəsinin tələbələrini digər
universitetlərin eyni ixtisasında təhsil alan
tələbələri ilə müqayisə etmək sizə
daha asan olar.
– Mən Azərbaycan və Avrasiya universitetlərində
də dərs deyirəm. BSU dövlət universiteti olduğu
üçün tələbələr savad baxımdan
seçilirlər. Amma həm özəl,
həm dövlət universitetini bitirən tələbələrim
Azərbaycanın müxtəlif telekanallarında
çalışırlar.
Pərviz SADIQOV
525-ci qəzet.-
2011.- 15 dekabr.- S.4.