Vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolu

 

QHT-lər VƏTƏNDAŞ CƏMİYYƏTİNİN DÖYÜNƏN ÜRƏYİDİRSƏ, MEDİA DA GÜCÜDÜR

Biz məcburi köçkün təşkilatı olaraq öz gücümüzə regionlarda qadınlarla bağlı bir sıra tədbirlər keçirmişik. Keçirdiyimiz bütün tədbirlər barədə mətbuata press-relizlər göndərsək də, dərc etməyiblər. Mətbuatın QHT məlumatlarına bir laqeydliyi var. Vətəndaş cəmiyyəti quruculuğunda isə mətbuatın rolu olmadan tanınmaq, inkişaf etmək mümkün deyil. Əgər qəzetlər, internet portalları bizim informasiyalarımıza biganə qalırlarsa, ictimaiyyət bizi necə tanıyacaq, fəaliyyətimizdən necə xəbər tutacaq?”.

Bu sözləri “Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar Təşkilatının nümayəndəsi Nargilə Əhmədova deyir. Onun sözlərinə görə, öz fəaliyyəti barədə məlumatı qəzet, internet portalında dərc etdirmək istəyən QHT rəhbəri tanışlıqdan, kimlərinsə vasitəçiliyindən istifadə etməli olur.

”Əks halda, QHT tərəfinədn hansısa media qurumuna göndərilən press-relizlər bir kənara atılır, səbəb də bu göstərilir ki, həmin təşkilat tanınmırsa, onun informasiyasını da dərc etməyə dəyməz. Halbuki, vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın da üzərinə bir məsuliyyət düşür: ictimaiyyəti maarifləndirmək, QHT-lərin işinə anlayışla yanaşmaqs.”.

Müsahibimizin sözlərinə görə, bir çox hallarda yazılı və elektron media QHT-lər arasında ayrı-seçkilik edir, telekanallar isə ümumiyyətlə III sektorun xəbərlərini yaxına qoymurlar.

QHT nümayədəsinin sözlərini qəribçiliyə salmaq olmaz. Doğrudan da mətbuatın rolu olmadan vətəndaş cəmiyyəti quruculuğunda heç bir irəliləyişdən söhbət gedə bilməz. Bu prosesdə kütləvi informasiya vasitələrinin xüsusi yerirolununun olduğunu hər bir III sektor təmsilçisi anladığından onlar qarşı tərəflə əməkdaşlığa can atır. Və bildirirlər ki, qeyri-hökumət təşkilatları dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə fəal cəlb olunurlarsa, mətbuat da bunu diqqətdən kənarda qoymamalıdır.

Amma əgər III sektor 4-cü hakimiyyətlə münasibətlərin inkişafında maraqlıdırsa, onda o da çeviklik nümayiş etdirməlidir. Məsələn, mətbuatdan gileylənən QHT-lər həyata keçirdiyi layihənin piarını qurmağı öyrənməli, yaydığı məlumatda informasiya yükü, medianı maraqlandıracaq mövzu olmalı, oxucunu qıcıqlandıracaq xəbərə üstünlük verməlidir. Qeyd etmək lazımdır ki, QHT sektorunda mətbuatla , jurnalistin sözün yaxşı mənasında ələ alınması lazımi səviyyədə qurulmayıb. QHT rəhbərləri sanki informasiya cəmiyyətində yaşadığımızı yaddan çıxarırlar.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də III sektorun inkişafının mediadan asılı olduğu qənaətindədir. Şura sədri deyir ki, vətəndaş cəmiyyətinin döyünən ürəyi qeyri-hökümət təşkilatları, gücü mediadır.

”Mediasız vətəndaş cəmiyyətini nə təsəvvür etmək, nə də vətəndaş cəmiyyətinin qurulmasında ciddi uğur qazanmaq olar. Media həm də vətəndaş cəmiyyətinin əsas atributlarından biridir. Ona görə də vətəndaş cəmiyyətinin qurucuları olan qeyri-hökümət təşkilatlarının üçüncü sektorunda əsas element kimi mətbuatı görürəm. Təsadüfi deyil ki, son illər III sektor sahəsində qazanılan uğurlarda media-QHT əməkdaşlığının böyük rolu olub”.

Azay Quliyevin sözlərinə görə, vətəndaş cəmiyyətinin gördüyü işlər, eyni zamanda bu sahənin çətinlikləri, problemləri mediada işıqlandırılmazsa, o zaman bundan heç kimin xəbəri olmaz.

Bu zaman vətəndaş cəmiyyətinin uğurlarını da təqdir etmək olmazeyni zamanda çətinlikləri görüb onu aradan qaldırmaq istiqamətində addımlar da atılmaz. Baxmayaraq ki, bir çox məsələləri mediasız da həll etmək mümkündür və dövlətin konkret olaraq vətəndaş cəmiyyəti, QHT-lərlə bağlı gördüyü işlər var. Amma mən medianın bu sahədəki rolunu böyük mənada qeyd etməliyəm”.

Şura sədrinin fikrincə, media QHT sektoru ilə dövlət qurumları arasındakı körpünün salınmasında əsas faktorlardan biridir.

Vətəndaş cəmiyyəti quruculuğunda media öz gücünü dəfələrlə nümayiş etdirib. Məsələn, Nazirlər Kabineti 2011-ci ilin əvvəlində QHT-ləri məcburi auditə cəlb olunan qurumlar siyahısına daxil etmişdi. Məsələ məhz mətbuat vasitəsilə ictimailəşdiriləndən sonra hökumət QHT-ləri məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxardı.

Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu yeni mərhələyə qədəm qoyub. Vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin QHT-lərə dövlət qayğısını gücləndirmək məqsədilə bu sahəyə diqqət də ildən-ilə artır. Əgər 2011-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasına dövlət büdcəsindən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdısa, 2012-ci ildə bu məbləğ 3 milyon 808 min 960 manat olacaq.

III sektorda fəaliyyət göstərən hər bir QHT isə dövlətin ildən-ilə artan bu dəstəyindən yararlanmağa can atır. Elə bunun nəticəsidir ki, hər il ölkədə yaranan QHT-lərin də sayı çoxalır.

Araşdırmalar göstərib ki, vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolunu nəzərə alan Ədliyyə Nazirliyi 2009-cu ildə 169, 2010-cu ildə isə 124 yeni QHT-ni dövlət qeydiyyatına alıb. Nazirliyin QeydiyyatNotariat Baş İdarəsindən bildirilib ki, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması nəticəsində dövlət qeydiyyatına alınmış QHT-lərin sayı artıq 3500-ü ötüb.

Bəs vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolunu qarşı tərəf – mətbuat nümayəndələri necə görürbu məsələdə onların marağı nədir?

Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, əksər QHT-lərin özləri media qurumları ilə əlaqə qurmağa can atmır: “Bəzi QHT rəhbərləri elə fikirləşirlər ki, media orqanları işini-güçünü atıb onların axrasınca qaçmalıdır. Halbuki, QHT-lər özləri media ilə əlaqə qurmağa çan atmırlar. Bu əlaqələrin olması QHT-lərin fəaliyyətlərinin cəmiyyətə çatdırılması baxımından vacibdir. QHT-lər həm yerli, həm də xarici donarlardan aldığı qrantlardan mətbuata 1 manat da olsa, xərcləmək istəmir. Bu məsələnin özü ədalətsizlikdir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, son zamanlar QHT-media münasibətləri güclənib: “Çünki QHT-lər bilir ki, mediasız fəaliyyət mümkün deyil”.

Akif Aşırlı da düşünür ki, QHT-lər donorlardan aldıqları vəsaitlərin bir qismini KİV-lərə verməklə medianın vətəndaş cəmiyyəti quruculuğu prosesindəki rolunu gücləndirə bilərlər:

“Qəzetlər marifləndirmə işini yerinə yetirsə də, onların ayaqda durması üçün maliyyə vəsaitinin olması vacibdir. Qəzetin oxucu auditoriyası, bu auditoriyaya çatdırılan xəbərləri var. Qəzetin o məlumatları toplamaq, oxucularına çatdırmaq və biznes sturukturu kimi inkişaf etməsi üçün müəyyən vəsaitə ehtiyacı var. Bu işdə QHT-lər aldıqları vəsaitin müəyyən bir qismini qəzetlərə verməklə kömək edə bilərlər”.

III sektor təmsilçiləri arasında QHT-media münasibətlərilə bağlı fərqli arqumentləri olanlar var. Məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bəzi QHT-lər və onların rəhbərləri mediaya açıq deyil.

”Bəzi hallarda QHT-lər arzuolunmaz yerlərdən qrant alır, korrupsioner məmurlardan maliyyələşir. Fəaliyyətləri şəffaf olmayan qurumlar da nəticə etibarilə mediaya açıq olmaqdan çəkinirlər”.

E.Hüseynovun fikrincə, maraqlı informasiyaları olan QHT-lə mediaya maliyyə köməyi göstərmədən də öz xəbərlərini mətbuatda yaya bilər: “Bizim birliyin maraqlı informasiyaları olur. Əgər QHT-lərin maraqlı informasiyaları olsa, qəzetlərə pul verməsələr də, onların materialları çap olunar. Burada hər şey QHT rəhbərindən asılıdır”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməməd Nuriyevin fikrincə, media-QHT əlaqələrindəki problemlər və onları aradan qaldırmaq, münasibətləri inkişaf etdirmək üçün treninqlərin keçirilməsi vacibdir: “İki qurum arasında treninqlərin kecirilməsinə ehtiyac var, daha yaxşı press-relizlərin hazırlanması üçün də həmçinin...

Hər iki qurum cəmiyyətinin bir sektorudur, müstəqil qurumdur. Bu gün münasibətləri inkişaf etdirmək üçün peşəkarlığın artırılması, maliyyə məsələlərinin həlli lazımdır”.

Ə.Nuriyev düşünür ki, son zamanlar medianın QHT-lərə informasiya mənbəyi kimi baxdığı məqamlar da var. Onun sözlərinə görə, bəzi QHT-lər cəmiyyətin müxtəlif sahələrinə dair araşdırmalar apardığından daha çox informasiyaya malikdir: “Hətta bəzi dövlət qurumlarından QHT-lər aktiv işləyir və daha çox bilgiyə sahibdir”.

Onun fikrincə, bu kimi hallar vətəndaş cəmiyyəti quruculuğu prosesinə medianın marağını artırır.

Bütün deyilənlərin yekununda belə qənatə gəlmək olar ki, media hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafında əsaslı rola malik olduğundan, problemlərə vətəndaş mövqeyindən yanaşma onun keyfiyyət göstəricisinə çevrilməlidir. Əhalinin bəlkə də yarısı QHT fəlsəfəsindən, vətəndaş cəmiyyəti institutlarından xəbərsizdir. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti medianın diqqətində saxlanılmalıdır ki, bu qurumların işindəki şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər də aradan qalxsın.

Məsələn, mətbuat araşdıra bilər ki, QHT-lərin bir çoxunda nizamnaməyə uyğun olaraq niyə ildə bir dəfə ümumi yığıncaqlar keçirilmir, rəhbər orqanlar seçilmir, niyə bəzi QHT-lər bir şəxsin mülkiyyətinə çevrilib, QHT sektorunda rüşvət və korrupsiyanın səviyyəsi nə qədərdir? Niyə bəziləri QHT yaratmaqla yalnız özlərinin maddi maraqlarını düşünürlər, nə üçün bir sıra qəzetlər “reket” adı ilə məşhurlaşdığı kimi, bəzi QHT-lərə də “qrantyeyən” adı yapışdırılıb?

Şübhəsiz ki, medianın bu istiqamətdəki araşdırmaları QHT-lərin fəaliyyətində səmərəliliyinin artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesinin inkişafı üçün vacib amil ola bilər.

 

Əfqan QAFARLI

525-ci qəzet.- 2011.- 15 dekabr.- S.5.