Zaqafqaziya Seyminin üzvü CƏFƏR AXUNDOV
Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputatların, özəlliklə Azərbaycandan olan üzvlərin həyat və fəaliyyəti, təəssüf ki, indiyədək tam araşdırılmayıb. Biz Seymin Azərbaycandan olan üzvlərinin bir çoxu haqqında indiyədək, demək olar ki, heç nə bilmirik. Bugünədək tarixin qaranlıqlarına gömülmüş həmin şəxsiyyətlərdən biri də Cəfər Axundovdur. İnternetdə bəzi saytlarda və bir sıra yazılı qaynaqlarda Cəfər Axundov “Axundov” soyadlı başqalarıyla qarışdırılıb. Bu yazıda mən Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Cəfər Axundov haqqında geniş bilgi verirəm. Onu da bildirim ki, bu məqalədə Gürcüstan Dövlət Mərkəzi Tarix Arxivinin materiallarından və C.Axundovun qardaşı nəvəsi Rasim Axundov’un verdiyi bilgilərdən yararlanmışam.
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur “Usta Zeynal” hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır.
Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla Imamqulu oğlu Mollazadə Gəncəvi 1848-ci ildə indiki Daşkəsən rayonunun Qabaqtəpə kəndində dünyaya gəlib. O, Qazaxlar tayfasından idi. Bu tayfa XVIII əsrin 40-cı illərində Nadir şahın ölümündən və Azərbaycanda xanlıqların yaranmasından sonra indiki Qazax rayonu ərazisindən Daşkəsənə və bir sıra başqa yerlərə köçmüşdü. Məsələn, Molla Pənah Vaqifin ailəsi Qarabağ xanlığına pənah aparmışdısa, Hacı Şeyx Həsənin ailəsi də Cavad xanın dövründə Gəncə xanlığına sığınmışdı. Bu üzdəndir ki, indi Azərbaycanın bir çox yerlərində “Qazax” toponiminə rast gəlinir. Qazaxlar maldar tərəkəmə tayfası idi, yəni onlar tam köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da olsa əkinçiliklə məşğul idilər.
Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı və yazmağı öyrədib. Kəndlərini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib və müctəhid rütbəsinə çatıb.
Əldə olan bilgilərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc ziyarətinə gedib və bundan sonra “hacı” titulu qazanıb.
Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən doğma yurdu Naxçıvana dönərək Nehrəm kəndində yaşayıb. Burada o, dostunun qızı Məşədi Xədicə xanımla ailə qurub. Nehrəm mühiti, təbii ki, onun daxili potensialının tam gerçəkləşməsinə imkan vermirdi, buna görə də Gəncəyə qayıdaraq burada ruhani kimi fəaliyyət göstərib. Yerli camaat Molla Hacı Həsənə onun üçün Gəncədə Səbzikar qəbiristanlığının yanında indiki İsmət Qayıbov küçəsi ərazisində torpaq sahəsi alıb. Hacı Şeyx Həsən ömrünün sonunadək burada yaşayıb.
Gəncə müctəhidinin qızı Həbibə xanım’la yeni ailə quran Hacı Şeyx Həsən bu izdivacdan 2 il sonra Naxçıvandakı ailəsini də Gəncəyə gətirib.
XX yüzilin başlanğıcında Cənubi Qafqazın mərkəzi sayılan Tiflisə gedərək şeyxülislamın yanında imtahan verən Hacı Şeyx Həsən Gəncə Şiəməzhəb Ruhani Məclisinin üzvü və Gəncə şəhərinin axundu təyin edilib. O, Şah Abbas məscidindəki ruhani seminariyasında ilahiyyətdən dərs deyirdi.
Hacı Şeyx Həsən Mollazadə Gəncəvi dərin ilahiyyatçı alimdi. Araşdırmalarımıza görə, Mollazadə 10-a yaxın kitabın müəllifidir. Bu əsərlərin içərisində 4 cildlik “Zübdət-ət-təvarix. Həzrəti Adəmdən zəmanəmizə qədər keçən vüquati-təvarixiyyeyi-came dörd cild üzərinə yazılmış tarixi-ümumidir” (I cild, Tiflis: “Qeyrət” mətbəəsi, 1905, 261 səh.; II cild, Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1909, 128 səh.; IV cild, Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1912, I kitab, 100 səh., II kitab, 92 səh.; III cild, I kitab, Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 155 səh.), 2 cildlik “Müxtəsər tarixi-islam. Tarix elmləri ümumudur və ayineyi-cəhannümadır” (Gəncə: Haqverdiyev, Rzayev və Əbilov mətbəəsi, 1908, I cild, 119 səh.), “Tarixi-ənbiyayi-üzam əleyhüssəlam” (Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 60 səh.), “Hidayətül-müslimin və yaxud Mizanül-ədyan” (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1910, 116 səh.), “Əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, 118 səh.), “İbtidai-əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, I hissə, 36 səh.), “Bəsirətül-islam. Müfəssəl əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, 120 səh.) və b. mühüm yer tutur.
Hacı Şeyx Həsən Mollazadə Gəncə şəhərinin mədəni-maarif həyatında da yaxından iştirak edirdi. “Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı”nda Mollazadənin adını şəhər Dumasının üzvləri arasında görürük. O, buraya müsəlman din xadimləri zümrəsindən seçilmişdi.
1919-cu ildə vəfat etmiş Hacı Şeyx Həsən Gəncədə Səbzikar məzarlığında dəfn edilib.
Bunu da bildirmək vacibdir ki, bir sıra ciddi elmi nəşrlərdə Axund Hacı Şeyx Həsən Mollazadə Gəncəvi (1848-1919) Şəkinin Gəncəlilər məhəlləsində doğulduğuna görə özünə “Gəncəvi” nisbəsi götürmüş görkəmli din alimi və şeyxülislam Axund Hacı Məhəmmədhəsən İsmayıl oğlu Mövlazadə Şəkuyi (1853-1932) ilə qarışdırılıb. Şeyxülislam Mövlazadə bir çox başqa dəyərli əsərləriylə yanaşı, Qur`anın dilimizə ilk tərcüməsi olan 2 cildlik “Kitabül-bəyan fi təfsirül-Qur`an” adlı möhtəşəm əsərin (Tiflis: “Qeyrət” mətbəəsi, 1908) müəllifidir.
Azərbaycanın mənəvi həyatında görkəmli rol oynamış Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin həyatı haqqında verdiyimiz bu qısa bilgidən sonra qeyd edək ki, onun aşağıdakı övladları olmuşdur: Hüseyn, Cəfər, Həmid, Məcid, İsrafil, Həsən, Səriyyə və Sürəyya. Göründüyü kimi, Cəfər ailədə ikinci uşaqdır.
Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan “Hümmət” partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar.
1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C.Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib. Atası Hacı Şeyx Həsəni jandarm idarəsinə çağıraraq deyiblər ki, sənin oğlun kafirdir (sosialistləri kafir kimi qələmə verirdilər), halbuki sən axundsan.
1909-cu ildə Parisə mühacirət edən Cəfər Axundov burada rusca nəşr edilən “Musulmanin” jurnalında əməkdaşlıq etmişdir. Məsul redaktorun imzaladığı 15 may 1909-cu il tarixli 49 saylı şəhadətnamədən bilinir ki, o, jurnalın əməkdaşı və təmsilçisidir. Bu jurnalda C.Axundovun bir sıra yazıları nəşr edilib.
Cəfər Axundov 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətiylə Rusiyada verilmiş amnistiyadan sonra ana vətəninə qayıda bilib.
1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdikdən sonra Gəncədə də Kerenskinin Müvəqqəti hökumətini təmsil edən hakimiyyət qurumları fəaliyyətə başlayıb. C.Axundov Gəncə Şəhər Fəhlə və Əsgər Deputatları Şurası sədrinin müavini seçilib.
Həmin ildə Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə C.Axundov oraya üzv seçilib. Bu Məclis bir gün fəaliyyət göstərib və Lenin onu qovduqdan sonra fəaliyyətinə xitam verilib. Zaqafqaziyadan seçilmiş deputatlar Tiflisdə toplaşaraq Zaqafqaziyanın müstəqilliyini elan edərək Zaqafqaziya Seymini qurublar. Cəfər Axundov da Seymin Məhəmmədəmin Rəsulzadənin başçılıq etdiyi müsəlman fraksiyasının üzvü olub.
28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdə həm də Azərbaycan Milli Şurasının üzvü olan Cəfər Axundov səsvermədə bitərəf qalıb (müstəqilliyə səs verməyən ikinci deputat isə “İttihad” partiyasının rəhbərlərindən biri Sultanməcid Qənizadə idi).
Cəfər Axundov Azərbaycan Cümhuriyyəti dönəmində müstəqil dövlətimizə gəlməyərək Gürcüstanda yaşayıb və bir müddət Borçalı torpaq şöbəsində çalışıb.
1920-ci ildə Azərbaycanın müstəqilliyi rus süngüləri ilə məhv edildikdən sonra C.Axundov Gəncəyə qayıdaraq yerli “Hümmət” (menşevik) partiyasına rəhbərlik edib (Səməd Ağamalıoğlu ilə birlikdə). Ancaq o, sıravi bir partiya işçisi olaraq qalmayıb və gerçək kommunist kimi sovet hakimiyyətinə qarşı olanlarla (ilk növbədə müstəqillik tərəfdarlarıyla) amansız mübarizəyə başlayıb. 4 iyun 1920-ci ildə Gəncədə Fövqəladə Komissiyanın (ÇK-nın) ona verdiyi 35 saylı mandatda oxuyuruq: “Bu mandatı təqdim edən Cəfər Axundov Gəncə şəhərinin müsəlman hissəsinin müvəqqəti komissarı təyin edilir və ona tapşırılmış bölgədə xüsusi sərəncam olanadək inqilabi qayda-qanunu bərpa etmək həvalə edilir”.
Azərbaycan xalq daxili işlər komissarı – Gəncə şəhəri üzrə Fövqəladə Komissiyanın sədrinin (Həmid Sultanovun) 1920-ci ilin iyununda imzaladığı 45 saylı başqa bir mandatda isə yazılıb:
“Bu mandatı təqdim
edən yol. Cəfər Axundova
Gəncə şəhərinin
müsəlman hissəsində
bəyləri, xanları
və banditləri axtarmağa və həbs etməyə səlahiyyət verilir və müqavimət göstərilərsə onlarla
inqilab dövrünün
qanunlarına əsasən
güllələmək də
daxil olmaqla rəftar etməyə hüquq verilir. Bütün hərbi və mülki hakimiyyət orqanlarından yol. Cəfər Axundovun üzərinə qoyulmuş vəzifələri
yerinə yetirməkdə
ona ən geniş yardım göstərmək tələb
edilir”.
Gəncə fövqəladə komissarının
Gəncə şəhər
3-cü sahə komissarına
25 iyun 1920-ci ildə yazdığı 130 saylı
məxfi məktubda göstərilir: “Bununla yol. Axundova görkəmli əks-inqilabçıları
həbs etmək səlahiyyəti verilib; bu zaman müvəqqəti
həbsdə saxlanmalı
olan Mikayıl Rəfibəyovdan istifadə
etmək gərəkdir,
çünki o, ifadə
vermək üçün
lazımdır və adı keçən komissar Axundovun yanında olacaqdır”.
Bu sənədlərdən də göründüyü
kimi, 1920-ci ildəki Gəncə üsyanının
qan içərisində
boğulmasından sonra
Cəfər Axundov cəllad Həmid Sultanova üsyançıların
tapılıb məhv
edilməsində əlindən
gələn yardımı
edib.
Sonrakı illərdə C.Axundov Azərneftdə mühəndis
vəzifəsində çalışıb. Ancaq qədirbilməz
bolşeviklər kommunist
partiyası qarşısındakı
xidmətlərini unudaraq
1928-ci ildə onu “nərimanovçu” damğası
ilə partiyadan qovublar.
Cəfər Axundov 1931-ci ildə Gəncə şəhərində
vəfat edib və atasının sərdabəsində dəfn
edilib.
23.03.2011
Oğuztoğrul TAHİRLİ
525-ci qəzet.-
2011.- 17 dekabr.- S.28.