Əyalətdən boylanan ədəbiyyatşünas-filosof

 

SABİR BƏŞİROV HAQQINDA PORTRET OÇERK

Rəqəmlərin uğuruna inananlardan deyiləm. Rəvacda olan qoşa rəqəmlərə və avtomobil nömrə nişanlarına da vurğunluğum yoxdur. Ancaq 55 rəqəminin məndə uşaqlıqdan bəri xoş bir çağrışımı var. Lotoda torbadan bu daşı çıxaran oyunçu uca səslə “partapart” deyərdi. Sanki beşaçılandan güllə atılır. Sabir Bəşirovun 55 yaşının tamam olduğunu öyrənəndə, sanki eyni səsi eşitdim. Mənə belə gəldi ki, həmin səs qələm dostumuz haqqında söz deməyin vaxtının çatdığına işarə vurur.

Sabir Bəşirov aktuallıq kəsb edən mövzuya, gündəlikdə duran ədəbi problemə, ədəbiyyata yeni nəfəs gətirən sənətkara və onun əsərinə dair söz deməyin daxili ehtiyaca çevrildiyi anda qələmə sarılır, ədəbi-tənqidi məqalə, publisitik yazı, yaxud esse ilə mətbuata üz tutur. Qənaətimcə, o, yazmaqla nə irşad etmək istəyir, nə də məhvərindən çıxmış dünyaya nizam vermək, “kainatı sahmana salmaq” (Əli Kərim) fikrindədir. Sadəcə, içindəki yükü paylaşmaq istəyir. Çünki bölüşməzsə, daşıya bilməyəcəyi qədər ağırdır yükü. Bəlkə də yalnız ədəbiyyatşünas olsaydı, bu siqləti daşıması nisbətən asanlaşardı. Lakin o, həm də filosofdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Sabir Bəşirovun 1994-cü ildən bəri işıq üzü görən 10-a yaxın kitabını, müasir ədəbiyyatımızda hər biri öz bənzərsiz fərdi üslubu, yeri və çəkisi ilə seçilən sənətkarlar, tanınmış elm adamları haqqında qələmə aldığı çoxsaylı ədəbi portret, məqalə, esse və təhlillərini nəzərdən keçirmək kifayətdir ki, bu yükün ağırlığını, ədəbiyyatşünas-filosofu düşündürən problemləri hiss edəsən.

Sabirin üz cizgiləri, baxışı, oturuşu-duruşu, danışığı, cənub ləhcəsi – bir sözlə, hər qırımı – “kəndçi”liyindən xəbər verir. Dodaqlarının kənarlarından aşağı enən qara lopa bığları da, qalın qaşlarını içinə alan enli sağanaqlı eynəyi də gözlərindəki dərin kədəri gizləyə bilmir. Nisgilli baxışları çox mətləbləri qandırır, əyalət yaşantısının, ailə-məişət qayğılarının, kənd orta məktəbi müəllimliyinin onun çiyinlərinə qondurduğu yükün və məsuliyyətin ağırlığını hiss etdirir.

Çağımızın əksər alim və sənətkarı bütün mədəni-kütləvi tədbir və əyləncə məkanlarının, elm mərkəzlərinin, təhsil ocaqlarının toplandığı şəhərdən (əsasən də paytaxtdan) kəndə boylanırlar. Sabir isə ata ocağının hərarəti ilə isindiyi Yardımlının ucqar dağ kəndindən şəhərə baxır. Düzdür, paytaxt mühiti də bu əyalət adamına yabançı deyil. Onun Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsindəki tələbəlik illəri, üçüncü mərtəbəsini birlikdə paylaşdığımız yataqxana həyatı Bakıda keçib. Lakin əyalətdən paytaxt dünyasına, kosmopolit şəhər aləminə boylanmağın hikməti başqadır: Üz-üzə dayananda gözlər üzləri görməz. Nəhəng şey uzaqlardan daha aydın görünür (S.Yesenin).

İndi müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorları çoxdur. Sabir Bəşirov isə halalca fəlsəfə üzrə doktordur, yəni filosofdur. O, “60-cı illər nəsrinin etik problemləri” adlı monoqrafiyasında bu dünyanı, obyektiv gerçəkliyi, eləcə də bunları təsvir və tərənnüm edən sənətkarları, onların ədəbi qəhrəmanlarını sadəcə izah etməklə kifayətlənmir, həm də onun fəlsəfi mahiyyətini dərk etməyə və oxucuya düzgün ünvanlamağa çalışır. Bunu edərkən trafaret ədəbiyyatşünaslıq qəliblərindən, şablon nəzəri fikirlərdən bilərək qaçır, ədəbi fakt və hadisələrə müasir humanitar təfəkkür işığında nəzər salır. Təsadüfi deyil ki, Sabir daha çox ədəbi portret və bioqrafiya formalarına müraciət edir. Bu forma ədəbiyyatşünaslığımızda, nisbətən, yenidir və ənənəvi monoqrafiyadan da, sənədli-bədii, yaxud bədii-publisistik əsərdən də fərqli formatda olan tədqiqat nümunəsidir. Burada üstün alim keyfiyyətləri ilə seçkin yazıçılıq qabiliyyəti, üstəgəl ali vətəndaşlıq duyğusunun üzvi vəhdəti tələb olunur. Bu kitab və ədəbi portretlərin arxasında çoxlu material, araşdırma, təhlil, nəhayət, şəxsi müşahidələr durur. Lakin bu və ya başqa birinin həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti, keçmişi və bugünü ilə bağlı sənədləri, faktları araşdırmaq, tədqiq etmək işin bir mərhələsidir. Ədəbi portretlərinin birində Sabir Bəşirovun özünün də qeyd etdiyi kimi, “Tərcümeyi-hal ömürlük statistikadır, rəqəmlərdən, faktlardan ibarətdir. Ancaq heç bir rəsmi statistika reallığı bütünlüklə əks etdirmədiyi kimi, bu faktlar və rəqəmlər də demək olar ki, çox az şey ifadə edir”. Haqlıdır. Statistikaya yeni həyat vermək, dəlilləri, sənədləri quruluqdan çıxarıb gözəl əsər səviyyəsinə qaldırmaq, elmiliyi qorumaq şərtilə estetiklik qazandırmaq, oxunaqlı etmək yüksək istedad və məharət tələb edir. Ədəbi portretlərin mərkəzində sadəcə obyektin (haqqında bəhs olunan şəxsin) elmi, ədəbi, yaxud pedaqoji fəaliyyəti yox, həm də bir insan olaraq özü, mənəvi aləmi, fərdi keyfiyyətləri və xarakteri dayanır. Bu portretlərdə xarakter konkret işdə, bioqrafik epizodlarda, qəhrəmanın düşüncələrində, danışığında, xarici portretində, üçüncü şəxslərin obyekt haqqındakı rəylərində açılıb göstərilir. Sabirin kitablarında ədəbi portretləri çəkilən insanların tipik cizgiləri, fərdiliyi, şəxsi məziyyətləri də əks etdirilir. Dünya təcrübəsində, bir qayda olaraq, bioqrafik əsər və portretlərin qəhrəmanları görkəmli tarixi şəxsiyyətlər, söz-sənət və elm adamları içərisindən seçilir. Sabir bu ümumi təmayülə uymaqla bərabər, geniş ictimaiyyətin tanımadığı, lakin haqqında yazılmağa dəyər insanların həyat və yaradıcılığına da müraciət edir, onların da tanınmasını istəyir.

Sabir Bəşirovun xalq yazıçısı Anar (“Anar”, 1994), klassik nəsr ənənələrimizin yenilikçi davamçısı və müasir Azərbaycan prozasının aparıcı simalarından Əlabbas (“Əlabbas: Sözün köhnə kişisi”, 2005), tanınmış sənətkar Sabir Rüstəmxanlı (”Sabir Rüstəmxanlı: Sərhədsiz ruhumuzun yolçusu”, 2006), dəyərli ədəbiyyatşünas və dilçi Nizami Cəfərov (“Nizami Cəfərov: şəxsiyyət və yaradıcılıq fenomeni”, 2010), istedadlı nasir və mahir mütərcim Nəriman Əbdülrəhmanlı (“Nəriman Əbdülrəhmanlı: İşıq adamı”, 2010), lirik duyğular tərənnümçüsü şair və alim-pedaqoq Xanəli Kərimli (“Xanəli Kərimli: Bir ömrün nağılı”, 2011) haqqındakı bioqrafik monoqrafiyaları və ədəbi portrettləri geniş ictimaiyyətə yaxşı tanışdır.

Sabir Bəşirovun ilk kitabında Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan böyük şəxsiyyətlərdən biri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın keçən əsrin 60-cı illərindən günümüzə qədərki çoxyönlü fəaliyyəti, həyat və yaradıcılığı təhlil edilir. Onun publisist, esseist, ssenarist, dramaturq, alim, nasir kimi çoxşaxəli ədəbi fəaliyyəti işıqlandırılır. Kitabın nəşrindən on yeddi il keçdikdən sonra Sabir “Mütəfəkkir” adlı bir məqalə çap etdirir. Haqqında bəhs olunan təfəkkür sahibi Anardır. Bu o deməkdir ki, Sabir öz monoqrafiya qəhrəmanının yaradıcılıq yolunu daima izləyir. Məqaləyə bundan daha uğurlu ad fikirləşmək çətindi. Bu qədər geniş ədəbi-bədii yaradıcılıq diapazonuna malik söz və düşüncə adamına “Mütəfəkkir” kəlamı ən yaraşanıdır.

“Əlabbas: sözün köhnə kişisi” (2005) kitabında Azərbaycan ədəbiyyatının 80-cı illər nəslinə mənsub tanınmış yazıçı Əlabbasın yaradıcılığı nəzərdən keçirilir, oxucuların rəğbətini qazanmış hekayə və povestləri, xüsusən kitaba adını verən “Köhnə kişi” əsəri və “Qiyamçı” romanı mövzu, dil, uslub və təhkiyə baxımından araşdırılır. Sabir istedadlı yazıçı haqqında təkcə bir monoqrafiya ilə kifayətlənməmiş, Əlabbasın son illərdə qələmə aldığı və nəsrimizdə ədəbi hadisə hesab etdiyimiz “Qaraqovaq çölləri” romanına dair məqalə yazmaq ehtiyacı duymuşdur.

“Nəriman Əbdülrəhmanlı: İşıq adamı” ədəbi portreti dəyərli qələm adamlarından biri, istedadlı nasir, kinodramaturq, publisist və tərcüməçi Nəriman Əbdülrəhmanlının yaradıcılığına yeni bir baxışdır. Kitabda yazıçının ədəbiyyatımıza verdiyi “Yelçəkən”, “Yalqız”, “Könül elçisi” (biz buraya son dövrlərdə nəşr olunan “Yolsuz” romanını da əlavə edək) kimi töhfələr, işıqlı bir insana xas cəhətlər, yüksək mədəniyyətə, tükənməz yaradıcılıq meylinə malik ziyalı məziyyətləri təhlil edilir. Biz müəllifin belə bir dəqiq düşüncəsinə şərik çıxırıq ki, Nərimanın bütün əsərlərinin mayasını yalqızlıq ovqatı, zərif, kövrək, həddindən artıq duyğulu, bəxtsiz, talesiz, dönəlgəsi dönən insanların dramı təşkil etsə də bu əsərlərin ideya məzmunu, mətləb və məramı bütövlükdə yazıçının özü kimi işıqlı və nurludur.

“Nizami Cəfərov: şəxsiyyət və yaradıcılıq fenomeni” monoqrafiyasında gənc yaşında artıq ədəbiyyatımızın patriarxları sırasına daxil olmuş filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərovun daşıdığı alimlik dərəcəsi, elmi ad, titul və vəzifələr onun istedadı və savadının miqyasilə bağlantılı şəkildə şərh və təhlil edilir. Kitabda mübaliğə və mədhiyyə yoxdur. Sabir Bəşirovun obyektiv tədqiqatçılıq səriştəsi burasındadır ki, qəhrəmanının özü, elmi, pedaqoji fəaliyyəti, ictimai-siyasi həyatı haqqında dolğun təsəvvür və bütöv portret yarada bilmişdir. Kitabda alimin son iyirmi ildə qələmə aldığı monoqrafiyaların, beşcildlik “Seçilmiş əsərləri”nin, dördcildlik “Türk xalqları ədəbiyyatı”nın dərin nəzəri təhlil və şərhləri ilə tanış olduqdan sonra inanırsan ki, müstəqillik illərimizin yetişdirdiyi Nizami Cəfərovu şəxsiyyət, onun çoxşaxəli elmi yaradıcılığını isə fenomen olaraq xarakterizə edən müəllif son dərəcə haqlıdır.

Sabirin indilik sonuncu ədəbi portreti istedadlı şair, alim-pedaqoq, “çağdaş Azərbaycan poeziyasında öz nəfəsi, öz dəsti-xətti olan sıra nəfəri” Xanəli Kərimliyə həsr edilib. ”Bir ömrün nağılı” adlanan monoqrafiyaya görkəmli ədəbiyyatşünas-alim, Xanəli müəllimin işlədiyi Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli səmimi bir ön söz yazıb. Kitabda şairin poetik yaradıcılığının aparıcı xəttini təşkil edən həyata və insanlara qarşı həssaslığı və vətəndaşlıq mövqeyi, sərbəst və heca vəznli şeirlərindəki dərin lirizm, epik-lirik poemalarıdakı nəcib, həssas və ülvi duyğular konkret nümunələr əsasında təhlil olunur. “Ön söz”də qeyd edildyi kimi, kitab Xanəli Kərimlinin bədii yaradıcılığı, çoxcəhətli fəaliyyəti ilə əhatəli tanış olmaq istəyənlər üçün bələdçi rolunu oynayır.

Sabir Bəşirov monoqrafik tədqiqatları və müxtəlif nəsillərin nümayəndələrini təhlilə cəlb etdiyi peşəkar ədəbi portretləri ilə yanaşı, mətbuatda məqalələrlə də çıxış edir. Son dövrlərdə qələmə aldığı məqalələrdən biri “Yunus Oğuzun “Təhmasib şah” romanı haqqında düşüncələr” adlanır. Diqqət edin, “düşüncələr” deyir, yəni məqalədə təhlilə cəlb etdiyi bu dəyərli romana filosofanə baxış bucağından yanaşdığını vurğulayır. Əslində, romanın ideya məzmunu, dərin mətləbi bunu tələb edir. Təsadüfi deyil ki, Sabir məqalənin girişində Anarın “Gecə düşüncələri”ndən gətirdiyi sitatla Yunus Oğuzun üstündən sükutla keçilən tariximizə müraciət etməsinin gizlinlərinə işıq salır. “Təhmasib şah” romanının oxucuya ünvanladığı ideya müqəddəsdir. Baş qəhrəman öz sələfi, atası Xətainin “Axan sulardan ibrət al, yerlərdə sürüyüp gedər” xəbərdarlığına, “osmanlılarla açıq savaşa girmə” vəsiyyətinə qulaq asır, tarixdən ibrət götürür, qardaş qırğınına rəvac vermir. Əmir Teymurun və Şah İsmayılın səhvlərini təkrarlamır. Anlayır ki, zəfərlə sonlanan bütün savaşların qalibi və məğlubu olduğu halda, türkün türklə apardığı savaşların qalibi yoxdur. İki qardaş savaşanda ölən də, öldürən də qardaşdır və bu qırğında qalibdən və qalibiyyətdən bəhs etmək doğma dilimiz adına faciə, dinimiz naminə günahdır. Döyüş meydanında kimin zəfər qazanmasından asılı olmayaraq, mənsub olduğumuz soy, təmsil etdiyimiz millət məğlubdur! Bu baxımdan, Sabirin Yunus Oğuzun romanını vətəndaş qeyrəti və ziyalı təəssübkeşliyinin tariximizin təhrif edilməsinə etirazının məntiqi nəticəsi hesab etməsi dəqiq və sərrast qənaətdir.

Tarixi roman janrında yazılmış bədii əsər tarixin birəbir özü deyildir. Yazıçı romanda uzaq tarixi hadisələrin əsas mahiyyətinə sadiq qalmaqla yanaşı, olaylara və tarixi şəxsiyyətlərə bədii şərtiliyin verdiyi imkanlar çərçivəsində öz dünyagörüşü ilə baxır, oxucuya çatdırmaq istədiyi məramı fərdi dünyaduyumu ilə bədii cəhətdən mənalandırır. Yunus Oğuz da istər haqqında bəhs olunan romanında, istərsə də “Nadir Şah” və “Əmir Teymur” kimi möhtəşəm əsərlərində tarixi nə ideallaşdırır, nə də təhrif edir. Məlum hadisələrə naməlum nöqtələrdən baxışı ilə fərqlənən ədib tarixi mövzuda əsər yazmağın məsuliyyətinin fövqündədir. Sabir Bəşirov məhz bu məqama diqqəti yönəldir, tarixi janrda yazılmış əsərdə bədii təfəkkürlə yanaşı tarixi dəqiq və dərindən bilməyin vacibliyini vurğulayır. “Təhmasib şah” romanında osmanlı-səfəvi münasibətləri, tayfalararası əlaqələr, sufi-dərviş ideologiyası və nəhayət, dövlətin idarə edilməsində ədalətlilik kimi dörd başlıca məqamın obyektiv dərki və doğru estetik təqdimatı məhz Yunus Oğuzun tarixi gerçəkliyi dərindən öyrənmiş olmasının, hadisələri və şəxsiyyətləri öz zaman və məkanlarına uyğun şəkildə düzgün bədii mənalandırmasının məntiqi yekunudur.

Sabir nə yazırsa, yazsın, kimdən bəhs edirsə, etsin, ortaya çıxan məhsulun mayasını onun vətəndaşlıq mövqeyi təşkil edir. Məsələn, o, “Ağlın və hissin vəhdəti” məqaləsinə Abbas Səhhətin və Sabir Rüstəmxanlının eyniadlı “Vətən” şeirlərini xatırlatmaqla başlayır. Haqlı olaraq qeyd edir ki, hər iki şeir gözəldir və hər iki sənətkar heç nə yazmasaydılar belə, Vətən haqqında yazdıqları bu şeirlərlə ədəbiyyat tarixində şərəfli yer tutardılar. Ancaq bu təsbitlə kifayətlənmir. İki şeir arasındakı poetik düşüncə fərqini açıqlayır. A.Səhhətin şeirinin ümumi vətən anlayışını əhatə etdiyi, S.Rüstəmxanlının şeirində isə Azərbaycanın mənəvi xəritəsinin yaradıldığı, Vətənin məhz kimlərlə, hansı hadisələrlə vətən olması konkretləşdirilir. Bu uğurlu girişdən sonra istedadlı publisist, tənqidçi kimi tanıdığımız Bəsti Əlibəylinin poetik yaradıcılığının təhlilinə keçir. Müəllif şairə kimi nisbətən az tanınan, özünə son dərəcə tələbkar yanaşan Bəsti xanımın şeirlərinin azlığının, yəni kəmiyyətin böyük ədəbiyyat üçün heç zaman əsas göstərici olmadığını vurğulayır. Onun “Səni öyə bilmərəm Vətən!” adlı şeirini təhlil edir, bir, yaxud bir neçə şeirlə də bənzərsiz ola bildiyinə diqqət yönəldir.

Yaxud Sabirin başqa bir məqaləsinin adına fikir verək: ”Yaltaqlığın əsas şərti ağıllı olmaqdır”. Məqalə Qabilin Habili öldürməsi faciəsinin dünyanın ilk cinayəti, səbəbinin isə insan nəfsi olması qeydi ilə başlayır. Sonrakı cümlə səni öz sərrast məntiqi ilə yaxalayır: “Bəs görəsən ilk yaltaqlıq nə zaman olub?”. Arxası kələfin ucu kimi açılır. Yaltaqlıq və qorxaqlıq ağılla birləşəndə ortaya ətrafımızda, mətbuatda, teleekranlarda, tədbirlərdə hər gün gördüyümüz-eşitdiyimiz insanlar və mədhiyyələr çıxır. Məqalədə tanınmış yazıçı Firuz Mustafanın “Məruzə” monodramının səriştəli təhlili verilir. Əsərin yaltaq qəhrəmanı yaltaqlıq fakültəsi, tamamilə yeni olan yaltaqlıq ixtisası, təzə elm müəssisəsi sayılan yaltaqlıq qurumu və onun himni və s. kimi ağlagəlməz məsələlərdən danışır. Yaltaqlıq himni yaratmaq üçün müsabiqə elan olunur və qərara alınır ki, himnin 777 müəllifi olacaq. İstər-istəməz, Koroğlunun təxminən elə bu rəqəmə oxşar saydakı qoçu dəliləri yada düşür!

Həmin məqalədə istedadlı gənc nasirlərimizdən Natiq Məmmədlinin “Balaca məmurun təbriki” hekayəsi də təhlilə cəlb olunur. Əsərin qəhrəmanı Həsənqulu heç vaxt böyük yerlərdən yapışmayan, “boyundan hündürə tullanmağı haçansa ağlından keçirmədiyinə görə” özünü çox xoşbəxt hesab edən, arzuları da özü kimi balaca olan xırda məmurdur. Lakin sonrakı cümlələrdə xırda və iddiasız olmağın Həsənqulu üçün hansı mənaya gəldiyi aydın olur: böyük bir kişinin xırda qızı ilə evlənib. Böyük binada xırda mənzili var. Nüfuzlu bir idarədə xırda məmurdur. Ancaq bu elə bir xırdalıqdır ki, işlədiyi idarədə böyük adamların işlərini məhz Həsənqulu görür. Güclü yumor hissi ilə başlayan hekayənin satiraya, finala doğru isə sarkazma çevrilməsinin bədii-estetik təqdimatındakı yazıçı ustalığının dolğun təhlili bizi razı salır.

Bu qədər alımlı-çalımlı, səsli-küylü görünən 55 rəqəmi yubiley yaşı sayılmır, çünki nə 50-dir, nə 60. Lakin sənətkar dostumuz Nəriman demişkən, Sabir Bəşirov haqqında söz demək üçün mənim beş il gözləməyə nə vaxtım var, nə də adı kimi səbrim.

 

Əsgər RƏSULOV,

filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.25.