Bir milyon azərbaycanlının
taleyinə beynəlxalq birlik hələ də
biganə yanaşır
1988-1993-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Məcburi köçkünlər hazırda ölkənin 62 şəhər və rayonunda 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti yaşayırlar.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, təxminən 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olub.
BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Lakin onlar indiyədək yerinə yetirilməyib.
İlk dövrlərdə məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, fermalarda, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalar və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdı.
Hazırda Azərbaycan əhalisinin hər doqquz nəfərdən biri didərgin düşmüş şəxsdir ki, bu da dünyada əhali nisbətinə görə çox yüksək göstəricidir. Nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətinin ortaya çıxardığı bu mənzərəyə sadəcə seyrçidirlər. Azərbaycana qarşı hərbi təcavüz və onun vurduğu maddi-mənəvi zərər dövlətimizin bir nömrəli problemi olaraq qalır.
Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”nda öz əksini tapıb.
Beynəlxalq birlik problemə biganəlik nümayiş etdirdiyi üçün yük tam şəkildə Azərbaycan dövlətinin çiyinləri üzərinə düşüb. Bu günlərdə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, qaçqın və məcburi köçkünlərin mənzil, sosial, iqtisadi şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsinə indiyə qədər 4,6 milyard dollar ayrılıb. Dövlət Neft Fondundan isə bu məqsədlə daha 1 milyard dollar vəsait ayrılıb. Didərginlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2010-cu illər ərzində 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilib.
Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərə baxmayaraq qaçqın və məcburi köçkün probleminin miqyası o qədər böyükdür ki, onların humanitar, sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda 400 min məcburi köçkün ağır vəziyyətdə yaşayır. Onların 216 mini Bakı şəhərindədir. Dövlət proqramı bütün məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu barədə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq, öncə çadır düşərgələri ləğv edilib. İlbəil ən ağır vəziyyətdə yaşayanlar prioritet seçilir: “Birinci prioritet çadır düşərgələri idi. Onlar artıq köçürülüb. Bundan sonra Fin qəsəbələrinin köçürülməsinə başlanılıb. Sonra isə məktəblər, uşaq bağçaları, düşərgələr, hərbi hissələr, tələbə yataqxanalarından köçürülmə başlanacaq”.
Son illər ərzində xarici donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə – 4 dəfə azaldılıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfərdən çox məcburi köçkün artıq bir neçə ildir donor təşkilatlar tərəfindən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb.
Məcburi köçkünlərin maliyyə imkanları məhdud olduğundan onlara müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində də çətinliklər var. Yeni xırda istehsal sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair layihələrin həyata keçirilməsinə böyük tələbat yaranıb. Köçkünlərin sıx məskunlaşma yerlərində-fermalarda, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrində və sair yerlərdə infrastruktur, elektrik xətləri, içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına ciddi ehtiyac duyulur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı şəhərində köçkünlərin məskunlaşdığı yataqxanaların əksəriyyəti ya qəzalı, ya da ki, istismar müddəti başa çatmış binalardır. Bu isə təhlükəli məqamlardan xəbər verir. Xatırladaq ki, paytaxtda 47 min ailə – 216 min köçkün məskunlaşıb. Onlar 262 yataqxanada məskunlaşıblar. Dərnəgül qəsəbəsində məcburi köçkünlərin daha çox məskunlaşdıqları yataqxanaların istismar müddəti nə az, nə çox 20 il öncə başa çatıb. Hazırda həmin yataqxanaların zirzəmiləri bərbad vəziyyətdədir. Demək olar ki, binalarda kanalizasiya sistemləri sıradan çıxıb. Bəzi yataqxanalarda pilləkənlər yararsız hala düşüb. Onların hər an uçma təhlükəsi var. Əksər yataqxanaların damları uçub. Kanalizasiya sistemi işləmədiyindən bəzi yataqxanaların divarlarından bayıra su sızır. Bu isə hər an təhlükə deməkdir.
Eyni vəziyyət Bakı Dövlət Universitetinin, Texniki Universitetin yataqxanalarında hökm sürməkdədir. Onu da qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların istismar müddəti 30 ildir. Lakin həmin yataqxanalar 50 ilə yaxındır istismardadır. Ən dözülməz vəziyyətə isə məcburi köçkünlərin məskunlaşdıqları yarımçıq tikililərdə rast gəldik. Bakıda xeyli belə bina var. Həmin binalar əsasən Binəqədi, Nizami və Xətai rayonlarında yerləşir. Bu binalarda kommunal xidmətdən danışmağa dəyməz. İş o yerdədir ki, binalarda kanalizasiya sistemi olmadığından burada məskunlaşan qaçqınlar çirkli suları birbaşa küçəyə axıdırlar. Elektrik sistemi bərbad vəziyyətdədir. Bir sözlə, bu binalarda yaşamaq təhlükəlidir.
Yuxarıda adını çəkdiyimiz yataqxanalarda və yarımçıq binalarda apardığımız müşahidələr 18 ildir orada məskunlaşan məcburi köçkünlərin həyatının zindan əzabı olduğuna əminlik yaratdı.
Buradakı mənzərəni görüb heyrətlənməmək mümkün deyil. 16 kvadratmetrlik darısqal, heç bir kommunal şəraiti olmayan otaqlarda ailələr yaşayır. Valideynlər deyir ki, uşaqları rütubətdən xəstəlik, revmatizm tapıblar. Antisanitariya hökm sürür. Adamlar küçələrdən su gətirməli olurlar. Bir binada hərəsində azı 4 nəfər olmaqla 90 ailə yaşayır və bu qədər əhalinin hamısı yataqxanada mövcud olan yeganə hamamdan istifadə etmək məcburiyyətindədirlər. Ayaqyolu da ümumidir. Burada ailələrin əksəriyyəti övladlarını mənzilsizlik probleminə görə evləndirə bilmirlər.
İmişli rayonu ərazisində yerləşən Fin tipli qəsəbədə də olub məcburi köçkünlərin vəziyyətini öyrəndik. Qəsəbədə qarşımıza ilk çıxan iki gənc işsizlikdən və şəraitsizlikdən gileyləndi. Onların sözlərinə görə, bu səbəbdən gənclər qəsəbəni tərk edib Bakıya gediblər. Burada qalanlar isə çiy kərpic kəsib satmaqla məşğuldur. Ən yaxşı halda onlar hər həftənin ikinci günləri mal-qara bazarına çıxırlar. Bakıdan mal-qara almağa gələn qəssabların malını yükləyib çörək pulu qazanırlar. Onlar bildirdilər ki, bu yay şəhərciyi su basıb, xeyli evlər uçub. Nəticədə xeyli insana ziyan dəyib. Sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətləndilər. Onlar şagirdlərin dərsə gedə bilmədiklərini dedilər.
Buradakı məktəbə də baş çəkdik. Cəmi 6 “fin” otağından ibarət olan məktəbdə tədrisin mənzərəsi çılpaqlığı ilə göz qabağında idi. Otaqlar qışda soyuq olduğu üçün şagirdlər dərsdən yayınmaq məcburiyyətində qalır. Qəsəbədə parka, uşaqların əylənməsi üçün meydançaya rast gəlmədik. Bu və digər səbəblərdən məcburi köçkünlər arasında ali təhsil alanların sayı kəskin şəkildə azalıb.
Şəhərcikdə içməli su təchizatı da ürəkaçan
deyil. Kanalizasiya sistemi olmadığından,
çirkab suları həyət-bacaya dolur. Bəzi məhəllələrdə
üfunətdən nəfəs
almaq olmurdu. Həmsöhbət olduğumuz
Kamil adlı köçkün dedi ki, onlar beynəlxalq
təşkilatlardan əllərini
üzüblər. Ümidləri yenə də öz dövlətimizə
qalıb. Hökumətin onları köçürüləcəkləri
günü gözləyirlər.
Bu faktlar Azərbaycanda
məcburi köçkünlərin
probleminin nə dərəcədə ciddi
olduğunu göstərir. Azərbaycan Prezidenti
İlham Əliyev də xarici qonaqlarla bütün görüşlərində, xarici
səfərlərində, ictimaiyyət
qarşısında çıxışlarında
məcburi köçkünlərin
problemlərinin ciddiliyinə
xüsusi yer ayırır və dünya birliyini bu insanların taleyinə biganə qalmamağa çağırır.
Prezidentin köçkün ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında
imzaladığı sərəncamda
da deyilir ki, məcburi köçkünlərin böyük
əksəriyyəti hələ
də yaşayış
üçün yararlı
olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma
yerlərində ağır
şəraitdə yaşayır
və ciddi sosial problemlərlə üzləşirlər.
Azərbaycanda qaçqın və məcburi köçkün
probleminin 20 ildən artıqdır davam etməsində beynəlxalq
birliyin də məsuliyyəti böyükdür. Dünya 1 milyona
yaxın günahsız
insanın taleyinə hələ də biganəlik nümayiş etdirir. Ümumbəşər İnsan Hüquqları
Deklarasiyasının 14-cü bəndində qeyd olunur ki, nə
qədər ki, dünyada müharibələr,
təqib olunmalar, hüququ tapdalanmalar, dözümsüzlük və
insanlığa laqeydlik
mövcuddur, qaçqınlar
və məcburi köçkünlər də
mövcud olacaq. Məcburi köçkünlərin acınacaqlı
vəziyyəti müasir
dövrün ən böyük faciələrindən
biridir, onların müqəddəratı isə
insan hüquqlarını
müdafiə problemi kimi hər birimizi
narahat etməlidir.
Qaçqınlar və məcburi köçkünlər öz
günahları olmadan
XX əsrin çox böyük sarsıntılarının
iştirakçıları olmuş bizim kimi insanlardır. Onların arasında
həkimlər və hüquqşünaslar, müəllimlər,
fəhlələr, analar,
atalar və uşaqlar var. Dünya birliyi hər bir qaçqın və məcburi köçkünün hüququnun
bərpa olunması uğrunda ciddi addımlar atmalıdır.
Unutmaq lazım deyil ki, bu gün
məcburi köçkünlük,
qaçqınlıq kimi
ağır həyata məhkum olunmuş minlərlə uşağın,
gəncin sıralarından
dünyaya töhfə
verən dahilər də çıxa bilər. Tarixə nəzər yetirdikdə
belə faktların çox olduğunu görə bilərik.
Albert Eynşteyn, Ziqmund
Freyd, Mixail Barışkin, Marlen Ditrix, Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Viktor Hüqo, Cüzeppe Qaribaldi və Vladimir
Nabokov kimi məşhurlar
da qaçqın olublar. Dünya bu gün Azərbaycanda və digər yerlərdə qaçqın, məcburi köçkün problemini
bəşəriyyətin problemi
olaraq qəbul edib bu vəziyyətin
aradan qaldırılmasına
nail olmadıqca, qaçqınlar
və məcburi köçkünlər problemi
də beynəlxalq cəmiyyətə çağırış
olaraq qalır.
Məhəbbət ORUCOV
525-ci qəzet.- 2011.- 16 dekabr.- S.4.