Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabı təqdim olunub

 

Musiqi Mədəniyyəti Muzeyindən görkəmli ədib, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib. Kitabı bəstəkar Rəşid Şəfəq tərtib edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən topluya Üzeyir Hacıbəylinin, Oqtay Zülfüqarovun, Sevda İbrahimovanın, Rəşid Şəfiqin, Səid Rüstəmovun, Elnarə Dadaşovanın, Zeynəb İsmayılzadənin, Əşrəf Abbasovun, Tahir Əkbərin və digər tanınmış bəstəkarların Abdulla Şaiqin sözlərinə bəstələdiyi mahnıların notları və mahnı mətnləri daxildir.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının məsul şəxsləri, Bakı Musiqi Akademiyasının, AMEA-nın, Memarlıq və İncəsənət İnsitutunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Təhsil Nəşriyyatının nümayəndələri, Üzeyir Hacıbəyov, Bülbül, H. Cavid, Rostropoviçlərin ev muzeylərinin əməkdaşları, bəstəkarlar Tahir Əkbər, Ramiz Mirişli, Sevda İbrahimova, Eldar Mansurov, Oqtay Zülfüqarov və başqaları iştirak ediblər.

Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova çıxışında musiqi ilə ədəbiyyatın daima vəhdət təşkil etdiyini vurğulayıb və Abdulla Şaiqlə bağlı belə möhtəşəm bir tədbirin Musiqi Mədəniyyəti Muzeyində keçirilməsindən məmnunluq hissi duyduğunu bildirib. Daha sonra söz Abdulla Şaiqin ev muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadəyə verilib. O da öz növbəsində tədbir iştirakçılarını salamlayıb və nəşri tərtib etdiyi üçün Rəşid Şəfəqə öz təşəkkürünü bildirib: “Çox təəssüflər olsun ki, bu kitabın tərtibçisi, sevimli bəstəkarımız Rəşid Şəfəq xəstəxanada olduğu üçün bu gün burda iştirak edə bilmir. Ancaq mən əminəm ki, onun ürəyi bizimlədir. Tədbirin keçirilməsində əsas məqsədimiz qüdrətli ədibimiz Abdulla Şaiqin yaradıcılığının az tanınan, öyrənilməyən sahələrini təbliğ etməkdir”. Təhsil Nəşriyyatına da öz təşəkkürünü bildirən Ülkər Talıbzadə daha sonra toplunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu kitab Azərbaycan bəstəkarlarının təbliğində və uşaqların, gənclərin maariflənməsində böyük rol oynayacaq.

Mərasim konsert proqramı ilə davam edib. Rəngarəng konsert proqramında Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun, Əşrəf Abdullanın, Oqtay Zülfüqarovun, Zeynəb İsmayılzadənin, Elnarə Dadaşovanın Abdulla Şaiqin sözlərinə bəstələdikləri musiqilər ifa edilib. Musiqi nömrələrini Opera Balet Teatrının solisti Fəridə Məmmədova, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə, müğənni Cavid Hüseyn, Oqtay Zülfüqarovun rəhbərliyi ilə Uşaq FilarmoniyasıAyselteatrının uşaqları, A.Zeynallı adına Musiqi Kollecinin İncəsənət Gimnaziyasının tələbələri təqdim ediblər.

 

GÜNEL

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.18.